Məhkəmə qərarları › İş №2(107)-1247/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1247/2021

22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1247/2021 22.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin sökülməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)-529/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, JN-427 nömrəli torpaqda səhvən inşa etdiyi tikilinin sökülməsi, yararlı əmlaklarının özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)-529/2021 nömrəli (hakim Ə.Hüseynov) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Mingəçevir şəhər Y.Muradov ev 45 mənzil 7-də bir otaqlı evini 10.701 manata satmışdır. Qardaşı Fərman bunu bilib dəfələrlə gələrək ata yurdunda 5 sot torpaqda ev tikməyini ona söyləmişdir. O da o vaxtlar torpağın sotunu 30 şirvana almışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə ona 0,08 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh 0,07 ha torpaq sahəsi ayrılmışdır. 2006-cı ildə qardaşı özünə məxsus 0,07 ha torpağı göstərərək “burada evi tik, bura sənin yerindi”- deyə bildirmişdir. Evi tikdirib sənədləşdirəndə aydın olmuşdur ki, torpaq qardaşınındır ev onundur. Razılığa gələ bilmədikləri üçün 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinə şikayət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi 3 dəfə qardaşının təqdim etdiyi saxta sənədlərlə baxaraq Şəki Apellyasiya Məhkəməsinə yönəltmişdir. Şəki Apellyasiya Məhkəməsi gəlib yerində baxış keçirib torpağı ölçüb getmişlər. Aydın olmuşdur ki, inşa etdirdiyi ev qardaşı Fərmana məxsus torpaqda yerləşir. Evi özü tikdirmişdir. Evin layihəsi öz adınadır. Ev 5 otaqdan ibarətdir. Cavabdeh Şəki İnzibati- İqtisad Məhkəməsinin hakimi Rüfət Məcidova yazdığı etirazında bildirmişdir ki, evi özü Rusiyadan qazandığı gəlirlə tikdirmişdir. Ev 3 otaqdır. Əgər evi özü tikdiribsə, layihə də onun adı olardı, sonra ev də 3 otaqlı olardı. Şahidləri də var ki, o evini satıb ev tikdirmişdir. Ev onun olsa da, Cavabdeh və həyat yoldaşı onu evindən çıxarırlar. Xəstəliyindən istifadə edib işığı, qazı öz adına çəkdirmişdir. 26.11.2020-ci ildə onun otağına gələn qaz borusunu laqondayla ona bildirmədən kəsib, özü isə işlədir. 06.12.2019cu ildə oğlu rəhmətə getmiş, həyat yoldaşı 2-ci qrup əlildir. Oğlunun dərdinə dözməyib öz canına qəsd etmişdir. Özü isə epilepsiya xəstəsidir. Belə yaşaya bilmir. Evinin sökülüb öz torpağında tikilməsini istəyir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)-529/2021 nömrəli qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Ona gör də Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)-529/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, səhvən inşa etdiyi fərdi yaşayış evinin sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli evi onlar tikmişdir. Lakin sonradan məlum olmuşdur ki, tikdikləri ev öz torpaqlarında deyil, cavabdehə məxsus olan torpaqda inşa edilmişdir. İndi cavabdeh onlara həmin evdə yaşamağa imkan vermir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun tərəfindən inşa edilmişdir. İddiaçılara məxsus olan torpaq sahəsi qonşu ərazidədir və orada iddiaçılar tərəfindən kürsüsü qoyulmuş tikili var. Hazırki evin iddiaçılara heç bir aidiyyəti yoxdur, sadəcə aralarında mübahisə olduğundan iddiaçı tərəf ondan pul almaq istəyir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)- 529/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki İnzibati Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(117)-26/2020 saylı qərardadının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “X2 adına verilmiş JN-427A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi 28 fevral 2017-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Çıxarışda torpaq sahəsindən İddiaçı payı ¼ hissə, İddiaçı payı ¼ hissə və X6 payı ¼ hissə qeyd olunmuşdur. İddiaçı payı isə açıq saxlanılmışdır. Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 21 oktyabr 2009-cu il tarixli, 248 saylı tikintiquraşdırma işlərinin başlanmasına icazənin surətindən görünür ki, Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisinə İddiaçı icazə verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar E.Abdullayevin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Yevlax rayon ərazi idarəsinə ünvanladığı rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə (JN-4107A, kod-********) əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində Memarlıq və tikinti şöbəsinin 21 oktyabr 2009-cu il tarixli, 248 saylı icazəsinə əsasən razılaşdırılmış layihəyə uyğun tikilmiş fərdi yaşayış evi heç bir kommunikasiya xətlərinə maneçilik törətmir və dayanaqlıdır. Evin dövlət qeydiyyatına alınmasına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2011-ci il tarixli, 113 saylı sərəncamının 2-ci bəndinə uyğun olaraq etiraz edilməmişdir. Qanun üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, JN- 4107A, kod-90200002 nömrəli 0,07 hektarlıq torpaq sahəsinin sahibi Cavabdehdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər məhkəməsinə ünvanlandığı 03 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, Ərazi idarəsinin elektron məlumat bazasına əsasən -427A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Mingəçevir şəhərində Cavabdeh mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı və Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək bаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin; - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. - 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir - 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Birinci instаnsiyа məhkəməsində iddiа tələbi irləi sürən iddiаçıır. İddiаçının təqdim etdiyi sənəddən аydın оlmur ki, mübahisəli ev hazırda kimə məxsusdur və kim tərəfindən inşa edilmişdir. Görünən hal yalnız ondan ibarətdir ki, mübahisəli yaşayış evi cavabdehə məxsus olan torpaqda tikilmişdir. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(051)-529/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar