Məhkəmə qərarları › İş №2(107)-1383/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1383/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1383/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin 2(075)-2154/2022 saylı mülki iş üzrə qəbul etdiyi 20 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə(bundan sonra- Rayon Məhkəməsi) müraciət edərək, 35.040 manat, 24.000 ABŞ dolları, 267.537,84 rubl məbləğində borcun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil(bundan sonra- Vəkil) həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Vəkil şikayəti geri qaytarılmışdır. Vəkil həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Rayon Məhkəməsi “şikayətin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, barəsində şikayət verilmiş xx.xx.2022-ci il tarixli qərardad xx.xx.2022ci il tarixdə Vəkil şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan verilmiş şikayət isə xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Vəkil apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan Vəkil isə şikayətini onunla əsaslandırmışdır ki, şikayətin geri qaytarılması barədə qərardadda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli qərardad xx.xx.2022-ci il tarixdə ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Halbuki, Rayon Məhkəməsi 2(075)-2154/2022 saylı mülki iş üzrə onu vəkil kimi elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixdə əlavə etmişdir. Bu səbəbdən 2(075)-2154/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardad xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilə bilməzdi. Həmçinin, şəxsi elektron kabinetinin bildirişlər bölməsindən də etdiyi çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəki Rayon Məhkəməsindən ona heç bir sənəd daxil olmayıb. Apellyasiya baxışı zamanı iş materialları Məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə Elektron Məhkəmə Sistemi tərəfindən Vəkil, sonuncunun Şəki Rayon Məhkəməsində 2(075)-2154/2022 nömrəli işdə “vəkil” qismində qeydiyyata alınması barədə bildiriş göndərilmişdir. Bundan əlavə, “AZEMİS” elektron məhkəmə informasiya sistemində də Şəki Rayon Məhkəməsinin 2(075)-2154/2022 nömrəli işi üzrə aparılan “texniki əməliyyatlar” bölməsində vəkil tərəf məlumatın xx.xx.2022-ci il tarixdə saat 10:48-də işə əlavə edildiyi qeyd olunmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Vəkil şikayətinə baxarkən şikayətdə qeyd olunan dəllilləri tam və hərtərəfli araşdırmamışdır. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və barəsində şikayət verilmiş qərardadı işin hallarına uyğun əsaslandırılmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli qərardad ləğv edilsin və İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət yenidən baxılması üçün iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar