Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1404/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-818/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən borcun məbləği olan 2500 manat miqdarında pulun və 30 manat dövlət rüsümunun tutularaq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-818/2019 nömrəli(hakim N.Misirzadə) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qohumudur. Belə ki, cavabdeh xəstəliyi olan vətəndaşlara pensiya düzəldə bildiyini və bunun üçün kifayət qədər tanışlarının olduğunu demişdir. Onların da qohumluq əlaqələrinin olduğu üçün dediklərinə inanmış və ona 2017-ci ilin əvvəllərində ona pensiya düzəltmək üçün ilkin olaraq 2000 manat məbləğində pul vermişəm. Aralarında danışıqlar olmuş və razılığa gəlmiş, pensiya düzəldən zaman cavabdeh ona xəbər edəcəyini bildirmişdir. Bir müddət gözləmiş, cavabdeh ona yenidən pula ehtiyacı olduğunu, müəyyən problemlərlə üzləşdiyini və pensiyanı mütləq düzəldəcəyini deyərək, 500 manat pul tələb etmişdir. Cavabdehə inanaraq həmin məbləği vermişdir. Hər dəfə işi barədə soruşduqda tələsməməyini və qısa müddətdə pensiya işini həll edəcəyini demişdir. Bu bəhanələrlə artıq iki ilə yaxındır ki, gözləyir. Sonda cavabdehin telefonlarına cavab vermədiyini və müxtəlif bəhanələrlə söhbətdən yan keçdiyini hiss etmiş, onun barəsində Binəqədi PRİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məhəmməd Tağıyev tərəfindən onun və cavabdehin izahatı alınmışdır. Cavabdeh izahatında 2000 manat məbləğində pulu pensiya düzəltmək üçün ondan aldığını və hissə-hissə qaytaracağını qeyd etmişdir. Lakin 2000 manatdan əlavə 500 manat da aldığını bildirsə də, həmin 500 manat xx.xx.2019-cu il tarixli qərarda qeyd edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 14-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımı şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir və onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək edir. Birinci instansiya məhkəməsi işə baxarkən həmin maddənin tələblərini pozmuş, bu da nəticədə onun konstitusiya və qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış və nəticədə işin hallarına uyğun gəlməyən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, guya cavabdehə xəstəliyi olan vətəndaşlara pensiya düzəldə bildiyini və bunun üçün kifayət qədər tanışlarının olduğunu demişdir. Məhkəmə işdəki sübutlara obyektiv, qərəzsiz və hərtərəfli baxmamış, sübutlara maddi hüquq normalarına müvafiq qiymət verməmiş, nəticədə işin hallarına uyğun gəlməyən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı Binəqədi PRİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma nəticəsində Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Məhəmməd Tağıyev tərəfindən İddiaçı və onun izahatım alınmışdır. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi tərəfindən xx.xx.2019-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Ona görə də Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-818/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçıya olan borcunu Binəqədi rayon 40-cı Polis Bölməsində ödəmişdir. Lakin iddiaçı sonradan yenə məhkəməyə müraciət etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri, Binəqədi RPİ-nin İŞnin baş müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Binəqədi RPİnin 40-cı PB-nə ərizə ilə müraciət edərək qohumu Cavabdeh onu aldadaraq, dələduzluq yolu ilə 2000 manat pulu alıb qaytarmadığını qeyd etmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh Şərifov X1 qohumu olmaqla ehtiyacı olduğu üçün ondan 2000 manat borc pul alaraq hissə-hissə qaytarağacağını, lakin həmin vaxtdan pulu qaytara bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası sonda belə qənaətə gəlir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehə qarşı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə məhkəmə kollegiyasının iclasında təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ona pensiya təyin edilməsi üçün 2017-ci ilin əvvəllərində 2000 manat məbləğində, sonradan isə daha 500 manat məbləğində pul verdiyini qeyd etmişdir. Lakin iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarında Cavabdeh izahatı ilə İddiaçı sənəd düzəltmək üçün 2000 manat borc pul aldığı etiraf edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla, ona görə ki, cavabdeh iddiaçıya olan borcunu qaytardığını bildirsə də buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyası tərəfindən təklif olunanda isə onda heç bir sənədin olmadığını bildirmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. İkincisi cavabdeh birinci instansiya məhkəməsinin yalnıziddiaçınıntəqdimetdiyivəheçbirhüquqiəsasıolmayansübutlaraqiymətverməkləqanuns uzqətnaməçıxarmasını bildirsə də, öz etirasının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdehr iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apelyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-818/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1404/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1404/2020
18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver