Məhkəmə qərarları › İş №2(107)-1319/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1319/2021

24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1319/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(019)-428/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə mahiyyəti üzrə işə baxılarkən iş üzrə Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, eyni iddia predmetinə əvvəllər məhkəmədə baxılmışdır və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(019)-428/2021 saylı qətnaməsi İddiaçı Cavabdeh qarşı Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması tələbinə dair iddiası təmin olunmamış, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini əsas kimi göstərməklə iddiaçının hansı problemləri olduğunu araşdırmamış və suyun əks istiqamətə axması ilə razılaşaraq cavabdehin xeyrinə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhətindəki problemlə əlaqədar məhkəmə məhkəmə iclasında iştirak edə biləyəcəyini və məhkəmə iclasının başqa bir tarixə təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2 (019)-770/2016 nömrəli qətnaməsi qüvvədə olduğundan iddia rədd edilməlidr. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2 (019)-770/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdehlər İddiaçı və X1 öz həyətlərində istifadə etmələri üçün iddiaçı Cavabdeh həyətindən keçən su arxı qazıb həyətlərinə su çəkməsi, sözügedən arxdan suyun axmasının iddiaçının torpaq sahəsinə və evinə ziyan vurması, bu səbəbdən iddiaçının həmin arx vasitəsi ilə suyun aparılmamasını cavabdehlərdən tələb etməsi, onların isə bundan imtina etməsi müəyyən olunmaqla və bu hallara hüquqi qiymət verilməklə iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X3 tərəfindən istifadə etdikləri suyun axımının öz əvvəlki məcrasına yönəldilməsi, iddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə ya qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2(019)-770/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X3 tərəfindən istifadə etdikləri suyun axımının öz əvvəlki məcrasına yönəldilməsi, iddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki qüvvədə olan qətnamə ilə İddiaçı Cavabdeh həyətindən qazdıqları arx vasitəsi ilə öz həyətlərinə su aparmalarının onlara qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Çünki açılması tələb edilən su arxı ilə bağlı digər qətnamə ilə arxın açılması qadağan edilmişdir. Yəni tərəf eyni, predmet eyni və əsas (təsərrüfatı suvarmaq üçün) eynidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apelyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(019)-428/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(019)-428/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh əsassız müdaxiləsinə son qoyulmaqla, istifadələrində olan su arxının əvvəlki axarına qaytarılması barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin mülki kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin mülki kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar