Məhkəmə qərarları › İş №2(107)-1391/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1391/2020

10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1391/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək xx xxxx 2018-ci ildən xx xxx 2019-cu il tarixədək olan həbsdə saxlanıldığı, işlədiyi müddətin həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilməsi , 2. Qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 10000 manat, 3. İtirdiyi sağlamlığın bərpa olunması-fiziki ziyan hesabına 5000 manat, 4. Vurulmuş mənəvi ziyan əvəzi kimi 50000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcmini azaldaraq 1. İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 10000 manat, 2. İtirdiyi sağlamlığın bərpa olunması-fiziki ziyan hesabına 5000 manat, 3. İddiaçı vurulmuş mənəvi ziyan əvəzi kimi 50000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 3000 (üç min) manat pul və vurulmuş mənəvi ziyan əvəzi kimi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyаsiyа şikаyəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Bundan əlavə məhkəmə qətnaməsində də açıq şəkildə ifadə olunmuşdur ki, iddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərinin itirilməsi, məhkəmə xərcləri və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərədən məhkəmə iddiaçının həbsdə olduğu müddət (xx.xx.2018-xx.xx.2019) üçün mimimum aylıq əməkhaqqının hesablanması zamanı da səhvə yol vermişdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamına əsasən ölkə üzrə 250 manatməbləğində minimum aylıq əməkhaqqı 2019-cu il sentyabr ayının 1-dənqüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək 130 manat,2019- cu il martın 1-dən 2019-cu il sentyabrın 1-dək isə 180 manatməbləğində olmuşdur. Belə olan halda məhkəmənin hansı sübutlar əsasında iddiaçının həbs olan vaxtadək fərdi əməklə məşğul olduğu qənaətinə gəldiyi məlum deyildir və qətnamədə bu məsələ əsaslandırılmamışdır. Bundan əlavə məhkəmə qətnamənin əsaslandırma hissəsində iddiaçının onun barəsində aparılmış istintaq zamanı və işə məhkəmədə baxılan zaman mənəvi iztirab keçirdiyini qeyd etsə də, bunu heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 5000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Bundan əlavə qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnаməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 3000 (üç min) manat pulun tutulması hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 1971-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(051)- 4/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə zalından azad edilmişdir. İddiaçı xx xxxx 2018-ci ildən xx xxx 2019-cu il tarixədək cəmi 11 ay 21 gün həbsdə qalmışdır. Bu müddət ərzində iddiaçı ailəsindən ayrı düşmüşdür. Ailə üzvləri onunla bərabər mənəvi iztirab keçirmişlər. Uzun müddət bu araşdırma getdiyindən barəsində müxtəlif şayiələr gəzmişdir. Aparılan istintaq materialları doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə, iddiaçı təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmişdir. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. xx.xx.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bu kontekstdə kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, qanunsuz məhkum edilməsi nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayəti ilə qismən razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının həbsdə olduğu müddət (xx.xx.2018-xx.xx.2019) üçün mimimum aylıq əmək haqqının hesablanması zamanı səhvə yol vermişdir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamına əsasən ölkə üzrə 250 manatməbləğində minimum aylıq əməkhaqqı 2019-cu il sentyabr ayının 1-dənqüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək 130 manat,2019-cu il martın 1-dən 2019-cu il sentyabrın 1-dək isə 180 manatməbləğində olmuşdur. İddiaçının həbsdə olduğu müddət (xx.xx.2018xx.xx.2019) üçün mimimum aylıq əməkhaqqının hesablanması həmin məbləğlər nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, apelyator qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosessinə cəlb olunmalı olduğunu bildirsə də, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər hansı bir şəxsə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bundan əlavə apelyator mənəvi ziyana görə 5000 manat məbləğində kompensasiyanın tutulmasına etiraz etsə də, məhkəmə kollegiyası cavabdehin diqqətinə çatdırır ki, “Oyalın Türkiyəyə qarşı işi üzrə xx xxxx 2010-cü il, nömrə 4864/05 tarixli X1 Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnаməsi qismən, yəni cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 3000 (üç min) manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 1668 (bir min altı yüz altmış səkkiz) manat pul alınıb İddiaçı verilməli, qətnamə qalan hissədə yəni, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə vurulmuş mənəvi ziyan əvəzi kimi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnаməsi qismən, yəni cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 3000 (üç min) manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 1668 (bir min altı yüz altmış səkkiz) manat pul alınıb İddiaçı verilməli, qətnamə qalan hissədə yəni, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə vurulmuş mənəvi ziyan əvəzi kimi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-252/2020 saylı qətnаməsi qismən yəni, yəni cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 3000 (üç min) manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 1668 (bir min altı yüz altmış səkkiz) manat pul alınıb İddiaçı verilsin. Qətnamə qalan yəni, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qanunsuz həbsdə saxlanıldığı müddətdə vurulmuş mənəvi ziyan əvəzi kimi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar