Məhkəmə qərarları › İş №2(107)-143/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-143/2021

26.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-143/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, iddiaçı Babayeva İddiaçı və onun vəkili X19 iştirakı ilə İddiaçı Babayeva İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X25 və üçüncü şəxslər X4 və X8 qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli qətnaməsindən iddiаçı Babayeva İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Babayeva İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına xx xxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (iddiaçı Babayeva İddiaçı ilə iddiaçının keçmiş əri iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddiaçı Babayeva İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X25 və üçüncü şəxslər X4 və X8 qarşı üçüncü şəxs X3 adına xx xxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (iddiaçı Babayeva İddiaçı ilə iddiaçının keçmiş əri - iş üzrə üçüncü şəxs X5 birgə vəsaiti hesabına inşa etdikləri) fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması tələbinə dair iddiasının rədd edilməsi, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiаçı Babayeva İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Babayeva İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1998-ci ildə üçüncü şəxs X14 ilə qeyri-rəsmi evlənmiş və xx xxx 2000ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. 1998-cı ildə qeyri-rəsmi evləndikdən sonra üçüncü şəxs X5 atası X9 məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1960-cı ildə inşa olunmuş fərdi yaşayış evinə gəlin kimi köçmüşdür. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi qaynatası - X6, qaynanası - X12 və baldızı - X3 mülkiyyətinə verilmişdir. Qaynatası - X15 1999-cu ildə, qaynanası - X22 isə 2002-ci ildə ölmüşlər. Sonuncuların ölümündən sonra onlardan miras qalmış fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iş üzrə üçüncü şəxs X14 tərəfindən faktiki olaraq qəbul olunmuşdur. 2015-ci ilin mart ayında o və keçmiş əri X14 qeyd olunan torpaq sahəsində birgə vəsaitləri hesabına yeni fərdi yaşayış evinin inşasına başlamış və 2015-ci ilin oktyabr ayından həmin fərdi yaşayış evinin bir otağını hazır edərək, ora köçmüşlər. Hal-hazıradək də o uşaqları ilə birgə həmin fərdi yaşayış evində yaşayır. X2 arasında xx xxx 2000-ci il tarixdə bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(033)-95/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onun keçmiş baldızı - X7 ona qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq, onun həmin evə olan istifadə hüququna kompensasiya verməklə xitam verilməsini xahiş etmiş və məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli, 2(033)- 880/2018 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İşin məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, onun keçmiş əri X5 birgə vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi üzərində xx xxx 2018-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Hesab edir ki, həmin çıxarış qanunauyğun verilməmişdir, fərdi yaşayış evinə aid hissədə etibarsız hesab olunmalıdır. Nəticədə onun həmin fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Babayeva İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, torpaq sahəsinin mülkiyyətçisi olan onun keçmiş qaynatası X15 1999-cu ildə ölmüşdür. Sonuncuların ölümündən sonra onlardan miras qalmış fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iş üzrə üçüncü şəxs X14 tərəfindən faktiki olaraq qəbul olunmuşdur. 2015-ci ilin mart ayında o və keçmiş əri X14 qeyd olunan torpaq sahəsində birgə vəsaitləri hesabına yeni fərdi yaşayış evinin inşasına başlamış və 2015-ci ilin oktyabr ayından həmin fərdi yaşayış evinin bir otağını hazır edərək ora köçmüşlər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələblərinə uyğun olaraq həmin torpaq sahəsi mübahisəli fərdi yaşayış evi inşa edildiyi vaxt iş üzrə üçüncü şəxs X5 mülkiyyətində olmuşdur. Yəni, mübahisəli fərdi yaşayış evi inşa edildiyi vaxt qeyd olunan torpaq sahəsində onun həmin vaxt əri olmuş iş üzrə üçüncü şəxs X14 mülkiyyətçi olmuşdur. Bu isə onların həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməsinə və gələcəkdə birgə nikah müddətində inşa edilmiş ev kimi pay tələb etməsinə qanuni əsas yaradırdı. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Babayeva İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mübahisəsi gedən ev keçmiş əri Malik Babayevlə onun birgə vəsaitləri hesabına inşa edilmiş, son vaxtlara qədər də uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Lakin cavabdeh 8000 manat məbləğində kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia vermiş, iddiası da təmin edilmişdir. Lakin o bununla razı deyil, belə ki, onun və uşaqlarının həmin evdə payı var. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X24 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və sonda qeyri-obyektiv qərar vermişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh DƏDRX-in nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 nümayəndəsi məhkəmə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, 3-cü şəxslər isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A118447 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, X9 Zaqatala rayon X11xx xxxx 1996-cı il tarixli 38 saylı qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu Bəhmətli kəndində 1988,92 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq kadastr kitabında 301 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X13 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1988 ha torpaq sahəsində yerləşən 95,70 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1988 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X6 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2018-ci il tarixdə X1 adına tərtib edilmiş, inventar nömrəsi 747 olan fərdi yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində sənəd üzrə 0,1988 ha, faktiki 0,2053 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1 mərtəbədən, 3 yaşayış otağından ibarətdir. Texniki pasportun verilməsinə əsas DTXK Zaqatala rayon şöbəsitərəfindən verilmiş A118447 nömrəli torpaq sahəsinin planı və ölçüsü və Zaqatala rayon Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq olunmuş fərdi yaşayış evinin layihəsi olmuşdur. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd X28 üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X6 adına 1960-cı ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı 60 kv.m ümumi, 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı sahədə eyni zamanda 2014-cü il tarixdə tikilmiş ümumi sahəsi 88 kv.m olan yaşayış evi vardır. 9/545 saylı xx xxxxx 2018-ci il tarixli Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Fərman Əhmədov tərəfindən Zaqatala Rayonu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, M.Babayeva tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun tikildiyini nəzərə alaraq RİHBA-nın Memarlıq və tikinti şöbəsi onun qeydiyyata alınmasına etiraz etməmişdir. Zaqatala rayonu Bəhmətli kəndində X3 mülkiyyətindəki 0,1989 ha həyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin Memarlıq planlaşdırma layihəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh X3 mülkiyyətindəki 0,1989 ha həyətyanı torpaq sahəsində uzunluğu 14,5 metr, eni 9 metr olan bir mərtəbəli fərdi yaşayış evnin tikintisi layihələndirilmişdir. Memarlıq planlaşdırma layihəsi Zaqatala RİHB-in Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd X28 üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, 7 nömrəli təsərrüfatbaşına kitabının 19-cu səhifəsinə əsasən Babayeva İddiaçı hazırda yaşadığı ev, ümumi sahəsi 88 kv.m olmaqla 2014cü ildə tikilmiş, həyətyanı sahə isə mərhum Babayev Sadəddinin adına olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayonu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli Babayeva İddiaçı ünvanlanmış **********29 nömrəli məktubundan görünür ki, fərdi yaşayış evinə dair X3 adına aparılmış qeydiyyatın rəsmiləşdirilməsi haqqında RX seriyalı ******* nömrəli çıxarışın Babayeva İddiaçı ərizəsi əsasında ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 səlahiyyətləri daxilində deyildir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-437/2018 nömrəli xx xxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Babayeva İddiaçı Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən mərhum qaynatası X9 məxsus həyətyanı torpaq sahəsində 2015-ci ildə inşa edilmiş evə iki uşağı xx xxxx 2000-ci ildə doğulmuş X16 və xx xxxxxx 2003-cü ildə doğulmuş X23 ilə birlikdə köçürülməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-880/2018 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Babayeva (Bəkirova) İddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və onun, kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X23 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-892/2018 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Babayeva İddiaçı cavabdeh X10 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların yarısı üzərində ona mülkiyyət hüququnun verilməsi və ona aid hissənin ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1217/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Babayeva İddiaçı cavabdehlər X14 və X4 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-220/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Babayeva İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X25 və üçüncü şəxslər X4 və X8 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmləşdirilməsinə dair çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-300/2019 nömrəli xx xxx 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Babayeva İddiaçı və onun vəkili X19 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(84)-220/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 139-1.1.10.1 və 139-1.1.10.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyan sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçının qaynatası X9 Zaqatala rayon X11 xx xxxx 1996-cı il tarixli 38 saylı qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu Bəhmətli kəndində 1988,92 kv.m. torpaq sahəsi verilmişdir. 1998-ci ildə iddiaçı Babayeva İddiaçı ilə X14 qeyri-rəsmi evlənmiş və xx xxx 2000-ci il tarixdə onların arasındakı nikah rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(033)- 95/2018 saylı qətnaməsinə əsasən onların arasında olan nikah ləğv edilmişdir. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1988 ha torpaq sahəsində yerləşən 95,70 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1988 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X6 və X12 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxx 2018-ci il tarixdə X1 adına inventar nömrəsi 747 olan fərdi yaşayış evinin texniki pasport tərtib edilmiş, texniki pasportun verilməsinə əsas DTXK Zaqatala rayon şöbəsitərəfindən verilmiş A118447 nömrəli torpaq sahəsinin planı və ölçüsü və Zaqatala rayon Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq olunmuş fərdi yaşayış evinin layihəsi olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Babayeva İddiaçı Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən mərhum qaynatası X9 məxsus həyətyanı torpaq sahəsində 2015-ci ildə inşa edilmiş evə iki uşağı xx xxxx 2000-ci ildə doğulmuş X16 və xx xxxxxx 2003-cü ildə doğulmuş X23 ilə birlikdə köçürülməsi qət edilmişdir. Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Babayeva (Bəkirova) İddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və onun, kompensasiya məbləği ödənildikdən sonra yetkinlik yaşına çatmayan oğlu X23 ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsin əsasən iddiaçı Babayeva İddiaçı cavabdeh X10 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların yarısı üzərində ona mülkiyyət hüququnun verilməsi və ona aid hissənin ayrılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən isə iddiaçı Babayeva İddiaçı cavabdehlər X14 və X4 qarşı fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, mübahisəli fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinə dair iddiaçının hər hansı bir subyektiv hüququ yoxdur, iddiaçı tərəf bununla bağlı nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İkinçisi, məhkəmə tədqiqi zаmаnı həmin torpaq sahəsinin mərhum X6 adına Zaqatala rayon X11 Qərarı əsasında əvəzsiz olaraq verildiyi təsdiq edilmişdir. Üçüncüsü, kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Dördüncüsü, məhkəmə kollegiyası iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı Babayeva İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-49/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar