Məhkəmə qərarları › İş №2(107)-1346/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1346/2023

19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1346/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Məhkəmə qərarının preyudisiallığı) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)-574/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yerdə qalan 8800 manatın və hüquqi xidmət üçün vəkilə ödənilmiş 200 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)-574/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi ərizəsində Bakı şəhəri Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə prosesində iştirakı ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyindən məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də cavabdeh məhkəmə kollegiyasının iclasında iştirakının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5973/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona 1) torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15.000 manatın, 2) torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 manatın və 3) 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, cəmi 31.000 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-136/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, iddiaçının cavabdehlərin ümumi birgə mülkiyyətində olan 1.00 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuşdur. Balakən rayon Məhkəməsinin 19 mart 2020-ci il tаrixli, 2(019)- 136/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh iddiaçı tərəfindən cavabdehə ödənilmiş ******* manat pulun cari dəyəri olan 1.524,94 manat, iddiaçının əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manat, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manat, cəmi 17524,94 manat pulun alınaraq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən iddiaçı və Cavabdeh kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5973/2021 saylı Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-65/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi qismən-ilkin iddianın fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkilmiş 5000 manat xərcin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul olunmuş, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iddiaçı hazırkı iş üzrə iddia ərizəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə "xxxx" MMC-nin rəyi ilə razılaşaraq 1 ədəd fındıq ağacının real dəyərini 180 manat təşkil etdiyini qəbul edərək çəkilmiş xərcin (110x180=19800) 19800 (on doqquz min səkkiz yüz) manat olduğunu qəbul etmişdir. Lakin İddiaçı saldığı fındıq bağının dəyərinə görə iddia tələbini 11000 (on bir min) manat qoyduğu üçün məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün iddia tələbini həmin hissədə təmin edərək 11000 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Göründüyü kimi İddiaçı digər tələblərlə yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11.000 manatın, Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 110 toma bar verən fındıq ağaclarının dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbi təmin edilmiş və həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı 03 may 2023-cü il tarixdə yenidən Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ərizəsində Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli mülki işi üzrə iş materiallarına əlavə edilən "xxxx" MMC-nin rəyində 1 ədəd fındıq ağacının real dəyərinin 180 manat təşkil etdiyini, həmin rəyə əsasən iddia tələbinin 110 toma bar verən fındıq ağacına münasibətdə 11000 manat, yox 19800 manat olduğunu qeyd etmiş, bu səbəbdən həmin 110 toma bar verən fındıq ağacının dəyərinin bir hissəsi olan və Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-65/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilməyən 8800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, sonradan verilən qiymətləndirici rəyləri ilə fındıq tomasının dəyərinin neçə manat təşkil etməsinin müəyyən edilməsindən asılı olmayaraq, iddiaçı bundan əvvəl də məhz 110 fındıq tomasının dəyərinin Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Hansı ki, qeyd edilən məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, 110 fındıq tomasının dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qanuni qüvvəsini minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, 1 fındıq tomasının dəyərinin əvvəl tələb etdiyindən daha yüksək olmasına istinad edilməklə aradakı fərqin tələb edilməsi əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığını aradan qaldırmır. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) Çünki tələb edilən tələb edilən eyni fındıq tomalarının dəyərinin alınmasına dair eyni tərəflər arasında artıq qanuni qüvədə olan qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)-574/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(019)- 574/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar