Məhkəmə qərarları › İş №2(107)-111/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-111/2022

20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-111/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti X1 İdarəsinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil və digər Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti X1 İdarəsinin (bundan sonra iddiaçı və ya X1 İdarəsi) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh2, Cavabdeh1) “Suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Göyçay Rayon Məhkəməsinin (hаkim İbrahim Fəttahov) 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası "xxxx" ASC X1 İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilərək X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m. hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılması, X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 10 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445.20 manat məhkəmə xərcinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı X1 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 10 metrlik mühafizə zolağındakı cavabdehlər tərəfindən zəbt olunmuş ərazinin və sahil mühafizə zolaqlarında özbaşına tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının mühafizə zolağını zəbt etmiş və həmin mühafizə zolağında tikililər tikmişlər. Buna görə də həmin arxlara xidmət edilməsi və əhalinin su ilə təmin edilməsi çətinləşmişdir. Qeyd edilən ərazi su fondu torpaqları olmaqla, dövlət mülkiyyətidir. X1 İdarəsi tərəfindən və ya səlahiyyətli yuxari orqanlar tərəfindən cavabdehlərə həmin ərazini zəbt etməyə və orada özbaşina tikililər aparmağa icazə verilməmişdir. Cavabdehlərin dövlət mülkiyyətini özbaşına zəbt etmələri qanunaziddir. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının balansında olan suvarma arxını zəbt etməmişdir. Belə ki, özünə məxsus torpaq sahəsini hasara almışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli su arxının ətrafında yerləşən və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən olunmuş qaydada alaraq istifadə edir. Həmin torpaq sahələrinə dair oan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, DƏDRX-nin 16 saylı ərazi idarəsinin mühəndisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələri naturada tanıdılaraq, ona və ailə üzvlərinə təhvil verilmişdir. Bundan sonra o və ailə üzvləri mülkiyyətlərində və icarələrinə verilən torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkərək zəruri ehtiyaclarını ödəyirlər. İddiaçı X1 İdarəsi ona və digər cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Alpoud-Şəkər suvarma arxlarının 10 metrlik mühafizə zolağını zəbt etdiyini bildirmişdir. Məhkəmə bu halı aydınlaşdırmaq üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. “Layihə-Tədqiqat Mərkəzi" MMC-nin mutəxəssisi tərəfindən verilmiş rəylə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindər verilmiş rəy arasında uyğunsuzluq vardır. Belə ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəydə, elektron məlumat bazasında və mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumatların mövcud olmadığını, bu səbəbdən Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolağının və torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Lakin ekspert tərəfindən tərtib edilmiş rəydə elektron məlumat bazasına və mövcud olan xəritə materiallarına istinad olunmadan, yalnız mütəxəssis tərəfindən rəyə əlavə edilmiş 1:1000 miqyasa uyğun sxemə əsaslanaraq rəy tərtib edilmişdir. Sual olunur əgər 1:1000 miqiyasa uyğun mübahisəli su arxının mühafizə zolağının müəyyən etmək mümkün idisə, hansı səbəbdən mütəxəssis məhkəmə tərəfindən qoyulmuş suallara cavab verməmişdir. İşə baxan birinci instansiya məhkəməsi bu kimi ziddiyyətli hallara hüquqi qiymət vermədən, eləcə də, ekspert tərəfindən verilmiş rəydə olan uyğunsuzluğu aradan qaldırmadan iddia tələbinin təmin olunması barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ekspert rəyində mühafizə zolağı kimi qeyd edilən 325,0 m2 torpaq sahəsi sənəd üzrə onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Lakin ekspert tədqiqat apararkən bu halları, yəni onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin döngə nöqtələrini hüquq müəyyənedici sənədlər əsasında müyyən etmədən rəy vermişdir. Bu halların müəyyən edilməməsi onun və ailə üzvlərinin mülkiyyət və istifadə hüqüqlarının pozulması ilə nəticələnə bilər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etmişdir. Lakin digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnaməni mübahisləndirməmiş, bununla da çıxarılan qətnamə ilə razı olduğunu buildirmişdir. Lakin Cavabdeh2 qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, digər Cavabdeh1 münasibətdə qətnamənin nə üçün ləğv edilməli olmasını öz şikayətində əsaslandırmamışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsi Cavabdeh2 аpellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinin TP3.Magistral kanalın texniki pasportlarından görünür ki, Şəkər-Alpoud suvarma arxları X1 İdarəsinin balansındadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Mütəxəssis rəyindən və sxemdən görünür ki, Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə Alpout və Şəkər suvarma arxlarının mühafizə zolağını müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəyinin verilməsi üçün xərci 445.20 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/466 saylı rəyindən görünür ki, Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən verilmiş magistral kanalının texniki pasportuna əsasən, Göyçay ərazisində yerləşən Şəkər arxı su buraxma qabiliyyəti 0,8 kub.metr/san və Alpout arxı su buraxma qabiliyyəti 1,5 kub.metr/san təşkil etdiyini nəzərə alaraq, Göyçay rayonu Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən 5,0 metr olduğu müəyyən edilir. Eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 metr olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0 kv.m. hissəsi istifadə olunur. Cavabdeh1 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 108,0 metr olduğu və suvarma arxının eni 5 metr olduğunu nəzərə alaraq, Cavabdeh1 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 540,0 kv.m. hissəsi istifadə olunur. Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasara alındığı nəzərə alınaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 36 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** nömrə ilə aparılmış qeydiyyata əsasən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 90.1 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşin gerçək halı ondan ibarətdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən Göyçay rayon Çayarxı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 90.1 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının mühafizə zolağının cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsi Cavabdeh2 və 540 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında yerləşən torpaq sahəsi hasara alınmışdır. İşin mübаhisəsiz hаllаrındаn göründüyü kimi, X1 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağı cаvаbdеhlərin mülkiyyətində dеyildir. Cavabdehlər tərəfindən hasara salınmış torpaq sahəsi "xxxx" ASC-nin sahibliyində оlаn tоrpаq sаhəsidir. Qаnunvеriciliyə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mühafizə оlаn tоrpаq sаhəsi üzərində hüquqlаrı məhdudlаşdırılа bilməz. Digər mülkiyyətçilər kimi "xxxx" ASC-nin mülkiyyət hüququnа Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı ilə təminаt vеrilmişdir və qаnunvеriciliyə əsаsən həmin hüquqlаr müdаfiə оlunur, qоrunur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfındən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1, 238.3-cü maddələrinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə görə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. 111.3-cü maddəsində nəzərdə tutulur ki, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı maddəsində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Su Məcəlləninin Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulan 103-cü maddəsinin müvafiq bəndinə əsasən, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: Su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda—5 m; 3—10 kbm/san olduqda—10 m. Qeyd edilən Şəkər suvarma arxının uzunluğu 11.1 km, su buraxma qabiliyyəti 0.8 kbm/san, Alpoud suvarma arxının uzunluğu 21.4 km, su buraxma qabiliyyəti 1.5 kbm/san.dir. Apellyasiya şikayətinin məzmunundan və iş materiallarında olan cavabdehin vəsatətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli 10/466 nömrəli rəyi arasında ziddiyətlərin olduğunu bildirir. Bütün bunların müəyyən edilməsi üçün isə məhkəmə mühəndis tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarilxli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi barədə vəsatət vermiş cavabdeh mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 95 manat pul vəsaitini ödəməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/466 saylı rəyində isə göstərilir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş magistral kanalının texniki pasportuna əsasən, Göyçay ərazisində yerləşən Şəkər arxı su buraxma qabiliyyəti 0,8 kub.metr/san və Alpout arxı su buraxma qabiliyyəti 1,5 kub.metr/san təşkil etdiyini nəzərə alaraq, Göyçay rayonu Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 12-ci bəndinə əsasən 5,0 metr olduğu müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 metr olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0 kv.m. hissəsi istifadə olunur. Cavabdeh1 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 108,0 metr olduğu və suvarma arxının eni 5 metr olduğunu nəzərə alaraq, Cavabdeh1 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 540,0 kv.m. hissəsi istifadə olunur. Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur. MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd edilən ekspert rəyini və Cavabdeh2 mütəxəssis rəyinin verilməsi üçün tələb olunan pul vəsaitini ödəməkdən imtina etdiyini, bununla yanaşı apellyasiya şikayətinin dəlillərini təsdiq edən digər sübut təqdim edə bilmədiyini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayəti əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh2 iddia tələbinin əsassız olması, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması və suvarma arxının mühafizə zolağının zəbt etməməsinə dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(046)-30/2021 nömrəli qətnaməsi Cavabdeh2 аpellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar