Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1486/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-99/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, “Skoda Fabia” markalı, H 023081 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 3603 manat sığorta ödənişinin və məhkəmə hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 30 aprel 2021-ci il tarixli, 2(051)-99/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3603 (üç min altı yüz üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X2 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 05.09.2016-cü il tarixdən 04.09.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh atasına məxsus olan “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman manevretmə qaydasını pozaraq “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin maşına maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Mingəçevir RPİŞ-nin DYPŞ tərəfindən araşdırma aparılmışdır. Araşdıırma nəticəsində cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi məlum olunmuş, buna görə də onun barəsində 197997 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur.“Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC- də icbari sığorta ilə sığortalandığından kasko sığorta ilə sığortalanmış “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə dəymiş 3603 manat məbləğində zərər "xxxx" ASC-nin subqroqasiya qaydasında ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə sığorta həcmində, 3603 manat məbləğində ödəniş edildiyinə görə İddiaçı ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdehə iddiaçı tərəfindən vurulmuş ziyana görə ödənilmiş məbləği geri qaytarması "xxxx" ASC-yə ödəməsi barədə 11.05.2018-ci il tarixdə bildiriş göndərilsə də cavabdeh buna məhəl qoymamışdır. Ona görə də “Skoda Fabia” markalı, H 023081 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 3603 manat sığorta ödənişinin və məhkəmə hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla və tətbiq olunmalı qanun tətbiq edilməməklə çıxarıldığına görə ləğv edilməlidir. Məhkəmə qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla hüquqları pozulmuşdur. Belə ki, “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsusdur. Sözügedən avtomobili etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman “SKODA FABİA” markalı, H 023081 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi baş vermiş, nəticədə həmin maşına maddi ziyan dəymişdir. Hadisə ilə bağlı araşdırma aparılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilsə və cərimə olunsa da hesab edir ki, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olmamışdır. Bundan əlavə “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsus olduğuna görə, həmin avtomaşını idarə etmək üçün etibarnaməyə zərurət olmamışdır. Eləcə də həmin avtomaşın sığortalı olduğuna görə o, dəymiş zərəri ödəməməlidir. Ona da qeyd edir ki, onun iştirakı olmadan akt tərtib edilmişdir. Bu isə yolverilməzdir. Bundan başqa, iş materiallarından görünür ki, iddia müddəti də bitmişdir. Eyni zamanda qeyd edir ki, subroqasiya hüququ tətbiq edilməməli idi. Fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(051 )- 99/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hesab edir ki, dəymiş ziyan sığorta təşkilatı tərəfindən ödənilmişdirsə, artıq ondan pul tələb oluna bilməz. İkincisi, qeyd olunan avtomobil onun atasına məxsus olduğundan, atasının yanında olub-olmamasından asılı olmayaraq o həmin avtomobili etibarnaməsiz idarə edə bilərdi. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Cavabdeh tərəfin qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh dəymiş ziyanın məbləğini deyil, onun iş üzrə cavabdehlik daşımamasını və dəymiş ziyan sığorta təşkilatı tərəfindən ödənildiyindən, artıq onun tərəfindən ödənilməli olmadığını mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-99/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 18.10.2016-cı il tarixli, KYP №197994 saylı protokoldan və qərardan görünür ki, Cavabdeh atasına məxsus olan “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman manevretmə qaydasını pozaraq “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi törətdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə olunumşdur. 24 may 2017-ci il tarixli və 22 iyun 2017-ci il tarixli sığorta aktlarından və ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC-də icbari sığorta ilə sığortalandığından kasko sığorta ilə sığortalanmış “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 3603 manat məbləğində zərər "xxxx" ASC-yə subqroqasiya qaydasında ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi cavabdeh dəymiş ziyanın məbləğini deyil, onun iş üzrə cavabdehlik daşımalı olmamasını və dəymiş ziyan sığorta təşkilatı tərəfindən ödənildiyindən, artıq onun tərəfindən ödənilməli olmadığını mübahisələndirmişdir. İşin faktiki hallarından göründüyü kimi cavabdehin ziyan vurduğu işin mübahisəsiz halıdır. İkincisi, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(051)-99/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1486/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1486/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver