Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1244/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı ¾ hissədə və Cavabdeh ¼ hissədə müəyyən edilmiş paylarıının naturada ayrılmasına və qeyd olunan hissələrdə həmin payların mişar daşından hasar çəkilməklə təcrid olunmuş qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, mərhum atası X1 onlara miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə üzrə vərəsələr olaraq onun ¾ hissədə və qardaşı Cavabdeh isə ¼ hissədə payları müəyyən edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reystrində müvafiq qeydiyyat aparılmış və dövlət reyestrindən çıxarış verilmişdir. Lakin hazırda qeyd olunan fərdi yaşayış evində paylarının müəyyən edilməsinə baxmayaraq öz aralarında həmin payları ayıra bilmirlər. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li, xx.xx.2016-cı il tarixli çıxarış üzrə ünvan 1 ünvanında A yaşayış evinin (93.0 kv.m) ¾ hissəsi İddiaçı ¼ hissəsi Cavabdeh Allahvardi oğlunun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” 15369 saylı xx.xx.2019cu il tarixli ekspert rəyinə əsasən Yevlax şəhəri, A.Məmmədov küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan “A” literli fərdi yaşayış evinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, yaşayış evinin tərkibində mənzilə aid olan ayayqolu təyinatlı tikilinin olmadığını, mətbəx və hamama təyinatlı tikililərin yeganə olduğunu, eləcə də evin yaşayış və yardımçı otaqlarının sahəsinin mülkiyyətlərin ayrıayrılıqdan payına düşən yaşayış və yardımçı sahələri ilə eyni olmadığını tədqiqat obyektlərinin digər texniki göstəricilərini nəzərə alaraq, iş üzrə tərəflərin paylı mülkiyyətində olan “A” literi fərdi yaşayış evinin tərəflərin ¼ və ¾ hissələrinə uyğun olmaq şərtilə, iki təcrid mənzil şəkilində bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2,9, bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayоn Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-109/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1244/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1244/2020
25.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver