Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1312/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- Borc pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qızna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.000 manat və dövlət rüsumu qismində ödədiyi 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci il tarixdə 8-ci km bazarında sahibkarlıq fəaliyyəti nəticəsində tanış olmuşdur. Cavabdeh onun inamını qazanaraq özünü yaxşı insan kimi təqdim edərək, özünün çətinliklərinin olduğunu və pul lazım olduğunu bildirərək, ondan borca pul istəmiş, nəğd pulu olmadığından Səidənin təklifi ilə özünə məxsus “Hyundai Acsent” markalı 99 EZ-463 dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən,Təyyar və “ağsaqqal” ləqəbli olan şəxlər tərəfindən fəaliyyət göstərən lombarda qoyaraq, 10.000 manat pul götürüb borc olaraq 2018-ci ilin aprel ayında Səidəyə vermişdir. Səidə aylıq 700 manatdan olmaqla lombarda 10 ay onun vasitəsi ilə faiz ödənişləri etmişdir. Növbəti aylarda cavabdeh ödənişi etməkdə çətinlik çəkdiyini bildirdiyi üçün 11-ci və 12-ci ayların ödənişlərini özü ödəyərək avtomobilini lombarddan geri götürmüşdür. Sonra cavabdehin təklifi ilə həmin avtomobilini Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Elxan Orucovun rəhbərlik etdiyi lombarda girov qoymuş, 01 ay sonra cavabdeh aylıq ödənişləri etməkdən imtina etmişdir. Cavabdehin maddi vəziyyətinin çətin olduğunu görüb özünə məxsus qızıllarını ona vermişdir ki, harasa girov qoyub, pul götürüb, dövriyyə edib pul qazansın, lambardın pulunu və ona olan borcunu ödəyə bilsin. Cavabdeh 2018-ci ildə ona məxsus 8.000 manat dəyərində qızılları da Elxan Orucovun rəhbərlik etdiyi lombarda girov qoyaraq pul götürsə də, nə lombardın pulunu, nə də ki, ona olan borcunu ödəməmişdir. Beləliklə, cavabdehin ona 30.000 manat məbləğində pul borcu yaranmışdır. Dəfələrlə cavabdehdən ona borclu olduğu 30000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09 /2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borca görə 8.700 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 2018-ci ilin aprel ayında 8.700 manat borca pul vermişdir. Həm iddia ərizəsinin məzmunundan, həm də iddiaçının məhkəmə iclasındakı izahatından borcun faizlə verilmədiyi müəyyən olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddiaçıya faiz verdiyini bildirsə də, aralarında faiz barədə razılaşmalarının olmasına dair hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmiş, nə də ki, bu barədə izahatını digər sübutlarla möhkəmləndirə bilməmişdir. İddiaçı cavabdehə 2018-ci ilin aprel ayında 10.000 manat məbləğində borc verdiyini iddia etsə də, cavabdehə həmin məbləğdə borc verməsi barədə məhkəməyə yazılı formada bağlanmış borc müqaviləsini təqdim edə bilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında həm izahat verməklə, həm də yazılı ərizə verməklə iddiaçıdan 2018-ci ilin aprel ayında 8.700 manat borc pul aldığını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan borc aldığı 8.700 manat pulu iddiaçıya artıqlaması ilə qaytardığını məhkəmə iclasında bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin həmin izahatı iddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasında verdiyi izahatla tam şəkildə təkzib edilmişdir. Həmçinin iddiaçının 2019-cu ilin mart ayında cavabdehin (lombarda) girov qoyaraq pul götürüb, dövriyyəedib qazanc əldə edərək borcunu ödəyə bilməsi üçün cavabdehə iki ədəd qızıl sep və iki ədəd qızıl sırğa verdiyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçıdan 2018ci ilin aprel ayında 8.700 manat borc pul aldığı yuxarıda qeyd olunan qaydada sübut olunsa da, həmin borcun qaytarılması sübut olunmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında yaranmış hüquq münasibəti borcla bağlı olmaqla müqavilədən irəli gələn hüquq münasibəti olsa da, tərəflər arasında yazılı müqavilə mövcud olmadığından (hər bir halda tərəflər bu barədə məhkəməyə hər hansı bir müqavilə təqdim etməmişlər) onların hüquq və vəzifələrinin nədən ibarət olmasını və öhdəliyin hansı şərtlərlə şərtləndirildiyini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlə hüquq münasibətinə girərkən yazılı müqavilə bağlamadan, hüquq və vəzifələrini dəqiq müəyyənləşdirmədən şifahi razılaşmaya əsasən hərəkət edərkən öz riski ilə hərəkət etmişdir. Ona görə də, o, öz riskinin məsuliyyətini daşımalıdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyi yalnız nəğd şəkildə verilmiş (iddiaçının bildirməsinə görə o, cavabdehə 10.000 manat, cavabdehin bildirməsinə görə isə iddiaçı ona 8.700 manat borca pul vermişdir) borcla bağlı olduğu halda və cavabdehin iddiaçı qarşısında lombard faizi və əsas lombard borcu ilə bağlı öhdəliyi olmadığı halda cavabdehdən tələb olunan borcun 30.000 manat təşkil etməsini iddiaçı faktiki, nə də ki, hüquqi baxımdan əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsasən hesab etmişdir ki, cavabdehin iddiaçıdan 8.700 manat borc pul alması məhkəmə iclasında sübut olunmuşdur. Cavabdehin həmin borcu iddiaçıya qaytarması məhkəmə iclasında sübut olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci, 389.1-ci, 739.1-ci, 740.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi nin“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya olan borcunu hissə-hissə ödəmişdir. Belə ki, iddiaçı sələmçidir və o, 18 ay müddətində 16200 manat pul ödəmişdir ki, artıq pul ödənilməsinə lüzum yoxdur. Bu qadının sələmçi olduğu üç nəfər şahidin ifadələri ilə sübut edilə bilər ki, bu 3 nəfərə də iddiaçı tərəfindən sələmə pul verilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə görə, Bank və Bank olmayan kredit təşkilatlarından başqa sələmə pul verilməsi cinayət sayılır və birinci instansiya məhkəməsinin qətnaməsində verilən pulun sələm olduğu təsdiqlənir. Bundan əlavə məhkəmə iclasında şahid qismində ifadə verən X1 iddiaçının sələmçi olduğunu dolayı yolla da olsa təsdiq etmişdir. Bundan əlavə apelyator iddiaçı hər hansı borc müqaviləsi təqdim etmişdirsə, onun da sənədlərə əlavə olunmasını xahiş etmişdir. Odur ki, o, birinci instansiya məhkəməsinin qətnaməsindən tamamilə narazıdır və onun ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə telegram göndərərək avtomobil qəzası keçirtdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09/2021 saylı qətnaməsinin ləğvini və iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator tələbini tam olaraq göstərməsə də birinci instansiya məhkəməsinin qətnaməsindən tam narazı olduğunu bildirir. Buradan belə başa düşülür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09/2021 saylı qətnaməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09 /2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2018-ci ilin aprel ayında 8.700 manat borca pul vermişdir. Həm iddia ərizəsinin məzmunundan, həm də iddiaçının məhkəmə iclasındakı izahatından borcun faizlə verilmədiyi müəyyən olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddiaçıya faiz verdiyini, bildirsə də, aralarında faiz barədə razılaşmalarının olmasına dair hər hansı bir yazılı sübutu məhkəməyə təqdim etməmiş, nə də ki, bu barədə izahatını digər sübutlarla möhkəmləndirə bilməmişdir. İddiaçı cavabdehə 2018-ci ilin aprel ayında 10.000 manat məbləğində borc verdiyini iddia etsə də, cavabdehə həmin məbləğdə borc verməsi barədə məhkəməyə yazılı formada bağlanmış borc müqaviləsini təqdim edə bilməmişdir. Bununla belə cavabdeh məhkəmə iclasında həm izahat verməklə, həm də yazılı ərizə verməklə iddiaçıdan 2018-ci ilin aprel ayında 8.700 manat borc pul aldığını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan borc aldığı 8.700 manat pulu iddiaçıya artıqlaması ilə qaytardığını məhkəmə iclasında bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin həmin izahatı iddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasında verdiyi izahatla tam şəkildə təkzib edilmişdir. Həmçinin iddiaçının 2019-cu ilin mart ayında cavabdehin (lombarda) girov qoyaraq pul götürüb dövriyəyə edib qazanc əldə edərək borcunu ödəyə bilməsi üçün cavabdehə iki ədəd qızıl sep və iki ədəd qızıl sırğa verdiyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçıdan 2018-ci ilin aprel ayında 8.700 manat borc pul aldığı yuxarıda qeyd olunan qaydada sübut olunsa da, həmin borcun qaytarılması sübut olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apellyasiya şikayətində göstərmişdir ki, o, iddiaçıya olan borcunu hissəhissə ödəmişdir. Belə ki, iddiaçı sələmçidir və o, 18 ay müddətində 16200 manat pul ödəmişdir ki, artıq pul ödənilməsinə lüzum yoxdur. Lakin Cavabdeh məhkəmə iclasında iddiaçıya faiz verdiyini bildirsə də aralarında faiz barədə razılaşmalarının olmasına dair hər hansı bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, nə də ki, bu barədə izahatını digər sübutlarla möhkəmləndirə bilməmişdir. Mülki işin 24-cü səhifəsində olan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh İddiaçı 8700 manat pul borc aldığını etiraf etmişdir. Yəni artıq iddiaçı tərəf cavabdehə qeyd edilən məbləğdə pul borc verməsini sübut etmək vəzifəsindən azaddır. Ancaq cavabdeh tərəf qeyd edilən məbləğdə pulun iddiaçıya qaytarılmasını sübut edə bilməmişdir. Göründüyü kimi, kredit müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, kredit müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə bir sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09 /2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 10 mart 2021-ci il tаrixli, 2 (035)-09 /2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov