Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1359/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması barədə Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh borclu Cavabdeh ilə aralarında Zaqatala rayonu 2 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 10 gün müddətinə bağlanmış və icra müddəti xx.xx.2021-ci ildə xx.xx.2026-cı ilə kimi uzadılmış 50.000 manat kredit müqaviləsi üzrə öhdəliyinin borclu Cavabdeh Cəlal oğlu tərəfindən onun xeyrinə dərhal icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə tanış olmuşdur. 2022-ci ilə kimi normal münasibəti olmuşdur. Belə ki, o, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Zaqatala Filialında xəzinədar işləyirdi. O, həmin Bankda valyuta mübadiləsi etdiyindən onu tanımış, tanışlığı yaxın münasibətə çevrilmiş 5-6 il onun evinə dost kimi gəlib getmişdir, nəticədə özünü ona çox sadiq adam kimi təqdim etmişdir. Eyni zamanda bilmişdir ki, o fərdi sahibkarlıqla, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğundan onda pul olur. Ona görə də onun etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək yolu tutmuşdur. 2018-ci ilin may ayının axırlarında ondan xahiş etmişdir ki, borcları var, yoldaşının müalicəsi ilə əlaqədar borclar almış, borclular qapını kəsirlər biabır olur. Ona 10 günlük müddətə 50 000 (əlli min) manat borc verməsini xahiş etmiş, satılası torpağı vardır, bir həftəyə satacaq və pulunu qaytaracağını bildirmişdir. O da notarial qaydada 50 000 manat kredit verməyə razı olmuşdur. xx.xx.2018-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq 10 gün müddətinə 50 000 manat borc pul vermişdir. Borcun qaytarılması vaxtı çatanda cavabdeh ona möhlət verməsini xahiş etmişdir. Həmin ərəfədə, yəni 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayına qədər olan dövrdə Cavabdeh özünü ona dost, çox yaxın adam olduğunu, ona xeyir vermək niyyəti olduğunu bildirərək onun işlədiyi AR X1 Filialına ilə 10% gəlir götürməklə əmanət qoymasını təklif etdi. O da cavabdehə inanıb Banka 81 000 manat əmanət yatırmışdır. Belə ki, ona müxtəlif vaxtlarda 81 000 manat pul vermiş, cavabdehdə ona Bankın möhürü ilə 6 ədəd mədaxil qəbzi gətirdi ki, guya həmin 81 000 manat onun adından Banka yatırım edilmişdir. 29 mart 2021-ci ildə onun xahişi ilə o, 50 000 manat kredit müqaviləsinin ödəmə müddətini xx.xx.2026-cı ilə kimi uzatmışdır. 2022-ci ilin sonlarında ona məlum olmuşdur ki, cavabdeh ona qarşı dələduzluq etmiş, aldadaraq, etibarından sui-istifadə edərək ondan Banka əmanət kimi qoymaq üçün aldığı 81 000 manatı bankın xəzinəsinə mədaxil etməmiş, dələduzluqla ələ keçirmişdir. Bununla əlaqədar o, Banka müraciət etmiş, bank onu işdən azad edərək toplanmış materialları Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir. Cavabdeh törətdiyi həmin əmələ görə AR CM-nin 178.3.2, 308.1 və 313- cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. X2 Cianyətlər Məhkəməsinin icraatında məhkəmə baxışındadır. Bundan sonra ona məlum olmuşdur ki, əslində cavabdeh onun ona kredit kimi verdiyi 50 000 manatı da dələduzluqla ələ keçirmişdir. Sadəcə olaraq bu zaman notarial qaydada borc almaq yolu ilə dələduzluq etmişdir. Cavabdeh ona dələduzluqla vurduğu 81 000 manat zərər ödəməmişdir. Bu o deməkdir ki, onun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir və ya ona vurduğu zərəri ödəməkdən qəsdən boyun qaçırır. Ona görə də hesab edir ki, cavabdeh ondan borc kimi aldığı 50 000 manatı dərhal qaytarmalıdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək göstərmişdir ki, cavabdehin ona qarşı dələduzluq etdiyi barədə Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Belə ki, o, Azərbaycan Respublikası cinayət Məcəlləsinin 178.3.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Ona görə də cavabdehin barəsində məhkəmə hökmü qanuni qüvvəsini alanadək hazırda baxılan 2(033)-975/2032 saylı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(109)192/2023 saylı cinayət işi üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Cavabdeh şikаyət verərək qərardadın ləğv edilməsini və icraatın təzələnilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, əmlak alqı-satqısı fəaliyyətə həyata keçirirdi, onun da satılacaq əmlakı var idi. İsa ona “sənin əmlakını alacaq adam tapmışam, ona demişəm ki, guya sənin borcun olduğuna görə bir milyonluq əmlakı təcili olaraq 500 min manata satırsan. Ona görə gərəkdir ki, biz aramızda borc müqaviləsi bağlayaq, mən ona sənin həqiqətən borclu olduğunu göstərməliyəm ki, o mənə inansın və tez əmlakı almağa gəlsin”. O da İsanın bu niyyətinə aldanaraq belə bir müqavilənin bağlanmasına razı olmuşdur. Bununla bağlı onun əlində İsa ilə aralarında olan telefon danışıqları və səs yazıları var. O həmin maddi sübutları haqqında İsanın saxta ittiahmları ilə açılmış Şəki Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Onda elə bir sübutların olduğunu bildikdən sonra İsa 50 min borcun ödənlməsinə dair tələbin hüquqi prespektivinin olmayacağını bildiyi üçün ərizə yazaraq işin dayandırılmasını xahiş edib. Halbuki, Şəki Ağır Cinayətlər Məhkəməsində davam edən cinayət işinin İsanın borc tələbinə dair aidiyyatı yoxdur və biribiri ilə bağlı deyildir. Həmin məhkəmədə də yalnız başlanılmış cinayət işi üzrə hallara baxılır, İsanın 50 minlik borc tələbi müzakirə edilmir. Bu hazırlanan ittiaham aktında, tövsif olunan Cinayət Məcəlləsinin maddələrindən və məhkəmə işinin təyin edilməsi haqqında qərardan açıq şəkildə görünür. Yəni İsanın tələbi ilə başlanılmış mülki işlə, Şəki Ağır Cinayətlər Məhkəməsində davam edən 1(109)-192/2023 saylı cinayət işi arasında heç bir hüquqi bağlılıq yoxdur və davam edən cinayət işi mülki iddiaya baxılmasına mane olmur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Şəki Ağır Cinayətlər Məhkəməsində davam edən cinayət işi ilə bağlı qəbul ediləcək məhkəmə hökmü və ya qərarında müəyyən ediləcək hallar hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mülki iş üzrə işə baxılarkən sübut qismində çıxış etdiyindən hazırki iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsi həmin cinayət işi üzrə yekun qərardan asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(033)-975/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1359/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1359/2023
29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver