Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-150/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, zərər, ailə hüquq münasibətləri, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun müalicəsi üçün başqalarından borca aldığı 46.000 (qırx altı min) manat məbləğində pulun ondan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuş və 2022-ci ilədək bir ailədə ər-arvad kimi yaşamış, birgə nikahlarından iki oğul və bir qız övladları anadan olmuşdur. Cavabdehlə nikahda olduqları dövrdə normal ailə münasibətləri ilə yaşamaqla onun və övladlarının hər cür qayğısına qalmış, ailəsi ilə normal şərait yaratmışdır. Lakin onun ailə başçısı kimi hər cür qayğısını qiymətləndirməyən Cavabdeh nümunəvi ailə münasibətlərini getdikcə pisləşdirməyə başlamış, o bu vəziyyətə uzun müddət dözərək ailə münasibətlərini bərpa etməyə çalışsa da bu nəticə verməmiş, bir ailədə ər-arvad kimi yaşamaqları mümkünsüz olmuş və cavabdehin özünün iddiası əsasında nikahları Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahları dövründə, yəni 2019-cu ilin yaz fəsli başlayanda onda müntəzəm olaraq kəskin baş ağrıları başlamışdı, bu səbəbdən də onun səhhəti, əhvali-ruhiyyəsi getdikcə pisləşirdi. O həyat yoldaşı, ailə başçısı, insan kimi cavabdehin bu vəziyyəti barədə Azərbaycanda aidiyyəti poliklinikaya və xəstəxanaya müraciət etməyi məqsədǝmüvafiq hesab etməmiş və uçota aldırmamışdır, eyni zamanda tanış həkim yoldaşlar cavabdehin baş ağrılarını İsrail dövlətində və ya Türkiyə Respublikasında bu sahə üzrə daha savadlı həkimlərin olduqlarını bildirərək, müalicə etdirməsini məsləhət bilmişlər. Həmin vaxt maddi imkanı zəif olduğuna görə tanışı Şəki şəhər sakini Cəfər Ağanıyevdən xahiş edərək borca 26.000 (iyirmi altı min) manat, digər tanışı Bakı şəhər sakini Marat Tağızadədən isə 20000 (iyirmi min) manat məbləğində borca pul almış və 2019-cu ilin aprel ayında cavabdehi birinci dəfə İsrailə, iyul ayında isə Türkiyə Respublikasına aparmış, birinci dəfə bir ay, ikinci dəfə isə təxminən üç ay onu hər iki ölkədə müalicə etdrimiş, hər iki ölkədə müalicə xərclərini, üstəlik dava-dərman, yemək, yaşamaq xərclərini, həmin ölkələrə gedib-gəlmək üçün yol xərclərini ödəmişdir. Borca pul aldığı tanışlarının hər ikisi pulu ona 6 ay müddətinə vermişdilər. Cavabdeh özü də söz vermişdir ki, onu müalicə etdirəndən sonra bu müddət ərzində birlikdə düzəldib borclarını qaytaracaq. Lakin müalicə olunub sağaldıqdan sonra cavabdeh heç bir köməklik göstərmədiyinə görə, o isə əlinə gələn vəsaiti ailənin ümumi problemlərinə sərf etdiyinə görə anlaşdıqları vaxtda tanışları Cəfər Ağanıyevdən və Marat Tağızadədən aldığı cəmi 46000 manat məbləğində borclarını qaytara bilməmişdir. Həmin şəxslər ona borca verdikləri pullarını bu gün də tələb edir, onu məhkəməyə, polisə verəcəkləri ilə hədələyir, telefonla zəng edir, evinə gəlir, səs-küy salırlar, rahatlığını əlindən almışlar. Cavabdeh isə ər-arvad olduqları vaxt onun hər cür qayğısına qaldığına, borca pul alıb onu başqa dövlətə aparıb müalicə etdirərək sağaltdırmağına heç bir dəyər verməmiş, ona qarşı bu cür münasibətini qiymətləndirməmiş, ailələrinin dağılmasına səbəb olmuşdur. Halbuki, cavabdeh həmin vaxt baş ağrılarından dura bilmir, onu müalicəyə aparmağını ara vermədən xahiş edir, yalvarır, borcu qaytarmağa kömək edəcəyinə söz verirdi. O yalnız 1000 (bir min) manatdan bir qədər artıq əmək haqqı almaqla cavabdehlǝ birgə nikahlarından anadan olmuş üç azyaşlı uşaqlarının qayğısına qalır, həm də onlara hər ayda 330 manat məbləğində aliment ödəyir, özünün, valideynlərinin yaşamaları üçün hər ay xeyli vəsait xərcləməli olur, cavabdeh Zəminə Abdülhəmidova isə birgə nikahları dövründə onun köməkliyi ilə düzəldiyi işdə işləməklə kifayət qədər əmək haqqı alır və qazanc əldə edir, maddi cəhətdən heç bir çətinlik çəkmir. Buna baxmayaraq dəfələrlə o, ondan müalicəsi üçün özünün də tanıdığı Cəfər adlı şəxsdən və tanımadığı Marat adlı şəxsdən borca aldığı cəmi 46000 manatı könüllü olaraq qaytarmağını xahiş etsə də bundan qəti imtina edir, həmin borcu onun özünün qaytarmalı olduğunu çox insafsızcasına və heç bir məsuliyyat hiss etmədən bildirir, bununla da onun hüququnu pozur. Ona görə də məcburiyyət qarşısında məhkəmədə hazırkı iddianı qaldırmaqda özünü haqlı sayaraq məhkəmə müdafiəsi hüququndan istifadə etməli olmuşdur. Hazırda cavabdeh onun borca pul alıb müalicə etdirməyinin nəticəsində sağlamdır, nikahlarının pozulmaqla onlar ayrıayrı yad adamlarıq. Digər bir tərəfdən nikahda olsa da həmin dövrdə belə qanunla onun qarşısında onu həmin xəstəlikdən müalicə etdirməyə borclu olmağı barədə heç bir öhdəliyi olmamışdır, bu barədə aralarında heç bir müqavilə, saziş olmamışdır. Ona görə də cavabdeh onun müalicəsinə xərclənmiş yuxarıda göstərilən məbləğdə pulu könüllü olaraq qaytarmaqdan imtina etdiyindən bu məbləğ ondan məhkəmə qaydasında tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim: E.Vəliyev) 19 sentyabr 2023-cü il tarixli, 2(075)- 1387/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı onun müalicəsi üçün başqalarından borca aldığı 46.000 (qırx altı min) manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehin müalicəsi üçün 26000 manat və 20000 manat məbləğində borc alaraq, həmin pulun cavabdehin müalicəsi üçün xərcləndiyini bildirmişdir. Lakin həmin pulun cavabdehin müalicəsi üçün xərcləndiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında iddiaçının tanışları olan şahidlər tərəfindən iddiaçıya cavabdehin müalicəsi üçün borc verdiklərini bildirsələr də, həmin pulun iddiaçıya verilməsiə dair borc müqaviləsinin bağlandığını və cavabdehə 26000 manat və 20000 manat məbləğində pulun borc kimi verildiyini, eləcə də cavabdehin hal-hazırda onlara borcu olduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Bundan başqa, iddiaçı 46.000 (qırx altı min) manat məbləğində pulun birgə nikah dövründə cavabdehin müalicə xərclərinə xərcləndiyini bildirir. Qanunun şərh olunan müddəalarına görə bu xüsusat iddiaçı tərəfindən sübut edilməlidir. İddiaçı tərəf qeyd edilən məbləğdə pulun iddiaçının müalicəsinə sərf edilməsinə dair heç bir sübut (ödəmə qəbzləri, tibbi müayinələr, dərman vəsaitlərinin alınmasına dair çeklər və.s) iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 46.000 (qırx altı min) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 739.1, 739.2, 740.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri təbiq edilməmişdir. Halbuki, MPM-nin 76.1- ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən isə bu sübutlar yazılı və maddi sübutlarla, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin yazıları ilə müəyyən edilir. Lakin işə baxmış birinci instansiya məhkəməsinin mövcud qətnaməni çıxarmış hakimi onun cavabdehin xaricdə müalicəsi üçün borca pul aldığı şəxsləri onun tərəfindən şahid qismində dindirsə də, onların izahatlarını iddiasını əsaslandırdığını sübut kimi qəbul etməmiş, səbəbini də çox yanlış və işin halları ilə heç bir aidiyyat təşkil etmədən onunla əsaslandırmışdır ki, cavabdehin ona borclu olduğunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd etdiyi kimi, bir daha apellyasiya instansiyasının işə baxacaq məhkəmə kollegiyasının diqqətini ona yönəldir ki, onun tərəfindən dindirilmiş şahidlərin cavabdehdən pul tələb etməsi halı mövcud deyil, söhbət onun cavabdehin xaricdə müalicəsi üçün həmin şahidlərdən borca və nəyə görə pul alıb-almadığından, ümumiyyətlə iddiasını göstərilən şahidlərin ifadələri ilə sübut etməyindən gedir. Buna baxmayaraq birinci instansiya məhkəməsinin şikayət etdiyi qətnaməsini çıxarmış hakimi yuxarıda göstərdiyi və qətnamənin özündə də (5-ci səhifənin 7-ci abzasında) göstərildiyi kimi ziddiyyətli və başa düşülməyən, mübahisənin predmetinə və tərəflərinə aidiyyəti olmayan əsasla əsaslandıraraq şahidlərinin ifadələrini onun təqdim etdiyi sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinad etsə də əslində həmin prosessual hüquq normasına əməl etməmişdir. Belə ki, işə baxmış hakim qeyd etdiyi kimi onun məhkəməyə təqdim etdiyi, məhkəmə iclasında dindirdiyi şahidlərinin ifadələrini qanunla nəzərdə tutulan qaydada tədqiq etməmiş, onların ifadələrini nəyə görə onun sübutu kimi qəbul etmədiyini qanunda göstərilən qaydada əsaslandırmamışdır. Eyni zamanda məhkəməyə onun müalicəsinə sərf etməyi üçün yuxarıda qeyd etdiyi şahidlərdən borca pul aldığını təkzib edəcək heç bir sübut təqdim etməyən cavabdeh iddiasına etirazını təsdiq edəcək heç bir dəlilinin, sübutunun olmadığına iddianı rədd edərkən hüquqi qiymət verməmişdir. Daha doğrusu onun iddiasını əsaslandıran sübutlarını məhkəməyə təqdim etməyinə, cavabdeh tərəfin isə heç bir əks sübut təqdim etmədiyinə baxmayaraq əsaslı iddiası təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2, həmçinin cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin müalicəsi üçün 26000 manat və 20000 manat məbləğində borc alaraq, həmin pulun cavabdehin müalicəsi üçün xərcləndiyini bildirmişdir. Lakin həmin pulun cavabdehin müalicəsi üçün xərcləndiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia edir ki, Cavabdeh ilə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahları dövründə, yəni 2019-cu ilin yaz fəsli başlayanda cavabdehdə müntəzəm olaraq kəskin baş ağrıları başlamışdı, bu səbəbdən də onun səhhəti, əhvali-ruhiyyəsi getdikcə pisləşirdi. Tanışları cavabdehin baş ağrılarını İsrail dövlətində və ya Türkiyə Respublikasında bu sahə üzrə daha savadlı həkimlərin olduqlarını bildirərək, müalicə etdirməsini məsləhət bilmişlər. Həmin vaxt maddi imkanı zəif olduğuna görə tanışı Şəki şəhər sakini Cəfər Ağanıyevdən xahiş edərək borca 26.000 (iyirmi altı min) manat, digər tanışı Bakı şəhər sakini Marat Tağızadədən isə 20000 (iyirmi min) manat məbləğində borca pul almış və 2019-cu ilin aprel ayında cavabdehi birinci dəfə İsrailə, iyul ayında isə Türkiyə Respublikasına aparmış, birinci dəfə bir ay, ikinci dəfə isə təxminən üç ay onu hər iki ölkədə müalicə etdirmiş, hər iki ölkədə müalicə xərclərini, üstəlik dava-dərman, yemək, yaşamaq xərclərini, həmin ölkələrə gedib-gəlmək üçün yol xərclərini ödəmişdir. Borca pul aldığı tanışlarının hər ikisi pulu ona 6 ay müddətinə vermişdilər. Cavabdeh özü də söz vermişdir ki, onu müalicə etdirəndən sonra bu müddət ərzində birlikdə düzəldib borclarını qaytaracaq. Lakin müalicə olunub sağaldıqdan sonra cavabdeh heç bir köməklik göstərmədiyinə görə, o isə əlinə gələn vəsaiti ailənin ümumi problemlərinə sərf etdiyinə görə danışdıqları vaxtda tanışları Cəfər Ağanıyevdən və Marat Tağızadədən aldığı cəmi 46000 manat məbləğində borclarını qaytara bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu tələb əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Kollegiya iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia edilən məbləğdə cavabdehin müalicə olunması üçün pul xərcləndiyi sübut olunmur. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun bu məbləğdə cavabdehə xərc çəkdiyini müəyyən edə bilməz. Bundan başqa, əgər iddiaçı tərəfindən cavabdehin müalicəsi üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında müalicə aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə kollegiyası aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc ər-arvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər arvadın müalicəsi üçün çəkdiyi xərcin əvəzini münasibətlərin korlanmasından sonra arvadından tələb edirsə, onda eyni məntiqlə arvad əri üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı xərc çəkmişsə müalicə xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, cavabdeh müalicə aldığı zaman tərəflər ər-arvad münasibətində olub. İddiaçı ər-arvad münasibətlərinə əsaslanaraq birgə yaşadığı arvadının müalicəsi üçün xərc çəkib, belə vəziyyətdə ər arvadı üçün “özgə”, arvadı isə əri üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı Şəki şəhər sakini Cəfər Ağanıyevdən 26.000 (iyirmi altı min) manat, digər tanışı Bakı şəhər sakini Marat Tağızadədən isə 20000 (iyirmi min) manat məbləğində borca pul almasına dair hər hansı bir sübut növü təqdim etməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəf isə qeyd etdiyi məbləğdə və şəxslərdən 46000 manat pul alaraq ailə ehtiyaclarına xərcləməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 iddiaçının qohumudur. X5 isə onun dostudur. İddiaçının həmin şəxslərdən qeyd edilən məbləğdə borc aldığını müəyyən etməyə əsas vermir. Belə ki, şahidlər iddiaçının qohumu və dostu olduğuna və mübahisənin qohumlarının dostunun xeyrinə həll edilməsində maraqlı olduqlarına görə onların ifadəsi pulun verilməsini müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı Cavabdeh müalicəsi üçün 46000 manat borc pul aldığını və həmin pulu cavabdehin müalicəsi üçün xərclədiyini bildirsə də, iddiaçı buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(075)-1387/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçının tələbləri təmin olunmadığı hallarda ona rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.