Məhkəmə qərarları › İş №2(107)-1201/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1201/2022

16.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1201/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsində yaşamaqla qonşudurlar. İddiaçının evinin ünvanı 4, cavabdehlərin evinni ünvanı isə 2-dir. İddiaçı cavabdehlər tərəfindən həmin ünvanda yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsində tikinti inşa etdiklərini, güclü səsi ilə narahatçılıq verən su matorunun işlədildiyini iddia edir, həmçinin həmin həyətyanı torpaq sahəsinə baxan eyvanın bağlanmasını tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına onlar tərəfindən, ünvan 2 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində, qeyri qanuni tikinti norma və tələblərinə əməl edilmədən aparılmış bütün tikinti və qeyri-tikinti sahəsinin sökülməsi, yağış sularının mülkiyyətində olan əraziyə axıdılmaması üçün novun çəkilməsi, başlarının üzərində gecə və gündüz işlədilən güclü səsi ilə onlara narahatçılıq verən su matorunun dərhal yerinin dəyişdirilməsi, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin mütəxəsislərin iştirakı və rəyi ilə tam olaraq daşla hörülməsi (başlarına uçmaması üçün), zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması, qaz xətti çəkilməsi və s. üçün açılmış dəliyin betonlaşdırılmasına (əvvəlki vəziyyətin bərpa edilməsi) dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayon C.Məmmədquluzadə küçəsi 4 saylı evdə yaşayır cavabdehlər onun qonşularıdır. Cavabdehlərin eyvanı onun məhəlləsinə baxırdı. Lakin məhkəməyə müraciət etdikdən sonra oranı bağlamış və qaz borusunu söküb götürmüşdür. Lakin barıda onun həyətinə baxan dəliklər vardır. Həmçinin onun mülkiyyətində olan torpaq sahəsində tikinti işi görmüşdür. Bundan başqa cavabdehlər öz həyətlərində yüksək səslə işləyən avadanlıq (su matoru) işlədirlər. Səsküydən evdə oturmaqları qeyri mümkündür. İddiaçı məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, eyvanın qarşısını bağlamışdır. Dəliklərin bağlanmasına etiraz etmir. Lakin həyətində olan iddiaçı yüksək səslə işləyən su matoru dediyi, qidrofon adlanan mühərrikdir. O mühərrik yüksək səs vermir və daimi olaraq işləmir. İddiaçıya məxsus torpaq sahəsində heç nə inşa etməmişlər.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər qonşudular. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına onlar tərəfindən, ünvan 2 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində, qeyri qanuni tikinti norma və tələblərinə əməl edilmədən aparılmış bütün tikinti və qeyri-tikinti sahəsinin sökülməsi yağış sularının mülkiyyətimdə olan əraziyə axıdılmaması üçün novun çəkilməsi başlarının üzərində gecə və gündüz işlədilən güclü səsi ilə onlara narahatçılıq verən su matorunun dərhal yerinin dəyişdirilməsi, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin mütəxəssislərin iştirakı və rəyi ilə tam olaraq daşla hörülməsi (başlarına uçmaması üçün), zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması, qaz xətti çəkilməsi və s. üçün açılmış dəliyin betonlatdırılmasına (əvvəlki vəziyyətin bərpa edilməsi) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edildiyi müəyyən olunmamışdır. Cavabdehin öz torpaq sahəsində texniki pasporta uyğun inşa edilmiş fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərin üzərində və zal tikilisinin qarşısında yerləşən açıq eyvanın iddiaçıya tərəf baxan hissəsinin bağlandığı müəyyən olunmuşdur. Texniki pasportun texniki göstəriciləri bölməsində fərdi yaşayış evinin 1974/1981-ci illərdə tikildiyi qeyd olunmuşdur, lakin açıq eyvanın uçma təhlükəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin açıq eyvan tikilisi cavabdehin istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərinin üzərində, zal tikilisinin qarşısında yerləşdiyi və iddiaçıya tərəf baxan hissəsinin bağlandığı səbəbindən iddiaçıya hər hansı maneə törətmədiyi müəyyən olunur.

7. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən iddiaçının torpaq sahəsinə cavabdehlərə məxsus ev tərəfindən açılmış dəliklər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına bağlanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

8. Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir.

9. Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, ünvan 2 ünvanında yerləşən iddiaçının torpaq sahəsinə cavabdehlərə məxsus ev tərəfindən açılmış dəliklərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına bağlanması, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE********** ********** hesaba ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 170, 172 və 180-ci maddələrinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 70 və 72-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23 fevral 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2, X1, Cavabdeh1, X3, X4 və X2 mülkiyyətində ünvan 3 ünvanında 0,0601 hektar həyətyanı torpaq sahəsi vardır.

12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 noyabr 2011-ci il tarixdə verilmiş **********78-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən məlum olur ki, ünvan 2 İddiaçı məxsusdur.

13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/2702 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edildiyi müəyyən olunmamışdır. Cavabdehin öz torpaq sahəsində texniki pasporta uyğun inşa edilmiş fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərin üzərində və zal tikilisinin qarşısında yerləşən açıq eyvanın iddiaçıya tərəf baxan hissəsinin bağlandığı müəyyən olunmuşdur. Texniki pasportun texniki göstəriciləri bölməsində fərdi yaşayış evinin 1974/1981-ci illərdə tikildiyi qeyd olunmuşdur, lakin açıq eyvanın uçma təhlükəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin açıq eyvan tikilisi cavabdehin istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərinin üzərində, zal tikilisinin qarşısında yerləşdiyi və iddiaçıya tərəf baxan hissəsinin bağlandığı səbəbindən iddiaçıya hər hansı maneə törətmədiyi müəyyən olunur.

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlər tərəfindən evin texniki pasportu ilə onun mülkiyyətində olan torpaqdan qanunsuz istifadə edərək, tikinti və qeyri tikinti sahəsi kimi istifadə edirlər. Cavadehlər Yevlax rayon C.Məmmədqulzadə küçəsi, 2 saylı evin mülkiyyətçiləri, daha sonralar, iki mərtəbəli evlərinin, ilkin planında nəzərdə tutulmayan, evin birinci mərtəbəsinin biz tərəfə olan hissəsində, dəyişiklik edərək birinci mərtəbə ilə ikinci mərtəbənin arasına beton tökərək hamam, onun üzərində, ikinci mərtəbədə, əsas divarların üzərinə əlavə böyük su çəni, güclü səslə işləyən su matoru əlavə etməklə, qanunları və tikinti norma və qaydalarına əməl etmədən birinci mərtəbəni hamam kimi istifadə edirlər. Cavabdehlər mülkiyyətində olan Yevlax rayon C.Məmmədquluzadə küçəsi 4 saylı evin ərazisinə, heç bir xəbərdarlıq edilmədən, qanunla müəyyənləşdirilmiş qaydada icazə alınmadan, öz evinin divarının onlar tərəfə düşən hissəsini, torpaqdan təxmini 2 metr hündürlükdən, 1 sm. enliyində 13 yerdən, 1 ədəd isə peç turbası yerləşə bilən böyüklükdə, ümumilikdə 14 yerdən deşərək, fərdi yaşayış evinə və yaşayış evinin giriş qapısı ilə 4-5 metr məsafədən zəhərli, mənşəyi bilinməyən, insan sağlamlığına mənfi təsir edən havanı xx.xx.2021-ci il tarixədək güclü təziqlə vururdular. Bundan əlavə olaraq, cavabdehlər mülkiyyətində olan Yevlax rayon C.Məmmədquluzadə küçəsi 4 saylı evin ərazisindən qanunsuz istifadə etməklə, qaz xətti çəkmiş, həmin qaz xəttinin yanından, yerdən təxmini 80 sm. hündürlükdə, əlavə 15-lik qaz turbası böyüklükdə bir ədəd deşik açılaraq, mənzilə çirkli mənşəyi bilinməyən havanı vururdular. Bundan əlavə olaraq, cavabdehlər mülkiyyətində olan Yevlax rayon C.Məmmədquluzadə küçəsi 4 saylı evin ərazisindən qanunsuz istifadə etməklə, yerdən təxmini 20 sm hündürlükdən, 20 sm eni və hündürlüyündə deşərək mülkiyyətinə çirkab suların axıdılmasını tələb edirlər. Bundan əlavə olaraq, cavabdehlər özlərinə məxsus evin, ikinci mərtəbəsindən bizim fərdi yaşayış evimizə və həyətyanı sahəyə baxan hissəni tam açıq saxlayaraq, (onlar tərəfə) başlarının üzərində eyvan düzəldib, mülkiyyətlərini həmin hissədən müşahidə, müdaxilə edirlər, zibil atırdılar, öz mülkiyyətində normal hərəkət etməyinə imkan vermirlər, təmiz havadan belə məhrum edərək mülkiyyətindən sərbəst istifadə etməyə maneə yaradırlar. Cavabdehlər həmin eyvanın onlar tərəfə olan hissəsində, başının üzərində gecə və gündüz güclü səslə işləyən su matoru istifadə edir, həmin güclü səslə işləyən matorla onların yaşayış otağının ara məsafəsi isə 4-5 metrdir, matorun səsi öz yaşayış evində onları narahat edir. Bundan əlavə olaraq, cavabdehlər evin ikinci mərtəbəsində, dəyişikliklər edərək özlərinə məxsus divarın üzərinə su çəni əlavə etmiş, güman edirəm ki, ağırlıq nəticəsində həmin divarın onlar tərəfə olan hissəsinin divarları çatladıb, onlar üçün təhlükə mənbəyi hesab edir. Başının üzərində düzəldilmiş eyvanın onlar tərəfə olan hissəsi, ikinci mərtəbə tam olaraq açıqdır və həmin hissədən su matoru güclü səslə işlədiyi və külək olduğu zaman zibil və ağ rəngdən ibarət olan,öskürək, qıcıqlanmaya səbəb olan, sağlamlığa mənfi təsir edən, bilmədiyi maddə başının üzərinə tökülür və bu maddəni udmağa məcbur edilirlər. Cavabdehlər öz evlərinin yağış sularını onun mülkiyyətində yerləşən fərdi yaşayış evinin ərazisinə axıdırlar. Cavabdehlər tərəfindən törədilən qəsd nəticəsində onların mülkiyyəti, mülkiyyətindən sərbəst istifadə etmək, sağlam yaşamaq və digər, qanunlarla qorunan konstitusion hüquqları pozulur.

16. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)- 541/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməmiş hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın təmin olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.

24. İddiaçı Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsini əslində iddianın təmin edilməmiş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

26. İddiaçı bu qətnamənin 2-ci bəndində göstərilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində alınmış rəydə göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən iddiaçının torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edildiyi müəyyən olunmamışdır. Cavabdehin öz torpaq sahəsində texniki pasporta uyğun inşa edilmiş fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərin üzərində və zal tikilisinin qarşısında yerləşən açıq eyvanın iddiaçıya tərəf baxan hissəsinin bağlandığı müəyyən olunmuşdur. Texniki pasportun texniki göstəriciləri bölməsində fərdi yaşayış evinin 1974/1981-ci illərdə tikildiyi qeyd olunmuşdur, lakin açıq eyvanın uçma təhlükəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin açıq eyvan tikilisi cavabdehin istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin hamam, sanitar qovşağı tikililərinin üzərində, zal tikilisinin qarşısında yerləşdiyi və iddiaçıya tərəf baxan hissəsinin bağlandığı səbəbindən iddiaçıya hər hansı maneə törətmədiyi müəyyən olunur.

27. Ekspert rəyində göstərilən halların bir qismi iddiaçının özü tərəfindən birinci instansiya məhkəməsində verdiyi izahatda “lakin məhkəməyə müraciət etdikdən sonra oranı bağlamış və qaz borusunu söküb götürmüşdür” cümləsi ilə təsdiq edilmişdir.

28. İddiaçı apellyasiya şikayətində təkrarən həmin halları mübahisələndirmişdir ki, onlara da birinci instansiya məhkəməsi tərəfindən qiymət verilərək mübahisə düzgün həll edilmişdir. Məhkəmə ekspert rəyini işin halları ilə əlaqəli şəkildə tədqiq edərək sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-541/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar