Məhkəmə qərarları › İş №2(107)-151/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-151/2024

08.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-151/2024 08.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: çıxarışların ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)-800/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 saylı qərarı ilə tərəflər arasında hazırda mübahisələndirilən və həmin dövrdə Qəbələ Rayon İstehlak Cəmiyyətinin balasınsında olmuş Qəbələ rayonu Nic kəndində yerləşən avtozapçast mağazası X14 satılmış və təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə yuxarıda göstərilən sənədlər əsasında qeyd olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən **********60-06301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı həmin qeyri-yaşayış obyektinin X4 tərəfindən ona satıldığını və pulunun onun tərəfindən ödənildiyini iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh X15 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Nic qəsəbəsində X1 faktiki olaraq çayxanası olub. O, 2021-ci ilin noyabr ayında vəfat edib. 2016-cı ildə Stanislav onu çayxanaya işə götürmüşdür. Bir il orada işlədikdən sonra Stanislav ona deyib ki, “dayı çayxananı satacağam”. O da ona demişdir ki, əgər çayxananı satırsansa ona sat. Onlar çayxanaya görə 10.000 manata sövdələşmişlər. Bir neçə günə 7500 manat məbləğində pul düzəldib Ataari Gennadinin yanında Stanislava vermiş və demişdir ki, pulun qalan hissəsini bir müddət sonra verəcəkdir. Çünki, çayxananı təmir etdirmək fikri var idi. Bu barədə razılığa gəlmişlər. Biləndə ki, çayxana binasının sənədləri X9, Stanislavdan soruşmuşdur ki, niyə belədir? Stanislav ona demişdir ki, “dayı sizdən gizli deyil, mən ehtiyyat hissələri satıram, əyri işlərlə məşğul oluram”. Ona görə də evinin sənədlərini həyat yoldaşının adına, çayxana binasının sənədini isə xalası oğlu Ataari Gennadinin adına yazdırmışdır ki, birdən ilişər ev və çayxana binası əldən çıxmasın. Bundan sonra 6000 manat pul xərcləyib çayxananı əsaslı surətdə təmir etdirmişdir. 2018ci ildə çayxananı X5 icarəyə vermişdir. 06 avqust 2019-cu il tarixdə bütün xərclərini çəkərək X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********6006801, qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. 2020-ci ilin dekabr ayında X4 Rusiya Federasiyasından ona zəng edərək bildirmişdir ki, ona verəcəyi puldan hər ay 250 manat pulu oğlu Spartakın yoldaşına poçtla göndəsin. İki ay ona 250 manat pul göndərmişdir. Üçüncü ayda yenidən Stanislav ona zəng vuraraq bildirmişdir ki, pul poçtla göndərilməsin, xərci çox çıxır, pulu hər ay dostu, həm də qudası X10 versin, sonuncu pulu ona çatdıracaq. Beləliklə, o 7 ay ərzində Viktora 1750 manat pul vermişdir. 2021-ci ildə X23 Qəbələ rayon İstehlak cəmiyyətinə aparmışdır ki, çayxana altı torpaq rüsumu olaraq 1200 manat pulu ödəsin. Bu məqsədlə də onlar cəmiyyətə getmiş və ona 1200 manat pulu ödətdirmişlər. İcarəçi Dmitri müqavilə pulunu 150 manatdan hər ay 14 faiz olmaqla 21 manat vergi ödəyir. Bir məsələni də qeyd etmək istəyir ki, çayxana üçün aldığı sənədləri məsələni həll edib qurtarana qədər özündə saxlamışdır. Cavabdeh Ataari Gennadiy çayxana binasının texniki pasportunun onda olduğunu bilə-bilə Dövlət idarəsini aldadaraq yenidən ikinçi dəfə texniki pasport və çıxarış almasına görə məsuliyyət daşımalıdır. Qeyd edir ki, cavabdeh X15 ikinci dəfə aldığı texniki pasportun və çıxarışın sürətini reyestr xidmətindən almaq istəsə də ona verməmişlər. Bu səbəbdən ikinci dəfə alınmış çıxarışın sürətini işə əlavə edə bilməmişdir. Bir müddət sonra X18 bildirmişdir ki, çayxananı onun adına rəsmiləşdirmək vaxtıdır. İki-üç ay sonra o Gennadidən qətiyyətlə tələb etmişdir ki, çayxananı onun adına keçirmək lazımdır. O, isə ona müxtəlif bəhanələr gətirərək hər dəfə boyun qaçırırdı. Sonradan başa düşmüşdür ki, o çayxananı başqa adama satmaq niyyətindədir. X23 2022-ci ilin dekabr ayında çayxana binasını onun Stanislavdan aldığını bilə-bilə satıb və Nic qəsəbə sakini X11 də onun binanın pulunu ödəyərək aldığını bildiyi halda Gennadidən alıb.

4. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh X24 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Buna görə də iddianın təmin ediıməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 saylı qərarı ilə tərəflər arasında hazırda mübahisələndirilən və həmin dövrdə Qəbələ Rayon İstehlak Cəmiyyətinin balasınsında olmuş Qəbələ rayonu Nic kəndində yerləşən avtozapşast mağazası mağazada satıcı müdir işləmiş (hazırkı cavabdeh) X14 satılmış və təhvil verilmişdir. Mübahisə predmeti olan qeri-yaşayış sahəsi 1995-ci il tarixdə cavabdehə satılsa da, uzun müddətdir ki dövlət reyestrində qeydə alınmamışdır. Yalnız xx.xx.2019-cu il tarixdə yuxarıda göstərilən sənədlər əsasında qeyd olunan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən **********60-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla verilən Cavabdeh1 adına Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 93.9 kv.m.olan qeyriyaşayış binası və 0.012 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olmaqla daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə “сavabdeh X15 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv edilməsini” iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı hansı çıxarışların ləğv edilməsini iddia ərizəsində konkret olaraq göstərməmiş, eyni zamanda iş üzrə məhkəməyə yalnız bir çıxarış təqdim edilmişdir.

9. İddiaçı çıxarışların ləğv olunması tələbini irəli sürsə də, çıxarışların ləğv olunmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız mülahizələrlə iddia tələbini əsaslandırmağa çalışmışdır.

10. Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)-800/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər X17 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 156 və 157-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********60-06301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1 adına Qəbələ rayonu, Nic qəsəbəsində ümumi sahəsi 93.9 kv.m.olan qeyri-yaşayış binası və 0.012 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olmaqla daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır.

13. İşdə olan Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 nömrəli İdarə Heyətinin iclas protokolundan çıxarışının surətindən görünür ki, Qəbələ Rayon İstehlak Cəmiyyətinin balasınsında olan Nic kəndində yerləşən avtozapşast mağazasının satışı barədə qərarına əsasən həmin mağaza uzun müddət bağlı qaldığından idarəyə heç bir gəlir gətirmədiyi üçün həmin mağazada satıcı müdir işləyən X19 yoldaşa satılması qərara alınmışdır.

14. İşdə olan 25 may 1995-ci il tarixdə Qəbələ rayon İstehlak Cəmiyyətinin iqtisadçısı X8, X6 və X16 iştirakları ilə tərtib edilmiş aktın surətindən görünür ki, Nic kəndində yerləşən avtozapçast mağazası dəyəri ödənildikdən sonra X12 təhvil verilmişdir.

15. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1999-cu ilin may ayında X20 adına tərtib etdiyi inventar nömrəsi 83 olan qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, X20 Qəbələ rayon İstehlak Cəmiyyətinin 10 may 1995-ci il tarixli 10 saylı qərarı ilə liter A torpaq sahəsinin planı üzrə əldə etdiyi binanın tikili planı, otaqların xarakteristikası və sahəsi, eləcə də mühəndis qurğuların texniki təsviri və s. əksini tapmışdır.

16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin sübut kimi qəbul etdiyi xx.xx.1995 - ci il tarixli aktın qanuniliyini yoxlanılmamış həmin akta əsasən istehlak cəmiyyətinin hesabına neçə manat pul ödənildiyi və həmin aktı imzalayan şəxslərin istehlak cəmiyyətində işləməsi və əgər işləmişlərsə həmin şəxslər tərəfindən aktın imzalanması araşdırılmamışdır. Həmin binanın cavabdehə hansı qiymətə satılması belə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmənin hazırki qətnaməni qəbul edərkən sübut kimi qəbul etdiyi xx.xx.1995-ci il tarixli 10 saylı qərarı mövcud olmuşdursa, o dövrdə avtozapçast mağazası fəaliyyət göstərən mağaza binası cavabdehə təhvil verilmişdirsə və istehlak cəmiyyətinin balansından çıxarılmışdırsa nəyə görə obyekt xx.xx.2019-cu il tarixdə, yəni 24 il sonra cavabdehin adına rəsmiləşdirilmişdir. Bu məsələ də məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-800/2023 saylı qətnaməsi cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş saxta və hüquqi bazası olmayan sənədlər əsasında qəbul edilmişdir.

18. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)- 800/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Cavabdehlər X24 və 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)- 800/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbuletmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanın hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə birinci instansiya məhkəməsi mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 77.1--ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3 -ci maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Ona görə də məhkəmə üçün sübutların toplanmasını təmin etmək barədə tələbin qoyulması əsassız və qanunun tələblərinə ziddir. Qanunvericiliyin tələbinə əsasən sübutların təqdim edilməsi iddianı verən hüquqi və fiziki şəxsin üzərinə düşür. Hazırki iş üzrə iddiaçı tərəfindən dövlət reyestrindəki qeydin və həmin qeyd əsasında verilmiş Çıxarışın qeyri-dəqiqliyi barədə hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Belə ki, iş üzrə mübahisəli qeyri-yaşayış obyektinə X1 mülkiyyət və ya digər hər hansı hüququnun olmasını və ya ola biləcəyini göstərən heç bir sənədə rast gəlinmir. Obyektin mülkiyyətçisi cavabdeh X24 ilə iddaçı İddiaçı arasında da hər hansı alqı-satqı və ya digər müqavilə aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-ci maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, daşınmaz əmlakla bağlı bütün hüquqlar dövlət qeydiyyatına alınmaqla təsdiq edildiyindən daşınmaz əmlaka olan hüquqlarla bağlı məsələlər digər sübut növləri ilə, xüsusilə şifahi ifadələrlə təsdiq edilə bilməz.

28. İddiaçının mübahisəli obyekt üçün X3 pul verməsi ilə bağlı iddialarına gəldikdə isə, həmin məsələ başqa məhkəmə icraatının predmeti ola bilər.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)-800/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(025)-800/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar