Məhkəmə qərarları › İş №2(107)-125/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-125/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-125/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4) qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzi olaraq 20000 manat məbləğin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(033)-346/2018 nömrəli qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141C nömrəli (kod 40202018) şəhadətnamənin Cavabdeh qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948-1950-ci illərdə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,30 ha torpaq sahəsinin naturada yerləşmə koordinatlarına münasibətdə, yəni yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsi və yaşayış evi uzun illər onun tərəfindən qulluq olunmuş, yaşayış evinin döşəməsi, tavanı, dam örtüyü təmir olunmuş, giriş qapısı salınmış, açıq eyvan artırılmış, həyətdə tikili inşa olunmuş və ağaclar əkilmişdir. Bunun üçün qeyd etdiklərini əsas gətirərək onun həmin yaşayış evinə və torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzini tələb etmək hüququ yaranır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin əvəzi olaraq 20000 manat məbləğin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və göstərmişdir ki, İddiaçı onun qardaşı X1 ilə xx xxxx 1992-ci ildə rəsmi qaydada evlənərək, hazırda mübahisələndirilən evə gəlin gəlmişdir. xx xxxx 1997-ci il tarixdə onlar arasında bağlanmış nikah pozulmuşdur. O, qardaşı evləndikdən sonra 1993-cü il tarixdən həmin mübahisələndirilən evdən köçmüşdür. İddiaçı həmin evdə müvəqqəti yaşamışdır. Mübahisələndirilən fərdi yaşayış evi 1948-ci ildə tikilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod 40202018) şəhadətnamənin, onun qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Yəni həmin evin yerləşdiyi torpaq sahəsi qanunsuz iddiaçının mülkiyyətinə verildiyindən şəhadətnamə etibarsız hesab edilmişdir. Fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı tərəfindən həmin evdə hər hansı yenidən qurma işləri aparılmamış və əlavə xərclər çəkilməmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili X3 cavabdehin izahatına uyğun çıxış edərək iddiaçının belə bir iddia qaldırması hüququnun olmadığını, iddiaçıya cavabdeh tərəfindən hər hansı məbləğdə ziyan dəymədiyini, onların arasında hər hansı öhdəlik münasibətləri yaranmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə qanuni və əsaslı verilməmiş, tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. Fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsinə onun tərəfindən qulluq olunmuş, evdə təmir tikinti işləri aparılmış, həyətdə meyvə ağacları əkilmişdir. Hesab edir ki, çəkdiyi xərclərin əvəzi tam ödənilməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)- 37/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmə mühəndis texniki ekspertizasının rəyinə əsasən təyin olunmuş, 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala Rayon Xalq Məhkəməsinin 2-199/1997 nömrəli, xx xxxx 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Məmməd qızının X1 ilə aralarında olan Zaqatala rayonu Əlibayramlı kənd sovetliyi tərəfindən xx xxxx 1992-ci il tarixdə qeydə alınmış nikahlarının pozulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən 45,70 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olmaqla, Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24326 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və 0,30 ha torpaq sahəsində tikintitəmir və yenidənqurma işləri aparılmışdır. Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə yenidənqurma və təmir işlərinə çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4920 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-346/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod 40202018) şəhadətnamənin Cavabdeh qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1017/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 2(033)-346/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrə əsasən müəyyən olunmuşdur ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən 0,30 hektar ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsində 1948-ci ildə inşa edilmiş üç otaqlı yaşayış evi kənd təsərrüfatbaşına kitablarına görə cavabdehin atası Hazman Hazmanova məxsus olmuş, iddiaçının əri Telman Hazmanov ailəsi ilə həmin təsərrüfatdan ayrılaraq müstəqil təsərrüfatı olmuş, cavabdeh isə atasının ölümündən sonra da həmin təsərrüfatda qalaraq evin altında olan 0,30 ha torpaq sahəsindən istifadə etmişdir. Lakin torpaq islahatı zamanı cavabdehin atasından qalmış evin altında yerləşən 0,30 ha torpaq sahəsi qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod 40202018) şəhadətnamə isə həmin hissədə etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkə-mə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Zaqatala rayonu Qarqay kəndində yerləşən 45,70 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 141 C nömrəli (kod 40202018) şəhadətnamə Cavabdeh qanuni istifadəsində olan Zaqatala rayonu Qarqay kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilmişdir. Müəyyən olunmuşdur ki, torpaq islahatı zamanı Cavabdeh atasından qalmış evin altında yerləşən 0,30 ha torpaq sahəsi qanunsuz olaraq İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı, Cavabdeh Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evinə və 0,30 ha torpaq sahəsinə dair çəkmiş olduğu xərclərin, (yəni mübahisəli torpaq sahəsi və yaşayış evi uzun illər onun tərəfindən qulluq olunmuş, yaşayış evinin döşəməsi, tavanı, dam örtüyü təmir olunmuş, giriş qapısı salınmış, açıq eyvan artırılmış, həyətdə tikili inşa olunmuş və ağaclar əkilmişdir) əvəzi olaraq 20000 manat məbləğin alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasında qeyd etdiyi “mübahisəli torpaq sahəsi və yaşayış evinin uzun illər onun tərəfindən qulluq olunması, yaşayış evinin döşəməsi, tavanı, dam örtüyünün təmir olunması, giriş qapısının salınması, açıq eyvanın artırılması, həyətdə tikilinin inşa olunması və ağacların əkilməsinə görə ona vurulmuş zərərin ödənilməsi” dəlili ilə bağlı bildirmişdir ki, torpaq islahatı zamanı Cavabdeh atasından qalmış evin altında yerləşən 0,30 ha torpaq sahəsi qanunsuz olaraq İddiaçı mülkiyyətinə verilmiş, sonuncu da orada yaşamışdır. Göründüyü kimi o, yaşayış şəraiti vəziyyətinin yaxşılaşdırılması üçün evi təmir edərək istifadə etmiş, illər ərzində qanunsuz olaraq mülkiyyətinə verilmiş fərdi yaşayış evində yaşamış və ora çəkdiyi xərcləri ödəmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında fərdi yaşayış evinin istifadəyə verilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də, cavabdeh hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Birinci instansiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, hər iki tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24326 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və 0,30 ha torpaq sahəsində tikinti-təmir və yenidənqurma işləri aparılması, Zaqatala rayonu Qarqay kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə yenidənqurma və təmir işlərinə çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 4920 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə çəkilmiş xərclər müəyyən olunsa da, bu hal iddianın təmin olunması üçün əsas deyil. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı həqiqətən cavabdeh tərəfindən ona hər hansı ziyan dəyməsini və cavabdeh tərəfin əsassız varlanmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin cavabdehdən alınaraq ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi təmin edilmədiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(033)-37/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar