Məhkəmə qərarları › İş №2(107)-1113/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1113/2024

01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1113/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Podrat müqavilə münasibəti üzrə pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Kərımov Akif Şırastanovıçin iştirakları ilə İddiaçı cavabdeh X2rşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-34/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh "Samsung” markalı televizorun dəyəri olan 1700 (bir min yeddi yüz) ABŞ dolları məbləğində pulun, 250 manat televizorun təmiri üçün verdiyi pulun və 50 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıdığı televizor ustasıdır. Onun "Samsung” markalı televizoru 2 il bundan əvvəl xarab olmuşdu, həmin televizoru o, 1700 ABŞ dollara almışdır. O, Cavabdeh həmin televizora baxmağını və düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O da televizoru düzəldə biləcəyini söyləyərək, ondan 100 manat xidmət haqqı alaraq televizoru aparmışdır. 4-5 gündən sonra televizorun ekranını sındırıb geri gətirmişdir. Daha sonra ekranı düzəltmək üçün televizoru Bakı şəhərinə aparmaq lazım olduğunu deyərək, ondan 150 manat da əlavə pul götürərək düzəldib gətirəcəyini bildirmişdir. Sonra ondan daha xəbər çıxmamış, nə televizoru, nə də pulu qaytarmışdır. Həmin televizor bu günədək cavabdehdədir. Beləliklə, cavabdeh ona maddi ziyan vurmuşdur. Ekranı sağlam televizoru aparıb ekranını sındıraraq 1700 ABŞ dollarına aldığı "Samsung” markalı televizorunu yararsız vəziyyətə salmışdır. Ona görə də ona dəymiş ziyanın cavabdehdən alınıb ona ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona dəymiş zərərin dəyəri, habelə bu işlə bağlı məhkəmə xərcləri (vəkilə ödənilmiş xidmət haqqı) cavabdehdən alınaraq ona ödənilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin özünə məxsus həmin «Samsung» markalı televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını, lakin bununla bağlı hər hansı ödəmə qəbzi və digər ödəmə sənədini təqdim edə bilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh X7 iddianı qismən-250 manat televizorun təmiri üçün verilmiş pul tələbi hissəsində qəbul və etiraf etmiş, qalan hissədə iddianı qəbul etməmiş və verdiyi izahatında Qarabağ müharibəsi veteranı və məcburi köçkün olduğunu, televizorların təmiri ilə məşğul olduğunu, İddiaçı həqiqətən televizoru təmir etmək üçün onun yanına gətirdiyini, televizorun ekranının xarab olduğunu, onun televizorun ekrarını sındırmadığını, televizorun təmiri üçün İddiaçı cəmi 250 manat aldığını, televizorun ekranı xarab olduğu və ekran tapa bilmədiyi üçün həmin 250 manatı Ramazana qaytarmaq istədiyini, lakin İddiaçı həmin pulu götürmədiyini, həmin 250 manatla bağlı iddianı etiraf etdiyini, iddianın 250 manat tələbi hissəsində təmin olunmasına etiraz etmədiyini, qalan hissələrdə isə iddianın rədd olunmasını xahiş etdiyini bildirmişdir.

5. Cavabdeh iddiaya yazılı etiraz verərək, izahatında göstərmişdir ki, İddiaçı oglu cavabdehə qarşı vurulmuş ziyan tələbi ilə Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh olaraq məhkəməyə bildirmək istəyir ki, o, 1990-cə il tarixindən radiomexanik vəzifəsində fəaliyyət göstərir. Onun həmin sahə üzrə yetərincə təcrübəsi var. Keçən otuz il müddətində özünü həmin sahədə yetərincə təcrübəli olmağını da sübut edir. 2010-cu ildən isə yeni nəsil televizorlarının təmiri ilə məşğuldur. Bu sahədə də xeyli təcrübəsi var. Yəni o, bu tarixləri qeyd etməklə bildirmək istəyir ki, o, hər hansı vətəndaşa onun düşündüyü kimi yox, yəni sənətkar kimi yanaşır. İddiaçı televizorunun nasaz olması barədə ona məlumat verərkən o, ilk əvvəl həmin nasazlığın nədən ibarət olmasını müəyyən etməli, sonra isə vətəndaşı bu barədə məlumatlandırmalıdır ki, sonrakı işlərin görülməsi üçün tədbirlərini görə bilsin. Bununla bağlı o, onun müraciəti əsasında yaranan nasazlığı müəyyən etdi və ona bu barədə əvvəlcədən məlumat da verdi. Yəni onun televizorunun ekranının nasaz olması barədə onun artıq əvvəlcədən xəbəri vardı. Həmin televizorlar əvvəlki televizorlardan çox fərqli olduğundan bunların ekranlarını tapmaq çox çətindir. O, həmin televizorun ekranını tapmaq üçün aidiyyatı üzrə bir çox ünvanlara müraciət də etmişdir. Ancaq bu günə kimi buna nail ola bilməmişdir. İddiaçı ona iş görmək üçün 250 manat pul vermişdi. Ancaq çox çalışsa da ekran tapa bilməyəndə o, ona bildirdi ki, hələlik pulunu qaytarsın, nə vaxt ekran tapılsa işlərini davam etdirəcəkdir. O da bununla razılaşdı. Üstündən az vaxt keçmədi ki, aşağıda göstərdiyi hallar baş verdi. İddiaçının həmin televizoru 1700 ABŞ dollarına alması arqumenti ilə bağlı bildirmək istəyir ki, 1700 dolları milli valyuta ilə hesablayanda hardasa 3000 manat təşkil edir. Onun bu hissədə yalan danışması artıq göz qabağındadır, necə ola bilər ki, hazırda həmin televizorların mağazada qiyməti təqribən 1000 manat təşkil edir. Onun dediyi qəbul edilsə, o zaman televizorun zəmanəti olmalıydı. O, həmin zəmanət əsasında televizorunu təmir etdirə bilərdi. Ona nə üçün müraciət etmişdir? Ona görə ki, zəmanəti olan istənilən cihaz vətəndaş tərəfindən açıla bilməz, açıldığı təqdirdə həmin cihaz zəmanətlə təmir edilmir. O, televizoru özü açandan sonra ustaya qarşı belə bir hiylə işlətməyi qərara alıb. Həmin məbləğə mağazadan həmin ölçüdə 3 ədəd televizor almaq olar. İddiaçı televizorunun təmiri üçün ona müraciət edəndə artıq televizorun açılması onun vint olan hissələrindən görünürdü. O, ona televizoru ondan əvvəl kimə göstərdiyini soruşanda bildirdi ki, bir nəfərə göstərmişdir. Beləliklə iddiaçı əvvəlcə öz televizorunda yaranan nasazlığın nədən ibarət olduğunu öyrənmək üçün kiməsə müraciət etmiş sonradan isə ona müraciət etmişdir. O da təkrar olaraq televizoru açandan sonra onun televizorunun künc hissəsinin əridiyini gördükdən, ekranının həmin künc hissəsində çat olmasını aşkarladıqdan sonra bu barədə o, onu məlumatlandırmışdır. Xarab televizorun daha nəyini xarab etməliydi? O, vətəndaşın müraciəti əsasında ona bu barədə yardım etmək istəmiş, göründüyü kimi müəyyən səbəblərdən ekran tapa bilməmiş, yəni televizoru təmir etmək üçün xeyli vaxtını da sərf etmiş, ancaq iddiaçı ona qarşı əsassız ittiham irəli sürmüşdür. Onun ona qarşı əsassız pul tələbi əsas kimi təmin olunmamalıdır. Ekran tapıldığı təqdirdə yenə də həmin televizorun təmiri mümkündür. İddiaçının ona qarşı fərziyə dolu fikirləri ondan küllü miqdarda pul tələb etməkdən başqa bir şey deyildir.Yuxarıda göstərdiyi kimi, onun radiomexanik təcrübəsi yetərincədir, o, ancaq iddiaçıya kömək etmək istəsə də, nasazlıq ekranda baş verdiyindən onu başqa üsulla təmir etmək mümkün olmadığından, onu ancaq dəyişdirməklə təmiri mümkündür.Odur ki, onun tərəfindən ona hər hası bir zərər dəyməmiş, əksinə onun ucbatından xeyli əsassız vaxtını sərf edib hələ üstəlik onun şərəf və layəti onun dostları tərəfindən söyüş və təhqirlərlə alçaldılıb. Bu haqda həmin şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsi barədə məhkəmədə iddia qaldıracaqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı cavabdehə qarşı vurulmuş zərərlə bağlı 1700 ABŞ dolları hissəsəsində tələbi əsassız və qanunsuz hesab etməklə iddianı həmin hissədə rədd edən qərar qəbul edilməsini xahiş edir.

6. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-34/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh 250 manat televizorun təmiri üçün verilmiş pul və 50 manat vəkilə ödənilmiş xidmət haqqının alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 4,09 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2020-ci ilin fevral ayında özünə məxsus «Samsung» markalı televizoru təmir üçün Cavabdeh təqdim etmiş, televizorun təmir xərci və ekranın alınması üçün 200 manat və 50 manat olmaqla cəmi 250 manat pulu Cavabdeh vermişdir. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsinə verdiyi izahatlarında və məhkəmədə verdiyi izahatında təmir etmək üçün televizoru sökərkən ekranın əriyərək televizorun korpusuna yapışdığını gördüyünü, bu barədə dərhal İddiaçı məlumat verdiyini, onun televizorun ekranını sındırmadığını və televizorla bağlı İddiaçı ziyan vurmadığını bildirmiş, məhkəmə iclasında yazılı ərizə ilə məhkəməyə müraciət edərək 250 manat tələb hissəsində iddianı qəbul və etiraf etmişdir. İddiaçı isə iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ona məxsus televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını, televizorun ekranını sındırmaqla cavabdehin ona 1700 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu, həmçinin cavabdehə televizorun təmiri ilə bağlı 250 manat pul verdiyini bildirmişdir. İş üzrə 3 dəfə ekspertizanın təyin edilməsinə baxmayaraq, İddiaçı iddia predmetini təşkil edən «Samsung» markalı televizorun modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri, həmçinin qiyməti barədə məlumatları, həmin televizorun yararlı və yararsız olması, təmir bərpasına çəkiləcək xərc barədə mütəxəssis rəyini ekspertizaya təqdim etməmiş, bununla da həmin ekspertizanın keçirilməsinə mane olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hazırki iş üzrə müvafiq ekspertiza təyin edildiyi iddianın predmetini təşkil edən «Samsung» markalı televizorun dəyərinin 1700 ABŞ dolları olmasını və Cavabdeh İddiaçı1700 ABŞ dolları məbləğində maddi ziyan vurmasını qəbul etməmiş və təsdiq etməmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tətbiq edilməli olan müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1700 ABŞ dolları məbləğində pul tələb edərkən ona məxsus «Samsung» markalı televizorun dəyərinin məhz 1700 ABŞ dolları məbləğini təşkil etməsi, cavabdehin hansısa qanunazidd hərəkətləri nəticəsində ona məhz 1700 ABŞ dolları məbləğində ziyan vurulması, vurulması ehtimal edilən 1700 ABŞ dolları məbləğində ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən bu 1700 ABŞ dolları məbləğində ziyanın vurulmasında təqsirli olmasını sübut etmə vəzifəsini daşıyır. Bu vəzifə MPM-nin 77.1 ci maddəsinin tələbindən irəli gəlir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı tərəfindən ona məxsus «Samsung» markalı televizorun dəyərinin məhz 1700 ABŞ dolları məbləğini təşkil etməsi, Cavabdeh hansısa qanunazidd hərəkətləri nəticəsində ona məhz 1700 ABŞ dolları məbləğində ziyan vurulması, vurulması ehtimal edilən 1700 ABŞ dolları məbləğində ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin ehtimal edilən bu 1700 ABŞ dolları məbləğində ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da iddiaçı 1700 ABŞ dolları tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir.

10. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsində və məhkəmədə verdiyi izahatlarında İddiaçı məxsus televizorun ekranını sındırmadığını və bununla bağlı iddiaçıya heç bir ziyan vurmadığını, televizoru sökərkən ekranın əriyərək televizorun korpusuna yapışdığını gördüyünü, televizorun ekranının həmin künc hissəsində çat olmasını aşkarladığını, televizoru açandan sonra televizorun künc hissəsinin əridiyini gördükdən, ekranının həmin künc hissəsində çat olmasını aşkarladıqdan sonra bu barədə İddiaçı məlumatlandırdığını bildirmişdir. İddiaçı televizorun ekranının məhz cavabdeh tərəfindən sındırıldığını, televizorun məhz cavabdeh tərəfindən yararsız hala salındığını və cavabdehin ona 1700 manat maddi ziyan vurduğunu sübut edə bilməmişdir.

11. Bu xüsusda məhkəmə onu da bildirmişdir ki, 1700 ABŞ doları məbləğində tələb həm də ona görə əsassız tələbdir ki, iddiaçı həmin televizoru 2014-cü ildə Rusiya Federasiyasında 1700 ABŞ dollarına aldığını bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bu 10 il müddət ərzində televizor köhnəlmiş, köhnəlmə faizi tətbiq edilməklə onun dəyəri aşağı düşmüşdür. Hətta 2014-cü ildə alındığı vaxt sözügedən televizorun qiymətinin 1700 ABŞ dolları məbləğində olması hipotetik olaraq qəbul edilsə belə (hərçənd ki, bununla bağlı iddiaçı heç bir sübut təqdim etməmiş və həmin televizorun məhz 1700 ABŞ dollarına alınmasını və onun dəyərinin məhz 1700 ABŞ dolları təşkil etməsini sübut edə bilməmişdir), 10 ildən sonra hazırda həmin televizorun dəyərinin 10 il bundan qabaq alındığı iddia edilən 1700 ABŞ dolları məbləğində olması ağlabatan deyildir və əsassızdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının televizorun təmiri üçün cavabdehə 250 manat verməsi iş materialları ilə təsdiq olunur. Cavabdeh də İddiaçı televizorun təmiri üçün cəmi 250 manat aldığını həm məhkəməyə verdiyi izahatında, həm də iddianın qismən etirafı barədə yazılı ərizəsində təsdiq etmişdir.

13. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının Cavabdeh hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilməsi ilə bağlı tələb etdiyi 50 manat ağlabatan və ədalətli məbləğdir. Ona görə də həmin 50 manat hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı müharibə veteranı kimi hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azaddır və ona görə də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 4,09 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 427.1, 427.2, 427.3, 439.4, 442, 443.1, 443.2, 445.1, 445.2, 448.1, 752.1, 753.1, 753.2, 755, 756.1, 759.1, 759.2, 760.1, 760.2, 762.1, 762.2, 768.1, 768.2, 770, 772.2, 776.1, 776.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 76.1, 77.1, 78.1, 80, 81, 88, 97.1, 97.5, 106.1, 119.1, 119.2, 191.3, 217.4, 218.3, 220.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı o, məhkəməyə vəsatət verərək MPM-nin 78.2-ci maddəsinə əsasən məhkəmədən xahiş etmişdir ki, televizorun dəyərinin, eyni zamanda televizorunun ekranının dəyərinin müəyyən edilməsinə dair aidiyyatı orqanlara sorğular göndərsin. Hətta məhkəməyə ifadə verərkən bildirmişdir ki, “X11” MMC-yə (ünvan:- ünvan 1rə ki, həmin MMC ona yox, məhkəmənin sorğusuna cavab olaraq lazım rəyini verəcəyini ona bildirmişdir.

18. Lakin məhkəmə onun vəsatətlərinə və ifadəsində göstərdiyi faktlara əhəmiyyət vermədən qeyd etmişdir ki, iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Lakin buna baxmayaraq iddianı qismən təmin edib, təmir üçün verdiyi pulun ödənilməsinə dair qətnamə qəbul etmişdir. Televizoru cavabdeh sındırıb televizoru təmir etmək üçün ondan 250 manat pul almışdır. Lakin bu gün də televizor işləmir və məhkəmə isə televizorun dəyərini yox, təmir üçün alınmış pulları qət edir. Televizorun ekranının sındırılması ilə əlaqədar məhkəmə araşdırma aparmamışdır.

19. Buradan görünür ki, məhkəmə iş üzrə natamam araşdırma aparmışdır. Məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin tələblər pozulmuşdur.

20. Qeyd olunan qanunların tələbinə əsasən o, məhkəməyə vəsatətlə müraciət etmişdir ki, aidiyyatı orqanlara televizorun dəyəri və televizorun ekranının dəyəri barədə məhkəmə tərəfindən sorğu göndərilsin və aidiyyatı üzrə mütəxəssis rəyi alınsın. Lakin məhkəmə bu prosessual normalarının tələbini yerinə yetirməmişdir. Televizorun xarab olması cavabdeh tərəfindən xarab olması onunla sübut olunur ki, cavabdeh ondan xidmət haqqı olaraq 250 manat almış və televizorun ekranını sındıraraq gətirmiş, beləliklə bütöv televizorun qiyməti həcmində ona ziyan vurmuşdur.

21. Hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.

22. Odur ki, Balakən rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-34/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə və yeni qətnamə ilə iddianın tam təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-34/2024 nömrəli qətnaməsinin iddiasının təmin edilməyən hissəsində ləğv edilərək, iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-34/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilən hissəsində mübahisələndirmişdir. Həmçinin iddiaçı Ömərov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)- 34/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilən hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin fevral ayında özünə məxsus «Samsung» markalı televizoru təmir üçün Cavabdeh təqdim etmiş, televizorun təmir xərci və ekranın alınması üçün 200 manat və 50 manat olmaqla cəmi 250 manat pulu Cavabdeh vermişdir. Lakin televizorun təmir edilməsi mümkün olmamış, bu səbəbli Cavabdeh İddiaçı televizor təmiri üçün aldığı vəsaiti qaytarmağa hazır olduğunu bildirmişdir. Lakin İddiaçı 2014-cü ildə Rusiya Federasiyasından 1700 ABŞ dollarına aldığı televizorun ekranının cavabdeh tərəfindən sındırıldığını əsas gətirərək Cavabdeh həmçinin «Samsung» markalı televizorun dəyəri kimi 1700 ABŞ dollarının da alınaraq onun xeyrinə ödənilməsini tələb etmiş, lakin 1700 ABŞ dollarına aid hissədə iddia tələbi cavabdeh tərəfindən qəbul edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

35. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin televizorun dəyərinin, eyni zamanda televizorunun ekranının dəyərinin müəyyən edilməsinə dair aidiyyatı orqanlara sorğular göndərilməsinə dair vəsatətinə əhəmiyyət verməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

36. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

37. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə zəruri hesab etdiyi sənədin alınması üçün aidiyyəti orqana özü tərəfindən sorğunun verilməsi, yaxud da aidiyyəti orqan tərəfindən sorğusunun cavablandırılmasından imtina edilməsinə dair heç bir sənəd əlavə edilməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin televizoru sındırması, beləliklə bütöv televizorun qiyməti həcmində ona ziyan vurmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən buna dair məhkəməyə heç bir sübut təqdim edilməməklə yanaşı həmin hissədə iddia tələbi cavabdeh tərəfindən də etiraf edilməmişdir.

39. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

42. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

44. Məhkəmə kollegiyаsı hesаb edir ki, qətnаmə mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 34/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-34/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar