Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-131/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi və icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin ödənilməsi, icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi və icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(037)-614/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli 47 nömrəli qərarına əsasən İsmayıllı rayonun Buynuz kəndi ərazisindən 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi JN 0062 KOD 40727048 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı, X5 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 1250 kv.metr hissəsinin cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialı tərəfindən qanunsuz və icazəsiz zəbt edildiyi, habelə iddiaçı ilə icarə müqaviləsi bağlanmadan həmin ərazidə internet xətti üçün kabel çəkildiyi iddia edilir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı (bundan sonra "xxxx" MMC-nin İsmayıllı filialı) və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC və Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsi və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının qanuni mülkiyyətində olan, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,91 hektar əkin torpaq sahəsinin 1250 kv.metr hissəsi cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialı tərəfindən qanunsuz və icazəsiz zəbt edilərək, habelə iddiaçı ilə icarə müqaviləsi bağlanmadan həmin ərazidə internet xətti üçün kabel çəkilmişdir. İddiaçı bu barədə hər iki təşkilata şifahi və rəsmi qaydada zərərin ödənilməsi və icarə müqaviləsi bağlanmasını bildirməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh "xxxx" MMC-nin İsmayıllı filialı tərəfindən iddiaçının rəsmi müraciətinə cavab olaraq qanunsuz çəkilmiş kabel xəttinin Azercell Telekom" MMC-yə məxsus olması, kabelin qazılaraq qoyulması onlar tərəfindən deyil, "xxxx" MMC tərəfindən icra edildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilmişdir. Bundan başqa iddiaçı zərərin ödənilməsi və icarə müqaviləsinin bağlanması tələbi ilə cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada müraciət etsə də müraciətinə heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialını "xxxx" MMC ilə əvəz edilməsini istəmir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 5000 manat məbləğində maddi zərər çəkməklə yanaşı qanuni mülkiyyətindən məhrum olmuşdur. İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsini və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu Buynuz kəndində Fiber Optik kabelin quraşdırılması işi planlaşdırılmış və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla müvafiq müqavilə bağlanmaq şərti ilə quraşdırılmışdır. İddiaçının qeyd etdiyi kabel xəttinin quraşdırılması üçün həmin ünvanda Fiber Optik kabel çəkiliş işlərini "xxxx" MMC həyata keçirmişdir. Həmin kabel xətti iddiaçının torpaq sahəsindən deyil, X6 mülkiyyətindən dirəklər üzərindən çəkilmişdir. Cavabdeh1 MMC ilə Rəşid Həsənov arasında 20 sentyabr 2011-ci il tarixində 2011-0896 saylı birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC Rəşid Həsənovun mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən xüsusi torpaq sahəsində radio-baza stansiyasının qurulması üçün qeyd edilən torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçıya məxsus torpaq sahəsində heç bir kabel xətti çəkilməmişdir. İcazələrin və texniki şərtlərin alınması müqavilə öhdəliyi olaraq Cavabdeh1 MMC ilə müqavilə bağlayan "xxxx" MMC-nin üzərinə düşdüyü üçün xidməti həyata keçirən "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edir. 2018-0758 saylı 14 dekabr 2018-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə görə müxtəlif təmir-quraşdırma işlərin icrası ilə bağlı "xxxx" MMC öhdəlik götürmüşdür. Həmin Müqavilənin 4.1.7 bəndinə əsasən işlərin görülməsi və tapşırıqların icrası zamanı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan əməyin mühafizəsi, texniki təhlükəsiszlik, tikinti, ətraf mühitin mühafizəsi və digər müvafiq qaydaların təmin edilməsini, zəruru icazələrin və sertifikatların öz hesabına alınmasını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Hazırki iş üzrə Cavabdeh1 MMC iddia tələbinə cavab verməli şəxs deyil. İddiaçının Cavabdeh1 MMC-yə qarşı iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Cavabdeh "xxxx" MMC-nin İsmayıllı filialının nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının qeyd etdiyi kabel xətti “Azercell Telekom" MMC-yə məxsus olmaqla, həmin kabel xəttinin quraşdırılması "xxxx" MMC tərəfindən icra edilmişdir. Həmin kabel xəttlərinin çəkilməsi onlara aid deyil. Onlar tərəfindən yalnız texniki köməklik göstərilmişdir. Hazırki iş üzrə "xxxx" MMC-nin İsmayıllı filialı iddia tələbinə cavab verməli şəxs deyil. İddiaçının "xxxx" MMC-nin İsmayıllı filialına qarşı iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsmayıllı rayonu Buynuz kəndində kabel xəttlərinin quraşdırılması işi və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla müvafiq müqavilə bağlanmaq şərti ilə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin kabel xəttləri Cavabdeh1 MMC ilə X8 arasında bağlanmış birgə fəaliyyət müqaviləsinə əsasən Rəşid Həsənovun mülkiyyətində olan torpaq sahəsindən çəkilmişdir. İcazələrin və texniki şərtlərin alınması müqavilə öhdəliyi olaraq Cavabdeh1 MMC ilə müqavilə bağlayan "xxxx" MMC-nin üzərinə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialının "xxxx" MMC ilə əvəz edilməsi hüququnun olması izah edilsə də o, bununla razılaşmamışdır. İddiaçı iddia tələbində cavabdehlərdən maddi zərərin əvəzi kimi 5000 manat tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(037)-614/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMC-yə qarşı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsi və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan JN 0062 KOD 40727048 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli 47 nömrəli qərarı ilə İsmayıllı rayonun Buynuz kəndi ərazisindən 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı, X5 və X1 mülkiyyətinə verilmişdir. İşdə olan 20 sentyabr 2011-ci il tarixli 2011-0896 nömrəli birgə fəaliyyət müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC radio-baza stansiyasının qurulması üçün X6 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən torpaq sahəsini icarəyə götürmüşdür. İşdə olan 14 dekabr 2018-ci il tarixli 2018-0758 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC ilə təmir-quraşdırma işlərinin görülməsi barədə müqavilə bağlanmışdır. İşdə olan "xxxx" MMC-nin İsmayıllı filialının 21 aprel 2021-ci il tarixli, 4/928 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, çəkilmiş kabel xəttinin Azercell Telekom" MMC-yə məxsus olması, kabelin qoyulması onlar tərəfindən deyil, "xxxx" MMC tərəfindən həyata keçirildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilmişdir. Həmin qətnаmədən İddiaçı apellyasiya şikayəti vermişdir. O, şikayətini iddiasının dəlilləri və nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvvəla, məhkəmə işə qeyri-obyektiv baxaraq yalnız cavabdehin fikirlərinə əsaslanmış, iddiaçı kimi onun dəlillərinə və izahatına əhəmiyyət verməmişdir. Onun məhkəmə prosesində verdiyi şifahi vəsatətlərinə və etirazlarına məhkəmə məhəl qoymamış və onun ifadələrini olduğu kimi qətnamədə əks etdirilməmişdir. Belə ki, qanuni mülkiyyətində olan, İsmayıllı rayon Buynuz kəndində yerləşən 0,91 ha əkin torpaq sahəsinin 1250 kv.metr hissəsi “Azərsell" X3 Cəmiyyəti və Azərbaycan Respublikası 2020- ci ilin iyun ayında internet xətti üçün kabel çəkilmişdir. Bu haqda hər iki təşkilata şifahi və rəsmi qaydada zərərin ödənilməsi və icarə müqaviləsi bağlanması barədə bildirməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Belə ki, onun rəsmi müraciətinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı filialı 21 aprel 2021 -ol il tarixli 4/228 saylı məktubla bildirmişdir ki, qanunsuz çəkilmiş kabəl xəttinin "xxxx" X3 Cəmiyyətinə məxsus olması, kabelin qazılaraq qoyulması onlar tərəfindən deyil DG Telekom tərəfindən icra edildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilmişdir. "xxxx" X3 Cəmiyyətinə isə zərərin ödənilməsi və icarə müqaviləsinin bağlanması tələbi ilə rəsmi şəkildə poçt vasitəsi ilə 22 aprel 2021 -ci il tarixdə müraciət etsə də, ərizəsinə heç bir cavab verilməmiş, heç bir münasibət bildirilməmişdir. Beləliklə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı filialı 21 aprel 2021- ci il tarixli 4/228 saylı məktubunda kabel xəttinin "xxxx" X3 Cəmiyyətinə məxsus olması, kabelin qazılaraq qoyulmasının onlar tərəfindən deyil DG Telekom MMC tərəfindən icra edildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilir. Bu əsasla da məhkəmə DG Telekom MMC-ni iş üzrə üçüncü şəxs kimi cəlb etmişdir. O, öz mövqeyini məhkəmədə belə bildirmişdir ki, qeyd edilən hüquqi şəxslərin hər hansı biri mülki cavabdehlik daşıyırsa, ona vurulmuş zərər həmin təşkilatdan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilsin. Bununla da o, DG Telekom MMC-nin də iş üzrə cavabdeh qismində cəlb edilməsinə razılıq vermiş və eyni zamanda DG Telekom MMC-nin məhkəmə prosesində iştirakının təmin edilməsini tələb etmişdir. Məhkəmə qətnaməsində isə göstərilir ki, guya mən DG Telekom MMC-nin cavabdehlərlə əvəz olunmasına etirazımı bildirmişəm. Tələbimə baxmayaraq DG Telekomun nümayəndəsinin məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Hansı ki, bunun üçün qanuni əsas olması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı filialı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. "xxxx" X3 Cəmiyyətin nümayəndəsi izahatında bildirir ki, kabel xətti onun torpaq sahəsindən deyil, Rəşid Həsənova məxsus torpaq sahəsindən keçir. Məhkəmə isə bu məsələni yerində yoxlamamış, nəticəyə bibaşa təsir edən qanunsuz qərar qəbul etmişdir. Belə ki, o, cavabdehlərdən ona vurulmuş zərəri tələb etməyə başladıqdan və məhkəmədə iddia qaldırdıqdan sonra bir il müddət keçmiş və cavabdehlər tərəfindən kabel xəttini mülkiyyətində olan torpaq sahəsinin girişindən və çıxışından kəsmiş, başqa torpaq sahəsindən yeni hava xətti çəkilmiş, kabel xəttinin yerini dəyişdirmişdir. Lakin köhnə kabel xətti onun hazırda mülkiyyətində olan torpağın altında hələ də qalır və bu real maddi sübutdur. Demək cavabdeh təşkilat izahatında həqiqətə uyğun olmayan fikir söyləmiş və məhkəmə qərar qəbul edərkən buna əsaslanmışdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-614/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-614/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 7. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Maddə 10 (3-cü bənd). Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Maddə 11 (1-ci bənd). İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Maddə 18 (3-cü bənd). Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı mаddəsinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(037)- 614/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən heç bir maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından və heç bir maddi hüquq normasına istinad etmədiyindən İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(037)-614/2021 nömrəli qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir. Hazırki iş üzrə iddia tələbinin ilkin hissəsi vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş zərər real olmalıdır ki, hazırki iş üzrə də hər hansı real zərərin mövcud olduğu sübut olunmur. İsmayıllı rayonu Buynuz kəndində kabel xəttlərinin quraşdırılması işi və həmin radiobaza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla müvafiq müqavilə bağlanmaq şərti ilə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin kabel xəttləri Cavabdeh1 MMC ilə X8 arasında bağlanmış birgə fəaliyyət müqaviləsinə əsasən Rəşid Həsənovun mülkiyyətində olan torpaq sahəsindən çəkilmişdir. İcazələrin və texniki şərtlərin alınması müqavilə öhdəliyi olaraq Cavabdeh1 MMC ilə müqavilə bağlayan "xxxx" MMC-nin üzərinə düşmüşdür. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2021-ci il tаrixli, 2(107)- 2055/2021 nömrəli qərаrdаdına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 5 may 2022-ci il tarixli 10/2776 nömrəli ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İsmayıllı rayonu Buynuz kəndində Cavabdeh1 MMC tərəfindən inşa edilmiş radio-baza stansiyasının JN-0060 KOD 40727048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 60 L cizgisinə əsasən X6 mülkiyyətinə verilmiş 0.26 hektar torpaq sahəsində yerləşdiyi müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, həmin stansiya qurularkən İddiaçı, X5 və X1 mülkiyyətində olan torpaq sahəsindən hansısa formada istifadə edilmədiyi müəyyən edildi. Mübahisə predmeti olan stansiya qurularkən İddiaçı, X5 və X1 mülkiyyətində olan torpaq sahəsindən istifadə edilmədiyinə görə, qərardadın bu sualı cavablandırılmadı. İddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya qaydasında işə baxılarkən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbinin ikinci hissəsi isə icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması ilə bağlıdır ki, iddiaçı bununla da bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlərin belə bir öhdəlik daşımalı olmalarını əsaslandırmamışdır. Apellyator apellyasiya şikayətində iddia tələbini əsaslandıran hal kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı filialının 21 aprel 2021- ci il tarixli 4/228 saylı məktubuna istinad etmişdir ki, həmin məktubda da kabel xəttinin "xxxx" X3 Cəmiyyətinə məxsus olması, kabelin qazılaraq qoyulmasının onlar tərəfindən deyil, DG Telekom MMC tərəfindən icra edildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi qeyd edilmişdir ki, bu da həmin kabel xəttinin iddiaçıya məxsus torpaq sahəsindən keçməsi anlamına gəlmir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun təmin edilməli olması barədə göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021ci il tarixli, 2(037)-614/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi və icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(037)-614/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi və icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-131/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-131/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver