Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1174/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: servitut, yolun açılması) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X6 iclas katibliyi ilə, İddiaçı – İddiaçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-137/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini 2018-ci ildə Cavabdeh satmışdır. Qeyri-yaşayış sahəsinin altında terləşən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı özünə məxsus olan 22 kv.metr mağazaya gediş-gəliş yolunun verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2018-ci il tarixində notarial qaydada Cavabdeh Sahır oğlu ilə AN_1 Nb0684910 saylı alqı-satqı müqviləsini bağlamışdır. Onunla alıcı arasında olan müqavilənin şərtlərinə əsasən cavabdeh - alıcı ondan torpağı yox, torpağın üstündə olan mülkü, yəni 25 kv.m qeyri- yaşayış sahəsini, mağazanı almışdır. 28 mart 2018-ci tarixindən bu günə qədər cavabdeh ona məxsus olan 25 kv.m torpağından və 22 kv.m qeyri-yaşayış sahəsindən, yəni mağazadan istifadə edir. Şifahi müraciət edib torpaqla və mağaza ilə bağlı icarə haqqını dəfələrlə istəmişdir. Müraciətlərinə cavabdeh əməl etmir, torpaqla və mağaza ilə bağlı icarə haqqını uzun müddətdir ki, ödəmir. Onun mağazası ümumilikdə 47 kv.m-dən ibarətdir. Cavabdehə satdığı mağaza 25 kv.m ibarətdir. Bu mülkə birləşdirilmiş qeyri- yaşayış sahəsinin 22 kv.m ona məxsusdur. Cavabdeh ona aid olan 22 kv.m mübahisəli sahəni zəbt edib istifadə edir. Mağazanın ona məxsus olan hissəsini qaytarmaq istəmir və icarə haqqını ödəmir. Alıcı Cavabdeh notarial qaydada aralarında olan razılığı - öhdəlikləri yerinə yetirmir. Cavabdehlə dəfələrlə razılığa gəlmək istəsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh düzgün insan və bacarıqlı sahibkar olmasını bilib onunla mübahisə etmək istəməmişdir. Buna baxmayaraq cavabdeh onun qanuni tələbinə əməl edib yığılmış icarə haqqından borclarını ödəmir. Nəticədə cavabdeh icarə haqqı ilə bağlı ona borclu olduğunu bilə-bilə müxtəlif yanlış məlumatlar yaymaqla onu qorxutmağa çalışır. Belə hesab edir ki, alıcı cavabdeh ona qarşı düzgün, dürüst hərəkətlər etmir və cavabdehdən məhkəmə qaydasında mülkü ilə bağlı icarə haqqlarını almaq məcburiyyətindədir. Ümümilikdə 30 aydır ki, cavabdeh 22 kv.m qeyri- yaşayış sahəsinin icarə haqqı ayda 250 manat edir. Cavabdehin icarə haqqından bu günə qədər borcu 7500 manatdır. 25 kv.m mağazanın altında olan torpaq sahəsinə görə minimum 100 manat aylıq icarə haqqı 30 ay müddətinə olmaqla ümumilkdə 3000 manat ona ödənilməlidir. Mağazanın olduğu ərazidə 25 kv.m torpağın üstündə olan obyekt mağazanın icarə haqqı 400-500 manat olmasına baxmayaraq, o, həmin məbləği azaltmışdır. Belə hesab edir ki, 22 kv.m qeyri-yaşayış sahəsinin icarə haqqı ən az ayda 250 manatdır. 22 kv.m mağaza tam olaraq ona məxsus olmasına baxmayaraq, cavabdeh həmin ərazidən öz razılığı ilə çıxmır buna görə də cavabdehin həmin ərazidən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan - mağazadan məcburi çıxardılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 250 manat olmaqla ümumilikdə 30 ay üçün 7500 manat, 25 kv.m torpaq sahəsi üçün aylıq 100 manat olmaqla 30 ay üçün ümumilikdə 3000 manat olmaqla tam olaraq aylıq 350 manat 30 ay üçün cəmi 10500 manat alınaraq ona verilməsi, cavabdehin ona məxsus 22 kv.m mağazanın boşaldılaraq çıxarılınası haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1237/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli, 2(102)- 6585/2021 nömrəli qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı mülki işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-561/2022 saylı, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. Cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqı tutularaq iddiaçıya ödənilməsi, cavabdehin qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsindən məcburi çıxarılması qət edilmişdir. Hal-hazırda ona məxsus istifadəsində olan 22 kv.m qeyriyasayış sahəsi onun mülkiyyətindədir və həmin sahəyə gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin arxa tərəfi şəhər məscidinin həyətinə tərəfdir. Əvvəllər bir neçə dəfə cəhd eləmiş ki, qeyri-yaşayış sahəsinə gediş-gəliş yolu arxa tərəfdən, yəni şəhər məscidinin həyətindən olsun. Lakin həmin məscidin rəhbəri tərəfindən buna icazə verilmədi və ona məscid tərəfdən gediş-gəliş yolunun açılması üçün razılıq verilmədi. Hətta buna baxmayaraq, başqa çarəsi olmadığı üçün məscid tərəfdən gediş-gəliş yolunun açılmasına çalışmışdır. Belə olan halda məscid rəhbərliyi onun barəsində edilən şikayətə görə müvafiq icra orqanı tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Odur ki, son nəticə olaraq ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəliş yolunun açılması üçün ön tərəfdən yol verilməlidir. Bu səbəbdən də onun 22 kv.m qeyri-yaşayış sahəsinə gediş-gəlişi üçün cavabdehin mülkiyyətində və istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsinədək olan 1,5 metr enində 5 metr uzunluğunda gedişgəliş yoluna ehtiyacı vardır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan mağazadan ona aid 7,5 kv.m torpaq sahəsindən mümkündür. Cavabdeh tərəfindən tutulmuş ona məxsus olan 22 kv.m qeyri-yaşayış sahəsinə ön tərəfdən gediş-gəliş yolunun açılması, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 1,5 metr enində 5 metr uzunluğunda gediş-gəliş yolunun servitut olaraq yüklü edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirdilər ki, iddaçı İddiaçı gediş-gəliş yolunun üzərində servitut qoyulması barədə iddia ərizəsində göstərdikləri əsassızdır. Buna görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaqdan və mağazadan istifadə edilməsi səbəbindən icarə haqqının ödənilməsi və qanunsuz zəbt edilmiş əmlakdan mağazadan məcburi çıxardılması tələbi haqqında iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(107)- 1237/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(102)- 6585/2021 saylı qərarın görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1237/2021 saylı mülki işi üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasına qaytarılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)- 361/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)- 77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir. Ağdaş Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(014)-137/2024 nömrəli (hakim Cavid Sultanov) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlak onun mülkiyyətində deyil. Sadəcə məhkəmə iclasında bildirdiyinə görə onun həmin sahəyə mülkiyyət hüququ əldə etməsinə icra hakimiyyəti orqanının etirazının olmamasına dair məktubu mövcuddur. Bundan başqa, servitut hüququnun həyata keçirilməsi bu hüququ verməli olan şəxsin öz hüquqlarından məhrum olmasına səbəb olmamalıdır. Belə ki, cavabdehin mülkiyyətində olan sahə ticarət mağazasıdır. Mağazada cavabdehin şəxsi əmlakları mövcuddur. Mağaza günün müəyyən saatlarında fəaliyyət göstərir və qeyri-iş saatlarında bağlı olur. İddiaçıya servitut hüququ veriləcəyi təqdirdə isə cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozula bilər. İddiaçının ümumiyyətlə servitut hüququ verilərkən ona koridor kimi konkret ölçüdə (özünün qeyd etdiyinə əsasən 1,5 m x 5,0 m) sahənin verilməsi isə mülkiyyət hüququnun prinsiplərinə ziddir. Çünki, belə olacağı təqdirdə cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın müəyyən (7,5 kv.m) hissəsindən birdəfəlik məhrum olacaqdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 255.2 və 255.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 14.2, 76.1, 76.2, 81, 89.3, 119.1, 217.3, 217.4, -cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamədə servitut hüqqunun anlayışına yanlış təsvir verilmişdir. Belə ki, qətnamədə iddiaçının servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlak onun mülkiyyətində olmaması qeyd edilmişdir. Lakin, Mülki Məcəllənin 255-ci maddəsinin servitut hüququnun anlayışına görə servttut hüququ şəxsin daşınmaz əmlaka mülkiyyəti hüququnun olub-olmaması ilə şərtləndirilməmişdir. Başqa sözlə, Servitut özgəsinə məxsus torpaqdan nəqliyyat, kommunal və digər ehtiyaclar üçün istifadə imkanı kimi nəzərdə tutulan bir hüquqdur. Bundan əlavə, məhkəmə qətnaməsində həmin 25 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpağın mənim xüsusi mülkiyyətimdə olması faktından da yan keçmiş, heç bir münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, qanunvericiliyin tələbinə görə servitut hüququ mülkiyyətdən istifadənin təmin edilməsi üçün təyin oluna biləcəyi halda, iddiaçı bu hüquqdan cavabdehlə aralarında mübahisəli olan digər məsələlərin həlli üçün təzyiq vasitəsi kimi sui-istifadə niyyəti ilə məhkəməyə müraciət etmişdir Məhkəmə bu nəticəyə hansı əsaslara görə gəlmişdir? Məhkəməyə müraicət etməkdə məqsədim məscid tərəfindən qeyri- yaşayış sahəsinin arxa qapısnıdan istifadə etməyinə icazə verilməməsi və polis, icra orqanı qarşısında həmin qapıdan istifadə etməyəcəyi baradə öhdəlik götüməsi olub. İşə baxan məhkəmə iddia tələbimin təmin edilməməsinə düzgün hüquqi qiymət verməmiş, işə baxılan zaman qeyd edilən faktiki halları hərtərəfli və tam araşdırmadan qətnamə qəbul etmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, həmin iddia tələbinin təmin olunmamasının səbəbi kimi məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının servitut hüququnun qeydə alınaraq istifadə etmək istədiyi əmlak onun mülkiyyətində deyil. Halbuki iş materiillarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-06301-083001 reyestr nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin tam mülkiyyətçisi Cavabdeh, torpaq sahəsinin 0,00329 ha hissəsi İddiaçı mülkiyyətindədir. Bu səbəbə görə hesab edir ki, məhkəmənin gəldiyi bu mövqeyi tam əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehə məxsus mağazanın içərisindən 1.5 metr enində, 5 metr uzunluğunda yolun verilməsini tələb edir. Onun mağazasına başqa yerdən giriş yoxdur. Cavabdeh yolu ona yalnız özünə məxsus mağazasının içərisindən verə bilər. Onun mağazasının sənədləri hal-hazırda rəsmiləşdirmə mərhələsindədir. Ona məxsus olan 22 kv.metr mağazanın arxa qapısı məscidin həyətinə açılır. Məsciddən rəsmi olaraq servitut tələb etməmişdir. Əlavə olaraq bildirdi ki, yolun məhz cavabdehə məxsus mağazanın içərisindən açılmasını istəyir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddia tələbinin isə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehə və onun vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 54.1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54.2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016- ci il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ yəni, servitut hüququnun tanınması ilə bağlıdır. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, gediş-gəliş yolunun açılması və üzərinə servitut qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilməsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi gediş-gəliş yolunun zəbtdən azad edilməsi ilə bağlı deyil, cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mağazanın içərisindən yolun açılaraq həmin yola servitut hüququ tanınması ilə bağlıdır. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının məhkəməyə müraciət etməkdə suyektiv huququnun olması ilə bağlı qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmuşdur. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(014)-77/2021 saylı qətnaməsi iddia tələbinin cavabdehdən 22 kv.m mağazaya görə tələb edilən icarə haqqı və cavabdehin həmin mağazadan çıxarılması hissəsində ləğv edilməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehdən ünvan 1 ünvanında yerləşən 22 kv.m mağazadan istifadə etdiyinə görə aylıq 200 (iki yüz) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) ay üçün 5800 (beş min səkkiz yüz) manat icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh qanunsuz zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyriyaşayış sahəsindən məcburi çıxardılması qət edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qətnamə ilə ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədləri olmasa da, həmin əmlakın hazırki iş üzrə İddiaçı məxsus olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, həmin qətnamələr hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmuşdur. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(107)-361/2022 saylı qətnaməsi hal-hazırda qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur və onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. İşdən isə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 22 kv.m qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədləri olmasa da, həmin əmlakın hazırki iş üzrə İddiaçı sahibliyində olmaqla ona məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı cavabdehin mülkiyyətində mağazanın içərisindən ona 1,5 metr enində və 5 metr uzunluğunda gediş-gəliş yolunun verilməsini və həmin yola servitut hüququnun qeydə alınmasını tələb edir. Yəni, iddiaçı gediş-gəliş yolunun zəbtdən azad edilməsini yox, cavabdehin xüsusi mülkiyyətində olan mağazanın içərisindən yolun açılaraq həmin yola servitut hüququ tanınmasını tələb edir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsinin tam mülkiyyətçisi Cavabdeh, torpaq sahəsi isə İddiaçı mülkiyyətindədir. İşin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsini (mağazanı) özü xx.xx.2018-ci ildə Cavabdeh satmışdır. Yəni, cavabdeh hər hansı ərazini zəbt etməmiş qanuni yolla həmin əmlakı əldə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, servitut hüququnun həyata keçirilməsi bu hüququ verməli olan şəxsin öz hüquqlarından məhrum olmasına səbəb olmamalıdır. Cavabdehin mülkiyyətində olan sahə ticarət mağazasıdır. Mağazada cavabdehin şəxsi əmlakları mövcuddur. Mağaza günün müəyyən saatlarında fəaliyyət göstərir və qeyri-iş saatlarında bağlı olur. İddiaçıya servitut hüququ veriləcəyi təqdirdə isə cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozula bilər. Belə ki, cavabdehin mağazasından iddiaçıya 1,5 metr enində və 5 metr uzunluğunda gediş-gəliş yolunun verilməsi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan əmlakdan istədiyi kimi istifadə etməyə icazə verilməməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. İddia tələbindən müəyyən edilir ki, tələb cavabdehin öz mülkiyyətində olan əmlakından səmərəli istifadəsini məhdudlaşdırmağa yönəlmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçıiya servitut hüququ əsasında gediş-gəliş yolu (koridor) kimi konkret ölçüdə (özünün qeyd etdiyinə əsasən 1,5 m x 5,0 m) sahənin verilməsi isə ümumiyyətlə mülkiyyət hüququnun prinsiplərinə ziddir. Çünki, belə olacağı təqdirdə cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın müəyyən (faktiki 7,5 kv.metr) hissəsindən birdəfəlik məhrum olacaqdır. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, cavabdehin xüsusi mülkiyyətində olan 25 kv.metr sahəsi olan əmlakdan iddiaçıya 1,5 metr enində və 5 metr uzunluğunda yəni, faktiki olaraq 7,5 kv.metr sahədən gediş-gəliş yolu verməsi Cavabdeh mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozacaqdır. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi mübahisəli obyektini yerində müayinə etmiş və çəkilmiş şotoşəkillərdə iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının istifadə etmək istədiyi sahəyə keçərək oradan istifadə etməsi üçün həmin tikilinin hazırda arxa hissəsindən qapı mövcuddur. İddiaçı isə həmin qapıdan deyil, məhz cavabdehin istifadəsində olan sahədən servitut hüququ istəyir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun istifadə etmək istədiyi sahənin arxa qapısı məscidin həyətinə açılır. O, məscidə rəsmi qaydada gediş-gəliş yolunun açılması ilə bağlı müraciət etməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə (şəkil 1) iddiaçının obyektinin arxa qapısından çıxanda sol tərəfdə küçəyə (yola) çıxmaq üçün yol (keçid) görünür. Həmin qapı məscidin həyətinə açılsa da, iddiaçı bugünədək yolun açılması ilə bağlı məscidə rəsmi müraciət etməmişdir. İş materiallarında iddiaçı barədə inzibati araşdırmalar olsa da, sonda həmin qapının açılmasına görə iddiaçı inzibati və s. məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən (şəkil 2) müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın (mağazanın) sağ və sol tərəflərinə bitişik başqa mağazalar vardır. Yəni, Cavabdeh istəsə də iddiaçıya özünə məxsus olmayan yerdən servitut hüququ tanınmaqla yol verə bilməzdi. Yolun verilməsi ancaq mağazanın içərisindən ola bilərdi. Qeyd edilməlidir ki, iddiaçının tələbi də məhz bu yöndədir. Ən vacib məqamlardan biridə odur ki, 25 kv.metr sahəsi olan mağazanı cavabdeh məhz iddiaçıdan satın almışdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı X3 Cavabdeh məxsus mağazanın içərisindən 1.5 metr enində, 5 metr uzunluğunda yolun verilməsini tələb etmişdir. Yəni, başqa bir yerdən yox, məhz cavabdehə məxsus mağazanın içərisindən yol verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin aldığı əmlakın pulunu ödəməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********80-06301-083001 reyestr nömrəli çıxarış hal-hazırda qüvvədədir və həmin çıxarış əsasındada ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir. Bundan başqa, qeyd etdiyi hal hazırki işdə öz təsdiqini tapmamış, eyni zamanda da həmin hal da hazırki mübahisənin predmeti deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mağazanın altında yerləşən torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 kv.m qeyri-yaşayış sahəsini özü xx.xx.2018-ci ildə Cavabdeh satması işin mübahisələndirilməyən halıdır. Bundan başqa, hazırki mübahisə mağazanın altında yerləşən torpaq sahəsi ilə bağlı deyildir. Bundan başqa, torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. (Mülki Məcəllə 241.3, 243.1 və 243.2). Bundan başqa məhkəmə kollegiya iş üzrə alınmış ekspertiza rəyinə də tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1341 nömrəli ekpsert rəyindən görünür ki, 25,0 kv.metr qeyri-yaşayış sahəsinin daxilindən 0,00329 hektar torpaq sahəsinə həmin arakəsmə kimi taxta dikt hissədən eni 1,5 metr gediş-gəliş yolunun açılmasının mümkün olduğu müəyyən edilmişdir. Lakin, ekspert rəyi verilən zaman Cavabdeh özünə məxsus mağazadan istifadəyə yaranacaq maneələr faktiki olaraq nəzərə alınmamışdır. Belə ki, rəydə yolun verilməsi qeyd edilsə faktiki həmin halda Cavabdeh hüquqlarının pozula biləcəyi və mağazanın işlək vəziyyətdə olmayacağı nəzərə alınmamışdır. Kollegiya xüsusilə qeyd edir ki, Cavabdeh məxsus olan mağazanın sahəsi çox böyük olmamaqla cəmi 25,0 kv.metrdir və həmin mağazadan cavabdehin razılığı olmadan iddiaçıya 7,5 kv.metr gediş-gəliş yolu verilməsi Cavabdeh hüquqlarını əhəmiyyətli dərəcədə poza bilər. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Avropa Məhkəmə həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə - mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yəni, Avropa Məhkəməsinin müvafiq qərarından belə anlaşılır ki, mülkiyyətçiyə məxsus olan əmlakın hüquqi statusu dəyişməsə də, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin yaradılması faktiki olaraq həmin hüququ “qeyri-sabit” vəziyyətə salır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehə mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan istədiyi kimi istifadə etməyə icazə verilməməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına gətirib çıxaracaqdır. Hazırki işdən isə müəyyən edilir ki, iddiaçı irəli sürdüyü tələblə cavabdehin öz mülkiyyətində olan əmlakından səmərəli istifadəsini məhdudlaşdırmaq istəyir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(014)-137/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.