Məhkəmə qərarları › İş №2(107)-1436/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1436/2021

07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1436/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış binasından çıxarılma tələbinə dair” iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyriyaşayış binasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.mlik mağaza və digər qeyriyaşayış binaları iş üzrə Cavabdeh tərəfindən uzun illərdir zəbt olunub. Ondan dəfələrlə həmin əmlakı boşaltmağı xahiş etməsinə, bununla bağlı məhkəmədə iddia qaldırmasına baxmayaraq bu günə qədər həmin əmlakı boşaltmamış və oradan qanunsuz istifadə etməsini davam etməkdədir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də, Cavabdeh mülkiyyətinə olan qəsdinin aradan qaldırılması və sonuncunun həmin əmlakdan çıxarılması ilə bağlıdır. İddiaçı iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağaza və digər qeyri-yaşayış binalarına yekun məhkəmə qərarı qəbul olunanadək daxil olmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı ilə (hakim Tural Həsənov) iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsinin təmin edilməsi, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh Zaqatala şəhəri İmam Şamil küçəsi 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinə (mağazalı qeyri-yaşayış binası və digər qeyri yaşayış binaları) daxil olmasının qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)-661/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia qaldıraraq ondan pul tələb edir. Lakin qərardad qeyri-yaşayış binasına daxil olmanın qadağan edilməsindən ibarətdir. Pul tələbi ilə bağlı iddia təmin tədbiri əmlak üzərinə həbs qoyma ilə bağlı ola bilər. Məhkəmənin qəbul etdiyi qərardad isə ayrıca iddia tələbi ilə bağlıdır. Onun qeyri-yaşayış sahəsindən çıxarılması iddia tələbi qoyulmalıdır ki, iddia təmin tədbiri barədə ərizə hazırki formada qərardad qəbul edilməsi ilə nəticələnsin. Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(033)-661/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilməmiş və onun şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)- 661/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, ərizənin məzmunundan da görünür ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına cavabdehin daxil olmasının qadağan edilməsini xahiş etmişdir və həmin mübahisələndirilən ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyri-yaşayış binası tərəflər arasında yaranmış mübahisənin bilavasitə predmetinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar