Məhkəmə qərarları › İş №2(107)-1319/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1319/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1319/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədhadi oğluna və X2 qarşı pul tələbinə dair ilkin, X1 İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədhadi oğlu və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilən 32 kv.m-dən ibarət olan evin tikintisinə xərclənən 15.484 manat məbləğdə pulun, mənəvi zərərə görə 10.000 manat pulun, ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 25.514 manat məbləğdə pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Hacman kəndində Cavabdeh1 Nərman qızı və Cavabdeh2 Məhəmmədhadi oğlunun mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində cavabdehin mərhum həyat yoldaşı X4 tərəfindən təbii daşdan inşa edilmiş bir mərtəbəli yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyi və özbaşına tikili olduğu üçün cavabdeh İddiaçı hesabına sökülərək ərazinin və həmin daşların təmizlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasın 23 avqust 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin Daşqın Fərzalıyevə qarşı ilkin iddianın təmin olunmamasına aid hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin qalan hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbi üzrə yeni qərar çıxarılmaqla, X1 İddiaçı qarşı qanunsuz tikilinin sökülərək ərazinin təmizlənməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, mülki işin ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhadi oğluna qarşı hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə)hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhadi oğluna qarşı hissədə ləğv edilməli və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 149.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 74.2-ci maddəsinin mənasına görə, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd edilən prosessual hüquq normalarının mənasından aydın olur ki, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalı, nümayəndə tərəfindən imzalandığı halda, təmsil olunan tərəfin verdiyi etibarnamədə açıq və aydın göstərilməlidir ki, nümayəndəyə iddia ərizəsini imzalamaq səlahiyyəti verilmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçının nümayəndəsi qismində çıxış edən Nümayəndə2 Nadir(Natiq) oğlu tərəfindən imzalanmışdır. İşin 17-ci vərəqəsində olan etibarnamədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamədə Nümayəndə2 iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi göstərilməmişdir. Başqa sözlə müəyyən edilir ki, İddiaçı adından iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsini geri qaytarmamışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış iddia ərizəsinin icraata qəbul edilməsi aradan qaldırılmayan səhv deyil və Mülki Prosessual Məcəllə bu səhvin aradan qaldırılmasını 259-cu maddədə nəzərdə tutmuşdur. Belə ki, işə baxan hakim, artıq icraata qəbul edilmiş iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməsini aşkar etdikdə, ərizəni baxılmamış saxlayır (maddə 259.0.3). Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir. Belə ki, MPM-nin 4-cü, 5-ci, 149-cu, 151-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir. Qeyd olunduğu kimi, iddia ərizəsini imzalayan Nümayəndə2 İddiaçı adından iddia ərizəsini imzalamağa səlahiyyəti olmamışdır. Belə olan halda Ağsu Rayon Məhkəməsi həmin iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə qətnamə qəbul etmək səlahiyyətində deyildi. MPM-nin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhadi oğluna qarşı hissədə ləğv edilməli və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən 18 mart 2021-ci il tarixdə qəbul edilmiş qətnamə ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhadi oğluna qarşı hissədə ləğv edilsin və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar