Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-126/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus heyvanların həyətin yuxarı hissəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: heyvanların həyətin yuxarı hissəsinə köçürülməsi, yerli baxış, ekspertiza keçirilməsindən imtina) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1046/2021 saylı, 16 avqust 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun, keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 20 ildən artıqdır ki, Şəki rayonunun Orta Zəyzid kəndində cavabdehlə qonşuluqda yaşayır. Belə ki, cavabdehlə onun həyətini təxminən 8 metrlik kənd arası yol ayırır. Göstərmişdir ki, əvvəllər evlərinin yuxarı hissəsində məskunlaşma olmadığından qonşuları da olmamışdır. Lakin ötən il, hal-hazırda Baş Zəyzid kəndində qeydiyyatda olan, özü isə Orta Zəyzid kəndində yaşayan Cavabdeh evinin üst hissəsindəki əraziyə gəlmiş və burada mənzilinə ən yaxın məsafədə yerləşən altıaçıqda (navesdə) qoyun və keçi saxlayır. Cavabdeh kənddə başqa ərazidə yaşasa da, muzdla tutduğu ailə onun evinə yaxın yerdə yerləşən navesdə keçiqoyuna baxır. Əvvəllər keçilərin sayı az olduğundan, həm də payız-qış ayları olduğundan həmçinin hava isti olmadığından bir təhər dözmüşlər. Yazın gəlişi, istilərin artması və sürünün durmadan çoxalması ətrafı tamamilə korlamışdır. O, cavabdehə baş vermiş vəziyyət haqqında dəfələrlə xəbərdarlıq etmişdir. Cavabdeh isə bunun müvəqqəti olduğunu, may ayına qədər sürünü aparacağına söz vermişdir. Lakin cavabdeh, sözünə əməl etməmişdir. İndi vəziyyət elə olmuşdur ki, cavabdehin fəaliyyəti nəticəsində iyqoxudan nəfəs belə ala bilmirlər. Evin qapılarını açdıqda evə üfunət iyi dolur, divarlar, əşyalar üfunət qoxuyur. Anti-sanitariya təsvir ediləsi vəziyyətdə deyil. Keçdikləri yoldan, bəzən keçi leşi, dərisi və tükünü atmalı olurlar. Çivin-milçək tüğyan edir. Sabaha qədər üfunəti qəbul edib, küləyin istiqamətinin dəyişəcəyini gözləyirlər. Cavabdeh Mənzil Məcəlləsinin tələblərini aydın şəkildə pozur. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət etməklə həyata keçirilməlidir. Cavabdeh fəaliyyəti nəticəsində ona və ailə üzvlərinin səhhətinə ciddi ziyan vurulur. Cavabdehin imkanı vardır ki, həyətində saxladığı keçi-qoyunları həyətinin onun yaşayış evindən uzaqlaşdırsın, yeni tikdirdiyi binanın arxa hissəsinə köçürsün, indi istifadə etdiyi navesdən başqa məqsədlər üçün istifadə etsin. Əlavə olaraq göstərmişdir ki, cavabdeh sonradan evinə yaxın navesdə saxladığı keçiləri oradan çıxararaq özünə məxsus həyətin onun yaşadığı evdən aralı olan yuxarı hissəsinə köçürmüş, lakin həmin navesə qoyunları keçirmiş və hal-hazırda qoyunların da oradan çıxarılmasını istəyir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1046/2021 saylı, 16 avqust 2021-ci il tаrixli qətnaməsi ilə (sədrlik edən C.İmanov) İddiaçı Cavabdeh qarşı Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyunkeçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli çıxarışa əsasən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 198 nömrəli cavab məktubuna əsasən Şəki rayonu, Orta Zəyzid kənd sakinləri İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı müəsisələrinə heç bir ərizə, şikayət, məktub, məlumat daxil olmamışdır. Bu barədə tərəflərindən hadisə yerinə baxış keçirilməmiş, akt və protokol tərtib edilməmişdir. Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 28 nömrəli cavab məktuba əsasən Cavabdeh Baş Zəyzid kəndində daimi qeydiyyatdadır. Cavabdeh Orta Zəyzid kəndində Orta Zəyzid kənd sakimi İddiaçı qonşuluğunda olan torpaq sahəsində xırda buynuzlu mal-qara saxlamaqla məşğul olur. Cavabdeh məxsus olan təsərrüfatda ümumilikdə 150 başdan yuxarı keçi və qoyun vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; MM-nin 171-ci maddəsi Qonşunun qonşu təsirinə dözmək vəzifəsini müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüququ əhəmiyyətsiz dərəcədə də pozulmur. Belə ki, mübahisələndirilən ərazi kənd yeridir. Kənd yerində isə insanlar, qoyun, mal, keçi, toyuq-cücə, at, it və digər ev heyvanları saxlaya bilərlər. Məhkəmə araşdırması və yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh məxsus ərazidə heyvanların saxlanması hər hansı iy-qoxunun yaranmasına səbəb olmur və ola biləcək iy-qoxu və ya heyvan səsləri isə iddiaçının hüquqlarını daha əhəmiyyətli dərəcədə pozmur. Lakin gələcəkdə cavabdehin ərazisində daha acınacaqlı anti-sanitariya vəziyyətinin yaranması iddiaçının hüquqlarını daha əhəmiyyətli dərəcədə pozarsa belə olan halda iddiaçının məhkəməyə iddia qaldıra bilmək hüququnun olması, həmçinin cavabdehin belə hərəkətlərə yol verməsinin qanunazidd olması onlara izah edilməlidir. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh, Şəki rayonunun Baş Zəyzid kəndində qeydiyyatda olan, Şəki rayonunun Orta Zəyzid kəndində yaşayan Cavabdeh özünə məxsus qoyun-keçi sürüsü yatağının hazırda (indi) olduğu yerdən həyətin onun mənzilindən uzaq olan digər ərazisinə köçürməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2, 171.1, 171.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02.08.2021-ci il tarixdə saat 12 radələrində keçirilmiş baxışda cavabdehin qoyun-keçilərin sayı haqqında dedikləri reallığı əks etdirmirdi. Yanları açıq navesdə 1 il müddətində 200 başdan artıq qoyun-keçi sürüsü bəslənmişdi. İddiaçı müraciət etməkdə haqlıdır. Onun mülahizələri ərizə verilən tarixə, yəni 06.05.2021-ci ilə olan vəziyyətə hesablanıb. Cavabdehin izahatları isə 3 ay sonraya aiddir. İİ boyu olan vəziyyət qiymətləndirilməyib. Baxış zamanı məlum oldu ki, mübahisələndirilən torpaq sahəsinə və 1 il istifadə olunan navesə cavabdehin mülkiyyət hüququ belə olmamışdır. Cavabdehin istifadə etdiyi tövlə özbaşına tikintidir. Şikayət verilərkən o, bunu bilmirdi və bilmək imkanı olmamışdır. İddiaçının Mənzil hüququ, Konstitusiya hüquqları mütəmadi pozulmuşdur. Qətnamədə qeyd olunduğu kimi iddiaçının hüquqları əhəmiyyətsiz dərəcədə deyil, öz hüquqlarını həyata keçirməkdə əhəmiyyətli dərəcədə maneçilik yaranmışdır. Əsalandırılan hissədə guya "iddiaçıya ağır iy-qoxunun təsirindən söhbət gedə bilməz qənaəti" həqiqəti əks etdirmir. İşdə olan fotoşəkillərdən sübut kimi istifadə edilməmişdir. İddiaçı tərəfindən işə əlavə olunan və vəziyyəti düzgün əks etdirən sxemə əhəmiyyət verilməmişdir. İşdə lazımi materiallara istinad olunmayıb. Qapıda, demək olar, hər gün rastlaşdığı anti-sanitariya, milçək və həşaratların axını, yataq itlərinin açıq ərazidə (cavabdehin həyəti hasarlanmamışdır) qoyun-keçi leşlərini qapısına, həyətinə gətirməsi və s. İddia ərizəsi 06.05.2021-ci il tarixdə təqdim edilib. İki dəfə keçirilən baxış iclasında cavabdeh iştirak etməmişdir. İddiaçının qarşılaşdığı acınacaqlı vəziyyət məhkəməyə sübutlarla izah edilmişdir, rasional həll yolu tapmaq üçün ən sadə şəkildə, mümkün və imkan olan variantda iddia irəli sürülmüşdür: Cavabdeh 175 baş keçi və 80 baş qoyundan ibarət sürüsünü qonşunun mənzilindən həyətin bir qədər uzaq olan hissəsinə köçürsün, çünki oradan ağır iy-qox vurur. 3 aylıq araşdırmadan sonra məhkəmə belə qənaətə gəlib ki, 175 baş keçi, 80-ə yaxın qoyunu olan sürü yatağı saxlanılan yanları açıq tövlədən və hasarlanmamış həyətdən ətrafa heç bir iy-qoxu yayılmasından söhbət belə gedə bilməz. Hələ qanunların humanizmini bir kənara qoyub, sadə məntiqlə izah etmək mümkündür ki, bu səhv qənaətdir. Əslində, bu mübahisə mövzusu olmamalıdır və qəbul edilməlidir. Məgər qoyunlar hər gün çimizdirilir? 02.08.2021-ci il tarixdə saat 12 radələrində keçirilmiş baxış cavabdeh tətəfindən əsl şou idi, amma lazım imiş. Həyətdə müəyyən təmizlik işlərinin aparılması, itlərin başının zəncirlə bağlanması, ətrafı antisanitariyadan qurtarmaq cəhdləri boşa çıxmışdır. Əraziyə baxış zamanı cavabdehin mübahisələndirilən torpaq sahəsinə və 1 il istifadə etdiyi navesə (altıaçığa) mülkiyyət hüququnun olmaması faktı ortaya çıxdı. MM-nin 180.1-ci maddəsinə görə cavabdehin istifadə etdiyi yanları açıq tövlə özbaşına tikintidir. Həmin məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikinti mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Bu haqda onun məlumatı olmamışdı və ola da bilməzdi. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Göründüyü kimi cavabdeh hər il qanunsuz istifadə etdiyi torpaq sahəsində "qaşın üstə qara var" deyən olmayıb, indi isə ona "hüquqlar" yaradılır və müdafiə olunur. MM-nin 158-ci maddəsində mülkiyyətçi olmayan şəxslərin hüquqları göstərilmişdir. Bütün proses boyu buna əməl olunmuşdur. Onun əmlakına və hüquqlarına heç bir mənfi təsir olmamışdır. Amma Konstitusiya hüquqları hamısından üstündür. Qanunların humanistliyi də bunu tələb edir. Konstitusiyanın 27-ci (hər kəsin yaşamaq hüququ), Maddə 37 (hər kəsin istirahət hüququ), maddə 39 (hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ) və s. bunu bir daha sübut edir. Qətnamənin təsvir hissəsindən çıxan nəticə belədir: "Altıaçığın digər hissəsinin yanları açıq olmaqla içərisində təxminən 50-yə yaxın qoyunların olması müşahidə edilmişdir. Altıaçığın qarşı tərəfə 8m hissəsi isə qoyunlar üçün ağıl kimi istifadə edilməsi müəyyən edilmişdir." Çox gözəl nəticədir! Birbaşa onun iddiasının sübutu üçün əsasdır. İddiaçı məhkəməyə 06.05.2021-ci il tarixdə müraciət etmişdir, məhkəmənin əraziyə baxışı isə 02.08.2021 tarixdə aparılmışdır. Bir daha bəyan edir: 06.05.2021-ci il tarixdə navesin yanı açıq hissəsində 175 baş keçi və 80 baş qoyun bəslənilirdi! Üfunət, qoxu da məhz bu hissədən və onlar üçün düzəldilmiş ağıldan (pəyədən) yayılırdı. Məhkəmə baxışı zamanı vəziyyət qənaətləndirici idisə, nə üçün möhtərəm məhkəmə cavabdehin dilindən iltizam alıb tərəfləri barışdırmadı? Cavabdehin izahatında qeyd olunur ki, cavabdeh əvvəllər keçiləri də qoyunları saxladığı yerdə saxlasa da son zamanlar keçiləri təsərrüfatın baş hissəsində yerləşən tövləyə yerləşdirmişdir. Gələcəkdə qoyunları da keçilərin yerləşdiyi tövləyə köçürəcəkdir. İddiaçının tələbi ilə bu ifadə necə də həmahəng səslənir! Məhkəmənin vəzifəsi bu işi yekunlaşdırıb barışıqla bitirməli idi. Aparılan 5 iclasın hamısında iddiaçının yekun sözü bu olub ki, qoyunları da köçürürsə o, iddiasını geri götürür. Göründüyü kimi izahatla nəticə uyğun gəlmir! Əgər belədirsə, məhkəmə belə sadəlövh izahatla necə kifayətlənə bilər ki, "keçiləri uzaqlaşdırmışam,qoyunları da gələcəkdə uzaqlaşdıracağam". Burada bir qaranlıq məqam vardır. Əsaslı şübhələr meydana çıxır ki, cavabdeh izahatında qeyd etdiyi kimi qoyunları keçilər olan yerə deyil, əksinə keçiləri qoyunlar olan yerə qaytarmaq istəyir. Bunun üçün "hüquqi baza" hazırlayır. Başlanğıcda keçilərin sayı 15 idi. İddiaçının ərizə verdiyi tarixə 175 keçi sayı vardır. İndi qoyunların sayı 50-dir. Bu "layihədən" sonra kim zəmanət verə bilər ki, onların sayı 500 olmayacaq? Bu gün apellyasiya ərizəsi verilən tarixə vəziyyət qətiyyən dəyişməyib, əks təqdirdə navesin kənarları bağlanardı, ərazi hasarlanardı və pəyələr sökülərdi. Cavabdeh MPM-nin 233.3cü maddəsinin tətbiqinə çalışır. Qətnamənin təsvir hissəsi həqiqətə adekvat deyil. Baxışdan sonra iddiaçı hakimlə birlikdə sxem hazrladılar. Sxemin protokola əlavə edilməsi xahiş edilmişdir. 02.08.2021-ci il tarixə qanunsuz istifadə edilən naves və torpaq sahəsi niyə görünmədi? Qətnamədə qeyd olunur ki, mübahisələndirilən ərazi kənd yeridir. Kənd yerlərində isə insanlar qoyun, mal, keçi, toyuq-cücə və digər ev heyvanları saxlaya bilər. İfadə çox doğrudur! Bütün qonşuları saxlayırlar və bir-birinin təsirlərinə dözürlər. Amma heç bir kənd sakini özü 2 km məsafədə yaşayıb digərinin qapısına yaxın 200-dən artıq qoyun-keçisi olan sürünü səraitsiz saxlamır. İctimai yerdə bu yolverilməzdir, buna xüsusi şərait yaradılmalıdır. Əsaslandırılan hissədə qeyd olunan MM-nin 170.1,170.2, 171.1 və 171.2 maddələri qonşuluq münasibətlərini tənzimləyən qanunlardır. Məhkəmə əsaslandırır ki, bu maddələrə görə iddia təmin edilməməlidir. MM-nin 170.2 maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq vəzifələrdən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Hörmətsizlik edən tərəf hansıdır? Qadağaya məhəl qoymayan kimdir? MM-nin 171.1, 171.2-ci maddələri mövcud vəziyyətdə ona şamil edilə bilməz, ona görə ki, iddiaçının tələbində qeyd olunduğu kimi söhbət dözülməz təsirdən gedir: axı onun hüquqları əhəmiyyətli dərəcədə pozulur, öz sahəsində istifadə etməkdə maneçilik yaranır. Bunlar aşağıdakılardır: -Mənzili qonşudan aşağıda-çökəkdə yerləşir. Bütün ağır qoxular yanı açıq tövlədən emulsiya şəklində həyətinə və evinə çökür. Nəfəs ala bilmirlər. Evin giriş hissəsində nəfis şəkildə besedka düzəldiblər. Diskomfort hissi istirahətlərini pozur. Allergiyası var. Artıq üz və boyun nayihəsində ifadəli görünür. Müalicə üçün getmişdir. Səhhətinə ciddi ziyan vurulur. Ələlxüsus axşamlar evin qapı və pəncərələrini aça bilmirlər. Ev yelçəkən olmadığına görə qoxu otağa daxil olur, çıxara bilmirlər. Ev əşyalarına iy qoxu çökür. Süfrə açarkən milçək və həşaratların axını olur. Hamısı qoyun və keçilərin belində gəlir. Axşamlar başı açıq yataq itləri aqresivləşirlər. Qapısında yaranan anti-sanitariya, itlərin qoyun-keçi leşlərini qapısına, həyətinə gətirməsi. Bu siyahını artırmaq olar. Bütün bunlar onun Konstitusiya ilə təsbit olunmuş hüquqlarına zidd deyilmi? Məhkəməyə iddia ərizəsini 06.05.2021-ci il tarixdə təqdim etmişdir. Qətnaməni 16.08.2021-ci ildə almışdır. 3 ay 10 gün çəkən məhkəmə iclaslarında cavabdeh 1-ci və 2-ci iclaslara gəlmədi. MPM-nin 172.1 maddəsinə əsasən belə işlərdə 3 aydan gec olmamaqla qətnamə çıxarılmalıdır. Vaxtın uzanmasına iradı yoxdur, bu möhtərəm hakimin səlahiyyətindədir. Statistikada belə məsələlər tez həll olunduğunu görmək olar. O, öz təcrübəsində, X3 çox rast gəlmişdir. Bəzən qəsəbəyə qoyun-keçi yatağı gətirmək cəhdi olurdu. İşə humanizm nöqteyi-nəzərindən yanaşıb qısa müddətdə yatağı qəsəbədən uzaqlaşdırırdı. İndi özüm eyni vəziyyətlə rastlaşmışdır. Həlli tapılmırki, tapılmır. Məhkəmə cavabdehin sahibkarlıq fəaliyyətini də qiymətləndirməli idi. Belə fərz olunur ki, sahibkarın fəaliyyəti bu məhkəmənin aidiyyətində deyildir? MPM-nin 31.2-ci maddəsinə əsasən icraata qəbul edilən iş sonradan başqa məhkəməyə aid olsa da mahiyyəti üzrə həmin məhkəmədə həll olunmalıdır. Qətnamədə elə bir maddə tapa bilməmişdir ki, cavabdehin hərəkətlərinə bərait qazandırsın. Məhkəmə sorğusu zamanı ƏMDK yanında DƏDRX tərəfindən cavabdehin adına verilmiş 0,09 ha torpaq sahəsi onların mübahisələrinə heç bir aidiyyəti yoxdur, mübahisələndirilən sahəyə isə o, çıxarış verə bilməz. Şəki Gigiyena və Epidemilogiya Mərkəzinin verdiyi cavab heç nəyi sübut etmir. Əgər onların rəyi vacib idisə möhtərəm məhkəmə sorğu verə bilərdi ki, 200 başdan artıq qoyun-keçi bəslənən yanı açıq tövlədən və hasarlanmamış həyətdən qonşuya ağır iy-qox vurar, ya yox? X1 verdiyi arayış da cavabdehin ərazidə sürü saxladığını təsdiq edir. Bu məlumatların iddianın təmin edilməməsi üçün heç bir qüvvəsi yoxdur. Ailəsi və o, qapının yanında yaradılan qoyun-keçi yatağından çox əziyyət çəkirlər. Elə əraziyə baxışın sabahı günü 2 ədəd qoyun leşini əraziyə tullamışdılar. Cavabdehi çağırıb göstərmişdir. Daha bir gün sonra yataq itlərindən birisi ölmüşdür. Sabaha kimi leş iyindən yata bilməmişlər. Vəziyyət kritikdir. Cavabdehi həyəti hasarlanmayıb, qoyun saxlanan tövlənin yanları açıqdır. Cavabdeh, əgər qanunlarına məhəl qoymasa birgə yaşayış qaydalarına əməl etməsə, ərazini anti-sanitariya vəziyyətinə gətirməkdə davam etsə, gələcəkdə buranın aqibəti necə olar? Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 2(075)-1046/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olan, özü Şəki rayonu Orta Zəyzid kəndində yaşayan Cavabdeh ərazidə (qanuni mülkiyyət hüquqlu, ağır iy-qox yaratmayan,lazimi şərait yaradılacaq tövlələr istisna olmaqla) özünə məxsus qoyun-keçi sürüsü yatağının, qonşusu İddiaçı mənzilinə yaxın, 1 ildən artıq istifadə etdiyi özbaşına tikinti olan altıaçığa (navesə) qaytarılması, artırılması və orada bəslənilməsinin qadağan olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1046/2021 saylı, 16 avqust 2021-ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi Şəki Rayon Məhkəməsinin 2(075)-1046/2021 saylı,16 avqust 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(075)-1046/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(075)-1046/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş 119,6 kv. metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 28 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Baş Zəyzid kəndində daimi qeydiyyatdadır. Cavabdeh Orta Zəyzid kəndində Orta Zəyzid kənd sakini İddiaçı qonşuluğunda olan torpaq sahəsində xırda buynuzlu mal-qara saxlamaqla məşğul olur. Cavabdeh məxsus olan təsərrüfatda ümumilikdə 150 başdan yuxarı keçi və qoyun vardır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, cavabdehin saxladığı qoyun keçi yatağı onun rahat yaşamasına maneə törədir, evinin ətrafında antisanitariya yaradır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizələri əsaslanır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı və cavabdeh məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında kollegiya tərəfindən iddiaçıya Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini izah etmiş və iddiaçıya məhkəmənin Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab etmə hüququnun olduğunu bildirmişdir. Lakin iddiaçı tərəf maddi imkanının olmaması səbəbilə ekspertiza xərcini ödəməkdən imtina etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 198 nömrəli cavab məktubuna əsasən Şəki rayonu, Orta Zəyzid kənd sakinləri İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı müəssisələrinə heç bir ərizə, şikayət, məktub, məlumat daxil olmamışdır. Bu barədə tərəflərindən hadisə yerinə baxış keçirilməmiş, akt və protokol tərtib edilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən iddia tələbini təsdiq edərək belə bir sübut olmadığından iddia təmin edilə bilməz. Yəni apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(075)-1046/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(075)-1046/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-126/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-126/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver