Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1281/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(033)-239/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140 manat maddi ziyan, 150 manat sağlamlığına vurulmuş ziyan və ödədiyi 20 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(033)-239/2021 nömrəli(hakim T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiasının rədd edilməsi, 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Göyəm kəndində yerləşən evini 02 avqust 2020-ci il tarixdə Faldar kənd sakini Cavabdeh kirayə yaşamaq üçün vermişdir. Avqust ayı 80 manat, sentyabr ayı 80 manat, oktyabr ayını 100 manata danışıb razılaşmışlar. 2 ay normal yaşadıqdan sonra oktyabr ayında cavabdeh tərəf oğurluq etməyə. Motor gətirib bağdan odun doğramış, üzümdən çaxır çəkmiş, hamamın su xəttini, soyuducunu, su motorunu, mexaniki paltaryuyan maşını qəsdən xarab etmişdir. 3 ədəd akasiya dirəyini oğurlamışdır. Ona 140 manat maddi ziyan vurmuşdur. 26 noyabr 2020-ci il tarixdə cavabdeh içkili vəziyyətdə ona dəfələrlə zəng edib, ədəbsiz söyüşlər söyərək ona hədə-qorxu gəlmişdir. Məcbur olub telefonunu bağlamışdır. Çünki həyat yoldaşı birinci qrup gözdən əlildir. Cavabdehin verdiyi acıqdan, əsəbdən xəstəlik tapmışdır. 150 manat müalicəsinə pul vermişdir. Beləliklə ona dəymiş ziyan 50 manat kirayə haqqı, 20 manat üzümdən çaxır çəkib 15 litr, 15 manat hamamın düzəldilməsinə vermişdir. 15 manat akasiya dirəyi, 10 manat paltaryuyan maşını düzəltmək, 25 manat soyuducunu düzəltmək və 5 manat su motorunun düzəldilməsinə vermişdir. Cavabdeh ona 140 manat maddi ziyan və 150 manat sağlamlığına ziyan vurmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə mülki işi tam araşdırmamışdır və düzgün nəticəyə gəlməmişdir. Məhkəmədə Cavabdeh danışdıqları tam yalandır . Məhkəmə cavabdehdən hadisənin düzünü danışmağı ciddi tələb etmədiyi üçün, cavabdeh də öz ifadəsində yalan ifadələrdən istifadə etmişdir. Həmçinin cavabdeh məhkəmədə çaxır çəkməsini və dostundan mator götürüb odunu doğradığı və yandırdığını demişdir. Lakin bu ifadələr qətnamədə göstərilməyib. Bundan əlavə şahid qismində dindirilmiş cavabdehin həyat yoldaşı X2 da yalan danışır. Hər ikisi yaxın qohum ər-arvad olduqlarına görə onlar ifadələri eynilik təşkil edir və cavabdehi-ərini müdafiə xarakterlidir. Bundan əlavə məhkəmədə soyuducu ustasına -X1 kimin tərəfindən sındırılması barədə sual verilməyib və şahid də bu suala cavab verməmişdir. Lakin məhkəmə qətnamədə həmin şahidin adından ifadə göstərilmişdir ki, şahid-Aydın Osmanov soyuducunun kimin tərəfindən sındırılması barədə məlumatı yoxdur. Bundan sonra onun məhkəmədə şahid kimi gətirdiyi Zaman Babayev ümumiyyətlə dindirilməyib. O, həmin şahidin də dindirilməsini tələb və təkid etdikdə hakim bir şahidin bəs olduğunu demişdir. o, iddia ərizəsinə cavabdehin qanunsuz hərəkətləri barədə polis orqanına müraciət etdiyi müraciətin cavabını və öz səhhəti ilə bağlı həkim reseptlərini əlavə etmişdir. Məhkəmə işə baxılan zaman onun polis orqanına etdiyi müraciət ilə əlaqədar sənədləri də polis şöbəsindən tələb edərək götürmüş lakin həmin sənədlərə istinad etməmişdir. Məhkəmə işi araşdırmaq əvəzinə qətnamədə göstərir ki, heç bir sübut təqdim etməmişdir. Onun həyatyoldaşı 1-ci qrup gözdən əlil olduğuna görə daim onun qulluğuna ehtiyac olduğu üçün, o, həmin evi nəzarətdə saxlaya bilmir. Cavabdeh də bundan öz maraqları üçün istifadə etmiş və nəticədə ona ziyan vurmuşdur. O, özü də 2-ci qrup əlildir. Hesab edir ki, məhkəmə işi tam araşdırmadan yekun nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Zaqatala rayon Məhkəməsinin 2(033)-239/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh 3 ay onun evində kirayədə qalmışdır. Əvvəlcədən olunmuş qarşılıqlı razılığa görə cavabdeh birinci iki ay 80 manat, üçüncü ay isə 100 manat ödəməli idi. Lakin cavabdeh 2 ay 80 manatdan ödəniş etsə də, üçüncü ayın sonu ona cəmi 50 manat pul ödəmişdir. Səbəbini soruşduqda isə imkanının olmadığını bildirmişdir. Bundan əlavə cavabdeh kirayə yaşadığı vaxt ona məxsus olan soyuducunu, paltaryuyan maşını xarab etmiş, həyətindəki odunları doğrayaraq işlətmişdir. Bütün bunların nəticəsində ona xeyli məbləğdə maddi ziyan dəymişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıya məxsus olan evdə 3 ay kirayədə yaşamışdır. Razılığa görə birinci iki ay 80 manat, üçüncü ay isə 100 manat ödəməli idi. İki ay ödəniş etsə də, sonuncu ay maddi imkanın yaxşı olmadığını iddiaçıya bildirmiş və 50 manat pul ödəmişdir. Kirayə yaşadığı dövrdə heç bir avadanlığı xarab etməmişdir. Sadəcə iddiaçı ondan qərəzli olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(033)-239/2021 nömrəli qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə (kirayə müqaviləsi) hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götür 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olmaqla, qətnamənin qismən ləğv və iddianın qismən təmin olunması üçün əsaslıdır. Belə ki, məhkəmə kollegiytasının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus olan yaşayış evini üç ay müddətinə cavabdehin kirayəsinə vermiş, cavabdeh də ailəsi ilə birlikdə ardıcıl olaraq həmin evdə 3 ay kirayədə yaşamışdır. Tərəflərin qarşılıqlı razılığına görə cavabdeh birinci iki ay 80 manat, üçüncü ay isə 100 manat kirayə haqqı ödəməli idi. Lakin tərəflərin izahatından, eləcə də cavabdehin etirafından müəyyən edilir ki, cavabdeh birinci iki ayı üçün 80 manat ödəniş etsə də, üçüncü ay maddi imkanının olmaması səbəbi ilə iddiaçıya 50 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi üçüncü ay üçün lazımınca icra etməmiş, iddiaçı da bunun müqabilində ehtimal edilən qazancından məhrum edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apelyasiya şikayətinin dəlillərini bu hissədə, yəni kirayə haqqı üçün ödənilməmiş 50 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində əsaslı hesab etmək olar. Apellyasiya şikayətinin digər dəlillərinə tənqidi yanaşaraq kollegiya qeyd edir ki, şikayətin bu dəlilləri əsassız olmaqla, formal mülahizələrdən ibarətdir. Çünki məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, dəlillərini öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsümü da ödənilmiş tələbin məbləğinə münasib bölünməlidir. Yəni ödənilmiş 20 manat dövlət rüsumunun 3.40 manatı cavabdehə qalan hissəsi isə iddiaçıya adi edilməlidir (50x20/290=3.44). q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(033)-239/2021 nömrəli qətnaməsi qismən - “ödənilməmiş 50 manat kirayə haqqının təmin edilməməsi” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətanmə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilsin. Cavabdeh 50 (əlli) manat kirayə haqqı və 3 manat 40 qəpik dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1281/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1281/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver