Məhkəmə qərarları › İş №2(107)-1229/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1229/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1229/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi və vəkili X13, cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 yanvar 2021-ci il tarixli qərarının qismən ləğv edilməsi» tələbinə dair Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı Mayıs qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim P.Hacıyev) İddiaçı «Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 yanvar 2021-ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X5 nəvələri 22 may 2016-cı il təvəllüdlü X15 və 14 mart 2020-ci il təvəllüdlü X14 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 yanvar 2021- ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X5 nəvələri 22 may 2016-cı il təvəllüdlü X15 və 14 mart 2020-ci il təvəllüdlü X14 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan məhkəmənin təşəbbüsü ilə X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı Mayıs qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X16 ilə 03 sentyabr 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində (353 nömrə ilə) nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 22 may 2016-cı il təvəllüdlü X15 və 14 mart 2020-ci il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. X16 İİ Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və şəhid olmuşdur. Belə ki, o, döyüş zamanı yaralanmış və 26 oktyabr 2020-ci il tarixdə baş-beyin diffuz travmasından ölmüşdür. Həmin vaxt o, ər evində olmuşdur. Yas ərəfəsində, yəni 12 noyabr 2020-ci il tarixdə, ərinin ikinci cümə axşamında qızı X7 yüksək hərarəti olduğu və yas mərasimində çoxlu adamlar olduğu üçün həkimin məsləhəti ilə uşaqları da götürərək ünvan 1 ünvanında yerləşən atası evinə gəlmişdir. Həmin vaxt həm qayınanası X11, həm də onun qohumları yüksək hərarətlə özlərini pis hiss etmişlər. Həmin dövr Azərbaycanda, o cümlədən də Şəki şəhərində “COVİD-19” xəstəliyinin geniş yayıldığı bir dövrə, karantin dövrünə təsadüf etmişdir. O, mərhum ərinin cümə axşamında qayınanası X11 tərəfindən yasda iştirak edənlərin qarşısında təhqirlərə məruz qalmış, şərəf və ləyaqəti alçaldılmışdır. Qayınanası mərhum ərinin qırx mərasiminə kimi əsassız sözsöhbətlər yaratmış və barəsində həqiqətə uyğun olmayan sözlər demişdir. Hətta ona “oğlumun qırxından sonra bu evə gəlməyərsən, hardan gəlmisən orada gedərsən, oğlum öldükdən sonra nə sən, nə də uşaqlar mənə lazım deyil” demişdir. Lakin bütün bu təhqirlərə baxmayaraq o, mərhum ərinin qırx mərasiminədək bütün yas mərasimlərində iştirak etmişdir. Bundan sonra qayınanası ərizə ilə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına əsassız olaraq müraciət edərək guya övladının yas mərasiminin üçüncü günündə onun heç bir münaqişə olmadığı halda uşaqları götürərək öz atası evinə getdiyini və həmin tarixdən nəvələri ilə görüşüb ünsiyyətdə ola bilmədiyini, ona maneələr yaradıldığını və müvafiq köməklik göstərilməsini komissiya üzvlərindən xahiş etmişdir. Lakin nə o, nə də ailə üzvləri tərəfindən qayınanasına nəvələri ilə görüşmək və ünsiyyətdə olmaq üçün heç bir maneələr yaradılmamışdır. Buna baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 28 yanvar 2021-ci il tarixli qərar qəbul edərək aşağıdakıları qərara almışdır: 1. ünvan 2 ünvanında yaşayan şəhid anası X5 ərizəsi nəzərə alınaraq hər həftənin şənbə və bazar günləri nəvəsi 22.05.2016-cı il təvəllüdlü X8 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X9 doğum və anım günlərində saat 11:00-dan 15:00- dək nəvəsi 22.05.2016-cı il təvəllüdlü X15 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilsin; 2. ünvan 3 ünvanında yaşayan şəhid anası X5 ərizəsi nəzərə alınaraq bazar günləri olmaqla ayda iki dəfə, nəvəsi 14.03.2020-ci il təvəllüdlü X7 doğum günlərində, bayram günlərində, uşağın atası şəhid X9 doğum və anım günlərində saat 11:00-dan 15:00- dək nəvəsi 14.03.2020-ci il təvəllüdlü X14 ilə ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydası müəyyən edilsin. Lakin həmin qərar rəsmi qaydada ona göndərilməmişdir. Bundan sonra qayınanası X11 ona qarşı “Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 yanvar 2021-ci il tarixli görüşə dair qərarının icrasına edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icrastına qəbul edilmişdir. Məhkəmə bildirişi ona çatdıqdan sonra Qəyyumluq və Himayəçilik Komissiyasına qərarın surətinin ona çatdırılmadığını bildirmiş və yalnız bundan sonra yaxın günlərdə həmin qərarın surəti məhəllə nümayəndəsi vasitəsi ilə ona çatdırılmışdır. Həmin qərardan qismən “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüş və ünsiyyət qaydasının müəyyən edilməsi” hissəsində narazı olduğu üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qayınanası X5 uşaqlarla ünsiyyətdə olmasına nə Komissiyanın iclasından əvvəl, nə də sonra tərəflərindən heç bir maneələr törədilməmişdir. Hətta Komissiyanın 28 yanvar 2021-ci il tarixli iclasından sonra da o, uşaqlarla görüşməyə gəlməmiş, onun uşaqlarla ünsiyyətdə olmasına heç bir maneələr törədilməmiş və əsassız olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun qərarda göstərdiyi vaxtlarda uşaqlarla ünsiyyət etməsinə və görüşməsinə heç bir etirazı yoxdur. Lakin Komissiyanın qərarında qeyd edildiyi kimi ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüşməsinə etiraz edir. Çünki burada ərizəçinin istəyi və mənafeyi yox, uşaqların mənafeyi üstün tutulmalıdır. Uşaqların birinin 4 yaşı, digərinin isə 1 yaşı var. Belə olduqda körpə və azyaşlı uşaqlarının pandemiya dövründə, “COVİD-19” xəstəliyinin tüğyan etdiyi bir dövrdə zərurət yaranmadan evdən çölə çıxarılmaları, harasa aparılmaları onların səhhətini və sağlamlığını təhlükə altına qoyacaqdır. O, qayınanası X5 nəvələri ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qərarda qeyd edilən vaxtlarda görüşməsinə etiraz etmir. Belə ki, həyat yoldaşının ona əmanət etdiyi iki azyaşlı uşağı gözündən uzağa qoya bilməz. Onların həyat və sağlamlığı onun üçün hər şeydən üstündür. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən İddiaçı Mayıs qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Mayıs qızı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qayınanası X5 uşaqlarla ünsiyyətdə olmasına nə Komissiyanın iclasından əvvəl, nə də sonra tərəflərindən heç bir maneələr törədilməmişdir. Hətta Komissiyanın 28 yanvar 2021-ci il tarixli iclasından sonra da o, uşaqlarla görüşməyə gəlməmiş, onun uşaqlarla ünsiyyətdə olmasına heç bir maneələr törədilməmiş və əsassız olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Onun qərarda göstərdiyi vaxtlarda uşaqlarla ünsiyyət etməsinə və görüşməsinə heç bir etirazı yoxdur. Lakin Komissiyanın qərarında qeyd edildiyi kimi ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüşməsinə etiraz edir. Çünki burada ərizəçinin istəyi və mənafeyi yox, uşaqların mənafeyi üstün tutulmalıdır. Uşaqların birinin 4 yaşı, digərinin isə 1 yaşı var. Belə olduqda körpə və azyaşlı uşaqlarının pandemiya dövründə, “COVİD-19” xəstəliyinin tüğyan etdiyi bir dövrdə zərurət yaranmadan evdən çölə çıxarılmaları, harasa aparılmaları onların səhhətini və sağlamlığını təhlükə altına qoyacaqdır. Bundan başqa komissiyanın iclasında onun və uşaqlarının iştirakı təmin edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X20 bildirdi ki, Komissiyanın qərarında qeyd edildiyi kimi ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə X5 uşaqlarla ünsiyyətdə olması uşaqların mənafeyinə tamamilə ziddir. Hazır ki halda uşaqların mənafeləri üstün tutulmalıdır. Qeyd etmək istəyir ki, uşaqlardan birinin 4, digərinin isə 1 yaşı var. Odur ki, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)- 670/2021 nömrəli qətnaməsini ləğv edərək,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki Şəhər İcra akimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüququ məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi qətnamə “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə görüşməsi” hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 03 sentyabr 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X17 arasındakı nikah 03 sentyabr 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. 26 avqust 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 may 2016-cı il təvəllüdlü X8 atası X16, anası İddiaçıdır. 09 iyun 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14 mart 2020-ci il təvəllüdlü X7 atası X16, anası İddiaçıdır. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında yaşayan şəhid anası X2 Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, nəvələri 22.05.2016-cı il təvəllüdlü X15 və 14.03.2020-ci il təvəllüdlü X14 ilə görüş və ünsiyyətdə olmalarına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2024-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Hazırda, mülki işin mübahisələndirilməyən gerçək vəziyyətindən bəlli olur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 28 yanvar 2021- ci il tarixli qərarının “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edərək X5 nəvələri 22 may 2016-cı il təvəllüdlü X15 və 14 mart 2020-ci il təvəllüdlü X14 ilə qərarda qeyd edilən vaxtlarda və uşaqların mənafeyinə uyğun olaraq Qara Qarayev küçəsi 3 ünvanında yerləşən evdə görüş və ünsiyyət qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin “ərizəçinin istəyinə və mənafeyinə uyğun yerlərdə” hissəsində ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə AM-in) 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. AM-in 62-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 №-li qərarında qeyd olunmuşdur ki, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Eyni hüquqi mövqeyi pylaşan AM-in 61.1-61.3-cü maddələrinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlər uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2024-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı Mayıs qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(075)-670/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar