Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-113/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduqları maddi ziyana görə 87.088 manat, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 428 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 mart 1966-cı ildə İsmayıllı rayonunda anadan olmuş, 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 02 mart 1988-ci il tarixdən 21 may 2018-ci il tarixə kimi İsmayıllı rayon prokurorluğunun dəftərxana müdiri, 21 may 2018-ci il tarixdən 21 sentyabr 2018-ci il tarixə kimi Abşeron rayon prokurorluğunun, 21 sentyabr 2018-ci il tarixdən 23 noyabr 2022-ci il tarixə kimi İsmayıllı rayon prokurorluğunun dəftərxana müdiri vəzifəsində işləmiş, işlədiyi ümumilikdə 34 il 8 ay ərzində hər zaman öz işinə vicdanla yanaşmış, prokurorluğun hörmət və nüfuzunu uca tutmuşdur. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Hazırkı tələb üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2020-ci ilin sonlarında İsmayıllı rayon ərazisində fermer təsərrüfatı qurmaq məqsədi ilə İddiaçı oğlu Etibar Hüseynova müraciət etmiş və xaricdən südlük inək cinslərinin gətirilməsi işində Kənd Təsərrüfatı Nazirliyinin onlara yardım etməsi barədə vasitəçilik etməsini xahiş etmişlər. Etibar Hüseyinov isə sözügedən məsələ ilə bağlı onlara köməklik göstərməsi üçün onlara Allahverdi adlı şəxslə əlaqə yaratmalarını bildirmiş, onlar A.Rüstəmovla əlaqə yaratdıqdan sonra bu işin görülməsi üçün ümumilikdə 21.950 manat pulun onun Etibar Hüseyinov vasitəsi ilə A.Rüstəmova göndərilməsini bildirmişdir. Hazırki tələb üzrə cavabdehlər müxtəlif dövlət orqanlarına, eyni zamanda Baş Prokurorluğa 21.950 manat pulun İsmayıllı rayon prokurorluğunun inzibati binasında İddiaçı verdikləri barədə ərizələr ünvanlamış, həmin ərizələr əsasında Baş Prokurorluqda İddiaçı barəsində xidməti araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı dövlət qulluqçusu kimi elmi və yaradıcılıq fəaliyyəti istisna olunmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedoqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı olmadığı halda gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin təxminən noyabr ayında Cavabdeh2 və Cavabdeh1 məxsus fermaya baxış keçirdiyi, onların iştirakı ilə videozəng vasitəsi ilə Allahverdi Rüstəmova fermanı göstərərək şəraiti başa saldığı, 2020-ci ilin noyabr ayının sonunda İsmayıllı rayon prokurorluğunda adıçəkilən şəxslərdən 21950 manat məbləğində pul aldığı müəyyən edilmiş, bu hərəkətləri ilə onun tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 8.2 və 13.1-ci və “Dövlər qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.2-ci maddəsinin tələbləri pozulmuş və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 10/538-k saylı əmri ilə Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 İddiaçı və X3 qarşı pul tələbinə dair iddiası İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-485/2023 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhz hazırkı tələb üzrə cavabdehlərin əsassız və yalan ifadələri əsasında işdən azad olunduğunu və bunun nəticəsində ona maddi və mənəvi zərərin dəydiyini, cavabdehlər isə heç bir yalan məlumat vermədiklərini, İddiaçı pul verdiklərini və fermer təsərrüfatı yaratmaqda onlara köməklik göstərməsini vəd etdiyini bildirirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsi iddiaçının hazırki tələb üzrə irəli sürdüyü iddiasının əsası kimi, İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsinə istinad edərək, Cavabdeh2 və Cavabdeh1 ona və oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-485/2023 saylı qətnaməsi ilə isə sözügedən qətnamənin dəyişdirilmədən saxlanılmasına istinad etməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən tələb qiymətləndirilərkən və məhkəmə yekun qərara gələrkən, İddiaçı cavabdehləri prokurorluğun inzibati binasında qəbul edib-etmədiyi, onlarla qazanc əldə etmək məqsədi ilə elmi və pedoqoji fəaliyyətlərdən başqa gəlir əldə etmə fəaliyyəti ilə məşğul olub-olmaması araşdırılmamış, sözügedən iddia məhz tələbə cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 10/538-k saylı müvafiq əmri ilə Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmiş və sözügedən əmr İddiaçı tərəfindən mübahisələndirilməyərək hal-hazırda qüvvədədir. Birinci instansiya məhkəməsi iddia ilə bağlı qeyd etmişdir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdehlər tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də birinci instansiya məhkəməsi ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehlər iddia tələbini qəbul etmədikləri üçün cavabdehlərin 87.088 manat maddi və 50.000 manat mənəvi ziyan vurmalarını sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Baş prokurorluğun müvafiq əmri qüvvədə olmaqla, İddiaçı işdən azad olunmasının məhz cavabdehlərin uydurma və həqiqətə uyğun olmayan ərizəsi əsasında olduğu barədə tələb irəli sürsə də bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi və təkzib verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 23.4, 23.6, 1096.2, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2003-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun“Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 80, 81, 82, 88, 106.3, 77, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Dəyanət Ağasəflinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 12 oktyabr 2022-ci il tarixli qərarı ilə İsmayıllı şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 şikayətləri ilə bağlı MK1/1296 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, şikayət vermiş şəxslərə müraciətlərində göstərilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Lakin buna baxmayaraq hazırkı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona, eləcə də oğlu Etibar Hüseynova qarşı «əsassız varlanma nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsində əsassız iddia qaldıraraq onlardan müştərək qaydada əsassız olaraq əldə etdikləri və hazırkı vaxtadək geri qaytarmadıqları cəmi 9.390 manat pul vəsaitinin alınaraq onlara qaytarılmasını və onun hərəkətində Azərbaycan Respublikası CM-nin 178,308,309, 310-cu maddələrinin tərkib əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)-15/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(037)- 15\2023 nömrəli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 onlara qarşı pul tələbi üzrə verdiyi iddia cavabdeh ola bilməyən şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Məhkəmə, onun əməlində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə onun barəsində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Bundan sonra Cavabdeh1 və Əlizadə X4 Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 nömrəli qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni həmin iş üzrə məhkəmə mübahisəsi tamamlanmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Aparılmış istintaq və məhkəmə araşdırmaları zamanı onun və oğlunun əməllərində hər hansı hüquq pozuntusunun (inzibati xətanın, cinayətin, mülki hüquq pozuntusunun) əlamətləri aşkar edilməmiş, eyni zamanda onların həmin mübahisə üzrə cavabdeh ola bilməyən şəxs olduqları müəyyənləşdirilmişdir. Bütün yuxarıda qeyd olunanlara obyektiv, tərəfsiz və qərəzsiz yanaşılsaydı iddia tələbləri təmin edilmiş olardı. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(037)674/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduqları maddi ziyana görə 87.088 manat, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 428 manat pulun alınaraq ona verilməsi” tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Əlizadə X4 Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(037)674/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş. İddiaçı məhkəməyə teleqram göndərərk səhhəti ilə bağlı iclasa gələ bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəməyə səhhəti ilə bağlı problemi təsdiq edən sənəd təqdim etməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2003-cü il tarixli qərarı Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı; Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 2(037)/674/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduqları maddi ziyana görə 87.088 manat, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 428 manat pulun alınaraq ona verilməsi” tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyəti nəzərə alınmamış, bununla da işin həqiqi və obyektiv hallarının tam müəyyən edilməməsi nəticəsində çıxarıldığına görə ləğv edilməli və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qanuni qüvvəyə minmiş İsmayıllı Rayon Məhkəməsinin 27 yanvar 2023-ci il tarixli, 2(037)-15/2023 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar Cavabdeh1 və Əlizadə X4 Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli,e-2(037)-15/2023 saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yəni həmin iş üzrə məhkəmə mübahisəsi tamamlanmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Aparılmış istintaq və məhkəmə araşdırmaları zamanı onun və oğlunun əməllərində hər hansı hüquq pozuntusunun (inzibati xətanın, cinayətin, mülki hüquq pozuntusunun) əlamətləri aşkar edilməmiş, eyni zamanda onların həmin mübahisə üzrə cavabdeh ola bilməyən şəxs olduqları müəyyənləşdirilmişdir. Bütün yuxarıda qeyd olunanlara obyektiv, tərəfsiz və qərəzsiz yanaşılsaydı iddia tələbləri təmin edilmiş olardı. Kollegiya şikayətin dəlilləri ilə razı deyildir. Belə ki, qanuni qüvvəyə minmiş qətnamənin preyudisiallığı nəzərə alınsa belə, bu iddianın təmin edilməsi üçün əsas deyildir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qətnamələrdə sözügedən tələb qiymətləndirilərkən və məhkəmə yekun qərara gələrkən, İddiaçı cavabdehləri prokurorluğun inzibati binasında qəbul edib-etmədiyi, onlarla qazanc əldə etmək məqsədi ilə elmi və pedoqoji fəaliyyətlərdən başqa gəlir əldə etmə fəaliyyəti ilə məşğul olub-olmaması araşdırılmamış, sözügedən iddia məhz tələbə cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməmişdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehlər iddia tələbini qəbul etmədikləri üçün cavabdehlərin 87.088 manat maddi və 50.000 manat mənəvi ziyan vurmalarını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiyanın da razılaşdığı birinci instansiya məhkəməsinin gəldiyi nəticədə qeyd edilir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı barəsində müxtəlif dövlət orqanlarına göndərilən məlumatlar iddiaçının şərəfini,ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Bu cür məlumatlar obyektivlik dərəcəsinə görə qiymətləndirilir. Belə ki, bu kimi məlumatlar, eləcə də söz və ifadələr öz təsdiqini tapmadığı halda aid olunduğu şəxsin şərəf və ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən sözlər (ifadələr) və məlumatlar hesab olunur. Məhkəmə qeyd edir ki, yuxarıda cavabdehlər tərəfindən Baş Prokurorluğa və müxtəlif dövlət orqanlarına yazılmış ərizələrin iddiaçının dövlət qulluqçusu olması ilə əlaqələndirərək onun xüsusi dözümlülük göstərməli olduğu xüsusi ilə vurğulanmalıdır. Belə ki, iddiaçı digər özəl şəxslərdən fərqli olaraq, hakimiyyəti təmsil edən orqanda (prokurorluqda) işləyən dövlət qulluqçusu kimi onun fəaliyyəti ilə bağlı özündə tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxuna biləcək fikirlərə qarşı dözümlülük nümayiş etdirməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 10/538-k saylı müvafiq əmri ilə Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, habelə dövlət qulluğu ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə İsmayıllı rayon prokurorluğunun böyük mütəxəssisi (dəftərxana müdiri) İddiaçı tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna xitam verilmiş və sözügedən əmr İddiaçı tərəfindən mübahisələndirilməyək hal-hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq birinci instansiya məhkəməsi, mənəvi ziyan tələbini də əsassız hesab etmiş və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini kollegiyanın da razılaşdığı prosessual qənaət prinsipi ilə izah etmişdir. Sonda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-674/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-113/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-113/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver