Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1123/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-maddi ziyan, mənəvi zərər, kompensasiya ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(063)-36/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 25 dekabr 2020-ci il tarixdə, saat 11:30 radələrində ona məxsus ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2854 manat pulun və səhhətinə vurulmuş az ağır xəsarətə görə 15000 manat mənəvi zərərin, ümumilikdə 17854 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi Ucar Rayon Məhkəməsinin qüvvədə olan 08 iyul 2021 -ci il tarixli, 1(063)-40/2021 nömrəli hökmündən göründüyü kimi cavabdeh 25 dekabr 2020-ci il tarixdə, saat 11:30-da Ucar şəhəri, Azərbaycan küçəsində idarə etdiyi “VAZ-2103 minik” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq hərəkətə başlama, yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobili ehtiyatsızlıqdan sola doğru istiqamətləndirmiş və bu zaman arxadan onunla eyni istiqamətdə hərəkətdə olan iddiaçıya məxsus “VAZ-21074 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq iddiaçının idarə etdiyi həmin avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobilə xəsarət yetirmiş, özü də az ağır xəsarət almışdır. Mütəxəssis rəyinə əsasən idarə etdiyi ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilinə 3882,00 manat məbləğində maddi ziyanın dəyməsi ilə nəticələnməklə cavabdeh yol-nəqliyyat hadisəsi törətmişdir. Ona məxsus olan avtomobilə dəyən zərərə görə sığorta şirkəti tərəfindən ərizəyə əlavə etdiyi hesablama aktına görə 1028,00 manat ona sığorta ödənişi verilmişdir. Ziyanın qalan məbləğini isə cavabdeh ödəməsinə söz versə də vədinə əməl etməmişdir. Hal-hazırda cavabdehdən həmin məbləğin alınıb verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ucar Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmündən göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri üzündən onun səhhətinə az ağır xəsarət vurulmuşdur. Nəticədə məhkəmənin hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 06 ay müddətə sürücülük hüququndan məhrum edilməklə 1 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu gün də o, tam sağalmamşdır. Maddi imkansızlığına görə özünü müalicə etdirmək imkanı yoxdur. Mənəvi zərərdən əlavə, o, maddi zərərə də məruz qalmışdır, yəni iynə-dərman üçün külli miqdarda vəsait xərcləmişdir. Cavabdeh ona heç bir maddi köməklik də göstərməmiş və üzr istəməmişdir. Savadsızlığından maddi zərər görə xərclədiyi vəsaitlə bağlı ödəniş qəbzlərini əldə etməyi düşünməmişdir. Ona görə də mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı özünü haqlı hesab edərək məhkəmədə iddia tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(063)-36/2022 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərə görə 2054 (iki min əlli dörd) manat və mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat, cəmi 3554 (üç min beş yüz əlli dörd) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 100 (bir yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 25 dekabr 2020-ci il tarixdə, saat 11:30-da Ucar şəhəri, Azərbaycan küçəsində idarə etdiyi “VAZ-2103 minik” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobili ehtiyatsızlıqdan sola doğru istiqamətləndirmiş və bu zaman arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Ucar rayonu, Qarabörk kənd sakini İddiaçı məxsus və sonuncunun idarə etdiyi “VAZ- 21074 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü İddiaçı hərəkət üçün təhlükə yaranan anda dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilən sağ qamış sümüyünün iç və bayır kondiliuslarının qəlpəli sınıqları kimi xəsarətləri alması və ona məxsus olan avtomobilə 3882.00 manat məbləğində maddi ziyanın dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Ucar Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(063)-40/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı tələb etmək hüququ vardır. İddiaçı ona məxsus nəqliyyat vasitəsinə 3882 manat maddi zərər vurulduğunu, sığorta şirkəti tərəfindən 1028 manat sığorta ödənişi verildiyini göstərmişdir. İş üzrə keçirilmiş ekspert rəyində isə avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3082 manat müəyyən edilmişdir. Buna görə də ekspert rəyi əsas tutulmaqla iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının əmlakına vurduğu zərərə görə 2054 manat məbləğində pul tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində iddiaçının zərərçəkmiş şəxs kimi mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur və iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməlinə görə mənəvi zərər tələb etmək hüququ vardır. İddiaçının tələbindən görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərə görə 15.000 manat tələb etmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri məhkəmə xərclərinə aid edilməli və cavabdehdən tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməklə cavabdehdən maddi zərərə görə 2054 manat və mənəvi zərərə görə 1500 manat, cəmi 3554 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə cavabdehdən 100 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1-ci, 1096.2-ci 1097.1-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 36.6, 77.1, 82.4, 88, 218.3, 220.5 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən normadan belə aydın olur ki, şəxsə vurulmuş zərərin əvəzi ya tam (yəni vurulmuş zərər həcmində), qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulduğu hallarda isə daha az həcmdə ödənilir. İstənilən halda zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərdən artıq əvəz tələb edə bilməz. Lakin iddiaçı ondan ona vurulmuş zərərdən daha artıq əvəz tələb etmiş, məhkəmə isə iddianı qismən təmin etsə də yekunda vurulmuş zərərdən daha artıq miqdarda əvəz ödəməyi barədə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi sığorta şirkəti ona dəymiş ziyanı 1028 manat müəyyən etmiş və iddiaçıya həmin məbləğdə pul ödəmişdir. İddiaçı isə bunula razılaşmış və sığorta şirkətinə qarşı heç bir tələb irəli sürməmişdir. Bundan başqa məhkəmə mənəvi zərərə görə ondan 1500 manat maddi zərərin tutulmasını qət etsə də bunu qətnamədə əsaslandıra bilməmişdir. Göründüyü kimi məhkəmə törədilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsini, böyük ictimai təhlükə törətməyən cinayət olmasını, zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər dəyməsini, ən əsası isə onun əmlak vəziyyətini nəzərə almalı idi. Belə ki, onun əmlak vəziyyəti qənaətbəxş olsaydı o cinayət işi üzrə hökm çıxmamış 3554 manat deyil, o zaman zərəçəkmiş şəxsin ondan tələb etdiyi 2000 manat pulu ona ödəyərdi və o onunla barışar, nəticədə isə ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilməz, iş üzrə icraata xitam verilərdi. Lakin, onun əmlak vəziyyəti bunu üçün kifayət etmədiyi üçün o cinayət işinə baxılarkən bütün bunlara nail olmadı. Buna baxmayaraq, məhkəmə bunları, yəni onun əmlak vəziyyətini nəzərə almadan onun üçün yetərincə yüksək məbləğdə mənəvi ziyanın ondan alınıb, iddiaçıya verilməsini qət etmişdir. İddiaçı hadisə nəticəsində mənəvi zərər çəkdiyini qeyd etsə də bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə iddiaçının hansı fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edilən hüquq normalarından göründüyü kimi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir, onun da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra ekspert rəyinə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin sığorta şirkətinin hesablama aktına görə iddiaçıya 1028 manat maddi ziyan dəyməsi göstərilsə də məhkəmə heç bir əsaslandırma aparmadan həmin hesablamanı deyil, məhz ekspert rəyini sübut kimi qəbul etmiş və iddiaçıya dəymiş maddi ziyanın məbləğini 3082 manat müəyyən etməklə göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. O məhkəmə proseslərində vəkillə birlikdə iştirak etməmişdir, özü də hüquqşünas deyildir. Ona görə də sığorta şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etməmişdir. Lakin o məhkəmədəki izahatında bildirmişdir ki, sığorta şirkəti dəymiş maddi ziyanı ödəmişdir. Əgər hazırki qətnamə qanuni qüvvəsini heç bir dəyişiklik olmadan alarsa, o müqavilə şərtlərini düzgün yerinə yetirməyən həmin sığorta şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Ona görə də hesab edir ki, sığorta şirkəti də üçüncü şəxs kimi işə cəlb edilməli idi. Beləliklə, məhkəmə mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdıra bilsəydi, ancaq bundan sonra ondan iddiaçının xeyrinə mənəvi zərərə görə pul tuta bilərdi. Lakin məhkəmə yalnız mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə (yəni, mülki məsuliyyətin yolnəqliyyat hadisəsi nəticəsində yaranmasını bildirməklə) kifayətlənmiş, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdırmamışdır. Məhkəmədə iddiaçıya mənəvi zərər vurulması müəyyən edilsə həm bu, həm də iddiaçıya məhz 1500 manat mənəvi zərərin vurulması sübut edilməmiş qalmışdır. Eyni zamanda yuxanda da göstərilənlərdən aydın olur ki, iddiaçıya cəmi 1028 manat maddi zərər dəymiş, məhkəmə isə ona əlavə olaraq 2054 manat məbləğində maddi zərər dəydiyini müəyyən etmək istəsə də bu hal sübut edilməmiş qalmışdır. Məhkəmənin iddiaçıya 1500 manat mənəvi, 1028 manatdan əlavə 2054 manat məbləğində maddi zərərin dəyməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun gəlmir, bunun dəlillərini isə yuxarıdakı bəndlərdə göstərmişdir. Odur ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-36/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ucar Rayon Məhkəməsinin 06 iyun 2022ci il tarixli, 2(063)-36/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(063)-36/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 25 dekabr 2020-ci il tarixdə, saat 11:30-da Ucar şəhəri, Azərbaycan küçəsində idarə etdiyi “VAZ-2103 minik” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax magistral yolu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobili ehtiyatsızlıqdan sola doğru istiqamətləndirmiş və bu zaman arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Ucar rayonu, Qarabörk kənd sakini İddiaçı məxsus və sonuncunun idarə etdiyi “VAZ-21074 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü İddiaçı hərəkət üçün təhlükə yaranan anda dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilən sağ qamış sümüyünün iç və bayır kondiliuslarının qəlpəli sınıqları kimi xəsarətləri alması və ona məxsus olan avtomobilə 3882.00 manat məbləğində maddi ziyanın dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Ucar Rayon Məhkəməsinin 08 iyul 2021ci il tarixli, 1(063)-40/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı tələb etmək hüququ vardır. İddiaçı ona məxsus nəqliyyat vasitəsinə 3882 manat maddi zərər vurulduğunu, sığorta şirkəti tərəfindən 1028 manat sığorta ödənişi verildiyini göstərmişdir. İş üzrə keçirilmiş ekspert rəyində isə avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3082 manat müəyyən edilmişdir. Buna görə də ekspert rəyi əsas tutulmaqla iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının əmlakına vurduğu zərərə görə 2054 manat məbləğində pul tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçı ondan ona vurulmuş zərərdən daha artıq əvəz tələb etmiş, məhkəmə isə iddianı qismən təmin etsə də yekunda vurulmuş zərərdən daha artıq miqdarda əvəz ödəməyi barədə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi sığorta şirkəti ona dəymiş ziyanı 1028 manat müəyyən etmiş və iddiaçıya həmin məbləğdə pul ödəmişdir. İddiaçı isə bunula razılaşmış və sığorta şirkətinə qarşı heç bir tələb irəli sürməmişdir. Həmçinin apellyator qeyd etmişdir ki, qeyd edilən hüquq normalarından göründüyü kimi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir, onun da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra ekspert rəyinə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin sığorta şirkətinin hesablama aktına görə iddiaçıya 1028 manat maddi ziyan dəyməsi göstərilsə də məhkəmə heç bir əsaslandırma aparmadan həmin hesablamanı deyil, məhz ekspert rəyini sübut kimi qəbul etmiş və iddiaçıya dəymiş maddi ziyanın məbləğini 3082 manat müəyyən etməklə göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi üçün yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Tədqiqatın aparılması nəticəsində məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 9/1689 nömrəli ekspert rəyindən (məhkəmə- əmtəəşünaslıq) görünür ki, nəzəri hesablama yolu ilə, avtomobillərə texniki xidmət salonu tərəfindən tərtib edilmiş 29 dekabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3082,0 manat müəyyən edilir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə İddiaçı məhkəmədə iclasında vermiş olduğu izahatından məlum olur ki, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın bir hissəsi, yəni 1028 manat məbləğində pul ona ödənilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan eksperti rəyini, eyni zamanda iddiaçının izahatını nəzərə alaraq ekspert rəyinin verilməsi nəticəsində müəyyən olunmuş 3054 manat məbləğində puldan, həmin dəymiş maddi ziyana görə cavabdehin etirafı nəticəsində siğorta şirkəti tərəfindən ona ödənildiyi məlum olan 1028 manat məbləğində pulu çıxaraq 2054 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində ədalətli və düzgün mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edirki, həmin ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyator apellyasiya şikayətə əlavə olaraq qeyd edir ki, məhkəmə onun əmlak vəziyyətini nəzərə almadan onun üçün yetərincə yüksək məbləğdə mənəvi ziyanın ondan alınıb, iddiaçıya verilməsini qət etmişdir. İddiaçı hadisə nəticəsində mənəvi zərər çəkdiyini qeyd etsə də bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə iddiaçının hansı fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi 1500 manat mənəvi ziyanla razılaşır. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə iddiaçının 2054 manat məbləğində maddi ziyana və 1500 manat məbləğində mənəvi zərərə görə pulun iddiaçıdan alınıb cavabdehə verilməsini qət edərəkən, iddiaçının maddi ziyanın və mənəvi zərərin cavabdehin hüquqazidd təqsirli hərəkətlərindən sonra baş verməsini, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını və onun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini, həmçinin həmin iztirab nəticəsində fiziki əzab çəkməsini nəzərə almışdır. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(063)- 36/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(063)-36/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1123/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1123/2022
20.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver