Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1380/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və Babayev Famil Vahid oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- sığorta müqaviləsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 9449.94 (doqquz min dörd yüz qırx doqquz manat 94 qəpik) məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.10.2013-cü il tarixində Bakı-Qazax- Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobiliCavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Honda CR-V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsini idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında protokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirləşdirilməsinə dair inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmənin qərarına əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh2 məhkəmə iclasında izahat verərək, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Bununla məlum olur ki, cavabdeh şəxs Cavabdeh2 “xxxx” ASC tərəfindən sığortalanmış “Honda CR-V” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Mülki Məcəlləyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin məcəlləyə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında-onun verdiyi sığorta ödənişi həcmində keçir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi ilə (hakim N. Əliyev) iddia təmin edilmiş, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişinin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 06.10.2013-cü il tarixində Bakı- Qazax-Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də soğortalanmış “Honda CR- V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsini idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında porotokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Avtomobilə dəymiş 9419.54 manat məbləğində zərər “xxxx” ASC tərəfindən ödənilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsi idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında porotokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövvət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Odur ki, bunları diqqətə alan birinci instansiya məhkəməsi qət etmişdir ki, iddia təmin edilməli, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişi, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» ASC-nin xeyrinə verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci, 34.1.3 və 34.1.4-cü, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci, 448.1-ci, 916.1-ci, 936.1-ci, 936.2ci, 936.4-cü, 936.5-ci, 936.6-cı, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mülki işə əlavə olunmuş sənədlərdən görünür ki, apelyator 06 oktyabr 2013-cü ildə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda sərxoş vəziyyətdə qardaşı Cavabdeh1 məxsus VAZ- 21154" markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı Qazax avtomobil yolunun 272-ci km-də hərəkətdə olarkən, hərəkətetməni itirərək öz hərəkət zolağından əks hərəkət zolağına çıxmaqla qarşıdan gələn “Honda CRV” markalı ** HN *** və “QAZ-3302-18” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin inzibati xətaya görə Ağdaş rayon Məhkəməsinin inzibati xəta haqqında qərarı ilə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat inzibati cərimə olunmuşdur. O, “QAZ-3302-18” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin məhkəməyə müraciəti əsasında məhkəmənin qətnaməsinə əsasən avtomobilə dəymiş zərərin əvəzini ödəmişdir. Bundan sonra keçən müddətdə hər iki avtomobilin mükiyyətçiləri və ya başqa sığorta şirkətləri tərəfindən bu barədə ona müraciət edən olmamışdır və bu barədə ona heç kəs heç nə deməmişdir. İddiaçı “xxxx” ASC hadisədən təqribən bir ay sonra, yəni 14 noyabr 2013-cü il tarixdə “Honda CRV” markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə MİB- HQ-0071/10 saylı sığorta müqaviləsinə əsasən 9419.54 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. ( kassa məxaric orderi № 001184, tarix: 14 noyabr 2013-cü il). Bundan əlavə iddiaçının həmin 04 oktyabr 2013-cü il tarixli sığorta hadisəsindən vaxtında xəbəri olmuşdur və hadisədən bir müddət sonra, yəni 14 noyabr 2013-cü il tarixdə sığorta ödənişi etmişdir. Sığorta ödənişi tərəflər arasında bağlanaraq imzalanmış sığorta müqaviləsinə əsasən həyata keçirilmişdir. Sığorta ödənişi etdikdən sonra subroqasiya qaydasında ona qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir. İddiaçı tərəf iddia tələbində iddia qaldırmaqla əlaqədar iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş və iddia ərizəsində həmin müddətin üzrlü səbəbdən buxarıldığından bərpa edilməsini və müddətin uzadılmasını məhkəmədən xahiş etməmişdir. Ona görə də, apelyator iddiaçının ona qarşı “9419.54 manat məbləğində sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 9449.54 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi haqqında” mülki işə məhkəmədə baxılan zaman “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “9419.54 manat məbləğində sığorta ödənişinin, 30.40 manat məbləğində dövlət rüsumunun, cəmi 9449.54 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı "xxxx” ASC-nin hesabına ödənilməsi haqqında” iddiasının iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə qətnamə qəbul edərkən onun “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəsini hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutları əlaqəli şəkildə şərh etməmiş, sığorta ödənişinin tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən həyata keçirildiyini nəzərə almamış, ərizə əsaslı olduğundan iddia tələbinə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul etməməklə buna düzgün qiymət verməmişdir. Odur ki, o, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “9419.54 manat məbləğində sığorta ödənişinin, manat məbləğində dövlət rüsumunun, cəmi 9449.54 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi” haqqında 2(014)-341/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı «xxxx» ASC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh “delikt”-in törədilməsində təqsirini və “delikt” nəticəsində digər şəxsin əmlakına dəymiş zərər məbləğini mübahisələndirmir. Apellyasiya şikayətinin əsas arqumenti iddiaçı tərəfindən iş üzrə iddia müddətinin ötürüldüyü ilə bağlıdır. Lakin, mülki qanunvericilikdə öhdəliklər iki yerə bölünür: müqavilədən irəli gələn öhdəliklər və deliktdən irəli gələn öhdəliklər. Cavabdehin öhdəliyi hər hansı müqavilədən deyil, Cavabdeh1 məxsus VAZ-21154" markalı, ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququ olmadan Cavabdeh2 tərəfindən idarə edilərkən başqa avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gəlir. İddiaçının cavabdehə qarşı öhdəliyi bağlanmış hər hansı müqavilədən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan- deliktdən irəli gəlir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı reqres hüququndan istifadə edir. İş materiallarından göründüyü kimi, zərərçəkən şəxs ona məxsus avtomaşını sığorta etdirmiş və onun əmlakına zərər dəydiyi üçün ona dəymiş zərər iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin öhdəliyi hər hansı müqavilədən deyil, deliktdən irəli gəlir. Belə ki, məhz bu yol nəqliyyat hadisəsi üzrə dəymiş zərərin əvəzinin ödənilməsi ilə iddianı birbaşa delikt nəticəsində zərər çəkmiş şəxs qaldırsa idi, məhkəmə hansı müqavilə və ya digər halı əsas gətirib 3 illik iddia müddətini tətbiq edəcəkdi? Təbii k, heç bir halda bu mümkün deyil. Çünki yol nəqliyyat hadisəsi üzrə birbaşa ziyan dəymiş şəxs hansısa müqavilə üzrə deyil, məhz deliktdən yaranan reqres (subroqasiya) hüququ əsasında məhməyə müraciət edəcəkdir. Anoloji olaraq deliktdən yaranan reqres (subroqasiya) hüququ əsasında məhkəməyə iddianı «xxxx» ASC verdiyi halda da, iddia müddətinin 3 ilə məhdudlaşdırılması absurd və qanunsuzdur. Eyni zamanda qeyd etmək zəruridir ki, bu tipli tələblərlə bağlı müxtəlif instansiya Məhkəmələrinin qanuni qüvvəsini almış kifayət qədər qərarları və formalaşmış Məhkəmə praktikası mövcuddur. Odur ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinin tələbinə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti isə üç ildir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu: «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, 2(014)-341/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh2 mübahisələndirir. 2(014)-341/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya 2(014)-341/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsini apelyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi apelyator Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 06.10.2013-cü il tarixində Bakı- Qazax-Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də soğortalanmış “Honda CR- V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsini idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının 24.10.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında porotokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Avtomobilə dəymiş 9419.54 manat məbləğində zərər “xxxx” ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının həmin 04 oktyabr 2013-cü il tarixli sığorta hadisəsindən vaxtında xəbəri olmuşdur və hadisədən bir müddət sonra, yəni 14 noyabr 2013-cü il tarixdə sığorta ödənişi etmişdir. Sığorta ödənişi tərəflər arasında bağlanaraq imzalanmış sığorta müqaviləsinə əsasən həyata keçirilmişdir. Sığorta ödənişi etdikdən sonra subroqasiya qaydasında ona qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir. Şikayətdən görünür ki, cavabdeh “delikt”-in törədilməsində təqsirini və “delikt” nəticəsində digər şəxsin əmlakına dəymiş zərər məbləğini mübahisələndirmir. Bilindiyi kimi, mülki qanunvericilikdə öhdəliklər müqavilədən yaranan öhdəliklər və deliktdən irəli gələn öhdəliklər olmaqla iki yerə bölünür. Cavabdehin öhdəliyi də müqavilədən deyil, idarə etmək hüquq olmadan sərxoş vəziyyətdə avtomobil idarə edərkən başqa avtomobilə zərər vurulmasından, yəni mülki hüquq pozuntusundan- deliktdən irəli gəlir. Cavabdehdən tələb edilən ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, onun üçüncü şəxs Əhəd İsmayılovun idarə etdiyi avtomobilə zərər vurulmasından, yəni delikdən irəli gələn öhdəlikdir. İddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığından hazırkı mübahisəyə müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 09 mart 2021-ci il tаrixli, 2(014)-341/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1380/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1380/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver