Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1353/2022 14.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 ölüm faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ( ərizənin geri qaytarılmasına dair) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə X1 ölüm faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə üzrə çıxarılmış ərizənin geri qaytarılmasına dair Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat X2 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərərək, 13 mart 1985-ci il təvəllüdlü qardaşı X4 14 avqust 2005-ci l tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadına əsasən X1 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan X2 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 13 mart 1985-ci il təvəllüdlü qardaşı X4 14 avqust 2005-ci l tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək, bununla bağlı mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkünsüzlüyü barədə, yəni müvafiq ölüm şəhadətnaməsinin verilməsi məqsədi ilə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməsi, həmin şöbənin bundan imtina etməsi barədə sənədi məhkəməyə təqdim etsə də, lakin ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məqsədi ilə tibbi müəssisəsinə müraciət etməsi və həmin müəssisəsinin onun tələbindən imtina etməsi ilə bağlı heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd etmişdir ki, X1 ərizəsinə əlavə etdiyi Şəki Rayon Prokurorluğunun 03 sentyabr 2005-ci il tarixli qərarından görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini X4 özünü asması faktı ilə bağlı Şəki ŞRPŞ-dən daxil olmuş məlumatla əlaqədar aparılmış araşdırma zamanı 1985-ci il təvəllüdlü X4 14 avqust 2005-ci il tarixdə təxminən saat 4-5 radələrində yaşadığı evin həyətindəki qarajın tavanından özünü asması müəyyən edilmişdir. Həmin qərarın məzmunundan göründüyü kimi X4 meyiti həkim ekspert tərəfindən müayinə edilmiş və bunun nəticəsi üzrə Şəki Rayon Prokurorluğuna 02 sentyabr 2005-ci il tarixli, 07 saylı akt təqdim edilmişdir. Beləliklə X1 məhkəməyədək müvafiq tibbi müəssisəsinə müraciət edərək ekspertiza sənədi əsasında ölüm haqqında tibbi şəhadətnamə almaqla həmin sənədi Şəki rayon Qeydiyyat Şöbəsinə təqdim etmək imkanı olmuşdur. Lakin ərizəçi tərəfindən buna riayət ediləsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 149.2.3, 149.2.4, 152.1.1, 151.1, 152.4 və 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.2-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, qardaşı 13 mart 1985-ci il təvəllüdü X7 14 avqust 2005-ci il tarixdə intihar edərək özünü öldürmüşdür. Həmin hadisə ilə bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılmışdır. Hadisə ilə bağlı bütün sənədlər həmin materialda vardır. Qeyd edilən bədbəxt hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən qardaşı Rəşada vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra qardaşından miras qalmış əmlakla bağlı lazımi sənədlərini hazırlayarkən qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Qardaşı Rəşadın ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, oğlu X4 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də oğlu X4 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edir ki, qardaşı X4 intihar etməsinin əsas səbəblərindən biri də həmin hadisədən bir müddət əvvəl, qardaşı həqiqi hərbi xidmətdə olarkən analarının xəstəlikdən ölməsi ilə bağlı çəkdiyi acı hisslər olmuşdur. Buna görə də 13 mart 1985-ci il təvəllüdü qardaşı X4 14 avqust 2005-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə tələblə məhkəməyə müraciəət etməli olmuşdur. Lakin, Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2 (075)-2222/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Buna görə də həmin qərardaddan narazıdır. Onu da qeyd edir ki, olmuş həmin bədbəxt hadisə ilə bağlı araşdırma aparılmış Şəki rayon Prokurorluğunda olan materialda ölüm səbəbi, həmçinin müvafiq tibbi rəy və digər zəruri sənədlər vardır. Lakin, Şəki rayon Prokurorluğu tərəfindən həmin sənədlərin ona deyil, məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Buna görə də qardaşının ölümünə dair tibbi şəhadətnamənin alınması üçün aidiyyəti tibb müəssisəsinə müraciət edilməsi ağlabatan olmadığından bununla bağlı müraciət edilməmişdir. O, iddia ərizəsinə əlavə etdiyi vəsatətində də bununla bağlı Şəki rayon Prokurorluğuna müvafiq sorğu verilməsini xahiş etmişdir. Lakin, bütün bunlar diqqətə alınmadan Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2 (075)-2222/2022 nömrəli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2 (075)-2222/2022 nömrəli qərardadının ləğv edilməsini, iddianın icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)- 2222/2022 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, ərizənin məzmunundan və ifadə tərzindənn görünür ki, ərizəçinin tələbi qardaşının ölüm faktının təsdiq edilməsi barədədir. X1 ərizəsinə əlavə etdiyi Şəki Rayon Prokurorluğunun 03 sentyabr 2005-ci il tarixli qərarından görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini X4 özünü asması faktı ilə bağlı Şəki ŞRPŞ-dən daxil olmuş məlumatla əlaqədar aparılmış araşdırma zamanı 1985-ci il təvəllüdlü X4 14 avqust 2005-ci il tarixdə təxminən saat 4-5 radələrində yaşadığı evin həyətindəki qarajın tavanından özünü asması müəyyən edilmişdir. Qeyd olunan qərarın məzmunundan göründüyü kimi X4 meyiti həkim ekspert tərəfindən müayinə edilmiş və bunun nəticəsi üzrə Şəki Rayon Prokurorluğuna 02 sentyabr 2005-ci il tarixli, 07 saylı akt təqdim edilmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, X1 məhkəməyədək müvafiq tibbi müəssisəsinə müraciət edərək ekspertiza sənədi əsasında ölüm haqqında tibbi şəhadətnamə almaqla həmin sənədi Şəki rayon Qeydiyyat Şöbəsinə təqdim etmək imkanı olmuşdur. Lakin kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, X2 yuxarıda qeyd olunan çatışmazlığı öz ərizəsində və eyni məzmunlu şikayətində göstərsə də, bunu təsdiq edəcək sübutu məhkəməyə təıqdim etməmiş, əksinə ərizə və şikayətində bunu məhkəmə sorğusu əsasında əldə edə biləcəyinə istinad etmişdir. Halbuki, həm qanunvericiliyin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərildiyi kimi bu hal, yəni “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilmə və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar ərizəyə əlavə edilməklə, məhkəməyədək həll olunan bir məsələdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə çıxarılmış ərizənin geri qaytarılmasına dair Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadı qəbul edilərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)- 2222/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(075)-2222/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1353/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1353/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver