Məhkəmə qərarları › İş №2(107)-1255/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1255/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1255/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İsmayıllı rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli 2(037)-91/2010 saylı qətnaməsinə əsasən İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edilərək soyadının Mamedov, adının Çingiz, ata adının Tayfur, doğum tarixinin 20 mart 1980-ci il, doğum yerinin İsmayıllı rayonu Basqal qəsəbəsi, atasının X4 və anasının X2, milliyətinin isə azərbaycanlı yazılması qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. İddiaçı göstərilən qətnamədən 25 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə olunmadığından və apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən məhkəmənin 25 fevral 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı 23 aprel 2010-cu il tarixli 2(037)-91/2010 saylı qətnamədən 11 may 2022-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadına əsasən məhkəmənin 23 aprel 2010-cu il tarixli 2(037)-91/2010 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi Nümayəndə 17 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət edərək elektron kabinetdə axtarış verilərkən göstərilən qərardadın yerləşdirilməsi ilə bağlı qeyd olsa da qərardadın sistemdə olmadığını bildirmiş və qərardadın rəsmi qaydada Sumqayıt Regional Vəkil Bürosuna göndərilməsini xahiş etmişdir. Qərardadın surəti 17 avqust 2022-ci il tarixdə Nümayəndə göndərilmiş, Nümayəndə qərardadı 22 avqust 2022ci il tarixdə alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardaddan 24 avqust 2022-ci il tarixdə elektron kabinet vasitəsilə şikayət və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadına əsasən məhkəmənin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadından şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli 2(037)-91/2010 saylı qətnaməsinə əsasən İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edilərək soyadının Mamedov, adının Çingiz, ata adının Tayfur, doğum tarixinin 20 mart 1980-ci il, doğum yerinin İsmayıllı rayonu Basqal qəsəbəsi, atasının X4 və anasının X2, milliyətinin isə azərbaycanlı yazılması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən soyadının və doğum tarixinin dəyişdirilməsini tələb etdiyindən doğum tarixinin və atasının soyadının da dəyişdirildiyi barədə məlumatı olmamışdır. Lakin son zamanlar Rusiya Federasiyasına gedərkən sənədlərində olan uyğunsuzluq (Dövlət sərhədini keçərkən atasının soyadının metirkada başqa, sənəddə başqa olması müəyyən olunmuş, qardaşının doğum haqqında şəhadətnaməsi və özünün doğum haqqında şəhadətnaməsinin ata qarafasında soyada münasibətdə uyğunsuzluqlar və s) müəyyən olunarkən qətnamədəki problemlərdən xəbəri olmuşdur. Ona görə də uzun müddət keçdikdən sonra (yəni məlumatı olan zaman) apellyasiya şikayəti vermişdir. Məhkəmə isə heç bir əsaslı səbəb olmadan ümumiyyətlə belə bir tələbin olmamasına baxmayaraq öz subyektiv mülahizəsinə uyğun olaraq iddianın predmetindən kənara çıxmaqla iddiaçının soyadını və doğum tarixini dəyişməklə yanaşı onun atasının soyadını da dəyişmişdir. Məhkəmənin qəbul etdiyi qeyd olunan qətnamə şəxsin vəziyyətinin pisləşməsinə səbəb olmuş, hüquqmüəyyənedici sənədlərində uyğunsuzluq yaratmaqla hər dəfə əsassız olaraq əlavə yoxlamalara məruz qalmasına, polis bölmələrinə və s hüquq mühafizə orqanlarına dəvət olunmasına, bununla da əsassız əlavə vaxt itkisinə məruz qalmasına səbəb olmuşdur. Ona görə də İsmayıllı rayon məhkəməsinin 2(037)-91/2010 saylı 20 may 2022- ci il tarixli qərardadının ləğv edilərək işi baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-91/2010 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)- 91/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Hüseynzadə” soyadının dəyişdirilərək babasının soyadı ilə, yəni “Mamedov” yazılması, doğum tarixinin isə faktiki doğulduğu 20 mart 1980-ci il yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə 23 aprel 2010-cu il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı iştirak edərək iddia tələbinə uyğun izahat vermişdir. İş üzrə qəbul olunmuş qətnamə 28 aprel 2010-cu il tarixdə X3 qəbzə imza etdirməklə təqdim olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. İddiaçı qətnamədən vaxtında apellyasiya şikayəti verə bilmədiyinin səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən və qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən buraxılması üçün üzürlü səbəb yoxdur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(037)-91/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar