Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-119/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində açılmış pəncərələrin və ara divarında açılmış qapının bağlanması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pəncərələrin və ara divarında açılmış qapının bağlanması, ekspertiza məsələləri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-163/2021 saylı, 01 iyul 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində açılmış pəncərələrin və ara divarında açılmış qapının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ünvan 2 ünvanda 073867 həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi vardır. Özünün və uşaqlarının xəstəliyi ilə bağlı 2019-cu ilin may ayının 1-dən 2020-ci ilin yanvar ayının 13-dək Bakı və Sumqayıt şəhərlərinə müayinə və müalicə olduğu üçün Göyçay şəhərində yaşamamışdır. Evə qayıtdıqdan sonra qonşusu Cavabdeh həyətlərinin arasında qapı yeri saxlanılmaqla mülkiyyətində olan hissədə ara divarı hördürdüyünün və ara divarı funksiyasını həyata keçirən öz evinin divarından həyətinə pəncərə açdığının görmüşdür. Cavabdeh ara divarı hördürdüyü üçün ondan 500 manat pul almışdır. Cavabdeh ara divarında qapı açılmasının səbəbi kimi öz evinin arxasına nəzarət edəcəyini göstərmişdir. Qonşu olduğu üçün cavabdehin qanunsuz hərəkətlərinə humanistlik göstərmişdir. Lakin təxminən iki ay əvvəl cavabdehin evinin damından onun həyətinə axan suyun evinin bünövrəsinə zərər vurduğunu müəyyən etmiş və bünövrənin möhkəmləndirilməsi üçün usta çağırmış, ustalar evinin bünövrəsini qazıb karkas qoyaraq beton tökdürmüşdür. İyun ayının 20-də evdə olarkən yataq otağının pəncərəsi ilə üzbəüz cavabdehin öz evini divarından pəncərə açıldığını görmüş və cavabdehə etirazını bildirərək yataq otağımın pəncərəsi ilə üzbəüz pəncərənin açılmasının mentalitetə uyğun gəlmədiyini irad tutub pəncərə deyil nəfəslik açılmasını xahiş etmiş, lakin cavabdeh nəfəslik açarsa evinin görkəminin pozulacağını söyləyərək pəncərə yerini bağlamamışdır. İki azyaşlı övladı nevroloji xəstə olmaqla əlilldilər və cavabdeh uşaqların yataq otağının pəncərəsi ilə üz-üzə kondisioner quraşdırmışdır ki, kondisionerin səsi xəstə uşaqlarını narahat edir. Ümumiyyətlə cavabdeh və ailə üzvləri ara divarda açılmış qapıdan istədikləri vaxt həyətinə girir, narahat edirlər. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qapı açaraq həyətinə girməklə və ara divarı funksiyasını həyata keçirən divarda pəncərə açmaqla mülkiyyət hüquqlarını pozur. Buna görə də iddianın təmin edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin arxa tərəfindən, iddiaçı X1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin arxa hissəsinə Cavabdeh tərəfindən açılmış pəncərələr və qapı boşluğunun cavabdehin vəsaiti hesabına bağlanılması, iş üzrə ödənilmiş dövlət rüsumu olan 10 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı X2 verilməsi, iddiaçı Cavabdeh 100 manat məhkəmə xərcinin alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin X3 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi 14.07.2020-ci il tarixdə iddiaçı X1 adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi 17.04.2011-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə Texniki Tikinti Ekspertizasının 02.04.2021-ci il tarixli rəyində görünür ki, Göyçay şəhəri, Ə.Cavad küçəsi 2, 1-ci dalanda yerləşən Cavabdeh yaşayış evinin 1 -ci mərtəbəsində 1,1x1,9m ölçüdə, ikinci mərtəbəsində 1,1x1,9m və 1,6x1,6m ölçüdə pəncərə və evinin arxa hissəsinə açılan qapı boşluğları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 19.04.2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunda nəzərdə tutulmadığını nəzərə alaraq, həmin açılmış pəncərə və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 bəndinin tələblərinə uyğun deyildir. Cavabdehə məxsus fərdi yaşayış evinin yağış suları iddiaçı ilə cavabdehin yaşayış evinlərinin arasında olan boşluğu axıdıldığı müəyyən olunmuşdur. Lakin İddiaçı evinə baxış zamanı hər-hansı bir ziyan dəydiyi müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarından yəni, iddiaçı X1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarının pəncərələri ilə üzbə-üz pəncərə açmış, hər iki divar arasında ola boşluğa həyəti tərəfdən qapı açmışdır. İddiaçı X4 Cavabdeh tərəfindən açılmış pəncərələrdən onun evinin içərisini göründüyünü iddia edir və həmin qapı və pəncərələrin bağlanmasını tələb edir. İddiaçı cavabdehin bu hərəkətlərini mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst istifadə hüququnu məhdudlaşdırılması kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən fərdi yaşayış evində açılmış pəncərələr və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsinin tələblərinə uyğun formada inşa edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 yerləşən fərdi yaşayış evinin arxa divarı ilə üzbəüz Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin divarından pəncərələr və həyətyanı torpaq sahəsində qapı açıldığından iddiaçının özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadəsinə maneələr yaranmışdır. Cavabdeh bu hərəkətləri nəticəsində iddiaçı X1 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları pozulur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, 71-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, Cavabdeh 1986-cı ildə öz şəxsi vəsaiti hesabına həmin dövrdə qüvvədə olan qaydalara uyğun icazə alaraq, ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə həmin evə köçərək yaşamağa başlamışdır. Cavabdeh 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində ilkin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları 17.04.2011-ci il tarixdə dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Bundan sonra Cavabdeh ailə üzvlərinin sayında artım olduğu üçün yaşayış evində yenidənqurma işlərinin aparılmasına zərurət yaranmış, bu səbəbdən sonuncu mövcud qaydalara uyğun olaraq görüləcək yenidənqurma işlərinin planını əks etdirən memarlıq planlaşdırma layihəsinə Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş sonuncunun təqdim etdiyi layihə tikinti norma qaydalarına uyğun olduğu üçün bəyənilmiş və rayonun baş memarı tərəfindən 30.11.2017-ci il tarixdə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq, yenidənqurma işləri aparılmış və yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Yenidənqurma işləri aparılarkən, tikinti norma qaydalarının tələblərinə cavabdeh tərəfindən əməl edilmiş, təsdiq edilmiş layihədənkənar, eləcə də iddiaçının, o cümlədən üçüncü şəxslərin mənafeyinə ziyan dəyəcək hər hansı işləri görülməmişdir. Buna baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar tərəfindən təsdiq edilmiş layihəyə uyğun açılmış pəncərələrin bağlanması tələbi ilə məhkəmə müraciət etmişdir. İddiaçının iddia tələbi əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş 02.04.2021-ci il tarixli rəydən görünür ki, Göyçay şəhər Ə.Cavad küçəsi 2, 1-ci dalanda yerləşən Cavabdeh yaşayış evinin 1-c mərtəbəsində 1,1 x 1.9 m ölçüdə, ikinci mərtəbəsində 1.1 x 1.9 m və 1.6 x 1.6 ölçüdə pəncərə və evinin arxa hissəsinə açılan qapı boşluqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 19.04.2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunda nəzərdə tutulmadığından, həmin açılmış pəncərə və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 -ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Maddənin məzmunundan belə başa düşülür ki, ara məsafəsi gözlənilmədən açılmış pəncərə və qapılar şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla yalnız azaldıla bilər. Lakin ekspert, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğunsuzluğun nədən ibarət olmasını açıqlamamış, mübahisəli qapı və pəncərələrin hansı ölçüdə ola bilməsini göstərməmiş, istinad etdiyi maddi hüquq normasının tələbini səhv təfsir etmiş, rəydə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri, eləcə də yaşayış evinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi nəzərə alınmaqla, açılan pəncərə boşluqlarının hansı ölçüyədək azaldılmasını göstərməmişdir. İşə baxan məhkəmə bu kimi hallara diqqət yetirməmiş, kifayət qədər aydın və tam olmayan ekspert rəyini əsas götürərək, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının cavabdehin vəsaiti hesabına bağlanması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, məhkəmə, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğun olmaması anlamına gələrkən 30.11.2017-ci il tarixdə baş memar tərəfindən təsdiq edilmiş memarlıq planlaşdırma layihəsinə nəzər yetirməmiş, digər sübutlarla birlikdə ekspert rəyinə hüquqi qiymət verməmiş, iddiaçının xeyrinə, cavabdehin isə ziyanına yönələn, eləcə də əsası olmayan və iddia tələbinin təmin olunmasına əsaslı təsir edən ekspert rəyinə istinad edərək, cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Xüsusi ilə qeyd edilən məqamlardan ən başlıcası odur ki, məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən hüquq münasibətinin hansı tarixdə yaranmasını aydınlaşdırmamışdır. İş materiallarında olan texniki pasportdan görünür ki, Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi 1986-cı ildə inşa edilmiş və həmin evə dair 2011-ci ildə ilkin hüquqmüəyyənedici sənədlər əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış və texniki pasport verilmişdir. Lakin işə baxan məhkəmə işin bu hallarına diqqət yetirməmiş, iddiaçının şəxsi mülahizəsinə əsasən tələb etdiyi qapı və pəncərələrin bağlanması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçı iddia ərizəsində mübahisəli qapı və pəncərələrin 2019-cu ildə açıldığını iddia etsə də, lakin bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2013-cü ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya şikayətinə əlavə edilmiş memarlıq planlaşdırma layihəsindən görünür ki, Cavabdeh tərəfindən 2017-ci ildə mülkiyyətində olan fərdi yaşayış evində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlərin əks olunduğu memarlıq planlaşdırma layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hesab edildiyi üçün rayonun baş memarı tərəfindən təsdiq edilmişdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada memarlıq planlaşdırma layihəsi hazırladaraq təsdiq edilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etmiş, layihə, şəhərsalma və tikinti normativ sənədlərin tələblərinə cavab verdiyi üçün təsdiq edilmiş, təsdiq edilmiş layihəyə uyğun cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Yuxarıda sadalanan qanun normalarının tələbinə istinadən qeyd edilməlidir, müvafiq icra hakimiyyəti orqanı cavabdeh tərəfindən təqdim edilmiş memarlıq planlaşdırma layihəsini şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun hesab edib, təsdiq etdiyi halda, həmin layihədə nəzərdə tutulan tikililərin qanunsuz sayılması qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən o, məhkəmə kollegiyasından Göyçay Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(046)-163/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(046)-163/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, o, mübahisə predmeti olan qapının tam bağlanmasına, qonşuya baxan pəncərənin yarıya qədər görünməyən şüşə ilə açılmayan tərzdə bağlanmasına, yalnız nəfəslik qoyulmasına razıdır. O, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi Göyçay Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(046)-163/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsi Göyçay Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(046)-163/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikasının Kostitusiyasmm 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-ci bəndinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ə.Cavad küçəsi dalan 1, ev 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı X1, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçı ilə həyətləri arasında qapı yeri saxlanılmaqla onun mülkiyyətində olan hissədə ara divarı hördürmüş və ara divarı funksiyasını həyata keçirən öz evinin divarından onun həyətinə pəncərə açdırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində yenidənqurma işləri aparılarkən, tikinti norma qaydalarının tələblərinə onun tərəfindən əməl edildiyini, təsdiq edilmiş layihədənkənar, eləcə də iddiaçının, o cümlədən üçüncü şəxslərin mənafeyinə ziyan dəyəcək hər hansı işlərin görülmədiyini bildirmişdir. Həmçinin o, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi ilə ilə razı deyil. Belə ki, ekspert, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğunsuzluğun nədən ibarət olmasını açıqlamamış, mübahisəli qapı və pəncərələrin hansı ölçüdə ola bilməsini göstərməmiş, istinad etdiyi maddi hüquq normasının tələbini səhv təfsir etmiş, rəydə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri, eləcə də yaşayış evinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi nəzərə alınmaqla, açılan pəncərə boşluqlarının hansı ölçüyədək azaldılmasını göstərməmişdir. İşə baxan məhkəmə bu kimi hallara diqqət yetirməmiş, kifayət qədər aydın və tam olmayan ekspert rəyini əsas götürərək, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının cavabdehin vəsaiti hesabına bağlanması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun yuxarıda qeyd edilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş ekspert rəyi həqiqətəndə tam olaraq əsaslandırılmamışdır. Kollegiya həmin ekspert rəyinə tənqidi yanaşaraq, hesab edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən eksperiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan 10/6113 saylı 11.03.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert qarşısında pəncərəsinin bağlanması tələb edilən tikilinin tikinti norma və qaydalarına uyğun tikilib-tikilməməsinin müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində aşağıdakılar göstərilmişdir: Maddə 80. Məlumatlandırma icraatı. 1.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq planlaşdırma bölməsinin hazırlanması tələb olunur. 1.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. 1.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. 1.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini bu Məcəllənin 80.1 -ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. 1.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Yuxarıda qeyd olunanları və pəncərələrinin bağlanması tələb edilən tikilinin, mülki iş materiallarında olan Göyçay rayonu İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “Memarlıq Planlaşdırma Layihəsi”ndə qeyd olunan ölçülərə uyğun olaraq inşa edildiyini nəzərə alaraq həmin tikilinin tikinti norma və qaydalarına uyğun olaraq inşa edildiyi müəyyən olunur. Pəncərələrinin bağlanması tələb edilən tikili mülki iş materiallarında olan Göyçay rayonu İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “Memarlıq Planlaşdırma Layihəsi”ndə qeyd olunan ölçülərə uyğun olaraq inşa edildiyini və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində göstərilənləri nəzərə alaraq həmin tikilinin tikinti norma və qaydalarına uyğun olaraq inşa edildiyi müəyyən olunur. İş üzrə iddiaçı şəxs olan X1 mülkiyyətində olan fərdi yaşayış evinə baxış keçirilən zaman tikilinin hər hansı bir hissəsində su axıdılması nəticəsində yarana biləcək qüsurlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən tikilmiş tikilinin tikinti norma və qaydalarına zidd olaraq inşa edildiyi müəyyən edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin izahatından da göründüyü kimi o, mübahisə predmeti olan qapının tam bağlanmasına, qonşuya baxan pəncərənin yarıya qədər görünməyən şüşə ilə açılmayan tərzdə bağlanmasına, yalnız nəfəslik qoyulmasına razıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. 10/4048 saylı, 02.04.2021-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat və 10/6113 saylı, 11.03.2022-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-119/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-119/2022
28.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver