Məhkəmə qərarları › İş №2(107)-1162/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1162/2023

15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1162/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)- 60/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat Şəhadətnaməsi əsasında ünvan 3 mənzil 15 ünvanında yerləşən 1983-cü il tarixdə tikilmiş ümumi sahəsi 56,37 kv.m olan 2 otaqlı 15 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********5-05101-093002 olan çıxarışla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehin mənzilinin qapısının açılma istiqamətinə görə onun öz mənzilinə giriş-çıxışının məhdudlaşdığını və pilləkənlərə çıxışına maneə törədildiyini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilə qonşu olan Cavabdeh 16 saylı mənzilinə qanunsuz olaraq qoyduğu giriş qapısının açılma vəziyyətinin dəyişdirilməsinə, qapının mənzilin içinə doğru açılma vəziyyətində qoyulmasına, ödədiyi dövlət rüsumu 100 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı, cəmi 200 manatın cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzili vardır. Həmin mənzilin onun mülkiyyətində olmasını təsdiq edən Daşınmaz əmlakın dövlət reyestrindən Qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd etmək istəyir ki, qonşuluğunda cavabdeh qanunsuz olaraq onun öz mənzilinə giriş-çıxışını məhdudlaşdıran və pilləkənlərə çıxışına maneə törədən giriş qapısı qoymuşdur. Belə ki, cavabdeh həmin qapını açanda onun mənzilinə giriş-çıxış məhdudlaşır, pilləkənin qarşısı bağlanır və o öz evinə girib-çıxa bilmir. Bununla da onun mülkiyyət hüququ pozulur. Onun qoyduğu qapı çölə açıldığına görə bu maneələr yaranır. Həmin qapıdan əvvəlki qapı isə içəri, yəni mənzilin içərisinə doğru açılırdı. Cavabdeh yeni qapı qoyaraq, eyni zamanda qapının açılma vəziyyətini dəyişmişdir. O cavabdehə dəfələrlə giriş qapısının vəziyyətinin dəyişdirilməsi, yəni içəri açılan qapı qoyması barədə xəbərdarlıq etsə də heç bir müsbət nəticə verməmişdir. Bundan başqa o aidiyyatı orqanlara, yəni Zaqatala rayon İcra Hakimiyyətinə və Zaqatala şəhər Mənzil İstismar İdarəsinə bu barədə müraciət etmişdir. Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 44 saylı məktubu ilə cavabdehdən tələb olunmuşdur ki, mənzilin qapısının içəri açılan formada quraşdırılmasını təmin etsin. Lakin cavabdeh onun və təşkilatların xəbərdarlıqlarına əhəmiyyət verməyərək narahatçılıq yaratmaqda davam etməkdədir. Cavabdeh könüllü olaraq qapının açılma vəziyyətini dəyişmədiyi üçün o məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qanuna əsasən o mənzilin mülkiyyətçisi kimi öz əmlakından istədiyi kimi istifadə edə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Eyni zamanda öz əmlakının barəsində istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların hüquqlarını pozmasın və yaxud da hüquqdan sui istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq istifadə deyildir, yəni qonşu olan cavabdeh öz mənzilinə giriş-çıxış üçün qoyduğu qapı onun mənzilinə giriş-çıxış üçün məhdudiyyətlər yarada bilməz. Ona görə də, eyni zamanda həmin mənzil dövlət tərəfindən vətəndaşların istifadəsinə verilən zaman mənzilə qoyulmuş giriş qapısının açılma vəziyyəti necə olmuşdursa hal-hazırda da həmin vəziyyətdə açılan qapı qoyulmalıdır. Mənzildə hər hansı bir konstruktiv dəyişiklik edilməsi üçün müvafiq İcra Hakimiyyətinin razılığı alınmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, o tələbində haqlıdır.

4. Cavabdeh etirazla müraciət edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən mənzilə qonşu olan Cavabdeh 16 saylı mənzilinə qanunsuz olaraq qoyduğu giriş qapısının açılma vəziyyətinin dəyişdirilməsinə, qapının mənzilin içinə doğru açılma vəziyyətində qoyulmasına, ödədiyi dövlət rüsumu 100 manat və vəkilə ödənilmiş 100 manat xidmət haqqı, cəmi 200 manat cavabdehdən alınaraq özünə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək bildirmək istəyir ki, iddiaçının iddia tələbi əsassızdır. Evinin giriş qapısının çölə açılması iddiaçının hər hansı bir mülkiyyət hüququnun pozulmasına səbəb olmur.

5. Məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi. İddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək mənzilinə qoyulmuş giriş qapısının standart qapı olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, qapı heç cürə iddiaçıya maneə yaratmır və onun qapını dəyişmək niyyəti yoxdur. O, iddia tələbinin rədd edilməsini xahiş etdi.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 3 mənzil 15 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzilin qonşuluğunda yerləşən 16 nömrəli mənzil Cavabdeh mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan 15 nömrəli mənzilin giriş qapısı mənzilə giriş istiqamətində açılır və Cavabdeh mülkiyyətində olan 16 nömrəli mənzilin giriş qapısı mənzildən çıxış istiqamətində ümumi istifadədə olan sahəyə açılır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin mülkiyyətində olan 16 saylı mənzilin giriş qapısının istiqamətinin dəyişdirilərək qapının mənzil istiqamətində açılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə etirazla müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli Ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzilinin giriş qapısının iş üzrə cavabdehə məxsus mənzilin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində qeyd olunan hissədə yerləşdiyi müəyyən olunmuş və mənzillərin qapılarının hansı istiqamətdə açılması İnşaat Norma və Qaydalarında tənzimlənmədiyindən qərardadın qapının istiqaməti ilə bağlı olan sualları cavablandırılmamışdır.

8. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil Cavabdeh Məhəmməd oğlunun mülkiyyətindədir və həmin mənzilə giriş qapısı mənzilin texniki sənədlərində nəzərdə tutulan hissədə yerləşir. Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 nömrəli mənzilə həmin mənzilin texniki sənədlərinə uyğun olmayan müdaxilə edilməsi halı aşkar edilməmişdir.

9. Məhkəmə hesab edir ki, çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərə giriş qapılarının açılma istiqamətinin müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı halda və cavabdehə məxsus mənzilin giriş qapısının hazırki vəziyyətdə açılma istiqaməti hər hansı normanın tələbini pozmadığı halda Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin giriş qapısının açılma istiqamətinin dəyişdirilərək qapının mənzilə giriş istiqamətində açılmasına dair hazırki tələbin təmin edilməsi cavabdehin konstitusiya ilə təminat verilmiş insan və vətəndaş hüquqlarının pozulması, xüsusi ilə də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində nəzərdə tutulmuş müddəanın pozulması ilə nəticələnə bilər.

10. Məhkəmə iddiaçının iddia ərizəsini əsaslandırarkən qeyd etdiyi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzildən özünün istədiyi kimi istifadə edə bilməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan mənzildən istifadəsində yaranmış məhdudiyyətin nədən ibarət olması iddia ərizəsində qeyd edilməmiş və ümumiyyətlə belə məhdudiyyətin olmasına dair sübut təqdim edilməmişdir.

11. Məhkəmə araşdırılmasında da ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin qapısının çıxış istiqamətində ümumi istifadədə olan sahəyə açılması nəticəsində iddiaçının özünə məxsus mənzildən istifadə hüququnun məhdudlaşması və ya pozulması halı müəyyən edilmədi.

12. İş materiallarında müəyyən edilmiş hallardan görünür ki, iddiaçı və cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 15 və 16 nömrəli mənzillər qonşu mənzillərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Qonşu təsirinə dözmək vəzifəsindən bəhs edən 171-ci maddəsində daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsinə maneçilik yaranmadığı və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulduğu hallarda qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməməsi, yəni əhəmiyyətsiz təsirə dözməsi nəzərdə tutulmuşdur.

13. Mülki işin məhkəmə baxışında o da müəyyən edildi ki, hazırki halda Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 16 nömrəli mənzilin giriş qapısının çıxış istiqamətinə doğru açılması İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 nömrəli mənzildən istifadə etməsinə maneçilik yaratmır və onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur.

14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilin giriş qapısının çıxış istiqamətində açılması iddiaçının öz mənzilindən istifadə etməsinə əhəmiyyətli dərəcədə maneçilik yaratmadığından və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozduğundan, o, oxşar amillərin öz mənzilinə təsirini cavabdehə qadağan edə bilməz və bu cür təsirlərə dözməyə borcludur.

15. Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)-60/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı mənzilə giriş qapısının açılma istiqamətinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənmiş 100 (bir yüz) manat xidmət haqqının iddiaçının özünə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4.) qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152, 170 və 171-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

17. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyetsr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********5-05101-093002 olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən inventar nömrəsi 3489 olan texniki pasport hazırlanaraq çıxarışa əlavə edilmişdir.

18. Rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, Sülh küçəsi ev 6 mənzil 15 ünvanında yerləşən 1983-cü il tarixdə tikilmiş ümumi sahəsi 56,37 kv.m olan 2 otaqlı 15 nömrəli mənzil İddiaçı verilmişdir və bu barədə Xalq deputatları sovetinin icra komitəsinin 07 aprel 1984-cü il tarixli 132 nömrəli qərarına əsasən 77 nömrəli reyestr kitabında müvafiq qeyd edilmişdir.

19. Zaqatala Rayon Mənzil İstismar İdarəsinin 44 nömrəli xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, onun mənzilinə açılan giriş qapısının içəri açılan formada quraşdırılması xahiş edilmişdir.

20. 11 oktyabr 2022-ci il tarixli yerində baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 mənzil 15 və mənzil 16 ünvanlarına giriş qapılarının yerləşdiyi və mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə baxış zamanı iddiaçının mülkiyyətində olan 15 nömrəli mənzilə giriş qapısının və cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş qapılarının bir birinə münasibətdə perpendikulyar yerləşməklə aralarında 90 dərəcəli bucaq yaratmışdır, cavabdehin mülkiyyətində olan 16 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qara rəngdə olan və metal materialdan hazırlanmış giriş qapısının mənzildən çıxış istiqamətində bina sakinlərinin ümumi istifadəsində olan sahəyə açıldığı və iddiaçıya məxsus 15 nömrəli mənzilə giriş üçün nəzərdə tutulmuş qəhvəyi rəngli taxta marerialdan istifadə edilməklə hazırlanmış qapının mənzilə giriş istiqamətində açıldığı müəyyən edilmişdir

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli Ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.30 kv.m olan 16 saylı mənzilinin giriş qapısının iş üzrə cavabdehə məxsus mənzilin mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki pasport sənədində qeyd olunan hissədə yerləşdiyi müəyyən olunur. Lakin, mənzillərin qapılarının hansı istiqamətdə açılması İnşaat Norma və Qaydalarında tənzimlənmədiyindən qərardadın 1-ci sualının 2-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Mübahisə predmeti olan giriş qapısının mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açıldığı müəyyən olunur. Mübahisə predmeti olan giriş qapısının mənzillərə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açılmasının digər mənzil sahiblərinin mənzillərdən istifadəsinə hər hansı maneə yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir.

22. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia ərizəsində qeyd olunan tələbləri, tələbi əsaslandırdığı halları araşdırmamış, tamam başqa istiqamətdə araşdırma aparmışdır. Belə ki, məhkəmə ekspertiza təyin edərək ekspert qarşısında sual qoyarkən sualları cavabdehin xeyrinə doğru olan istiqamətə yönəltmişdir. Məhkəmənin ekspert qarşısında qoyduğu sualın birincisi belədir: 1-ci sual: Mənzilin giriş qapısı texniki pasporta uyğun olaraq hazırki vəziyyətdə tikinti norma və qaydalarına uyğundurmu? Bu sualın qoyuluşu düzgün deyildir. Texniki pasportda qapının açılma vəziyyəti heç vaxt göstərilmir, ona görə də qapının hansı istiqamətə açılması tikinti norma və qaydaları ilə müəyyənləşmir. Bu sualın yerinə məhkəmə ekspert qarşısında sual qoymalıydı ki, evin ilkin dövlət tərəfindən inşası başa çatdırılarkən mənzilin giriş qapısının açılma vəziyyəti ilə hazırki açılma vəziyyəti arasında fərq varmı? 2-ci sual: Məhkəmə ekspert qarşısında sual qoyur: Mənzilin giriş qapısının mənzilə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan sahəyə açılıb-açılmaması müəyyən edilsin. Məhkəmə burada MPM-nin 97-ci maddəsinin tələblərini pozur. Hazırki işdə mübahisə predmeti olan mənzil qapısının hansı istiqamətə açıldığını müəyyən etmək üçün ekspertiza təyin etməyə ehtiyac yoxdur. Burda hər hansı bir xüsusi biliyə ehtiyac yoxdur. Mübahisəli yerə məhkəmə tərəfindən baxış keçirməklə müəyyən etmək mümkündür. 3-cü sual: Məhkəmə ekspertə 3cü yönəldici sual verir:- mənzilin giriş qapısının ümumi istifadədə olan sahəyə açılması digər mənzil sahiblərinin mənzillərdən istifadəsinə hər hansı maneə yaradırmı? Üçüncü sualdan görünür ki, artıq məhkəmə özü ikinci suala cavab vermişdir. Yəni, məhkəmə üçüncü sualda mənzilin qapısının ümumi istifadədə olan sahəyə açılmasını etiraf edir. Üçüncü sual da məhkəmə tərəfindən düzgün qoyulmamışdır və yönəldici sualdır. Belə ki, o iddiasında qeyd edir ki, mübahisəli qapının ümumi istifadədə olan sahəyə açılması nəticəsində onun öz mənzilinə giriş-çıxış məhdudlaşır, yəni pilləkənin qarşısı bağlanır. Məhkəmə isə sualda yazır ki, qapının ümumi istifadədə olan sahəyə açılması nəticəsində onun mənzildən istifadəsinə hər hansı maneə yaradılırmı? Cavabdehin mənzilinin giriş qapısı onun mənzilinin içərisində deyil ki, onun qapısı açılan zaman o öz mənzilimdən istifadəsi məhdudlaşsın. Ona görə də hesab edir ki, məhkəmə ekspert qarşısında düzgün sual qoymamış və nəticə etibarı ilə qəbul olunan qətnamə işin hallarına uyğun deyildir. Üçüncü sual əvəzinə məhkəmə ekspsert qarşısında aşağıdakı qaydada sual qoymalı idi: Cavabdehin mənzilinə giriş-çıxış üçün qoyulmuş qapı açılan vəziyyətdə iddiaçının öz mənzilinə giriş-çıxış üçün nəzərdə tutulmuş sahə və pilləkənlərdən istifadə məhdudlaşırmı? Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə prosessual hüquq normalarının, eyni zamanda maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.

24. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)- 60/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)-60/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi: 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)- 60/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. Kolelgiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisə predmeti olan məsələ qanunvericiliklə birbaşa tənzimlənmədiyindən şikayətdə göstərilən suallara ekspertiza keçirilməsi yolu ilə cavab verilməsi mümkün deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8045 nömrəli Ekspert rəyi də bu halı təsdiq edir.

34. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 62.1-ci maddəsinə görə pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Ona görə də, mübahisəli məsələnin yerində aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilsə də, zərurət olduğundan məhkəmə kollegiya tərəfindən mübahisəli qapıların yerləşdiyi pilləkən meydançasına yenidən baxış keçirilmişdir. Məhkəmə kollegiyası mübahisəli yerə baxış keçirərək müəyyən etmişdir ki, mübahisəli qapıların yerləşdiyi mənzillər binanın 2-ci mərtəbəsində yerləşir. Pilləkənlərlə ikinci mərtəbəyə qalxarkən pilləkənlə üzbəüz mənzil iddiaçıya məxsusdur. Həmin mənzilin qapısı mənzilin içərisinə doğru açılır. Pilləkənlərlə qalxarkən sağda yerləşən mənzil cavabdehə məxsusdur. Həmin mənzilin qapısı iddiaçının mənzilinin qapısı ilə kəsişmə nöqtəsindən pilləkənə doğru olmaqla çölə - pilləkən meydançasına açılır. Hər iki mənzilin qapısı açılarkən bir-birinə toxunmur və hər hansı maneə yaratmır. O cümlədən, aşkar edilmişdir ki, həmin binada digər mərtəbədə də mənzillər eyni quruluşda yerləşir və mənzillərin qapıları bənzər şəkildə açılır.

35. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)-60/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(033)-60/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar