Məhkəmə qərarları › İş №2(107)-1463/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1463/2022

15.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1463/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu, 2 saylı Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə qarşı “notariusun icra qeydinin qanunsuz olması ilə əlaqədar ləğv edilməsi və notariusun barəsində xüsusi qərardad çıxarılması” tələbi tələbinə dair iddia ərizəsi üzrə Zaqatala rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı hüquqi varisi X1 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı hüquqi varisi X1 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu, 2 saylı Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə qarşı “notariusun icra qeydinin qanunsuz olması ilə əlaqədar ləğv edilməsi və notariusun barəsində xüsusi qərardad çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin 10 mart 2022-ci il tarixli icra qeydinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu barəsində xüsusi qərardad çıxarılması, məhkəmə xərclərinin cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(033)-1060/2022 saylı qərardadına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı hüquqi varisi X2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qərardadında Azərbaycan Respublikası MPM-nin 10-1.3 və 10-1.5-ci maddələrinə istinad etməklə iddia ərizəsinin elektron məhkəmə sistemi vəsitəsi ilə göndərilməsini qeyd etməkdə səhvə yol vermişdir. Belə ki, Qanunda qərardadlardan şikayət, apellyasiya şikayəti, kassasiya şikayəti, qətnamələrdən isə apellyasiya və kassasiya şikayətləri elektron məhkəmə sistemi vasitəsi ilə elektron məhkəmə sistemi bazasında olan formaya uyğun verilməlidir. İddia ərizəsinin elektron məhkəmə sistemi vasitəsi ilə göndərilməsi həmin bazada öz əksini tapmadığında (kommersiya işləri üzrə məhkəmə icraatı istisna olmaqla) ümumi məhkəmələrə iddia ərizəsi və ona əlavə edilən sənədlər (notariat qaydasında təsdiq olunmuş sənədlər) birbaşa məhkəmənin dəftərxanasına təqdim edilir və yaxud da poçt vasitəsi ilə məhkəməyə göndərilir. Əgər elektron məhkəmə sistemində iddia ərizəsinin kabinet vasitəsi ilə göndərilməsinin üsulları orada öz əksini tapmayıbsa, ərizəyə əlavə edilmiş və notariat qaydada təsdiq edilmiş sənədlərin notariat qaydada təsdiq edilibedilməməsini necə sübut edilməlidir. İddia ərizəsinə əlavə etdiyi 11 sənəddən yalnız 2 sənəd geri qaytarılmışdır. Maddi imkanı olmadığı halda qərardaddan şikayətə görə əlavə olaraq 50 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin mümkünlük məsələsinə baxılmasında iştirakları təmin edilməmişdir. Odur ki, qərardadın ləğv edilməsini xahiş edir. Zaqatala Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(033)-1060/2022 saylı qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(033)-1060/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 və 10-1.5-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi İddiaçı hüquqi varisi X1 iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilmədiyindən və ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas kimi çıxış etmir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(033)-1060/2022 saylı qərardadı isə dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı hüquqi varisi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(033)-1060/2022 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar