Məhkəmə qərarları › İş №2(107)-1387/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1387/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1387/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi həmçinin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 43000 manat borc, icra qeydinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 219 manat dövlət rüsumu cəmi 43239 (qırx üç min iki yüz otuz doqquz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 4 oktyabr 2023-cü il tarixli, 2(037)- 781/2023 saylı qətnaməsi ilə iddianın tələbi təmin edilməsi, Cavabdeh 43000 manat borcunun, icra qeydinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 219 manat dövlət rüsumunun cəmi – 43239 (qırx üç min iki yüz otuz doqquz) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, nümayəndəsi həmçinin vəkili X3 apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(037)- 781/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-ci maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur. Həmin qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 6 dekabr 2018-ci il tarixdə kredit müqaviləsinin bağlanması və 7 yanvar 2020-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən həmin kredit müqaviləsi əsasında icra sənədinin (icra qeydi) verilməsi, cavabdeh tərəfindən iddiaçı həmin kredit müqaviləsi üzrə 43000 manat borcun ödənilməsi işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydinin verilməsi halı məhkəməyə bəlli olmuş, iş materiallarında icra icraatının hansı mərhələdə olması (davam etməsi və ya xitam olması) barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir, Mülki Prosessual Məcəllənin 261.0.2ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Kollegiya hesab edir ki, 7 yanvar 2020-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsi əsasında icra sənədi (icra qeydi) olduğundan iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh 43000 manat borc, icra qeydinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 219 manat dövlət rüsumu cəmi – 43239 (qırx üç min iki yüz otuz doqquz) manat pulun alınaraq ona verilməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar