Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1394/2022 06.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair (Açar sözlər: pul tələbi-iddia müddəti) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı, Cavabdeh2 vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(046)-1169/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları 1.xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 8200 ABŞ dolları dəyərində dəzgah almış, həmin dəzgahın dəyərinin 2018-ci ilin avqust ayındakək ödəyəcəyini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 6800 manat borcun və 88.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə cavabdehlərdən 8200 ABŞ dolları dəyərini ödəməklə salfetka istehsal edən dəzgah almışdır. Lakin dəzgahı lazımı qaydada işlədə bilmədiyindən, həmin dəzgahı satmaq qərarına gəlmişdir. Ona görə də sözügedən dəzgahı cavabdehlərdən onun satılmasına köməklik göstərməsini xahiş etmiş, bir müddətdən sonra cavabdehlər ona zəng edərək həmin dəzgahi ona satdıqları qiymətə yəni 8200 ABŞ dollarına almaq istədiklərini bildirmiş, eyni zamanda həmin pulu 2018-ci ilin avqust ayınadək hissə-hissə ödəyəcəklərini bildirməklə razılığa gəlmişlər. Aralarında müsbət münasibət yarandığından cavabdehlərin sözlərinə inanmışdır. Bundan sonra 12 mart 2018-ci il tarixdə şahidlərin iştirakları ilə qəbz yazaraq ona təqdim etmiş və salfetka istehsal edən dəzgahı nəqliyyat vasitəsinə yükləyərək çıxıb getmişlər. Ötən dövr ərzində cavabdehlər həmin məbləğdən ümümilikdə 4200 ABŞ dolları ödəmişlər. 2018-ci ilin avqust ayından sonra 4000 ABŞ dolları ödənilməmiş qalmışdır. Cavabdehlərdən ödənilməmiş qalan 4000 ABŞ dollarını ödənilməsini onlardan tələb etsə də cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmış, dəzgahın dəyərindən ödənilməmiş qalan 6800 manat borcu ödəməkdən qəsdən yayınmışlar. Axır vaxtlar isə etdiyi zənglərinə cavab verməmiş və sonradan onunla əlaqə yaratmamışlar. Aralarında yaranmış vəziyyətlə əlaqadar müxtəlif vaxtlarda cavabdehlərin yaşadıqları ünvana gedərək cavabdehlərlə və onların atası Elbəniz ilə fərdi söhbətlər aparmışlar.
4. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 19 avqust 2022-ci il tarixli, 2(046)-1169/2022 nömrəli qətnaməsi ilə idda təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 8200 ABŞ dolları dəyərində dəzgahı nisyə satmış, cavabdehlərin həmin dəzgahın dəyərini 2018-ci ilin avqust ayınadək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərin dəzgahın ümumi dəyərindən 4200 ABŞ dollarının qaytardığını, qalan 4000 ABŞ dollarının bu günədək ödəmədiyini iddia edir və 4000 ABŞ dollarının cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi 2018-ci ilin avqust ayınadək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu da üç illik iddia müddətinin iddiaçı tərəfindən buraxılmasına dəlalət edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə isə ona görə təmin edilə bilməz ki, Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2, 376, 442 və 600.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli və "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyiniəsas gətirərək iddia tələbini rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, cavabdehlər məhkəmə prosesindən əvvəl 6800 manat pulu verəcəklərini etiraf etsələr də, məhkəmə prosesi zamanı bunun tam əksini söyləyərək müqavilənin şərtlərinə əməl etdiklərini həmin pulu güya 2018-ci ilin avqust ayınadək ona qaytardıqlarını göstərmiş və iddia müddətinin keçdiyini bildirmiş və onun tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdilər. Halbuki, 2019-2021-ci illərdə müxtəlif vaxtlarda borc məbləğindən 300-400 manat ona qaytarmışdılar. Təssüflər olusun ki, məhkəmə faktları araşdırmaq iş üçün əhəmiyyətli olan faktların sübut edilməsi üçün səy göstərməmişdir. Bu məsələ ətrafında demək olar ki, onlara heç bir sual verilməmişdir. Belə olan halda cavabdehlər borclu olduqları 6800 manat pulu qaytardıqlarını bildirmişdilər.
9. Hesab edir ki, iddia müddətinin axımı bir qayda olaraq şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddia tələbinin vaxtında irəli sürülməməsinin səbəbi, ölkə ərazisində o cümlədən İsmayıllı rayon ərazisində çevik xüsusi karantin işrejimi tətbiq olunması olmuşdur. Yeni koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə İsmayıllı şəhər ərazisində xüsusi karantin rejimi 25 yanvar 2021-ci il tarixdə bitmişdir. Buna görə də həmin hallar baş verdiyiandan iddia müddətinin axımı dayandırılır. Şərh olunanlara əsasən hesab edir ki, iddia müddəti bitməmişdir və iddia tələbi təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o özünə məxsus olan dəzgahı xx.xx.2018-ci il tarixdə nisyə qaydada cavabdehlərə satmış, Cavabdeh2 da qəbzə imza edərək pulu 2018-ci ilin avqust ayına kimi hissə-hissə qaytaracağına vəd vermişdir. Lakin cavabdeh tərəf dəzgahın pulundan 4200 ABŞ dollar ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, tələb etdikdə isə müxtəlif bəhanələrlə yayınmışlar. Hesab edir ki, hazırki tələbi iddia müddəti tətbiq edilməməlidir. İddiaçı sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, işin həqiqi hallarından görünür ki, iddaçı cavabdehə dəyərini hissəhissə ödəmək şərtilə dəzhah vermiş, ödənişin son müddəti də 2018-ci ilin avqust ayı müəyyən edilmişdir. Hesab edir ki, hazırki iddia üzrə iddia müddətini tətbiq etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini əsassız hesab edir və şikayətin təmin olunmamasını xahiş edir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 səbəb və mümkünsüzlüynü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 372. İddia müddəti anlayışı.
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
17. Maddə 375. İddia müddətinin tətbiqi.
375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Maddə 377. İddia müddətinin başlanması.
377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
19. Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(046)-1169/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Göyçay Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(046)-1169/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, iddiaçı nisyə qaydada satmış olduğu dəzgahın qalıq dəyərini tələb edir.
25. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
26. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
29. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
30. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni qeyd olunan dəzgahı nisyə qaydada cavabdehə vermişdir. Lakin cavabdeh mövcud qəbz ilə üzərinə düşən öhdəlyi lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır. Lakin iddia müddəti ötürüldüyü və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi üçün iddia təmin olunmamalıdır.
31. Belə ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
32. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
33. İddiaçılə Cavabdeh2 arasında olan münasibətlər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gəldiyindən tələb üzrə üç illik iddia müddəti tətbiq olunmalıdır. İşə baxmış birinci instansiya məhkəməsi də verilmiş tələb üzrə Cavabdeh2 münasibətdə üç illik iddia müddətini tətbiq etmişdir.
34. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir
35. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə pulun ödənilməsi üçün son müddət (qəbz üzrə) 2018-ci ilin avqust ayında bitmişdir. Göründüyü kimi 3 illik iddia müddətinin axımı həmin tarixdən başlanıb və 2021-ci ilin avqust ayında bitmişdir. İddia ərizəsi isə məhkəməyə 14 mart 2022-ci ildə (xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur) verilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisə üzrə Cavabdeh2 münasibətdə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.
37. Kollegiya bildirir ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 24-cü səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
39. Göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür.
40. Kollegiya digər Cavabdeh1 münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, sonuncu hazırki mübahisə üzrə cavabdehlik daşımayan şəxsdir. 41 Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(046)-1169/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .
Sədrlik edən Ayaz Mahmudov