Məhkəmə qərarları › İş №2(107)-1170/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1170/2025

26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1170/2025 26.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı Cavabdehnə qarşı "qaz xəttinin yerinin dəyişidirilməsi" tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı ilə bağlı mübahisəyə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin yerinin dəyişidirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,136 ha torpaq sahəsində inşa edilmiş 151,5 kv.m sahəsi olan fərdi yaşayış evindən keçən cavabdehə məxsus qaz xəttinin yerinin dəyişdirilərək çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Samirə Eyvazova) 31 oktyabr 2025ci il tarixli, 2(011)-6107/2025 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Qəbələ Rayonu, Vandam qəsəbəsinə aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 19 noyabr 2025-ci il tarixli, 2(025)-1772/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin yerinin dəyişidirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə “daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar”a aid olmayan mübahisə olduğuna görə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 39-cu maddəsinə (müstəsna aididyyət) əsasən daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə verilə bilməzdi. Kollegiya iş materiallarını araşdırıb, belə heab edir ki, İddiaçı “qaz xəttinin yerinin dəyişidirilməsi” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılması Qəbələ Rayon Məhkəməsinə aid edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi sözügedən işi ərazi aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə göndərərkən öz qərardadında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci və 45.1-ci maddələrinə istinad edərək heç bir əsaslandırma aparmasa da, gəldiyi qənaət həmin Məcəllənin müstəsna aidiyyətdən bəhs edən 39-cu maddəsinə əsasən düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarından görünür ki, İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi də Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. İddiaçının vermiş olduğu iddia ərizəsində hüquqi marağı onun mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən keçən cavabdehə məxsus qaz xəttinin yerinin dəyişdirilərək çıxarılmasından ibarətdir. İddiaçı iddia ərizəsində bəyan edir ki, o, mülkiyyətçidir, onun mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur, lakin bu pozuntu onun mülkiyyətindən məhrum etmə ilə əlaqədar deyildir və tələb edir ki, pozuntu aradan qaldırılsın (pozulmuş hüquqları bərpa edilsin). Göründüyü kimi, hazırkı mübahisə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmuş iddialara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Diqqətəlayiq hal kimi nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” işi üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Həmin Məhkəmə Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Göründüyü kimi, ölkənin daxili qanunvericiliyi, habelə yurisdiksiyasını tanıdığımız presedent hüququ ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına qeyd-şərtsiz əməl edilməsinin vacibliyini birmənalı olaraq vurğulamışdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 35, 39, 44, 45 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin yerinin dəyişidirilməsi tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar