Məhkəmə qərarları › İş №2(107)-1306/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1306/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1306/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi, avtomobilə dəymiş zərər) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)-231/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh idarə etdiyi Vaz 2105 markalı ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə zamanı, sürücü İddiaçı məxsus «Toyota Corolla» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan “Toyota Corolla” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1938 (bir min doqquz yüz otuz səkkiz) manat maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 39.38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun cəmi 1977.38 (bir min doqquz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat pul məbləğinin cavabdeh Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 noyabr 2023-cü il tarixdə saat 15:20 radələrində Zaqatala rayonu Yuxarı Tala kənd sakini Cavabdeh idarə etdiyi avtomobilə etibarnamə və sığorta olmadan VAZ2105 markalı avtomobillə üzü Zaqatala şəhəri Muğanlı dairəsi istiqamətində hərəkət etmiş, sonradan Eroil yanacaqdoldurma məntəqəsinin yanında əks yolda hərəkət istiqamətində idarə etdiyi Toyota corolla 99DT303 dövlət qeydiyyat nişanlı avtomobilinə xəsarət yetirmişdir. Nəticədə idarə etdiyi avtomobilə 1938 manat maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar DYP idarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə üzrə müvafiq araşdırma aparmış və Cavabdeh barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Cavabdehə dəymiş zərərin ödənilməsinə dair dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh dəymiş zərərin əvəzini ödəməkdən boyun qaçırdığı və mülki məsuliyyətdən yayındığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə əlavə olunan “Avtomobillərə texniki xidmət sexi”-dən götürülmüş zərər aktından görünür ki, avtomobilinə dəymiş zərər 1938 manatdır.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi Vaz 2105 markalı ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə zamanı, sürücü İddiaçı məxsus «Toyota Corolla» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtomobillərə Texniki Xidmət Sexi” X3 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktına əsasən “Toyota Corolla” markalı ** DT *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 1938 manat zərər dəydiyi müəyyən edilmiş və iddiaçı qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli ekspert rəyi ilə “Toyota Corolla” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1625,00 manat müəyyən edilmişdir.

5. Cavabdeh məhkəmə iclasında özünün təqsirli olmadığını, dəymiş ziyanın daha aşağı məbləğ olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

6. Məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Həmin zərər iddiaçı tərəfindən 1938 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, iddia ekspert rəyində göstərilən həcmdə təmin edilməlidir.

7. Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)-231/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh 1625 (bir min altı yüz iyirmi beş) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh 36,25 (otuz altı manat iyirmi beş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, 3,13 (üç manat on üç qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********)qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Zaqatala rayonu “Avtomobillərə Texniki Xidmət Sexi” X3 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktı AC seriyalı 207838 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli ekspert rəyi

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki,“o, avtoservisdə maşın ustası işləyir və avtomaşının müəyyən yerləri onun yanında təmir olunub. Avtomaşının banperini dəyişib və qabağ qanadı düzəldib. Banper təzə olmayıb, başqa avtomobilin üzərindən çıxan banper olub, 300-400 manat olan banperin qiyməti. Ekspert rəyində qeyd edilən 350 manat qiymət realdır. Qabaq sol qanadı döyüb rəngləyib və onun üçün 250 və 300 manat pul alıb təxmini. Qabaq faraya su vuran mator dəyişilib və onun qiymətini bilmir. Digər işlər onların profilaktoriyada olmayıb, lakin avtomobildə digər işlər də aparılıb. Sol qanadaltını da o dəyişib. Avtomaşın üzərində rəngsaz vəelektrik işləri də görülüb.” Zaqatala rayonu “Avtomobillərə Texniki Xidmət Sexi” X3 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktında qeyd olunan bir çox işlər görülməmiş və detallara isə zərər dəyməmiş, dəyişdirilməmişdir. Göründüyü kimi, avtomobil Şahid tərəfindən təmir olunmasına və təmir olunan detallar məlum olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli ekspert rəyini əsas götürməklə hazırda mübahisələndirilən qətnaməsini qəbul etmişdir. İşdə olan sübutlardan müəyyən olunur ki, İddiaçı məxsus avtomobilə dəymiş ziyan maksimum 700-800 manat aralığındadır.

12. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)- 231/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunması, CavabdehRəsul oğlundan 700 (yeddi yüz) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasına səhhətilə əlaqədar gələ bilmədiyindən işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)- 231/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın qismən – 700 manat dəyərnidə təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş 925 manata aid hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş 925 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, Cavabdeh idarə etdiyi Vaz 2105 markalı ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və barəsində xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə zamanı, sürücü İddiaçı məxsus «Toyota Corolla» markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin istinad etdiyi şahid ifadəsində maşında aparılmış bəzi təmir işləri və onların qiymətləri qeyd edilmiş, bəzilərinin qiymətləri göstərilməmiş, həmçinin həmin şahidin - Şahid bilmədiyi başqa təmirlərin də edildiyi bildirilmişdir. Cavabdehin istinad etdiyi “Avtomobillərə Texniki Xidmət Sexi” X3 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktında avtomobilə dəymiş zərərin qiyməti 1938 manat göstərilmişdir. Cavabdeh həmin aktda göstərilən bəzi işlərin görülmədiyini iddia etsə də, bu halı təsdiq edəöəcək hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli ekspert rəyində isə avtomobilin təmir bəarpa xərci qeyd edilən aktdan göstəriləndən daha az – 1625 manat müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də həmin qiyməti əsas götürərək qətnamə qəbul etmişdir. Cavabdeh avtomobilə dəymiş zərərin 700-800 manat aralığında olduğunu iddia etsə də, iş materiallarında bu qiymətin inandırıcı olduğunu göstərəcək heç bir sübut mövcud olmadığı kimi, cavabdeh də dediklərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

21. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş 925 manata aid hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş 925 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)-231/2024 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş 925 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(033)-231/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş 925 manata aid mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar