Məhkəmə qərarları › İş №2(107)-1497/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1497/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1497/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-651/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxx 2020-ci il tarixli 2(075)- 651/2020 nömrəli qətnaməsi ilə İddiaçı X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1500 (min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat məhkəmə rüsumu, cəmi 1530,40 manat pul vəsaitinin İddiaçı X10 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 1500 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30,40 manat məhkəmə rüsumunun, cəmi 1530,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh2 etiraz ərizəsi məhkəməyə daxil olmuş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı X10 Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2) qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən 55BD865 dövlət qeydiyyat nişanlı ”VAZ 2121” minik markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan sığortalanmış avtomobili etibarnaməsiz idarə edərkən yol hərəkət qaydalarını pozaraq digər avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilin sərnişini X1 az ağır zərər dəymişdir. Şəki rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(075)-132/2016 saylı hökmünə əsasən, Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərək yol hərəkət qaydalarını pozub cinayət törətdiyi üçün CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində X1 az ağır zərər dəydiyi üçün (269 №-li Ekspert rəyinə görə) 1500 manat sığorta ödənişi ödənilmişdir. İcbari Sığortalar haqqında Qanunun 47.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat təşkil edir. Həmin Qnunun 14-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına ağır xəsarət dəyərsə sığorta məbləğinin (5000) 30 faiz nisbətində (yəni 1500 manat) sığorta ödənişi ödənilir. Aşağıdakılara əsasən hesab edirik ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkənə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 sığortalanmış avtomobili etibanaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi üçün iddiaçının hər iki cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranır. Cavabdeh1 birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən 55BD865 dövlət qeydiyyat nişanlı ”VAZ 2121” minik markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə o, Cavabdeh2 mülkiyyətində olan sığortalanmış avtomobili etibarnaməsiz, idarə edərkən yol hərəkət qaydalarını pozaraq digər avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilin sərnişini X1 az ağır bədən xəsarəti vurmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(075)-132/2016 saylı hökmünə əsasən, o, avtomobil sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərək yol hərəkət qaydalarını pozaraq cinayət törətdiyi üçün CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək sürücülük hüququ məhdudlaşdırılaraq cərimə edilmişdir. Lakin hadisə baş verdikdən sonra ümumi razılıqla onlar X5 600 manat ödəniş etmişlər. Bundan başqa hadisə baş verən zaman hadisə yerinə sığorta şirkətini dəvət etməmişlər və onları hadisə yerində görməmişlər. X8 onlara İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ona 1500 manat deyil, 500 manat ödəniş olunduğunu bildirmişdir. Buna görə də hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 da digər Cavabdeh1 ilə eyni məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-651/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-651/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti cavabdehlərin birinci instansiya məhkəməsində verdikləri izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)- 651/2020 nömrəliqətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-cimaddəsində göstərilirki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: PAX********** nömrəli sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh2 məxsus olan “VAZ 2121” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. xx.xx.2019-cu il tarixli 189-25497 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə saat 17:00-da Şəki rayonu Baş Göynük kəndində Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etdiyi “VAZ 2121 Niva” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi “VAZ 2106” markalı 55-BG925 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq qəza törətmişdir. Nəticədə sağlamlığa və əmlaka zərər dəymişdir. Zaqatala rayonu “Avtoservis 057” sexi-X3 (sahibkar) tərəfindən verilmiş xx xxxx 2016cı il tarixli 1 nömrəli arayışdan görünür ki, hadisə zamanı X5 məxsus “VAZ 2106” markalı 55BG-925 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın miqdarı 1530 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli 144247/1 nömrəli Sığorta Aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. “Ziraat Bank Azərbaycan”ın xx.xx.2019-cu il tarixli 69211 nömrəli qəbzindən görünür ki, ödəyici İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 etibarnamə üzrə nümayəndəsi Əlisahib Hacıyevə 144247/1 nömrəli sığorta işi üzrə 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 1(075)-132/2016 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Şəki ŞRPŞ tərəfindən göndərilmiş xx xxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx xxxx 2016-cı il tarixdə “VAZ-2121 markalı” **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi faktı üzrə şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırılması aparılan material Azərbaycan Respublikası DİN-nin xx.xx.2018-ci il tarixli Q36 qərarına əsasən xx.xx.2020-ci il tarixli 189-9914-1220 nömrəli aktla məhv edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin gerçək hallarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə bağlanmış PAX********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta" müqaviləsinə əsasən 55BD865 dövlət qeydiyyat nişanlı ”VAZ 2121” minik markalı avtomobilin sahibinin mülki məsuliyyəti cəmiyyətdə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olan sığortalanmış avtomobili sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnaməsi olmadan idarə edərkən yol hərəkət qaydalarını pozaraq digər avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilin sərnişini X1 az ağır zərər dəymişdir. Hadisə nəticəsində X1 az ağır zərər dəydiyi üçün (269 №-li Ekspert rəyinə görə) 1500 manat sığorta ödənişi ödənilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(075)-132/2016 saylı hökmünə əsasən, Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərək yol hərəkət qaydalarını pozub cinayət törətdiyi üçün CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. X6 haqqında Azərbaycan Respublikası Qanununun 47.1.1-ci maddəsinin tələbinə uyğun olaraq zərər çəkmiş X5 ödənilmiş 1500 manat sığorta ödənişinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. 50-ci maddəsinin 1-ci bəndinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddədə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddənin (zərər vurmuş şəxsə reqres hüququ) tələblərinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, “Məhkəmə iclası zamanı Cavabdeh2 izahatında istifadəsində olan “VAZ-2121 markalı” **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Cavabdeh1 tərəfindən verildiyini bildirmişdir. Bu hal həmçinin Şəki rayon məhkəməsinin müvafiq hökmü ilə də təsdiq edilir. Göründüyü kimi Cavabdeh1 yol nəqliyyat hadisəsi törətdiyi “VAZ-2121 markalı” **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili atası Cavabdeh2 iradəsinə zidd olaraq deyil, onun məlumatı və icazəsi əsasında istifadə etmişdir. Törədilmiş cinayət əməli Cavabdeh1 tərəfindən törədilərək, zərərçəkmiş şəxsə onun tərəfindən ziyan vurulsa da, iş materialına əlavə edilmiş PAX********** nömrəli sığorta müqaviləsinə dair məlumatdan müqavilə tərəflərinin İddiaçı ASC və Cavabdeh2 olduğu müəyyən edilir. Belə olan halda Cavabdeh2 da İddiaçı ASC ilə arasında olan müqavilə üzrə yaranmış bütün öhdəliklər üzrə məsuliyyət daşıyır. Bu səbəbdən də məhkəmə iddia tələbini Cavabdeh2 aid olan hissə də əsaslı hesab edir.Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi olan 1500 (biir min beş yüz) manat həcmində pul vəsaiti İddiaçı ASC tərəfindən zərərçəkmiş tərəfə ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir.“. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X9 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı Sığorta Şirkəti ASC öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-651/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-651/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar