Məhkəmə qərarları › İş №2(107)-1378/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1378/2021

16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1378/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasdan payın müəyyən edilməsi ) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X11, X12 və Süleymanova (Nəbiyeva) Nəzakət Aslan qızına qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-105/2021 saylı, 07 aprel 2021-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh, X22, X23 və X6 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 adına verilmiş 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X30 ilə X31 arasında bağlanmış 22.10.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X14 adına qeydə alınmış 29.10.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və həmin miras əmlakda onun və uşaqlarının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır.) O, ərizəsini onunla əsaslandırmışdır ki, X39 ilə 2003-cü il tarixdə ailə həyatı qurub evlənmiş, nikahlarını 01.09.2003-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 31.01.2004-cü il təvəllüdlü X18 və 01.04.2005-ci il təvəllüdlü X35 adlı uşaqları anadan olmuşdur. Cavabdeh onun baldızı olmuşdur. 2008-ci ilin əvvəllərində onlar ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini alqı-satqı yolu ilə satın almış, həmin ev qaynatası Aslan Nəbiyevin adına sənədləşdirilmişdir. Həyat yoldaşı Əhməd Nəbiyev 26.07.2011-ci ildə, qaynatası Aslan Nəbiyev 01.11.2011-ci ildə vəfat etmiş, bundan sonra qaynanası Şəfəq Nəbiyeva, qaynı Dağıstan Nəbiyev və baldızı Cavabdeh onu uşaqları ilə birlikdə yaşadıqları evdən zorla çıxarmış və evi qanunsuz olaraq Şəfiqə Nəbiyevanın adına sənədləşdirmişlər. Şəfiqə Nəbiyeva həmin evi qanunsuz olaraq qızı Cavabdeh adına keçirmişdir. Onun və uşaqlarının yaşamağa yeri yoxdur. Həmin evdən ona və uşaqlarına düşən pay verilmir. Mübahisəli evə dair Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilərək miras əmlakdan onun və uşaqlarının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 2(039)-105/2021 saylı, 07 aprel 2021-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X19 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, Bərdə regional “Asan- Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə- 2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilmişdir. Eyni zamanda İddiaçı(uşaqları) tərəfindən X20 miras qalan əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, X20 miras qalan Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/8 hissəsinə X5, 1/8 hissəsinə X21 miras payları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki iş üzrə cavabdehlərin valideynləri olan Aslan Nəbiyev və Şəfiqə Nəbiyeva 1975-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından Dağıstan, Rahilə, Nəzakət, Xuraman və Əhməd adlı uşaqları anadan olmuşdur. Birgə nikah müddətində Aslan Nəbiyevin adına 2008-ci ildə Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində daşınmaz əmlak (ev və torpaq sahəsi) qeydə alınmışdır. Aslan Nəbiyev və Şəfiqə Nəbiyevanın birgə nikahdan olan uşaqları Əhməd Nəbiyev 26.07.2011-ci ildə, Aslan Nəbiyev isə 01.11.2011-ci ildə vəfat etmişdir. Bundan sonra Aslan Nəbiyevin arvadı Şəfiqə Nəbiyeva ərindən miras qalan əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və sonradan həmin əmlakı qızı Cavabdeh (hazırkı iş üzrə cavabdeh) bağışlamışdır. İddiaçı ilə Əhməd Nəbiyevin birgə nikahlarından iki uşaqları (Səməndər və Əhməd) anadan olmuş və iddiaçı uşaqları ilə birlikdə, qaynatası Aslan öldükdən sonra 2019-cu ilin avqust ayınadək həmin miras əmlakda yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə regional “Asan-Xidmət” mərkəzinin 2v-1398, 26.09.2019-cu il tarixli notariat işindən müəyyən olunur ki, Yevlax rayon Malbinəsi kənd sovetliyi tərəfindən 18 iyun 1975-ci ildə verilmiş nikah haqqında şəhadətnamə ilə X40 ilə X30 arasında bağlanmış nikah 18 iyun 1975-ci il tarixdə akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli, 21.02.2008-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 173 nömrəli vərəqəsində qeydiyyata alınmışdır; 10.11.2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X40 01.11.2011-ci il tarixdə ölmüşdür; 16.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01.11.2011-ci ildə ölmüş X24 vərəsəsi - arvadı X1 şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evi olan miras əmlakdan 1/1 hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 27.09.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 59 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisində bağlanmış 22.10.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, X30 mülkiyyətində olan Yevlax şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 59 saylı evi və evin yerləşdiyi 0.049 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 59 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 579 nömrəli ölüm haqqında arayışdan görünür ki, X30 22.05.2020-ci ildə ölmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2003-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X39 ilə X16 arasında bağlanmış nikah 2003-cü ilin avqust ayının 01-ci günündə akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada isə Nəbiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X43 Nəbiyevanın birgə nikahlarından 31.01.2004-cü il təvəllüdlü Səməndər və 05.04.2005-ci il təvəllüdlü Aslan adlı uşaqları var. Ölüm haqqında şəhadətnamədən görünür ki, X39 26.07.2011-ci ildə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 43 saylı 24.02.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı əri Əhməd vəfat edənədək uşaqları 31.01.2004-cü il təvəllüdlü X8 və 05.04.2005-ci il təvəllüdlü X25 ilə birlikdə ünvan 2 saylı evdə yaşamış, ərinin vəfatından sonra isə 2019-cu ilədək həmin ünvanda yaşamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, miras əmlak kimi Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evi göstərilmişdir. Halbuki, miras əmlak, mərhum Şəfiqə Nəbiyeva ilə mərhum Aslan Nəbiyevin birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılmalı və miras əmlak kimi ümumi birgə mülkiyyətdə olan əmlakın 1/2 hissəsi tanınmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən X40 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Yevlax rayonu Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla və mirası qəbul edən vərəsə X13 ərizəsi ilə kifayətlənmiş, bununla da iddiaçı və onun uşaqları açılmış vərəsəlik işindən xəbərsiz olmuşdur. İş materiallarından göründüyü kimi, mirasın açıldığı vaxt, miras qoyan Aslan Nəbiyevin öldüyü vaxt, yəni 01.11.2011-ci ildir. Aslan Nəbiyevin vərəsəsi olacaq Əhməd Nəbiyev isə miras əmlak açılmazdan əvvəl, yəni 26.07.2011-ci ildə vəfat etmişdir. Lakin sonuncunun uşaqları və arvadı(hazırkı iş üzrə iddiaçı) miras əmlakda yaşayaraq miras əmlakı faktiki qəbul etmişlər. Bu hal məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatları və Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras əmlak miras qoyanın vərəsələri Cavabdeh, Xuraman Nəbiyeva, mərhum Şəfiqə Nəbiyeva ilə yanaşı İddiaçı tərəfindən də faktiki qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, digər vərəsələr Cavabdeh, Xuraman Nəbiyeva, mərhum Şəfiqə Nəbiyevanın miras əmlakda (ümumi əmlakın 1/2 hissəsi) payları nəzərə alınmaqla, ataları mərhum Əhməd Nəbiyevə çatacaq paydan uşaqları - Səməndər və Əhməd bərabər pay almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X19 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli, həmin şəhadətnamə və bağışlama müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilməli, İddiaçı tərəfindən miras qalan əmlakın faktiki qəbul edilməsi faktı müəyyən edilməli, 26.07.2011-ci ildə vəfat etmiş X26 vərəsələri - 31.01.2004-cü il təvəllüdlü X2 və 05.04.2005-ci il təvəllüdlü X9 babaları X20 miras qalmış Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinə(1/2 hissəsinə) və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinə(1/2 hissəsinə) vərəsəlik hüquqları tanınmalı və həmin miras əmlakdan 26.07.2011-ci ildə ölmüş ataları Əhməd Nəbiyəvə çatası paydan bərabər pay almalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1145-ci, 1146-ci, 1159.1.1-ci, 1159.1.2-ci, 1159.1.3-cü, 1243.2-ci və 1243.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar miras qoyanın övladlarıdır. İddiaçı onların qardaşının keçmiş arvadı olmuşdur. X4 və anaları X32 18.06.1975-ci ildə nigaha daxil olmuşdur. Onların bu nigahından X36, X27, X22 və Süleymanova (Nəbiyeva) Nəzakət Aslan qızı adlı övladları doğulmuşdur. X4 01.11.2011-ci il tarixində və anaları X32 22.05.2020-ci il tarixində vəfat etmişdir. Qardaşları, yəni hazırkı iddiaçının əri X39 26.07.2011-ci il tarixdə vəfat etmişdir. Ataları 01.11.2011 -ci il tarixində vəfat edəndən sonra ondan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli, 21.02.2008-ci il qeydiyyat tarixli çıxarışdan da göründüyü kimi Yevlax şəhəri M.Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70.32 kv.m yaşayış, 78.56 kv.m köməkçi sahadən ibarət 59 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 173 nömrəli vərəqəsində qeydiyyata alınmaqla bu əmlak atasından miras qalmışdır. Ona görə də onlar atalarına aid mirasın analarınınn adına keçməsi üçün öz paylarından analarının xeyrinə imtina etmişlər. 16.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01 11.2011ci ildə vəfat etmiş X24 vərəsəsi - X1 şəhəri M.Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70.32 kv.m yaşayış 78.56 kv.m köməkçi sahədən ibarət ümumi sahəsi 148.88 kv.m olan 59 nömrəli fərdi yaşayış evi olan miras əmlakdan 1/1 hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 27.09.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində X15 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Aparılan bütün əməliyyatlar qanuna əsaslanaraq aparılmış, bağışlama müqaviləsi vərəsəlik haqqında şəhadətnamə qanuni əsaslarla tanınmışdır. X61 Regional “Asan-Xidmət” mərkəzinin notariat ofisində bağlanmış, 22.10.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə X32 mülkiyyətində olan Yevlax şəhəri M.Hüseynzadə küçəsində yerləşən 59 saylı evi və evin yerləşdiyi 0.049 ha torpaq sahəsini qızı Cavabdeh bağışlamışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 201901 1252 qeydiyyat nömrəli, 29.10.2019-cu ıl qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 2 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu proseslərin gedişində iddiaçı nə evdə yaşamış, nə də əmlakla bağlı hər hansı bir müraciətlər etmişdir. X3 22.05.2020-ci il tarixinədək yəni vəfat etdiyi günədək ona aid olan öz əmlakım qızı Cavabdeh bağışlamışdır. Atalarının ölümündən sonra onun vərəsələri içərisində X39 miras qoyandan əvvəl vəfat etdiyindən o artıq vərəsə deyildir. Ataları öləndən əvvəl və sonra iddiaçı bu evdə yaşamamışdır, bu səbəbdən də həmin mirasın qəbulunda qardaşına münasibətdə onun payı olmamışdır. Aparılan müqavilələrin bütün əməliyyatları Dövlət Natarisunda və “ASAN- Xidmətdə aparılmışdır. Burada hansı qanun pozuntusundan danışmaq olar. Mirasın qəbul edilmə müddəti qanunla 3 aydır. Miras qoyanın oğlu X39, yəni hazırkı iddiaçının əri miras açılandan əvvəl vəfat etmişdir. O, vəfat edəndən sonra onun arvadı hazırkı İddiaçı və uşaqları orada yaşamırdı. Məhkəmə vərəsəlik haqqında şəhadətnaməni, daşınmaz əmlakının bağışlanması müqaviləsini etibarsız sayarkən səhv nəticəyə gəlmişdir. Bununlada AR MPM-nın 1133 və 1243.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qeyd etdiyi hallara obyektiv qiymət verməmişdir. Məhkəmə mirası qəbul etməyən şəxsin payını onun övladlarına münasibətdə əsassız olaraq müəyyən etmişdir. Qətnamənin hazırkı nəticə hissəsində miras qoyanın vəfat etmiş oğluna münasibətdə payın ayrılmasından söhbət gedirsə məhkəmə səhv və yaxud da düz bu barədə qərar qəbul edirsə bir payı iki paya münasibətdə qətnamədə təsbit edirsə, bu hal özü belə ədalətli deyil. Məhkəmə fərdi yaşayış evinin 1/2 hissəsinin 1/8 hissəsinə Səməndər Əhməd oğlunun 1/8 hissəsinə Aslan Əhməd oğlunun miras payını müəyyən edir. Aydındır ki, hər iki uşaq miras qoyan X29 Nəbivevin uşaqlarıdır. Miras qoyan Aslan Nəbiyevin 5 övladı olduğunu nəzərə alsaq hazırki uşaqların atası Əhməd Nəbiyevin miras qoyanın oğlunun qanunla bir payı vardır. Onun hər iki övladı həmin bir paya münasibətdə mirasdan bir pay istəyə bilərdi. Bütün bunları da təbii ki, həmin mirası qəbul etdikləri halda mübahisələndirilə bilərdi. Göründüyü kimi məhkəmə miras qoyandan əvvəl vəfat etmiş, oğlu Əhməd Nəbiyevin hər iki uşağına mirasın 1/2 hissəsinin 1/8 hissəsini hər birinə bölməkdə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci ıl tarixli, 2(039)-105/2021 saylı qətnaməsinın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh, X22, X23 və X6 vəkili Fərhad Məmmədov apelyasiya şikayətinjin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci ıl tarixli, 2(039)-105/2021 saylı qətnaməsinın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında iştirak edərək Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-ci ıl tarixli, 2(039)-105/2021 saylı qətnaməsinın dəyişdiriləmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar və qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardan ibarətdir; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 55. Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 2(039)- 105/2021 saylı 07 aprel 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-105/2021 saylı 07 aprel 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf qətnaməni mübahisələndirməmiş, onun nəticəsi ilə razılaşmışdır. Ona görə də kollegiya iddia tələbinin rədd edilməsi hissəsi üzrə hüquqi dəyərləndirmə aparmır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlərin valideynləri olan Aslan Nəbiyev və Şəfiqə Nəbiyeva 1975-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından Dağıstan, Rahilə, Nəzakət, Xuraman və Əhməd adlı uşaqları anadan olmuşdur. Birgə nikah müddətində Aslan Nəbiyevin adına 2008- ci ildə Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində daşınmaz əmlak (ev və torpaq sahəsi) qeydə alınmışdır. Aslan Nəbiyev və Şəfiqə Nəbiyevanın birgə nikahdan olan uşaqları Əhməd Nəbiyev 26.07.2011-ci ildə, Aslan Nəbiyev isə 01.11.2011-ci ildə vəfat etmişdir. Bundan sonra Aslan Nəbiyevin arvadı Şəfiqə Nəbiyeva ərindən miras qalan əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və sonradan həmin əmlakı qızı Cavabdeh (hazırkı iş üzrə cavabdeh) bağışlamışdır. İddiaçı ilə Əhməd Nəbiyevin birgə nikahlarından iki uşaqları (Səməndər və Əhməd) anadan olmuş və iddiaçı uşaqları ilə birlikdə, qaynatası Aslan öldükdən sonra 2019-cu ilin avqust ayınadək həmin miras əmlakda yaşamışdır. Məhkəmə kollegiyası iddia tələbinin uşaqlara aid hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya şikayəti isə qismən əsaslıdır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Beləliklə kollegiya hesab edir ki, iddiaçı qanuni nümayəndə kimi miras əmlakı faktiki olaraq qəbul etdiyindən iddia təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi vərəsələrin paylarını müəyyən edərkən səhvə yol vermiş, eyni zamanda iddia tələbindən kənara çıxmışdır. Qətnamədən görünür ki, məhkəmə İddiaçı (uşaqları) tərəfindən X20 miras qalan əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsini müəyyən etməklə tələbdən kənara çıxmışdır. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti həmin hissədə əsaslıdır. Bundan başqa X20 miras qalan Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/8 hissəsinə X5, 1/8 hissəsinə X21 miras payların müəyyən etməklə mirasın həcmində səhvə yol vermişdir. Şikayət həmin hissədə də əsaslıdır. Kollegiya qeyd edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, miras əmlak kimi Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli miras əmlak, mərhum Şəfiqə Nəbiyeva ilə mərhum Aslan Nəbiyevin birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılmalı və miras əmlak kimi ümumi birgə mülkiyyətdə olan əmlakın 1/2 hissəsi tanınmalıdır. Məhkəmə kollegiyası qeyd dir ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən X40 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Yevlax rayonu Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla və mirası qəbul edən vərəsə X13 ərizəsi ilə kifayətlənmiş, bununla da iddiaçı və onun uşaqları açılmış vərəsəlik işindən xəbərsiz olmuşdur. Mirasın açıldığı vaxt, miras qoyan Aslan Nəbiyevin öldüyü vaxt, yəni 01.11.2011-ci ildir. Aslan Nəbiyevin vərəsəsi olacaq Əhməd Nəbiyev isə miras əmlak açılmazdan əvvəl, yəni 26.07.2011-ci ildə vəfat etmişdir. Lakin sonuncunun uşaqları və arvadı(hazırkı iş üzrə iddiaçı) miras əmlakda yaşayaraq miras əmlakı faktiki qəbul etmişlər. İşin bu halı cavabdehlərin izahatları və Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu, eyni zamanda Yevlax şəhər S.Əliyev adına 1 saylı tam orta məktəbin direktor əvəzinin arayışı ilə ilə də öz təsdiqini tapmışdır. Belə ki, məktəb həmin mübahisəli evin yaxınlığında yerləşir. Bu da onu deməyə əsas verir ki, uşaqlar mübahisəli evdə yaşamışlar. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti vərəsəliyin iddiaçı tərəfindən qəbul edilməməsi barədə dəlili əsassızdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras əmlak miras qoyanın vərəsələri ilə yanaşı İddiaçı tərəfindən də faktiki qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, digər vərəsələr də vərəsəliyi qəbul etdiyindən (iddiaçı tərəf bunu mübahisələndirməmişdir) mərhum Şəfiqə Nəbiyevanın miras əmlakda(ümumi əmlakın 1/2 hissəsi) payları nəzərə alınmaqla, uşaqların ataları mərhum Əhməd Nəbiyevə çatacaq paydan uşaqları - Səməndər və Əhməd bərabər pay almalıdırlar. Məhkəmə kollegiyası payların müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, apelyasiya şikayəti həmin hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi payların müəyyən edilməsi hissəsində də səhvə yol vermişdir. Belə ki, 26.07.2011-ci ildə vəfat etmiş X26 vərəsələri - 31.01.2004-cü il təvəllüdlü X5 və 05.04.2005-ci il təvəllüdlü X21 babaları X20 miras qalmış Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinə 1/2 hissəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/6 hissəsinə paylar müəyyən edilməli idi. Yəni yəni Aslan Nəbiyevin 6 vərəsəsi qalnmışdır, arvadı 1.Şəfiqə Nəbiyeva, övladları, 2.Dağıstan, 3.Rahilə, 4.Nəzakət, 5.Xuraman və 6.Əhməd Nəbiyev. Uşaqların ölmüş ataları Əhməd Nəbiyevə çatası miras mülkün 1/6 hissəsinin 1/12 hissəsinə X5 və 1/12 hissəsinə X21 payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası şikayətin digər dəlili olan atalarının ölümündən sonra onun vərəsələri içərisində X39 miras qoyandan əvvəl vəfat etdiyindən o artıq vərəsə deyildir hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Mülki Qanunvericiliyin vərəsəlik institundan bəhs normalarına əsasən miras qoyanın nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi qanunvericilik hazırkı halda uşaqlara ölmüş atalarına çatası paydan bərabər miras almaq hüququnu tanımışdır. Məhkəmə kollegiyası şikayətin digər dəlili olan miras əmlakla bağlı aparılan bütün əməliyyatların qanuna əsaslanaraq aparılması, bağışlama müqaviləsinin və vərəsəlik haqqında şəhadətnamə verilərək qanunvericiliyin tələblərinin pozulmaması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. İddia tələbi isə həmin hissədə əsaslıdır. Belə ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən X40 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Yevlax rayonu Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla və mirası qəbul edən vərəsə X13 ərizəsi ilə kifayətlənmiş, bununla da, Notariat orqanı tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X19 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edildiyindən Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” də etibarsız hesab edilməlidir. Eyni zamanda həmin şəhadətnamə və bağışlama müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilməlidir. Beləliklə də kollegiya hesab edir ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X19 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli, həmin şəhadətnamə və bağışlama müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilməli, 26.07.2011-ci ildə vəfat etmiş X26 vərəsələri - 31.01.2004-cü il təvəllüdlü X5 və 05.04.2005-ci il təvəllüdlü X21 babaları X20 miras qalmış Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinə 1/2 hissəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/6 hissəsinə (yəni Aslan Nəbiyevin 6 vərəsəsi qalmışdır, arvadı 1.Şəfiqə Nəbiyeva, övladları, 2.Dağıstan, 3.Rahilə, 4.Nəzakət, 5.Xuraman və 6.Əhməd Nəbiyev) vərəsəlik hüquqları tanınmalı və həmin miras əmlakdan 26.07.2011-ci ildə ölmüş ataları Əhməd Nəbiyəvə çatası paydan bərabər pay almalıdırlar. Uşaqların ölmüş ataları Əhməd Nəbiyəvə çatası miras mülkün 1/6 hissəsinin 1/12 hissəsinə X5 və 1/12 hissəsinə X21 payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-105/2021 saylı, 07 aprel 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh, X22, X23 və X28 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-105/2021 saylı, 07 aprel 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. X19 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, 26.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, 22.10.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Həmin şəhadətnamə və bağışlama müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 29.10.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilsin. 26.07.2011-ci ildə vəfat etmiş X26 vərəsələri- 31.01.2004-cü il təvəllüdlü X5 və 05.04.2005-ci il təvəllüdlü X21 babaları X20 miras qalmış Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinə 1/2 hissəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/6 hissəsinə vərəsəlik hüquqları tanınsın. Əhməd Nəbiyəvə çatası miras mülkün 1/6 hissəsinin 1/12 hissəsinə X5 və 1/12 hissəsinə X21 payları müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar