Məhkəmə qərarları › İş №2(107)-1438/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1438/2021

23.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1438/2021 23.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-yə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi fakt, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(075)-616/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şəki şəhər şöbəsinə qarşı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şəki şəhər şöbəsi əsl cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01.08.1978-ci ildən 01.09.1979cu ilədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləmişdir. Lakin nədənsə ona məlum olmayan səbəblərə görə 13 ay işlədiyi müddət əmək kitabçasında qeyd olunmamış və bu barədə Milli Arxiv İdarəsinin Şəki Filialında məlumat yoxdur. Halbuki, həmin müddətin onun əmək stajına daxil edilməsi olduqca əhəmiyyətlidir. Belə ki, o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi təmin edilməmişdir. İddia ərizəsinin təmin edilməməsinin əsaslarından biri də odur ki, onun ümumi əmək stajı 25 il təşkil etmir. Əgər, hazırkı hal məhkəmə qaydasında tanınsa, yəni – işlədiyi 13 ay müddət əmək stajı hesab olunsa onun rəsmi əmək stajı 25 il 10 ay təşkil edəcək ki, bu hal da ona güzəştli şərtlərlə və ya ümumi qaydada əmək pensiyası təyin edilməsi üçün əsas olacaq. Bundan əlavə onun həmin müəssisədə işləməyi barədə çoxsaylı şahidləri də var. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X12 Filialının 31 iyul 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən həmin illərdə işləməyinə dair qeydiyyat tapılmadı. Lenin adına kolxoz hal-hazırda fəaliyyət göstərmədiyi üçün həmin müəssisədən işləməyi barədə rəsmi arayış almağı qeyri-mümkündür. Göründüyü kimi o, həmin müddətdə həmin müəssisədə işləməyi barədə məlumat almağı digər vasitələrlə qeyri-mümkündür. Ona görə də hesab edir ki, bu fakt məhkəmə qaydasında tanınmalıdır. Hazırkı tələbini xüsusi icraat qaydasında məhkəməyə ünvanlasa da, maraqlı şəxs etiraz etdiyindən hazırda iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(075)-616/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı “onun 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X13 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır, 11 sentyabr 1979-cu ildən əmək fəaliyyətinə bağlamış, 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləmişdir. Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı həmin illərdə işləməyinə dair qeyd tapılmamışdır. Eyni zamanda X1 məxsus 286 nömrəli əmək kitabçası ilə müəyyən edilmişdir ki, X1 1962-1963, 1967-1968, 1974-1980, 1992-1998-ci illər ərzində əmək haqqı ödənmişdir. X4 məxsus 701/1 nömrəli əmək kitabçası ilə müəyyən edilmişdir ki, X4 1973, 1975, 1978- 1990-cı illər ərzində əmək haqqı ödənmişdir. X5 məxsus 941 nömrəli əmək kitabçası ilə müəyyən edilmişdir ki, X5 1965-1968, 1974-1979-cu illər ərzində əmək haqqı ödənmişdir. Eyni zamanda məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialı tərəfindən müvafiq arxiv arayışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işlədiyi, lakin kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən sonuncunun həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 1976-cı il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda sürücü vəzifəsində işləmişdir. İddiaçı universiteti bitirdikdən sonra 1978-1979-cu illərdə həmin kolxozda təxminən 1 il – 1 il 2 ay elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qapıbir qonşusudur. 1974-cü il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda baş ekonomist vəzifəsində işləmişdir. İddiaçı 1978-ci ilin payız aylarından həmin kolxozda təxminən 1 il elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 1973-cü il tarixdən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda fəhlə işləmişdir. İddiaçı 1978-1979-cu illərdə həmin kolxozda elektrik montyoru işləmişdir. Faktla bağlı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir. 1965-ci il tarixdən 1999-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda xırmançı işləmişdir. İddiaçı 1978-1979-cu illərdə həmin kolxozda elektrik montyoru işləmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İddiaçı 01 avqust 1978-ci ildən 01 sentyabr 1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməsini təsdiq edən sənədlər mövcud olmadığından bərpası mümkün deyil. Bundan başqa müvafiq sənədlər üzrə İddiaçı 1978-1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləməsi sübut olunmur. Odur ki, İddiaçı iş stajının müəyyən olunması qanunvericiliyə ziddir. Buna görə də iddiaçının iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-yə qarşı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə İddiaçı ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-13.4-cü bəndləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1, 31.2-2-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci maddələri, Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306, 307, 308-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 616/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsi əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçının qeyd etdiyi müəssisədə işləməsinə dair arayış və ya digər sənədlər təqdim olunmamışdır. Məhkəmə bu halı qeyd edərkən faktın tanınması barədə məhkəmə icraatının aparılma qaydalarını və bu işlərin xüsusi prosedur əsasında aparılmasını nəzərə almamışdır. Belə ki, iddiaçıda məhkəmənin qeyd etdiyi sənədlərin olduğu təqdirdə iddiaçının belə bir ərizə ilə məhkəməyə müraciət etməsi istisna olunur. Əgər elə sənədlər mövcud olsaydı iddiaçı həmin sənədləri əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana təqdim edərdi, cavabdeh inzibati orqan həmin sənədləri qəbul etmədiyi halda inzibati icraat qaydasında iddia qaldırılması zərurəti yaranardı. Qeyd edir ki, faktın tanınmasına dair məhkəmə icraatının əsas xüsusiyyətlərindən biri şahidlərin məhkəmə iclasında dindirilməsidir və həmin faktın mövcudluğu məhz şahid ifadələri əsasında müəyyən olunur. Onların da tərəfindən məhkəməyə iddiaçı ilə həmin müəssisədə işləyən şahidlər təqdim edilmiş və onların əmək kitabçalarına əsasən şahidlərin həqiqətən də həmin müəssisədə işləməsi təsdiq edilmişdir. Lakin məhkəmə heç bir əsas olmadan şahid ifadələrinə tənqidi yanaşmışdır. Belə ki, şahidlərin həmin müəssisədə işləmələri əmək kitabçası əsasında təsdiq edildiyi halda məhkəmənin heç bir əsas olmadan yalnız mülahizələr əsasında şahid ifadələrinə şübhə ilə yanaşmışdır. Şahidlər yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilirlər və bu barədə iltizama imza edirlər. Ona görə də həmin şəxslərin ifadələri mötəbər hesab edilməli idi. Əgər məhkəmə şahidlərin yalan ifadə verilməsini (halbuki bunun üçün heç bir əsas yoxdur) düşünürdüsə bu halda xüsusi qərardad çıxarıb Baş Prokurorluğa göndərə bilərdi. Şahidlər iddiaçı ilə eyni müəssisədə çalışmış və hal-hazıra qədər də münasibətləri davam edir. Onların iddiaçının həmin müəssisədə hansı tarixdə çalışmasına dair məlumata sahib olmaları təbii haldır və bu hal məhkəmədə şübhə doğura bilməzdi. Digər tərəfdən məhkəmə qeyd edir ki, 1978-1979-cu illər ərzində Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləyən bütün digər şəxslər barəsində məlumat mövcuddur ki, həmin məlumatlar arasında məhz İddiaçı məxsus məlumatların olmaması özü də şübhə doğurur. Məhkəmənin şübhələri yenə də absurddur. Belə ki, hazırkı iş üzrə digər şəxslərin əmək fəaliyyəti deyil iddiaçının əmək fəaliyyəti araşdırılır. Bundan əlavə, həmin illərdə əmək stajının qeyd olunmaması bir çox səbəbdən ola bilərdi və 42 il əvvəl hansısa müəssisənin və dövlət orqanının işçisinin səhlənkarlığına görə iddiaçının əmək fəaliyyəti şübhə altına alınmamalıdır. Həmin dövrdə hazırda olduğu kimi elektronlaşdırılmış vahid informasiya sistemi mövcud olmadığı üçün müxtəlif səbəblərə görə iddiaçının əmək stajı kağız daşıyıcılarda qeyd olunmaya bilərdi. Məhz buna görə də Şəki Rayon Məhkəməsinin 2(075)-616/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı maraqlı şəxs ƏƏSMN tabeliyində DSMF-nin 15 saylı regional ərazi idarəsi tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, İddiaçı halhazırda hüquqi əhəmiyyətli fakt kimi təsdiq etdirmək istədiyi illərdə yuxarıda sözügedən kalxozda daha əvvəl də işləmişdir. Burada şübhə doğuran məqam ondan ibarətdir ki, İddiaçı 1972-1973-cü illər ərzində eyni Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyi dövr müvafiq arxiv arayışı ilə təsdiq olunduğu halda daha sonrakı dövrü əhatə edən 1978-1979-cu illər öz təsdiqini tapmır. Eyni zamanda İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərkən 1978-1979-cu illəri mübahisələndirməmişdir. Çünki bu halda ərizəçi Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da 1972-1973-cü illərlə bərabər həm də 1978- 1979-cu illərdə işlədiyini qeyd edirsə o, məhkəmə qarşısında həmin dövrləri də qeyd etməli idi. Ona görə ki, ona 1972-1973-cü illərə dair sənədlərin mövcud olduğu halda 1978-1979cu illərə dair arxiv sənədlərinin olmamağı öncədən ona məlum olmalı idi. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmamasını və Şəki Rayon Məhkəməsinin 2(075)-616/2021 saylı, 06.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.1-13.4-cü bəndlərinə görə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 06.05.2021ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də iş üzrə Şəki Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(075)- 616/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı 1973-1978-ci illər ərzində M.Əzizbəyov adına X13 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır, 11 sentyabr 1979-cu ildən əmək fəaliyyətinə başlamış, 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işləmişdir. Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı həmin illərdə işləməyinə dair qeyd tapılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialı tərəfindən müvafiq arxiv arayışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı 1972-1973-cü illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda işlədiyi, lakin kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən sonuncunun həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. Eyni zamanda Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialına müvafiq sorğu verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialı tərəfindən cavab verilmişdir. Arayışda qeyd edilmişdir ki, İddiaçı kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən sonuncunun həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi barədə dəlilləri əsassızdır. Birincisi: İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının kolxozda işləməyinə dair ilk qeyd 11.09.1979-cu il tarixdən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda mühəndis vəzifəsinə təyin edilmişdir. İkincisi: İddiaçı əmək kitabçasına əvvəlki illərin qeyd edilmədiyini 40 ildən çox müddətdə görmüş, lakin həmin illərdə işləməsinə baxmayaraq nə səbəbə qeydiyyat aparılmadığını mübahisələndirməmişdir. Üçüncüsü: İş materiallarında olan iddiaçıya məxsus diplomun suətindən görünür ki, idiaçı ali təhsilli istilik mühəndisidir. İşin bu halına diqqət yetirilərkən ali təhsilli istilik mühəndisinin kolxozda elektrik mantyoru vəzifəzində işləməyə razılıq verməsi inandırıcı deyildir. Dördüncüsu: İddiaçı məhkəmə iclasında 1972-1973-cü illər ərzində Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyi dövrün müvafiq arxiv arayışı ilə təsdiq olunduğu halda daha sonrakı dövrü əhatə edən 1978-1979-cu illərin həmin arayışlarda nədən qeyd edilmədiyini əsaslandıra bilməmişdir. Beşincisi: Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, 1972-1973-cü illər ərzində Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyi dövrün, eyni zamanda ali məktəbdə təhsil aldığı illləri əmək stajına daxil edilməsini xahiş etmişdir. Həmin qərarla iddia təmin edilməmişdir. Yəni iddiaçı həmin iddia ərizəsində 1978-1979-cu illərin əmək kitabçasında göstərilmədiyi halda həmin illərin əmək stajına daxil edilməsini xahiş etməmişdir. Yəni iddiaçının iddia tələbi təmin edilmədiyindən 1978-1979-cu illərdə elektrik mantyor işləməsi barədə yenidən Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. İşin qeyd edilən hallarına qiymət verən kollegiya hesab edir ki, iddiaçı iddia ərizəsini kifayət qədər əsaslandırmamış, iddianın təmin edilməsi üçün sübutlar təqdim etməmişdir. Şahidlərin ifadələrinə gəldikdə isə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırkı halda isə iddiaçı tərəfindən şahid ifadələrindən başqa hər hansı sübut təqdim edilməmişdir. Altıncısı: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialına kollegiya tərəfindən müvafiq sorğu verilmiş, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X12 filialı tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, İddiaçı kolxozun 1978- 1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən sonuncunun həmin illərdə işləməyinə dair qeyd tapılmadığı aşkar edilmişdir. Göründüyü kimi iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(075)-616/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar