Məhkəmə qərarları › İş №2(107)-1246/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1246/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1246/2024 03.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 28 noyabr 2023-cü il tarixli 8İ - 21005 № reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə elektron ərizə ünvanlayaraq onunla Cavabdeh3 arasında Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən aparılmış 28 noyabr 2023-cü il tarixli 8İ - 21005 № reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinə əsasən o, Cavabdeh3 27000 manat borc pul almışdır. Həmin kredit müqaviləsinə əsasən o, həmin borcu xx.xx.2023-cü il tarixinədək ödəməli idi. O, müqaviləyə tam əməl edərək həmin borcu hissə-hissə cavabdehə ödəmişdir. Lakin buna baxmayaraq Cavabdeh3 28 noyabr 2023-cü il tarixdə Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X4 tərəfindən 28 noyabr 2023-cü il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ - 21005 № ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 27000 manatın tutulması qeyd edilmişdir. Lakin Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X4 icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıb-qaytarılmamasını araşdırmamış, o, notariat ofisinə dəvət edilməmiş, həmçinin borc verən tərəfindən ona icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə onun cavabdehə heç bir borcu qalmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı, cavabdehlər Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.

6. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Həmçinin cavabdeh Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış 4 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 27000 manat məbləğdə borcu iddiaçıya vermişdir. İddiaçı həmin pul məbləğini 4 may 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. Buna görə də, o, icra qeydinin çıxarılması ilə bağlı Şəki Regional "Asan Xidmət” Mərkəzində notariat şöbəsinə müraciət etmişdir. Notariat hərəkətləri aparılan zaman iddiaçı notariat şöbəsinə gəlməmişdir. Bu günə kimi ona olan borc ödənilməmişdir. İddiçı ona olan borcunu qaytarmadığı üçün onun banka borcu yaranmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsi ilə (hakim K.Musayev), İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında 4 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı 27000 manat məbləğdə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı borc məbləğini 04 may 2023-cü il tarixədək qaytarmalı olmuşdur. Cavabdeh3 İddiaçı kredti müqaviləsi əsasında borc olaraq aldığı 27000 manat məbləğdə pulu qaytarmadığı üçün bildiriş göndərmiş, lakin borc ödənilmədiyi üçün icra qeydinin çıxarılması ilə bağlı Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 8İ- 21005 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı tələbkar Cavabdeh3 xeyrinə 27000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, Cavabdeh3 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İş materiallarından görünür ki, Cavabdeh3 icra qeydinin çıxarılması ilə bağlı notariat orqanına müraciət etmədən öncə poçt vasitəsilə SX 002494330AZ nömrəli xəbərnamə ilə İddiaçı bildiriş ünvanlamışdır.

12. Eyni zamanda məhkəmə tərəfindən SX 002494330AZ kodlu, xəbərnaməli məktubun İddiaçı çatdırılması ilə bağlı Şəki rayon Mərkəzi poçtuna sorğu ünvanlanmış, sorğuya cavab olaraq İddiaçı adına ünvanlanmış SX 002494330AZ saylı məktub Aşağı Göynük PŞ-nın müdiri X1 məlumatına əsasən xx.xx.2023-cü il tarixdə şəxsən ünvançıya çatdırılması bildirilmişdir.

13. İddiaçı onun notariat hərəkətlərindən məlumatının olmadığı, borcu qaytardığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya borcun qaytarılması ilə bağlı bildiriş göndərildiyi, eyni zamanda həmin bildirişin iddiaçıya çatdırıldığı öz təsdiqini tapmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisi icra qeydini təsdiq edərkən "Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq borclunun, yəni İddiaçı məlumatı olmuşdur.

15. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir.

16. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin hansı etibarlılıq şərtinin pozulduğunu göstərməmiş və bu barədə hər hansı sənəd iş materiallarına əlavə etməmişdir.

18. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Şəki regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir.

19. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublkası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Regional “Asan Xidmət"Mərkəzində Notariat Ofisində bağlanmış 04 may 2022-ci il tarixli, 3M -261 reyestr nömrıli kredit müqaviləsinə əsasən o, Cavabdeh3 27000 manat borc pul almışdır. Həmin kredit müqaviləsinə əsasən o, həmin borcu xx.xx.2023-cü il tarixinədək həmin borcu ödəməli olmuşdur. O da müqaviləyə tam əməl edərək həmin borcu hissə-hissə cavabdehə ödəmişdir. Lakin buna baxmayaraq Cavabdeh3 28 noyabr 2023-cü il tarixdə Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisininə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisininin xüsusi notariusu X4 tərəfindən 28 noyabr 2023-cü il tarixdə icra qeydi aparılmış və reyestrdə 8İ-21005 № ilə qeyd edilmişdir. Həmin icra qeydində ondan 27000 manatın tutulması qeyd edilmişdir.

22. Lakin Şəki regional “ASAN xidmət"mərkəzində notariat ofisininin xüsusi notariusu X4 icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıb qaytarılmamasını araşdırmamış, onu notariat ofisinə dəvət etməmiş, həmçinin birc verən tərəfindən ona icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir.

23. Ona görə də hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Belə ki, həmin kredit müqaviləsi üzrə onun cavabdehə heç bir borcu qalmamışdır.

24. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etməklə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi işə qanunamüvafiq baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ bəndini kobud surətdə pozmuşdur.

25. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işə faktlar əsasında deyil formal mülahizələr əsasında baxmış və qətnaməsini əsaslandıra bilməmişdir. Beləliklə işə baxan birinci instansiya məhkəməsi MPM- nin 9.1 və 9.3-cü maddələrini pozmuşdur.

26. İşə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun cavabdehə hər hansı borcunun olub-olmamasını aydınlaşdırmamışdır. İşə baxan birinci instansiya məhkəməsi onun cavabdehə hər hansı borcunun olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticə işin hallarına uyğun gəlmir.

27. Odur ki, Şəki Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, e-2(075)-536/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı göndərdiyi məlumatında məhkəmə iclasında iştirak edə bilməməyini üzürlü hesab edərək, iclasın onsuz keçirilməsi və apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsələr də, Cavabdeh1 nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

32. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun; 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

33. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın; 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyator Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

38. Apellyator həmçinin şikayətinin yekununda iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də şikayətin məzmunundan göründüyü kimi onun şikayəti məhz iddiasının təmin edilməməsi ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin yekununda qeyd edilmiş iddiasının təmin edilməməsinə dair fikrin texniki yanlışlıq olaraq yazıldığı və iddiaçının şikayətinin məhz iddiasının təmin edilməsinə yönəldiyi qənaətinə gəlir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar yoxdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında 4 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı 27000 manat məbləğdə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı borc məbləğini 04 may 2023-cü il tarixədək qaytarmalı olmuşdur. Cavabdeh3 İddiaçı kredti müqaviləsi əsasında borc olaraq aldığı 27000 manat məbləğdə pulu qaytarmadığı üçün bildiriş göndərmiş, lakin borc ödənilmədiyi üçün Cavabdeh3 icra qeydinin çıxarılması ilə bağlı Şəki Regional "Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 8İ-21005 reyestr nömrəli icra qeydinə əsasən İddiaçı tələbkar Cavabdeh3 xeyrinə 27000 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki regional “ASAN xidmət"mərkəzində notariat ofisininin xüsusi notariusunun icra qeydi apararkən həmin kredit müqaviləsi üzrə borcun qaytarılıb qaytarılmamasını araşdırmaması, onu notariat ofisinə dəvət etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 4 may 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı 27000 manat borc pul vermiş, İddiaçı həmin pulu 04 may 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

44. İşdə olan icra qeydinin verilməsinə əsas olmuş iddiaçı Cavabdeh3 “Notariat icra qeydi haqqında” 21 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənədin 4 may 2022-ci il tarixli kredit müqaviləsi olduğunu, lakin İddiaçı 27000 manat öhdəliyindən ödənişin olunmadığını göstərmiş və icra qeydinin aparılmasını xahiş etmişdir.

45. İşdə olan Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh3 İddiaçı 4 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 27000 manat məbləğdə borcunun yarandığını, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağını bildirmişdir.

46. Kollegiya əlavə olaraq qeyd edir ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda borclunun borcunu qaytarıb qaytarmamasını dəqiqləşdirmək məqsədi ilə notariat orqanına dəvət etmək imkanları nəzərdə tutulmamışdır.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc verən tərəfindən ona icra qeydinin aparılacağı barədə bildirişin göndərilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 31 oktyabr 2023-cü il tarixli poçt qəbzindən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı zərf SX 002494330AZ nömrəli xəbərnamə ilə ünvanlanmışdır.

48. İşdə olan X8 Filialının 4 aprel 2023-cü il tarixli, 05/61 nömrəli məktubundan görünür ki, İddiaçı adına ünvanlanmış SX 002494330AZ saylı məktub Aşağı Göynük PŞ-nın müdiri X1 məlumatına əsasən xx.xx.2023-cü il tarixdə şəxsən ünvançıya çatdırılmışdır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun müqaviləyə tam əməl edərək həmin borcu hissə-hissə ödəməsi, həmin kredit müqaviləsi üzrə onun heç bir borcunun qalmaması, işə baxan birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən onun cavabdehə hər hansı borcunun olub-olmamasını aydınlaşdırmaması, onun cavabdehə hər hansı borcunun olmasını sübut edə bilməməsi, ona görə də həmin icra qeydinin qanunsuz və əsassız olması, birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticənin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı Cavabdeh3 tərəfindən 4 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 27000 manat borc pulun verilməsi, cavabdeh İddiaçı həmin pulu 04 may 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürməsi müəyyən edilməsinə baxmayaraq, cavabdeh İddiaçı tərəfindən 27000 manat borcundan iddiaçı Cavabdeh3 hər hansı bir məbləğin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

50. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

52. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin MPM-nin 9.1 və 9.3-cü maddələrini pozmasına dair dəlillərini də əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya əvvəlcədən məlumat verilmiş, lakin iddiaçı məhkəməyə göndərdiyi ərizələrində iddia ərizəsinə onun iştirakı olmadan baxılaraq, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırmasının çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi təmin edilmişdir.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-536/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar