Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1414/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)-213/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 0,09 hektar həyətyanı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 10800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 10830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 03 may 2021-ci il tarixli, 2(037)-213/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9900 manat və 30 manat dövlət rüsumu – cəmi 9930 (doqquz min doqquz yüz otuz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə həm qohum, həm də qonşudur. 25 iyul 2007-ci il tarixdə cavabdeh pula ehtiyac olduğundan özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsini satdığını ona bildirmişdir. o, cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini, yəni 0,01 hektarına həmin vaxt dövriyyədə olan manatla ******* manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. O cavabdehlə həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və həmin vaxt kənd icra nümayəndəsi Yaqut İsmayılova, bələdiyyə sədri Hafiz Mehdiyev, bələdiyyə üzvü Mehman Quliyev, iddiaçı və cavabdehin iştirakı ilə bu barədə akt tərtib etmişlər. Həmin aktda “bağışlanıldı” yazılsa da əslində o cavabdehdən həmin torpaq sahəsini satın almış və torpaq sahəsinin razılaşdırılmış dəyərinə cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh torpaq sahəsinin şəhadətnaməsini ona vermiş və qısa zamanda ailə üzvləri ilə birlikdə notariat kontorunda alğı-satqı edərək torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyi barədə vəd vermişdir. o, aldığı torpaq sahəsinə sahiblik etməyə başlamış və orada müxtəlif meyvə ağacları əkmişdir. Bir müddət sonra o, cavabdehə torpaq sahəsinin rəsmiləşdirmək lazım olduğunu bildirdikdə cavabdeh “narahat olma, ora sənindir, istədiyin vaxt rəsmiləşdirmə edərik” deyərək onu arxayın salmışdır. O, Rusiya Federasiyasında yaşadığından ancaq kəndə gəldiyi müddətlərdə cavabdehə bu barədə bildirsə də nəticəsi olmamışdır. 2020-ci ilin ortalarında o, cavabdehə torpaq sahəsinin öz adına rəsmiləşdirmək istədiyini bildirdikdə cavabdeh torpaq sahəsini satmadığını demişdir. Bundan sonra o, cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahəsini satmadığını bildirmiş və ondan satdığı torpaq sahəsinə görə pul almadığını bildirmişdir. O, torpaq sahəsini aldığı gündən bu günədək ora sahiblik etmiş və onun istifadəsində olmuşdur. Hazırda İsmayıllı rayonu Kürdmaşı kəndində 0,01 hektar həyətyanı torpaq sahəsinin qiyməti həyətyanının yerləşməsindən asılı olaraq 1000-1300 manat arasında dəyişir. Ona görə də cavabdeh ona aldığı həyətyanı torpaq sahəsinin hər 0,01 hektarı üçün hazırki real bazar qiymətləri ilə 1200 manat olmaqla 10800 manat pul ödəməlidir. O, hazırda cavabdehdən 0,09 hektar həyətyanı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 10800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 10830 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-213/2021-saylı, 03.05.2021-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. bundan başqa müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Apellyasiya şikayətinə əlavə edilmiş, mübahisəli torpaq sahəsinin hazırkı vəziyyətini əks etdirən fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin şimalı ilə mübahisələndirilən torpaq sahəsinin cənub həmsərhədi hazırda da hasarla bağlıdır. Mübahisələndirilən torpaq sahəsinin cənub şərq sərhədini 2018-ci ildə sinkləşdirilmiş örtük dəmirlə hasarlamaqla yenidən tikmişdir.. Halhazıra kimi bir dəfə, yaxud da bir gün iddiaçı həmin torpaq sahəsinə sahiblik etməyib. Mübahisəli torpaq sahəsinin şimal sərhəddi onun qardaşının torpaq sahəsinin cənubu ilə həmsərhəddir. Lakin həmin həmsərhədd hissədə heç bir hasar, metal tor və başqa maneə olmamaqla bütov haldadır. İddaçı necə həmin torpaq sahələrinə, hansı əsasla sahiblik edə bilər. Nə iddiaçı, nə nümayəndəsi, nə şahidlər, nə məhkəmənin özü həmin uydurma alqısatqı üçün ona hansı miqdarda pul verildiyini hesablayıb konkret məbləğ göstərə bilməmişdir. Məhkəmə qətnamədə nəyə görə işin faktiki hallarına uyğun olmayan, digər sübutlarla təsdiq edilməyən iddiaçının izahatını mötəbər sübut kimi qəbul etdiyini, cavabdehin isə işin faktiki hallarına tam uyğun olan izahatını qəbul etməməsini göstərə bilməmişdir. Məhkəmə maddi hüquq norması kimi AR MM-nin 1091.1 və 1091.2-ci maddələrini tətbiq edərək onun bu əməlini əsassız varlanma kimi qəymətləndirmişdir. Məhkəmə bu maddi hüquq normasını tətbiq edərək ondan aldığı 110 manat pul məbləğini deyil, torpağının “şişirdilmiş” dəyəri olaraq 9900 manat pulu iddiaçıya verməli olduğunu hansı hüquq normasına əsaslanaraq qərara gəldiyini müəyyən edə bilməmişdir. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-213/2021-saylı, 03.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. O, iddiaçıya torpaq sahəsi satmamış, iddiaçı da ona torpaq alqı-satqısı ilə bağlı pul ödəməmişdir. Tarix dəqiq yadında deyil, iddiaçı evinin arxa hissəsindən eni 1,5 metr yer istəmiş, o da qonşu kimi razılaşaraq, cəmi 1, 5 metr enində yer vermişdir. Bunun müqabilində iddiaçı ona 110 manat pul ödəmişdir. Bu illər ərzində həmin torpaqdan özü istifadə etmiş, əkib-becərmişdir. İddiaçı heç vaxt həmin torpaqdan istifadə etməmişdir. Lakin son vaxtlar iddiaçı onun yolunu bağladığından, o da qeyd olunan 1.5 metr hissəni də iddiaçıya verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi bütün bunlara əhəmiyyət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır və xeyli müddətdir ki, Rusiyada yaşayır. İddiaçının evinin arxa hissəsindəki torpaq sahəsi cavabdehə məxsusdur. Cavabdeh həmin torpaq sahəsini satmaq istədiyini bildirmiş, qardaşı da həmin dövrdə dövriyyədə olan pulla 100 şirvan verərək almışdır. Alqı-satqı kənd bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)- 213/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisindən 0,09 hektar həyətyanı torpaq sahəsi Cavabdeh, X5, X8 və X3 mülkiyyətinə verilmişdir. 25 iyul 2007-ci il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh ona məxsus JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə olan 0,09 hektar həyətyanı torpaq sahəsini İddiaçı bağışlaması qeyd edilmişdir. Aktın doğruluğunu tərəflər imzaları ilə təsdiq etmişlər. "xxxx" MMC-nin 10 aprel 2021-ci il tarixli 07 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan 0,09 hektar torpaq sahəsi yerləşmə mövqeyinə görə kənd məntəqəsi hüdudu daxilindədir. Həmin ərazi üzrə yerləşmə koordinatlarına uyğun alternativ boş torpaq sahələrinin 0,01 hektar ölçüsünün hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 1000- 1250 manat arasında dəyişir. Qeyd olunan torpaq sahəsinin 0,01 hektarı 1100 manat həddində olmaqla, həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 9900 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş; X9 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin bələdiyyə sədri işləmişdir. İşlədiyi müddətdə iddiaçı ilə cavabdeh onun yanına gəlmiş və cavabdeh pula ehtiyacı olduğu üçün 0,09 hektar torpaq sahəsini iddiaçıya satmaq istədiyini bildirmişdir. Tərəflərin iştirakı ilə o, akt tərtib etmiş və öz imzası ilə təsdiq etmişdir. İddiaçı ilə cavabdeh arasında pul söhbəti yadında deyil. X6 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin icra nümayəndəsi işləmişdir. İşlədiyi müddətdə cavabdehin 0,09 hektar torpaq sahəsini iddiaçıya satmasını bilir. Bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmiş və öz imzası ilə təsdiq etmişdir. X2 ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin bələdiyyə sədrinin müavini işləmişdir. İşlədiyi müddətdə iddiaçı ilə cavabdeh onun yanına gəlmiş və cavabdeh pula ehtiyacı olduğu üçün 0,09 hektar torpaq sahəsini iddiaçıya satmaq istədiyini bildirmişdir. O, iddiaçı ilə cavabdehin evində olmuş və bu barədə söhbət aparmışlar. Həmin vaxt cavabdehin arvadı da orada olmuşdur. İddiaçı həmin torpaq sahəsi üçün cavabdehə keçmiş pulla 100 şirvan vermiş, qarşılığında isə cavabdeh həmin torpaq sahəsinin sənədini iddiaçıya vermişdir. Bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmiş və öz imzası ilə təsdiq etmişdir. X1 ifadə verərək göstərmişdir ki, cavabdeh onun əridir. İddiaçı ərindən 1 metr yarım yer istəmiş və o da razı olmuşdur. İddiaçı həmin yer üçün ərinə 110 manat pul vermişdir. Tərtib edilmiş aktla razılaşmır və ona düzəliş edildiyini düşünür. Əri iddiaçıya torpaq sahəsini satmamış, əgər satsaydı onun və uşaqlarının icazəsi olardı. Həmin torpaq sahəsinin sənədi ərinin yadından çıxaraq iddiaçıda qalmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdeh tərəfindən iddiaçıya verilmiş mübahisəli torpaq sahəsinə dair “aktı” alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən verilmiş iltizam (akt) daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Apellyasiya şikayətinin dəlillərinə ümumlikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin tamamilə ləğvi üçün əsaslı olsa da, iddia tələbinin tamamilə rədd olunması üçün əsaslı deyil. Birincisi, ona görə ki, iş materiallarının 11-15 ci səhifəsində olan JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, mübahisəli torpaq sahəsi İsmayıllı rayon AİK-n 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə Cavabdeh, X5, X8 və X3 mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsi hazırda sonuncuların mülkiyyətində qalmaqda davam edir. İkinci, iş materiallarının 16-cı səhifəsində olan “Akt”ın məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı satılması deyil, bağışlanması qeyd edilmiş, əmlak qiymətləndirilməmiş, həmçinin aktda İddiaçı tərəfindən Cavabdeh hər hansı pul məbləğinin ödənilməsi öz əksini tapmamışdır. Üçüncü, işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsinin “alqı-satqısı” ilə bağlı iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi iddiaçının özünün izahatından başqa, digər sübutlarla öz təsdiqini tapmır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Dördüncü, sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pul ödənilməsini müəyyən etmək də mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə gah 1.000 000 manat (o dövrün pulu ilə), gah da 12000 manat pul verdiyini israr edir. Beşinci, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, bu ötən müddət ərzində iddiaçı mübahisəli torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsi cavabdeh tərəfin istifadəsində olmaqla təyinatı üzrə istifadə edilmiş, əkilib-becərilmişdir. Altıncı, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər. Yeddi, kollegiya sonda qeyd edir ki, iş üzrə iddiaçının vermiş olduğu pul və ya dəymiş maddi ziyan sübut olunmalıdır ki, bunun əvəzini geri tələb etmək hüququ yaransın. Göründüyü kimi tərəflərin heç biri aralarında yaranmış münasibətlərin əsl səbəbini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəmir. Belə olan halda kollegiya qeyd edir ki, iddia tələbi yalnız cavabdehin etirafına münasibətdə həll edilə bilər.. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İş üzrə dindirilmiş şahid ifadələrindən də görünür ki, şahidlərin heç biri iddiaçı tərəfindən cavabdehə konkret olaraq nə qədər pul verildiyini təsdiq edə bilməmişlər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Оnа görə də kоllegiyа hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)-213/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsümü da ödənilmiş tələbin məbləğinə münasib bölünməlidir. Yəni ödənilmiş 30 manat dövlət rüsumunun 3.27 manatı cavabdehə qalan hissəsi isə iddiaçıya adi edilməlidir (110x30/10800=3.27). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)-213/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, Cavabdeh 110 (bir yüz on) manat və 3.27 manat ödənilmiş dövlət rüsmu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1414/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1414/2021
10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver