Məhkəmə qərarları › İş №2(107)-1145/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1145/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1145/2023 02.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyesiya şikayətinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Quliyev küçəsi, ev 3A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1368 hektar torpaq sahəsindən ona məxsus B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)- 44/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayət verən şəxs Maraqlı şəxs İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəf deyil, eyni zamanda Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsinin onun mənafeyinə və maraqlarına təsir etməsinə dair sübutları (məlumatları) şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, Maraqlı şəxs qərardaddan verdiyi şikayətində 2(075)-44/2023 saylı iş üzrə mübahisə edilən fərdi yaşayış evində istifadə hüququnun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs mübahisəli evə və torpağa mülkiyyət hüququ mövcud deyildir, hazırki mübahisə isə mülkiyyətçilər arasında payların naturada ayrılması ilə əlaqəlidir ki, Maraqlı şəxs həmin evə istifadə hüququnun olubolmamasının mülkiyyətçilərin paylarının ayrılması mübahisəsinə heç bir əlaqəsi olmamaqla, payların ayrılması da, əgər hüququ yaranmışdırsa da, istifadə hüququnun xitamına səbəb olmayacaqdır. Ona görə də, hazırki qətnamə Maraqlı şəxs maraqlarına toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(075)-44/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar