Məhkəmə qərarları › İş №2(107)-126/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-126/2024

17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-126/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ziyan tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı AĞASƏF” Fərdi Şirkətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsindən iddiaçı AĞASƏF” Fərdi Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı mülkiyyətində olan Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomaşının təmirə ehtiyacı olduğundan, həmin avtomaşını təmir edilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təhvil vermişdir. İddiaçı keyfiyyətsiz təmir nəticəsində maşının digər ehtiyyat hissələrinin yararsız hala düşməsini və nəticədə ona 3474 manat məbləğində maddi zərər dəydiyini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3474 manat ziyanın və 55 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobil təmiri sexində usta işləyirlər. 2022-ci ilin iyul ayında İddiaçı mülkiyyətində olan Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomaşının təmirə ehtiyacı olduğundan, həmin avtomaşını təmir edilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təhvil vermişdir. Cavabdehlər avtomaşında təkər topunu bağlayarkən, topun qaykası düz bağlanmamış, qayka çəplənmişdir. Cavabdehlər tərəfindən həmin avtomaşında təkər topunun qaykasının çəp bağlanması, avtomaşında digər ehtiyyat hissələrinin yararsız hala düşməsinə səbəb olmuşdur. Avtomaşında arxa körpü əyilmiş, yararsız hala düşmüş və nəticədə 3474 manat məbləğində maddi zərər dəymişdir. Bu barədə rayon Polis Şöbəsinə rəsmi müraciət olunmuşdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göyçay rayon Polis Şöbəsində izahatları alınmış, onlar avtomaşında arxa körpü əyilməsini, yararsız hala düşməsini və nəticədə 3474 manat məbləğində maddi zərər vurulmasını etiraf etsələr də, vurulmuş zərərin əvəzini ödəməmişlər.

4. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, Cavabdeh1 ilə birlikdə işləmir, İbad Göyçay Rayon İcra Hakimiyyətinin nəzdində olan Tikinti və Abadlıq İdarəsində fəhlə vəzifəsində işləyir. Cavabdeh1la Göyçay Rayon Polis Şöbəsində izahat verərkən avtomobilin yararsız hala düşməsinin məhz “qaykanın çəp bağlanması” və bu səbəbdən maddi zərər vurulması kimi etirafedici fikir yazmamışlar. Avtomobildə topdan əlavə körpünün əyri olması kimi ciddi nasazlıq olub, məhz bu səbəbdən qəza olması ehtimalının yüksək olmasını bildirmişlər. Təmir etdiyi hissə isə yalnız avtomobilin arxa topunun diyircəyinin dəyişdirilməsi işi olmuş, işini bitirdikdən sonra topu lazımı qaydada sıxmaqla bağlamışdır. Qaykanın əyri bağlanması fikri isə olduqca absurd və əsassız iddiadır. Belə ki, Hyundai HD 72 markalı xarici avtomobilin keyfyyəti elə səviyyədə olur ki, hər hansı usta məqsədli şəkildə “qaykanı çəp bağlamaq” istəsə belə, bu mümkünsüz olacaqdır. Yararsız vəziyyətə salınması iddia edilən Hyundai HD 72 markalı ** AC *** markalı avtomobilə 15 ildir ki, müxtəlif vaxtlarda çilingər texniki xidməti göstərmişdir. Son dəfə avtomobil onun sexinə gətirildikdə həmin avtomobilin arxa topunun nasaz olduğunu sürücü ona bildirmişdir. Hətta ona bildirmişdir ki, başqa təmir sexlərində 2- ci dəfədir təmir olunur, yenə də avtomobil normal işləmir. Sürücünün dediyinə görə həmin gün avtomobilin arxa topu Bakıda təmir olunsa da, Göyçay rayonuna qayıtdıqda top yolda tamamilə kilidlənib, rayonun Qızılağac ərazisində isə tamamilə sıradan çıxıb. Qızılağac kəndinə gedərək avtomobilin arxa topuna müvəqqəti diyircək qoymuş ki, gedib yüklərini boşaldıb sonra işlədiyi təmir sexinə gətirsinlər. Avtomobildə olan nasazlığa görə 1 gün sonra yanına Elbrus adlı sürücü gələrək avtomobilin təmir olunmasını ona həvalə etmişdir. Avtomobili zəruri qaydada təmir edərək sonradan yoxlamışdır. Həmin vaxt heç bir nasazlıq olmamışdır. Ertəsi gün Elbrus ona zəng edərək topda qızma olduğunu bildirmişdir. Ona məsləhət görmüşdür ki, ola bilsin ki, avtomobildə başqa bir problem var. Ona arxa körpüdə problem ola biləcəyini bildirmişdir. Buna baxmayaraq sürücü avtomobili hansısa texniki xidmətə aparmaq əvəzinə işi ilə əlaqədar avtomobili idaretməyə davam etmişdir. Nəticədə də avtomobilin arxa tərəfi dağılmış, avtomobilə ziyan vurulmuşdur. Hyundai HD 72 markalı avtomobil 3500 kq yük tutumlu yük avtomobili olsa da, həmin avtomobil daima 11 000 kq daşdan olan tikinti materialları ilə yüklənmiş olurdu. Avtomobilin belə bir yük qarşısında saz vəziyyətdə olması, hec cürə inandırıcı ola bilməz.

5. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, DOST iş mərkəzində sosial işçidir. 2022-ci ilin iyul ayında Cavabdeh2 işlədiyi avtomobil təmiri sexində X4 məxsus avtomobilin təmir edilməsində Cavabdeh2 köməklik etmişdir. Həmin avtomobilin arxa topunun diyircəyini dəyişdirmiş, topu sıxmış və avtomobili təhvil vermişlər. Avtomobildə başqa heç bir iş görməmiş, təmir etməmişlər.

6. Şahid qismində X5 dindirilmiş və göstərmişdir ki, İddiaçındə sürücü vəzifəsində çalışır. Həmin şirkətə məxsus Hyundai HD 72 avtomobilin təmiri üçün Cavabdeh2 məxsus avtomobil təmiri sexinə vermiş, daha sonra İlham lazım olan avtomobilin təmiri üçün lazım olan mallarıın siyahısın yazıb vermiş, Bakı şəhərində yerləşən Hyundai servisdən lazım malları almışdır. Bir neçə gün sonra avtomobili götürərkən Cavabdeh2 avtomobilin təkərinin qaykasını təmir etdiyi bildirmişdir. Daha sonra avtomobilin təkərinin topu yolda qızmış, Mahir Əliyevlə birlikdə avtomobili Bakı şəhərində yerləşən hyundai servisə aparmışdır. Servisdə məlum olmuşdur ki, avtomobilin təkərinin qaykası düzgün bağlanmamışdır.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin arxa topuna cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

8. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı AĞASƏF” Fərdi Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair iddiası rədd edilməlidir.

9. Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddiaçı AĞASƏF” Fərdi Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3474 manat ziyanın və 55 manat dövlət rüsumun alınmasına dair iddiasının rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X1 Reyestrindən çıxarış xx.xx.2022-ci il tarixli ödəniş qəbzi Ağasəf Fərdi şirkətinin müdiri X6, sürücü X5, Auto Azərbaycan şirkətinin Hökməli bölməsinin ustası X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt xx.xx.2022-ci il tarixli ödəniş qəbzi

12. Qətnаmədən nаrаzı qаlаn iddiaçı AĞASƏF” Fərdi Şirkəti аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı AĞASƏF” Fərdi Şirkəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən ziyanın cavabdehlərin hərəkəti nəticəsində vurulmasını cavabdehlərin polis idarəsində verdikləri izahatları və iddiaçı tərəfindən məhkəməyə dəvət olunan lakin məhkəmə tərəfindən məhkəmədə izahatı alınmayan şahidlər təsdiq edir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehlərin polis idarəsində verdikləri izahatları səhv təfsir edərək həmin izahatların məzmununu iddianın əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirmişdir.

14. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)- 252/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı AĞASƏF” Fərdi Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Qərarlar: «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrı Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan cavabdehlərin Göyçay Rayon Polis Şöbəsinə verdikləri izahatlarda mübahisəli avtomobilə dəymiş zərərin cavabdehlərin təqsiri ilə baş verdiyini sübut edən heç bir hala rast gəlinmir. Belə ki, hər iki cavabdehin izahatlarında Cavabdeh1 mübahisəli avtomobili təmir etmədiyi bildirilmişdir. Cavabdeh2 mübahisəli avtomobili təmir etdiyini etiraf etsə də, maşının təmiri zamanı “qayka” detalının dəyişilməli olduğunu X4 bildirdiyini, lakin sonuncu tərəfindən yeni qayka alınmadığını, nəticədə yenidən köhnə “qayka”nı istifadə etdiyini və bu halı da X4 bildirdiyini göstərmişdir. O cümlədən, işini düzgün gördüyünü və maşında yaranan hər hansı yeni problemin onun təqsiri olmadığını əlavə etmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi izahatlarda maşına dəyən zərərin cavabdehlərin təqsiri olduğu etiraf edilmir. İddiaçı isə iddiasını sübut edəcək başqa hər hansı dəlil təqdim etməmişdir. Ağasəf Fərdi şirkətinin müdiri X6, sürücü X5, Auto Azərbaycan şirkətinin Hökməli bölməsinin ustası X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilənlər isə baş vermiş qüsurların cavabdehlərin təqsiri üzündən olmasını təsdiq etmir. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı AĞASƏF” Fərdi Şirkəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(046)-252/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar