Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1179/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, etiraf, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3800 manat pul vəsaitinin alınaraq ona qaytarılması haqqında qətnamə çıxarılmasını, habelə cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğu üçün bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2008-ci ildən tanıyır. 2020-ci ildə cavabdeh ona geniş əlaqələrinin olduğunu və övladını Türkiyənin universitetlərindən birinə düzəltmək imkanının olduğunu bildirmişdir. O, cavabdehdən bunun üçün nə qədər pul vəsaiti lazım olduğunu soruşmuş və ona bunun üçün 3800 manat pul lazım olduğunu demişdir. O, cavabdehə inandığı üçün cavabdehlə razılaşmış və dediyi məbləğdə pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh bu məsələnin qısa bir müddətdə həll olunacağını bildirmişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir. Tam əmin olmuşdur ki, cavabdeh onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O cavabdehdən pulunu qaytarmasını tələb etmiş və cavabdeh həmişə ondan vaxt istəyərək qaytaracağına söz vermişdir. Bir sözlə müxtəlif bəhanələrlə pulunu qaytaracağından yayınmışdır. O, məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etmiş və nəticədə Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğuna şikayət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırma zamanı Cavabdeh izahat alınakən cavabdeh ondan cəmi 3000 manat pul aldığını və həmin pulu guya ondan faizlə aldığını və hissəhissə qaytarmağa hazır olduğunu etiraf etmişdir. Bakı Şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Vüqar Quliyev tərəfindən qəbul olunmuş “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan da göründüyü kimi Cavabdeh ona qarşı etdiyi cinayət əməllərinin ört-basdır etməyə çalışsa da, lakin ondan 3000 manat pul alınmasını etiraf etmişdir. Cavabdeh ondan həmin pulu guya faizə götürməsi haqqında dediklərinə gəldikdə isə, bu tam yalandır və sadəcə cavabdehin özünü müdafiə məqsədilə bildirdiyi fikirlərdir. Məhkəmə tərəfindən işə baxılarkən, həmçinin Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi əlamətləri olduğundan cavabdehin barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Əlavə olaraq bildirdi ki, cavabdehə 2500 manat işə düzəlmək adı ilə, habelə borca görə 3350 manat pulu hissə-hissə olmaqla vermişdir. Nəsimi rayon prokurorunun köməkçisinin 28 sentyabr 2022-ci il tarixli qərarında cavabdehin ondan aldığı pulun hansı səbəbə görə qaytarmaması barədə material baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin şöbədə araşdırma aparılmadan cinayət işinin başlanması rədd olunmuşdur və həmin qərardan da o, şikayət etmişdir. İddia ərizəsində səhvən 3350 manat əvəzinə, 3800 manat pulun tutulmasını tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, həqiqətən iddiaçıdan 2020-ci ilin sentyabr ayında oğlunun təhsili üçün faizlə 3000 manat borc götürmüşdür, iddiaçını aldatmamışdır, iddiaçıya 3000 manat borcunun olduğunu etiraf edir, həmin məbləğdə, yəni 3000 manat borcunu da hissə-hissə qaytarmağa razıdır.
5. Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh borca görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 68 (altmış səkkiz) manat, cəmi 3068 (üç min altmış səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə cavabdehin iddiaçıya 3000 manat borcu olduğu müəyyən olunmuş, cavabdeh öz öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Məhkəmə iclasında iddiaçı cavabdehin ona 3350 manat məbləğində borcunun olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də iddia qismən təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının məhkəmədən əvvəl müraciəti əsasında araşdırma aparılmaqla qərar qəbul edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 448.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını həmin hissədə hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
12. Göründüyü kimi birinci instansiya tərəfindən Mülki prosessual Məcəllənin 14.1ci, 77.1-ci, 81-ci və 88-ci maddələri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
13. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməməklə işin faktiki hallarını tam aydınlaşdırmamışdır. Tərəfindən verilmiş iddia tələbi təqdim etdiyi sübutlarla tam sübut edilsə də işə baxan birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməsə də təmin edilməyən hissənin əsassız olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində gəlinən nəticələr işin hallarına uyğun gəlmir.
14. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi teleqramında maddi çətinliyi səbəbindən məhkəmə prosesində iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci mаddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
23. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)- 215/2023 saylı qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2020-ci ilin sentyabr ayında 3000 AZN məbləğində borc pul almış, lakin borcunu qaytarmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə izahat verərək və bu barədə ərizə təqdim edərək həqiqətən iddiaçıya 3000 manat borcunun olduğunu etiraf etmişdir.
27. Apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən işin hallarınının iddianın təmin edilməyən hissəsinə münasibətdə hərtərəfli və obyektiv araşdırılmadığı, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulduğu göstərilmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsassızdır.
29. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. Göründüyü kimi, hazırda mübahisələndirilən borc məbləği 3800 manatdır. Bu isə qanunvericiliyin qeyd edilən maddi hüquq normasının tələbinə əsasən 3000 manatdan çoxdur və 3800 manat məbləğin cavabdehə borc olaraq verilməsinə dair müqavilə və ya hər hansı bir digər sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Bundan başqa mülki iş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı 3000 manat borcunun olduğunu etiraf etmişdir.
32. Cavabdeh tərəfindən iddiaçıya olan borcun bir hissədə, yəni iddia tələbinin 3000 manat pul məbləğinə aid olan hissədə etiraf edilməsi, cavabdehin onun qarşısında daha çox məbləğdə borc öhdəliyinin olmasına dair iddiaçı tərəfindən heç bir sübutun təqdim edilməməsi onu deməyə əsas verir ki, iddiaçı yalnız həmin etiraf edilən hissədə borcun borcun ödənilməsini tələb etməkdə haqqlıdır.
33. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
34. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Lakin, iddiaçı tərəf apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
35. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 04 aprel 2023cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(063)-215/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.