Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1509/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov ) xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 16950 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16980 (on altı min doqquz yüz səksən) manat məbləğin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək vurulmuş maddi ziyana görə 45800 (qırx beş min səkkiz yüz) manat, mənəvi ziyana görə 10000 (on min) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdehi atasının dostunun vasitəsi ilə tanımışdır, belə ki, cavabdehin qayınatası onun atası ilə birlikdə X6-Peterburq şəhərində ticarətlə məşğul olarkən yaxın dostluq münasibətində olmuşlar. O, Yasamal rayonu ərazisində yerləşən “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə 2 otaqlı mənzil almışdır. Atası hər ay mənzilin ipoteka kreditini Rusiyadan cavabdehin qayınatasına göndərmiş və cavabdehin qayınatası da öz növbəsində həmin pulları hər ay “Kristal Abşeron MTK”-ya ödəmişdir. 2018-ci ilin yanvar ayından cavabdehin qayınatası xəstələndiyinə görə pulu cavabdehə göndərməyə başlamışdır. O, ayrı-ayrı vaxtlarda cavabdehə 45800 (qırx beş min səkkiz yüz) manat məbləğində pul göndərmişdir. 2018-ci ilin may ayında isə cavabdehin onun etibarından sui-istifadə edərək göndərdiyi 45800 manat pulu şəxsi məqsədləri üçün istifadə etdiyini və mənzil aldığı “Kristal Abşeron MTK”-ya ödəmədiyi ona məlum olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərindən Qaradağ Rayon Polis İdarəsinə şikayət vermiş, şikayəti əsasında araşdırma aparılaraq cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında və prokuror tərəfindən bir neçə dəfə ləğv edilərək təkrar araşdırma aparılması üçün istintaqa qaytarılmış və nəticədə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh borcunu etiraf etsə də, özü və qohumları dəfələrlə onunla əlaqə saxlayaraq qısa bir zamanda pulu qaytaracaqlarına söz versələr də, borcu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymiş, ipoteka kreditini vaxtında ödəmədiyindən kredit məbləğinə faizlər hesablanmış və nəticədə mənzilin dəyərini tam ödəmədiyindən mənzili öz adına rəsmiləşdirə bilməmişdir. O, cavabdehdən maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, iddiaçını qayınatası Nizaminin vasitəsi ilə tanımışdır. İddiaçının atası Tarif onun qayınatası ilə birlikdə X6- Peterburq şəhərində ticarətlə məşğul olmuşlar. “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə mənzil aldıqları üçün iddiaçının atası əvvəlcə pulu Rusiyadan qayınatasına göndərmişdir. 2017-ci ilin son aylarında qayınatası xəstə olduğu üçün iddiaçı ayrı-ayrı şəxslər vasitəsi ilə pulu ona göndərmişdir. Belə ki, o, 2017-ci ilin noyabr ayında “20 yanvar” metrostansiyasının yaxınlığında Xəyal adlı azyaşlı uşaqdan yaşadığı binanın həyətində 13000 manat, 2018-ci ilin yanvar ayında “Neftçilər” metrostansiyasının yaxınlığındakı Xəzər Universitetinin yanındakı ofisdə Gündüz adlı şəxsdən 5000 manat, həmin ilin aprel ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 6100 manat, aprel ayının sonlarında eyni məkanda Xəyal adlı azyaşlı uşaqdan 18100 manat, 2-4 may aralığında, dəqiq tarixini yadda saxlamadığı gündə eyni məkanda Gündüz adlı şəxsdən 1900 manat, sonuncu dəfə isə iyun ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 1000 ABŞ dolları məbləğində pul götürmüşdür. Ümumilikdə iddiaçının göndərdiyi 45800 manat pul məbləğindən 28000 manatı “Kristal Abşeron MTK”-ya ödəmişdir. 850 manatı isə “20 yanvar” metrostansiyasının yaxınlığında iddiaçının əvvəlcədən tapşırdığı tanımadığı şəxsə vermişdir. Qalan 16950 manat məbləğində pulu şəxsi borclarına ödəmişdir. Onun iddiaçıya 16950 manat borcu qalmışdır. Maddi vəziyyəti aşağı olduğundan həmin pulu qaytara bilməmişdir. O, borclu olduğu 16950 manat pulu qaytarmağa razıdır və həmin məbləği iddiaçıya ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, şikayətinin təmin edilməsi və iş üzrə ədalətli və obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, atasının adı X4 olmaqla atası Rusiya Federasiyası vətəndaşıdır və Rusiyanın Sankt-Peterburq şəhərində ticarətlə məşğul olur. Atası Bakı şəhərində “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə bacısı Səbinənin adına mənzil götürmüşdür. Cavabdehin qayınatası Nizami əvvəllər Rusiyanın Sankt-Peterburq şəhərində atası ilə birlikdə işləmiş, ona görə də atası ilə aralarında xoş münasibət olmuşdur. Hazırda Nizami dayı Bakı şəhərində yaşayır. Evin kreditinin ödənişi üçün atası hər ay 4000 manat pul göndərmiş, göndərilən bütün pullar atasına məxsus olmuş və atası tərəfindən göndərilmişdir. Atası pulu əvvəllər cavabdehin qayınatası Nizamiyə tanışları vasitəsi ilə əlbəəl göndərmiş, sonra Nizami xəstə olduğundan sonuncunun məsləhəti ilə onun kürəkəni Cavabdeh (cavabdehə) göndərmiş, bütün pulları atası göndərmiş, pullar göndərilən vaxtı onun özü də atası ilə birlikdə Rusiya Federasiyasında olmuş, lakin həmin pullar ona yox, atasına məxsus olmuş, cavabdehin adına göndərilən pulun cəmi məbləği 35000 manat olmuş, iddia etdiyi 45000 manat pulun 10000 manatını Cavabdeh atası borc olaraq vermiş, atası Rusiya Federasiyasında olduğu üçün iddianı özü qaldırmış, atası ona belə bir məzmunlu iddianın qaldırılması və ya onu məhkəmədə təmsil etmək üçün etibarnamə verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)- 168/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, iddiaçının atası Tarifi qayınatası Nizaminin vasitəsi ilə tanımışdır. Belə ki, Nizami ilə Tarif əvvəllər Rusiyanın Sankt-Peterburq şəhərində birlikdə işləmişlər, bu səbəbdən də Tariflə qayınatası Nizaminin aralarında işgüzar münasibət olmuşdur. Pulu göndərən zaman ona Tarifin özü əvvəldən zəng edərək demiş, bütün pulları ona Tarif göndərmiş, Tarif ona ümumilikdə 45800 manat pul göndərmiş, həmin pulun 28000 manatını “Kristal Abşeron MTK”-ya X5 adına olan mənzilin kredit borcu üçün ödəmişdir. X8 16950 manat məbləğində borcu qalmışdır. Tarf ona pul göndərən vaxtlarda Tarifin oğlu İddiaçı də tanımışdır, lakin İddiaçı ona heç vaxt pul göndərməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: HK-1-140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaqının aparılması qərara alınmışdır. 190030044 nömrəli cinayət işinin materialları üzrə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərar ləğv edilmiş və İddiaçı şikayət ərizəsi əsasında toplanmış material əlavə araşdırmanın aparılmasından ötrü Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan HK-1-140 saylı material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 6(002)19/2019 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən HK-1/140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokurorunun xx xxxxxx 2019-cu il tarixli qərarında və İddiaçı şikayətində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. HK-1-140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında yenidən əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ Rayon Prokurorunun xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış HK-1140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və material əlavə araşdırmanın aparılması üçün aidiyyəti üzrə Qaradağ RPİ İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin etirafına əsasən iddianı qismən təmin etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, həm birinci instansiya məhkəməsinin iclasında, həmdə məhkəmə kollegiyasının iclasında iddiaçı və cavabdeh verilən suallara cavablarında bildirmişlər ki, tələb olunan pul məbləği iddiaçının atası X1 pulu olmuş, həmin pul məbləğlərini müxtəlif vaxtlarda cavabdehə Tarif göndərmiş, həmin pullar iddiaçıya məxsus olmamış və iddiaçı cavabdehə heç vaxt pul göndərməmişdir. Göründüyü kimi, Rusiya Federasiyasından Bakı şəhərində yerləşən “Kristal Abşeron MTK”-da X1 qızı X5 adına olan evin kredit borcunu ödəmək üçün cavabdehə müxtəlif vaxtlarda göndərilən pul məbləğləri İddiaçı deyil, onun atası X2 məxsus olan əmlak olmuş, həmin əmlakın mülkiyyətçisi Tarif Hüseynzadə olmuş, sözügedən pulları cavabdehə iddiaçı deyil, iddiaçının atası Tarif Hüseynzadə göndərmişdir. Qeyd olunan pul məbləğləri iddiaçının atası X1 əmlakı olmuşdur. Həmin pul məbləğlərini cavabdehdən X4 tələb etməli olduğu halda, onun oğlu, yəni hazırkı iş üzrə İddiaçı öz adından məhkəmədə hazırkı iddianı qaldırmış, özünü iddia predmetinə aid olan və özünə məxsus olmayan əmlakın (yəni atasının cavabdehə göndərdiyi pulların) mülkiyyətçisi kimi təqdim etmişdir. İş materiallarından və məhkəmə kollegiyasının iclasında verilən suallara iddiaçının cavabından görünür ki, X4 ona belə bir məzmunlu iddianın qaldırılması və ya onu məhkəmədə təmsil etmək üçün səlahiyyət (etibarnamə) verməmişdir. Kollegiyaya görə, cavabdehdən tələb olunan pul məbləği iddiaçıya deyil, onun atası X2 məxsus əmlak olduğundan həmin əmlakı da X4 tələb edə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İstinad olunan maddi hüquq normalarının məzmunundan görünür ki, dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ yalnız həmin əmlakın mülkiyyətçisinə mənsubdur. Yuxarıda şərh edilən qaydada sübut olunur ki, İddiaçı əmlakın (pulun) mülkiyyətçisi deyildir. Həmin əmlakın mülkiyyətçisi iddiaçının atası X3r. X1 isə pulunu (əmlakını) cavabdehdən tələb etmək kimi iradəsinin olması iş materiallarından müəyyən olunmur. Belə ki, X4 məhkəmədə özü iddia qaldırmamış, habelə belə bir iddianın qaldırılması üçün hər hansı şəxsə (ö cümlədən oğlu İddiaçı) səlahiyyət verməmişdir. Deməli, İddiaçı hazırkı iddianı qaldırmaq üçün səlahiyyətli şəxs deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərini qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını müəyyən etməli və bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmişdir. Konstitusiya Məhkəməsi həmin qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiyanın qənaətinə görə, iddiaçının hazırkı iddianı məhkəmədə qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçının atası X4 tərəfindən ona qanunvericilikdə nəzərdə tutulan qaydada səlahiyyət (etibarnamə) verildiyi halda, iddiaçı atasının adından məhkəməyə hazırkı iddia tələbi ilə yenidən müraciət edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Göstərilən hallar apelyasiya şikayətində qeyd edilməsə də, MPM-in 372.7-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X10 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti qismən təmin edilməli,İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi” haqqında iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyinə görə İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-168/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi” haqqında iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1509/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1509/2020
17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver