Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1343/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililərin, darvazanın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən həyətdə hər hansı bir tikili tikmək, dəyişiklik aparılmasına qadağan edilməsi, fərdi yaşayış evinin bütün tikililərindən, torpağından istifadəyə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın, icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasına cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 fərdi yaşayış evi və 0,0619 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 da Cavabdeh1 arvadıdır. Cavabdehlər də onun mülkiyyətində olan evdə yaşayırlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından şiferlə hasar çəkərək iki hissəyə bölmüş və bununla da mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə mane olmuşlar. Şiferdən çəkilmiş hasar onun yaşadığı evə çox yaxın olduğuna görə isti havada normal nəfəs almaq mümkün olmur. Cavabdehlər hasarın digər tərəfində onun razılığı olmadan tikililər tikirlər, həmçinin, ayrı darvaza qoymuşlar. Nəticədə o, mülkiyyətində olan fərdi yaşayış evində, mülkiyyətçi kimi normal şəraitdə yaşaya bilmir, torpaq sahəsindən tam istifadə edə bilmir. İddianın təmin olunmasını, ünvan 1 evin həyətini iki hissəyə bölmüş, texniki pasportda qeyd olunmayan hasarın, onun icazəsi olmadan aparılan tikililərin, darvazanın, cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətin əvvəlki vəziyyətə qaytarılması, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil da birinci instansiya məhkəməsinin iclasında iddia əsaslı olduğuna görə təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 86/3 ünvanda yerləşən 0,0619 ha həyətyanı sahəsi olan ev əvvəllər atası Vahid Qasımovun mülkiyyətində olmuşdur. Həmin həyətyanı sahədə faktiki olaraq 2 yaşayış evi var. Evlərin biri köhnədir, digəri isə 2020-ci ildə tikilmişdir. Atasının sağlığında, eləcə də atasının ölümündən sonra da ailə üzvləri ilə birlikdə köhnə evdə o yaşayırdı. Yeni tikilmiş evdə isə atası və anası yaşayırdı. Atasının ölümündən sonra anasının təklifi ilə o, miras paydan imtina etməsi barədə ərizə ilə notariusa müraciət etmiş, ona görə də miras ev bütünlüklə anasının mülkiyyətinə verilmişdir. Onun və ailə üzvlərinin yaşadıqları həyətdə yerləşən köhnə ev qəzalı vəziyyətdə olduğuna görə həyətdə öz ailəsi üçün ev tikdirmək qərarına gəlmişdir. Eləcə də anası ilə münasibətləri pisləşdiyinə görə şiferlə hasar çəkməklə həyəti iki yerə bölmüş, həyətə öz ailəsinin giriş-çıxışı üçün ayrı darvaza qurdurmuşdur. Lakin anası ona həyətdə ev tikdirməyə, hər hansı tikili aparmağa icazə verməmişdir. Hesab etmişdir ki, iddia əsassızdır, ona görə də təmin olunmamasını xahiş etmişdir. Cavabdeh2 iş üzrə birinci instansiya məhkəməsinin əvvəlki iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh2 iş üzrə birinci instansiya məhkəməsinin əvvəlki iclasında iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Məhburə Kərimova) 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasarın, iddiaçının razılığı olmadan aparılan tikililərin, darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərə həyətdə hər hansı tikili tikməyin, dəyişiklik aparmasının qadağan edilməsi, iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 mart 2022-ci il tarixli 2(107)- 460/2022 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)- 404/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi qət edilmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 mart 2022-ci il tarixli 2(107)-460/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(102)- 3961/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-460/2022 nömrəli iş üzrə 3 mart 2022ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən həyatyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evlərin İddiaçı Yunis qızının adına hansı vaxtdan və hansı şərtlərlə keçməsini dəqiq aydınlaşdırmamışdır. Belə ki, qeyd olunan, mübahisə edilən 0,0619 ha həyatyanı torpaq sahəsi və 2 yaşayış evləri Cavabdeh1 mərhum atası Vahid Qasımovun mülkiyyətində olmuş və atasının sağlığında və atasının ölümündən sonra həyat yoldaşı Cavabdeh2 və azyaşlı 3 övladı ilə birlikdə həmin köhnə qəzalı evdə yaşayırlar. Hələ mülkiyyətçi olan mərhum Vahid Qasımovun sağlığında onun icazəsi ilə həyatyanı torpaq sahəsi iki yerə bölünmüş və Vahid Qasımov vəfat edəndən sonra vərəsələr mirası qəbul edən zaman İddiaçı ilə notariusda şərtlə, yəni Vahid Qasımovdan miras qalmış əmlakı mülkiyyətçi kimi İddiaçı adına rəsmiləşdirilməsinə Cavabdeh1 bu şərtlə razılıq vermişdir ki, həmin həyatyanı torpaq sahəsi iki yerə bölünmüş vəziyyətdə qalsın, ayrıca giriş darvazası olsun və həmin torpaq sahəsinin arasında çəkilmiş hasar qalmaqla həyətdə Cavabdeh1 yeni ev tikintisinə icazə verilsin. İlk vaxtlar İddiaçı tərəfindən bu razılıq olsa da sonradan kimlərinsə öyrətməsi ilə aralarında mülki mübahisələri yaranmışdır. ünvan 3 ünvanda yerləşən həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evlər miras əmlakdır və həmin əmlaka dair Cavabdeh1 məcburi pay huququ və Cavabdeh2 isə yaşamaq və mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsində yerləşən ünvan 4 ünvanında ayrıca su, işıq, qaz sayğacları, ayrıca telefon və internet xətti vardır. Lakin, Mingəçevir Şəhər Məhkəməsi nədənsə bu halları düzgün qiymətləndirməmiş və əsassız olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kobud surətdə hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət huquqlarını pozmuş, onların mülkiyyətində və istifadələrində olan torpaq sahəsinə və daşınmaz əmlaka dair sərəncam vermək huquqlarını məhdudlaşdıraraq, əsas qanunun tələblərini kobud surətdə pozmuşdur. Konstitusiyanın “Dövlət vərəsəlik huququna təminat verir” müddəasının olmasına baxmayaraq, Cavabdeh1 məhkəmədə sübutlar təqdim edərək, mübahisə edilən ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin və yaşayış evlərinin vərəsəlik qaydasında mərhum Vahid Qasımovdan onlara keçdiyini bildirməsinə və həmin əmlakdan onun da bərabər miras pay hüququnun olmasına dair izahat verməsinə baxmayaraq Mingəçevir Şəhər Məhkəməsi əsas Qanunun bu tələblərini də kobud surətdə pozaraq, əmlakın və torpaq sahəsinin ilkin mülkiyyətçisi mərhum Vahid Qasımovun icazəsi ilə min bir zəhmətlə, əziyyətlə və xərclə tikdirdiyi yarımçıq evin tikintisinin sökülməsinə, neçə illər bundan əvvəl qoyulmuş dəmir darvazanın və çəkilmiş hasarın sökülməsi barədə qətnamə qəbul etməklə cavabdehləri ağır maddi duruma salmış və cavabdehlərə münasibətdə onların hüquqları kobud surətdə pozulmuşdur. Mülki qanunvericiliyin bu müddəalarında konkret olaraq göstərilmişdir ki, mülkiyyət hüququ, həmçinin, əmlakdan istifadə hüququ, əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər və qanunun tələblərinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin, Mingəçevir Şəhər Məhkəməsi mülki qanunvericiliyin bu tələblərinə məhəl qoymadan mülkiyyətçi- İddiaçı sanki xüsusi imtiyaz verməklə, mübahisə olunan ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin və yaşayış evlərinə dair onlar cavabdehlərin əmlaka dair istifadə və mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. MM-nin 158.4-cü maddəsinin tələbləri kobud surətdə pozularaq, əmlak hüquqlarının mülkiyyətçi tərəfindən pozulmasına baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsi mülkiyyətçi İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlak hüquqlarının pozulmasından müdafiə etmək əvəzinə, əksinə üzərində əmlak hüququ olan zəhmətlə, əziyyətlə və xərclə tikdirdiyi yarımçıq evin tikintisinin sökülməsinə, neçə illər bundan əvvəl qoyulmuş dəmir darvazanın və çəkilmiş hasarın sökülməsi barədə qətnamə qəbul etməklə cavabdehləri ağır maddi duruma salınmasına səbəb olmuşdur. Ona görə də o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 аpellyаsiyа şikayətini müdafiə edərək təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* №-li çıxarışdan görünür ki, ünvan 1 ev, 0,0619 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmə tikinti-texniki ekspertizasının 10/1945 №-li 23 sentyabr 2021-ci il tarixli rəyində göstərilir ki, ünvan 1 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işlərinin İddiaçı mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşdüyü müəyyən olunur. Həmçinin, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, ünvan 5-də yaşayan İddiaçı xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Natiqin ünvanda qanunsuz tikinti işləri aparması barədə məlumat vermişdir. Lakin xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərarla Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Şəki Apellyasiya Məhkəməsinin 3 mart 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın təmin olunması Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə əmlak hüquqlarını pozmuş olar. Lakin məhkəmə MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən hansı sübutlar əsasında işin qeyd olunan hallarını müəyyən etdiyini, Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə hansı hüquqlarının yarandığını əsaslandırmamışdır. Əksinə, iddia ərizəsində iddiaçı cavabdehlər tərəfindən həyətdə tikinti işlərinə başlandığı dövrdən buna etiraz etdiyini, polisə şikayət verdiyini bildirmiş və iddia ərizəsində tikinti işlərinin dayandırılmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə yanaşı, oxşar məzmunlu müvəqqəti xarakterli tədbir barədə ərizə də vermişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən mübahisələndirilən əraziyə İddiaçı, Cavabdeh1 iştirаkı ilə baxış keçirilərkən müəyyən edildi ki, mübahisə predmeti olan həyətə girmək üçün iki qapı mövcuddur. İddiaçı məxsus həyətə giriş qapısı sol tərəfdə, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş mübahisəli yarımçıq tikiliyə daxil olmaq üçün istifadə olunan qapı isə sağ tərəfdə yerləşir. Həmin qapıdan içəriyə daxil olan zaman Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş mübahisəli yarımçıq tikili yerləşir. Cavabdeh1 və ailəsinin yaşadığı evə tikilmiş mübahisəli yarımçıq tikilidən sonra daxil olmaq mümkündür. Mübahisəli yarımçıq tikili ilə iddiaçının həyəti arasında arakəsmə mövcuddur. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi ev və 0.0619 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh1 həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edilməmiş, həmçinin, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsində tikinti işləri aparmış, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 1 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşür. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, mübahisə predmeti olan tikilinin tikilməsinə nə yazılı nə də şifahi razılıq vermiş, məhkəmə iclaslarında da həmin tikilinin tikilməsinə razılıq verdiyini etiraf etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvaza cavabdehlərin vəsaiti hesabına sökülməli, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparması qadağan edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı ona məxsus olan torpaq sahəsində mübahisə predmeti olan tikilinin tikilməsinə razılıq verməmiş, əvvəlki məhkəmə iclaslarında həmin tikilinin tikilməsinə razılıq verdiyini etiraf etməmişdir. Eyni zamanda iddiaçı ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparması barədə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Natiqin ünvanda qanunsuz tikinti işləri aparması barədə məlumat vermişdir. Lakin Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını və tərəflərin məhkəmə iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nətiçəyə gəlmişdir. Cavabdeh1 apellyаsiyа şikаyətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qətetdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(051)-404/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1343/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1343/2022
21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver