Məhkəmə qərarları › İş №2(107)-1456/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1456/2022

14.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1456/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış həyətyanı torpaq sahəsinin yarı bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ixraata xitam, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış həyətyanı torpaq sahəsinin yarı bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh ilə 1986-cı ildə birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan ev tikdirmək məqsədi ilə alınmış 0,08 həyətyanı torpaq sahəsinin yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)- 916/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-09/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən mübahisəli yaşayış evində aparılmış əsaslı təmirtikinti işlərinin yerinə yetirilməsi və görülmüş yenidənqurma işlərinin dəyəri kimi 14721 manatın alınaraq verilməsi, xx.xx.1996-cı il tarixli aktla cavabdehə verilmiş 2 ədəd qızıl onluq, 1 ədəd nişan üzüyü, 2 ədəd qaşlı üzük, 1 ədəd döş saatı zənciri ilə birlikdə, qızıldan 1 ədəd qol saatı və bir cüt sırğadan ibarət qızıl-zinət əşyalarının alınaraq qaytarılması, Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən mübahisəli yaşayış evinin 1/2 hissəsinə, yəni ümumi sahə üzrə 132,4 kv.metr (yaşayış sahəsi üzrə 26,88 kv.metr və yardımçı sahə üzrə 105,6 kv.metr) hissəyə mülkiyyət hüququnun tanınması, Cavabdeh “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunun tanınması, cavabdeh tərəfindən öhdəliyin pozulması vaxtından indiyədək dəymiş mənəvi zərər qismində 5000 manatın hesablanaraq qaytarılması tələbinə dair iddiası təmin edilməməsi, İddiaçı Cavabdeh və Qəbələ rayon İcra Qrupuna qarşı Oğuz rayon məhkəməsinin xx.xx.1996-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən AR DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən ******* saylı Çıxarışla qeydə alınaraq mülkiyyətinə verilən yaşayış evindən Cavabdeh əmlakı ilə birlikdə məcburi çıxarılması və evindən 6-8 metr kənarda tikilən qeyri-qanuni talvar və ayaqyolu tikililərinin sökülməsi, Cavabdehla birgə nikah dövründə alınmış 0,08 hektar həyətyanı torpaq sahəsinin bərabər bölünməsi tələbinə dair iddiası və Cavabdeh ümumi iddia müddəti keçmiş, böhtan dolu əsassız iddiasının rədd edilməsi, 1996-ci ildən onu bir körpə uşaqla küçələrə salaraq kirayələrdə qalmağa məcbur edən, mülkiyyətində olan evdən zor işlədərək uşaqlarından məhrum edən, mənzili girov saxlayaraq onu yaşadığı yerdən deportasiya edən Cavabdeh evdən bu illər ərzində istifadə xərcinin hesablanaraq ödənilməsi, 1996-cı ildən hal-hazıra qədər məhkəmə qərarı ilə dövlət tərəfindən evə mülkiyyət hüququnun tanınmasına baxmayaraq, evinin Cavabdeh girovunda olmasından qızı ilə ona vurulmuş bütün fiziki, mənəvi-psixoloji zərbələrin hesablanaraq ödənilməsi, AR MM-nin 243.1 və 243.2 maddələrinə əsasən mülkiyyətdə olan iki otaqlı evin ətrafında olan, Cavabdeh Şəhadətnamə və Dövlət Aktı ilə mülkiyyəti sayılan torpaq sahələrindən evə getmək və zəruri istifadə üçün torpaq sahəsindən istifadə hüquqlarının tanınması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarının “müəyyən etdi” hissəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)-2578/2014 nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2014-cü il tarixli 2(102)- 2578/2014 nömrəli qərarında İddiaçı “Cavabdehla birgə nikah dövründə alınmış 0,08 hektar həyətyanı torpaq sahəsinin bərabər bölünməsi” tələbinə münasibət bildirilərək qeyd edilmişdir ki, “iş üzrə təsdiq olunduğu kimi İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,08 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətindədir. Ona görə də həmin torpaq sahəsindən mülkiyyətçisinin iradəsinə zidd olaraq istifadə hüququ verilməsi, habelə torpaq sahəsinin bərabər bölünməsi, torpaq sahəsindəki tikilinin sökülməsi mülkiyyətçilər Cavabdeh və onun ailə üzvlərinin daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır ki, bu da mülkiyyət hüququnun toxunulmazlığını təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbərinə ziddir.” Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə Qəbələ rayonu Mıxlıqovaq kənd Fioletov sovxozundan 1986-cı ildə ev tikdirmək məqsədi ilə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin yarı bölünməsi” tələbinə dair iddiası üzrə iddiaya artıq İsmayıllı Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmaqla qətnaməlar və qərar qəbul edildiyindən, həmin qətnamələr və qərar qanuni qüvvəsini aldığından, hazırki tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(025)-916/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar