Məhkəmə qərarları › İş №2(107)-1178/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1178/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1178/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz əkilməsinə görə pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz əkilməsinə görə pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(037)-544/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 31 avqust 2018-ci il tarixdə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin ümumi istifadədə olmaqla “Elabad” ərazisində yerləşən 3 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə götürmüş, onunla Qalacıq bələdiyyəsi arasında 31 avqust 2018-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək qüvvədə olan 27 nömrəli “Torpağın icarə müqaviləsi” bağlanmışdır. 2022-ci ilin noyabr ayında iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsinin 2 hektar hissəsi X4 tərəfindən şumlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 onun icarəsində olan İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin mülkiyyətində olmaqla “Elabad” ərazisində yerləşən torpaq sahəsinin qanunsuz əkilməsinə görə ona dəymiş ziyan olaraq 7200 manat pulun və ödənilmiş 92 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 31 avqust 2018-ci il tarixdə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin ümumi istifadədə olmaqla “Elabad” ərazisində yerləşən 3 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə götürmüş, onunla Qalacıq bələdiyyəsi arasında 31 avqust 2018-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək qüvvədə olan 27 nömrəli “Torpağın icarə müqaviləsi” bağlanmış və həmin tarixdən etibarən hər il müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada icarə haqqını ödəməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Hazırkı vaxtadək Qalacıq bələdiyyəsi ilə aralarında hər hansı bir narazılıq olmamış və icarə müqaviləsinin tələblərinə zidd olan hansısa bir hərəkətə yol verməmişdir. Təxminən 2022-ci ilin noyabr ayında həmin yerə gedərək taxıl əkini üçün yeri şumlamaq istədikdə həmin yerin 2 hektarının kiminsə tərəfindən şumlandığını görmüş, araşdırdıqda həmin yeri şumlamış şəxsin həmkəndlisi X4 olduğu məlum olmuşdur. Onunla fərdi qaydada söhbət etmiş, yerin onun icarəsində olmasını təsdiq edən sənədlərlə onu tanış etmiş və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.Cavabdeh isə ora artıq toxum səpdiyini deyərək oranı boşaltmayacağını bildirmişdir. Cavabdehə dəfələrlə etdiyi xahişlərə baxmayaraq sonuncu oradan çıxmayacağını bildirmişdir. Bu barədə birinci növbədə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin sədri Cavabdeh1 müraciət etmiş, bələdiyyə sədri yerin 2-ci Qarabağ qazisi tərəfindən əkildiyini bildirərək ona ayrı bir yerdən yer verəcəyini bildirdikdə, o həmin yerin əkin üçün yararlı hala gətirməyə görə əziyyət çəkdiyini bildirərək öz yerini tələb etmişdir. Bələdiyyə sədri tez bir zamanda problemi həll edəcəyinə söz versə də bu məsələnin müsbət həlli istiqamətində heç bir əməli iş görməmiş və o hər il əkdiyi icarə torpağının başqası tərəfindən zəbt edilməsi nəticəsində oradan əldə edəcəyi gəlirdən məhrum olunmuşdur. İcarəsində olan torpaq sahəsindən hər il orta hesabla 4-4.5 ton taxıl götürür. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o həmin gəlirindən məhrum olmuşdur. Hesab edir ki, torpaq icarəçisi olaraq hüquqlarının məhdudlaşdırılması və fiziki şəxslərin fəaliyyəti nəticəsində ona dəymiş zərər 3 hektardan hər hektardan orta hesabla 4 (dörd) ton olmaqla əldə edəcəyi 12 (on iki) ton buğdanın real bazar dəyəri olaraq (1 kq buğdanın qiyməti 0,60 qəpikdən olmaqla) 7.200 (yedi min iki yüz) manatdır. Odur ki, o həmin zərəri cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh X4 əsl olmayan cavabdeh hesab edilmiş və Cavabdeh2 ilə əvəz edilmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, o Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyir.Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu, Elabad kəndində yerləşən 3 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəyə verilmiş və sonuncu tərəfindən orada buğda əkilərək gəlir əldə olunmuşdur. Bundan başqa Vətən müharibəsi iştirakçılarına dəstək məqsədi ilə bələdiyyə ərazisində olan torpaqlar icarəyə verilmiş və Cahangirin icarəsinə verilən torpaq sahəsinin koordinatları dəqiq olaraq ona göstərilsə də İddiaçı icarəsinə verilən torpaq sahəsinə hazırkı cavabdeh olan Cavabdeh2 tərəfindən yalnışlıqla buğda əkilmişdir.İddiaçı bələdiyyə sədri kimi ona müraciət etdikdə həmin sahənin Cahangirə verilmədiyi,ona başqa ərazidən torpaq sahəsi verildiyi,koordinatlarının isə konkret olaraq göstərildiyini, lakin Cahangirin səhv olaraq onun icarəsində olan torpaq sahəsində buğda əkdiyi bildirilmiş və bu yalnışlığa görə ona zərəri Cahangir tərəfindən ödəniləcəyi bildirilsə də o bununla razılaşmamış,onun barəsində müxtəlif dövlət orqanlarına və nəticədə məhkəməyə müraciət edərək, bu məsələdə onun əli olduğunu bildirmişdir. Bir daha bildirmək istəyir ki, o iddiaçının istifadəsində olan torpaq sahəsini heç kimə icarəyə verməmişdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, o 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Maddi imkanı zəif olduğundan Qalacıq bələdiyyəsinə müraciət edərək ona buğda əkmək üçün icarəyə torpaq sahəsi verilməsini xahiş etmiş, bələdiyyə də onun xahişini yerinə yetirərək ona 3 ha torpaq sahəsi icarəyə vermişdir. Lakin torpaq sahəsinin yerləşdiyi yeri düz müəyyən etmədiyindən yalnışlıqla İddiaçı icarəsinə verilən torpaq sahəsində buğda əkmişdir. Bildirmək istəyir ki, o həmin torpaq sahəsində əldə edəcəyi buğdanı ona verməyə hazırdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırda iddiaçıya Cavabdeh2 tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 3 ha x 30.50 sentner = 9.150 kq x 0.33 manat = 3019.5 manat pul alınaraq İddiaçı ödənilməlidir.

7. Araşdırma zamanı müəyyən edildi ki, Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu Elabad kəndində yerləşən 3 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəyə verilmiş, Cavabdeh2 həmin torpaq sahəsinin bələdiyyə tərəfindən onun icarəsinə verildiyini zənn edərək orada buğda əkmişdir.

8. Məhkəmə iddia tələbinin digər cavabeh Cavabdeh1 münasibətdə qeyd edir ki, Cavabdeh1 bələdiyyə sədri işləməklə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini müxtəlif şəxslərə, o cümlədən hazırkı tələb üzrə cavabdehə icarəyə vermiş, cavabdeh isə ona verilmiş həmin sahədə deyil, hazırki tələb üzrə iddiaçının istifadəsində olan torpaq sahəsində buğda əkmişdir. Belə olan təqdirdə Cavabdeh1 sözügedən zərərlə hər hansı bir səbəbli əlaqəsi olmamış, iddiaçı da bunun əksini sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 aid hissəsi təmin edilməməlidir.

9. İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(037)-544/2023 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh2 3 ha x 30.50 sentner = 9.150 kq x 0.33 manat = 3019.5 manat pul və 50.19 manat dövlət rüsumu olmaqla, cəmi 3069.69 (üç min altmış doqquz manat altmış doqquz qəpik) manat pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsinin İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İş materiallarına əlavə edilmiş 31 avqust 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Qalacıq bələdiyyəsinə mülkiyyət hüququ ilə məxsus İsmayıllı rayonu Elabad kəndində yerləşən 3 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək İddiaçı icarəyə verilmişdir.

12. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İstisu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 107 saylı arayışdan görünür ki, Əmirov X1 rayonu Elabad kəndində Qalacıq bələdiyyəsi tərəfindən verilmiş 3 ha torpaq sahəsində buğda əkir və əkilmiş hər hektardan orta hesabla 4 tona yaxın məhsul əldə edir.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3-22-3-31/2-31/2023 saylı rəydən görünür ki,İddiaçı X6 İnformasiya Sistemində ancaq 0,5309 ha torpaq sahəsində buğda əkininə dair məlumat mövcuddur. 2023-cü ildə rayon üzrə buğdanın orta məhsuldarlığı-30.50 sentner, arpanın isə orta məhsuldarlığı-29.60 sentner təşkil edir.

14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X8 Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 79 saylı rəydən görünür ki, hal-hazırda rayon üzrə buğdanın pərakəndə orta satış qiyməti 0.33 manatdır.

15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qalacıq bələdiyyəsinə müraciət edərək ona buğda əkmək üçün icarəyə torpaq sahəsi verilməsini xahiş etmişdir. Qalaçıq Bələdiyyəsi onun xahişini nəzərə alaraq 10 aprel 2022-ci il tarixdə onunla 11 (on bir) ay müddətinə icarə müqaviləsi bağlayaraq 2 ha torpaq sahəsi icarəyə vermişdir. Bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsi ona tanıdılmış və kordinatlarına uyğun ərazi şumlanmış, həmin əraziyə buğda əkmişdir. Lakin əkdiyi taxıl məhsulu olmamışdır. (arayış əlavə olunur). İcarəyə götürdüyü 2 ha torpaq sahəsi olduğu halda necə olur ki, iddia ərizəsində 3 ha kimi göstərilmişdir. Məhkəmə həmin torpaq sahəsinin nə qədər olduğunu araşdırmayıb.

17. İsmayıllı rayon Məhkəməsi iddia tələbinin digər cavabeh bələdiyyə sədri Cavabdeh1 yönəltməmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahələrini müxtəlif şəxslərə, o cümlədən hazırkı tələb üzrə onun icarəsinə verdiyini, onun isə güya ona verilmiş həmin torpaq sahəsində deyil, hazırki tələb üzrə iddiaçının istifadəsində olan torpaq sahəsində buğda əkdiyini göstərmişdir.

18. İsmayıllı rayon Məhkəməsində Cavabdeh1 guya ona icarəyə verilmiş torpaq sahəsinin yerləşdiyi “yeri düz müəyyən etmədiyindən yalnışlıqla iddiacının icarəsinə verilmiş torpaq sahəsində buğda əkmişdir” səsləndirməsi və inad etdiyi məsələlər həqiqəti əks etdirmir. Məhkəmə prosesi zamanı Zöhrə ona yalandan vədlər vermiş, iş üzrə əsl həqiqəti məhkəmədə səsləndirməməyini xahiş etmişdir. O da onun sözlərinə inanıb onun istəyi kimi baş vermiş məsələləri öz üzərinə götürmüşdür.

19. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(037)- 544/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023cü il tarixli 2(037)-544/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Sadıqzadə X3 Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(037)- 544/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində, o cümlədən qətnamənin cavabdehlər Cavabdeh1 aid hissəsini mübahisələndirmək hüququ olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh2 münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən Cavabdeh2 münasibətdə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

28. İş materialalrından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 onun icarəsində olan İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin mülkiyyətində olmaqla “Elabad” ərazisində yerləşən torpaq sahəsinin qanunsuz əkilməsinə görə ona dəymiş ziyan olaraq 7200 manat pulun və ödənilmiş 92 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəməyə ərizə verərək mübahisəli torpaq sahəsinin onun tərəfindən deyil, Cavabdeh2 tərəfindən əkildiyini bildirmiş, adının iddia ərizəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə ərizə verməklə mübahisəli torpaq sahəsini onun əkdiyi göstərmiş və onun cavabdeh X4 ilə əvəz edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh X4 əsl olmayan cavabdeh hesab edilmiş və Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi cavabdeh X4 və Cavabdeh2 ərizələri əsasında əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz etmişdir. İddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə yazılı razılığı aşkar edilmir. Buna baxmayaq məhkəmə kollegiyası qeyd edir ki, nə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadından, nə də hazırki qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən həmin hal hazırki apellyasiya baxışında mübahisələndirilmir.

30. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinin hazırki apellyasiya baxışında mübahisələndirilməməsi hazırki işə iddianın əsl cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 münasibətdə sübut edilib-edilməməsi baxımından yanaşılmasını istisna etmir. Belə ki işin hallarından görünür ki, İddiaçı 31 avqust 2018-ci il tarixdə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin ümumi istifadədə olmaqla “Elabad” ərazisində yerləşən 3 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 10 avqust 2022-ci il tarixli Torpaq icarə müqaviləsi ilə İsmayıllı rayonu Qalacıq bələdiyyəsinin ümumi istifadədə olmaqla “Elabad” ərazisində yerləşən 2 hektar torpaq sahəsini icarəyə götürmüşdür. İddia tələbində iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin 2 hektar hissəsinin şumlandığı göstərilsə də, iddiaçıya icarəyə verilmiş 3 hektar torpaq sahəsi ilə Cavabdeh2 icarəyə verilmiş 2 hektar torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, o cümlədən Cavabdeh2 əkdiyi 2 hektar torpaq sahəsinin həqiqətən iddiaçıya verilmiş torpaq sahəsinin 2 hektar hissəsi olması barədə iddiaçı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh2 münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023cü il tarixli 2(037)-544/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz əkilməsinə görə pul tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə kollegiyаsı qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qiyməti 7.200 manat olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin iddia 3069.69 manat həcmində təmin edilmişdir. Belə olan halda, iddianın təmin edilmiş, nə də təmin edilməmiş hissəsində qiyməti ayrı-ayrılıqda Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 402-ci maddəsinin tələbi üzrə 5000 manatdan çox olmadığından, hazırki qətnamədən kassasiya şiakyəti verilə bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(037)-544/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz əkilməsinə görə pul tələbinə dair iddiası Cavabdeh2 aid hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar