Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-154/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 15000 (on beş min ) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 15030 (on beş min otuz) manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayının 25-də Xəzər rayonu, Albalılıq qəsəbəsində “M plus 5” marketin qarşısında onun uzaq qohumu olan Cavabdeh1lə təsadüfən görüşmüşdür. Söhbət əsnasında Vüqar ona torpaq sahəsi aldığını, yanında boş sahə olduğunu, əgər, istəsən ala bilərsən, həm qohumuq, həm də qonşu olarıq, demişdir. Həmin günü o, Vüqarla və digər cavabdeh Əsədlə birlikdə torpaq sahəsinə baxmaq üçün getmiş və göstərilən torpaq sahəsini bəyənmiş, hətta videoçəkliş də etmişdir. Əsəd 4 sot torpağı ona 5000 manat əvvəlcədən, 5000 manatı isə sonradan hissə-hissə ödəmək şərti ilə cəmi 10.000 manata satmağa razı olmuşdur. Sənədləri də hazırlayacağını və ona hazır verəcəyini bildirmişdir. Səhəri günü o, əri X4 və bacısının əri X3 ilə gedib həmin torpaq sahəsinə baxmışlar. Beləliklə, 2020-ci ilin yanvar ayının ortalarında Vüqar və Əsəd onun evinin həyətinə gəlmişdir. Həmin vaxt Əsəd ona bir sənədə imza etdirmişdir. Sonra isə Əsəd həyətdə qalıb Vüqar isə onunla birlikdə evə daxil olmuşdur. O, Cavabdeh1 Cavabdeh2 vermək üçün 3.900 manat pul vermişdir. Aradan bir həftə keçdikdən sonra öz evində yenidən Vüqara 1100 manat vermişdir. Vüqar hazırda ondan torpağa görə cəmi 5000 manat pul aldığını və Əsədə verdiyini etiraf edir. Lakin Vüqar və Əsəd həmin pulu ona qaytarmaqdan imtina edirlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15000 (on beş min ) manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 15030 (on beş min otuz) manat pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilməsi, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin anasının əmisi qızı olmaqla aralarında qohumluq əlaqəsi mövcud olmuşdur. Cavabdeh iddiaçiya torpaq sahəsi aldığını bildirdikdən sonra digər bir boş torpaq sahəsinin iddiaçı tərəfindən alınması məqsədilə onu dostu Əsədlə tanış etmiş və iddiaçı ilə Cavabdeh2 razılığa gələrək 5000 manat pulu əvvəlcədən, qalan digər 5000 manatı isə hər ay 500 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı torpaq sahəsinin alınması məqsədilə razılaşdıqları 5000 manat pulu Cavabdeh2 verməsi üçün digər Cavabdeh1 vermişdir. Məhkəmə iclasızamanı verdiyi izahatında Cavabdeh1 da, 5000 manat məbləğində pulu iddiaçıdan alaraq Cavabdeh2 verdiyini etiraf etmişdir. Bu faktın mövcudluğu hər iki tərəfin təqdim etdiyi sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla belə iddianın qalan 10.000 manat hissəsi ilə bağlı tərəflərin izahatı ziddiyyətli olduğundan, məhkəmə həmin halı işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin təqdim etdikləri sübutların tədqiqi nəticəsinə əsasən belə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğundan, iddiaçının tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır, lakin iddiaçı məhkəmə iclası zamanı cavabdehlərə məhz 15.000 manat məbləğində pul verdiyini sübut edə bilmədiyindən, iddiaçının tələbi qalan hissədə əsaslı deyildir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi şəkildə əvəzsiz tapşırıq müqaviləsi bağlanmış, həmin cavabdeh iddiaçıdan 5.000 manat məbləğində pulu almış, lakin öz şəxsi marağına görə tapşırığı yerinə yetirməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının Cavabdeh1 münasibətdə tələb hüququ yaranmışdır. Cavabdeh1 İddiaçı 3900 və 1100 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pulun aldığını etiraf etsə də, həmin pulu digər cavabdehə verdiyini sübuta yetirilmədiyindən və hazırkı vaxtadək əsassız olaraq saxladığı 5.000 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Bununla yanaşı məhkəmə, iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış əvəzsiz tapşırıq müqaviləsi zamanı faktiki iştirak etmiş, pulun alınmasında marağı olmuş, lakin Cavabdeh1 pulu ona verməmiş, nəticədə iddiaçı ilə onun arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamış və o, iddia tələbinə cavab verməli olan şəxs deyildir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 şifahi formada bağlanmış əvəzsiz tapşırıq müqaviləsi əsasında iddiaçıdan 5.000 manat məbləğində pulu alması, tapşırığı yerinə yetirməməsi və iddiaçıya məxsus həmin pul məbləğini əsassız olaraq saxlaması sübuta yetirildiyindən, iddiaçının Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh1 dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2–ci, 329.3–cü, 329.4–cü, 385–ci, 386.1–ci, 389.1–ci, 390.1–ci, 399.1–ci, 405.2–ci, 406.1–ci, 407.1–ci, 407.2–ci, 777.1-ci, 777.2-ci, 779.1–ci, 783.2–ci, 786.6–cı, 1091.1–ci, 1091.2–ci, 1092.1–ci, 1093.1–ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 50.3–cü, 77.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o əvvəlcə Xəzər Rayon Məhkəməsində iddia qaldırıb Cavabdeh2 sonuncuya verdiyi 3800 manatı, həm də İddiaçı onun vasitəçiliyi ilə verdiyi 5000 manatı tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh2 verdiyi 3000 manat pul ona qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra isə Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə ondan 5000 manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Halbuki, iş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavid Ağayevin 01 iyun 2020-ci il tarixli qərarından görünür ki. İddiaçı, X5, X2 izahatlarında Cavabdeh2 ondan 8800 manat məbləğində pul aldığını təsdiq etmişlər. Həmin pulu o özündə saxlayıb, özü üçün xərcləməmişdir. Əsədə vermişdir və bu İddiaçı razılığı ilə olmuşdur. Ona görə də hesab edir ki, İddiaçı pulu Cavabdeh2 tutulmalıdır. Ondan o zaman tutula bilərdi ki, Xəzər Rayon Məhkəməsinin 26.07.2021 -ci il tarixli qətnaməsi ilə pulun ona verilməsi qət edilmiş olardı. Hazırda həm Xəzər Rayon Məhkəməsinin, həm də Mingəçevir Şəhər Məhkəməsinin qətnamlərindən apellyasiya şikayətləri vermişdir. Şəki Apellyasiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsindən xahiş edir ki, icraatlarında olan apellyasiya şikayətlərini bir icraatda birləşdirsinlər. İşin hallarını tam, hər tərəfli və obyektiv araşdırıb ədalətli, qanuni və əsaslı qərar qəbul etsinlər. Qeyd olunanalara əsasən, o, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)- 1237/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1–ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsində qeyd olunur ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 779.1–ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.1–ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsinin mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apelyatorun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin anasının əmisi qızı olmaqla aralarında qohumluq əlaqəsi mövcud olmuşdur. Cavabdeh iddiaçiya torpaq sahəsi aldığını bildirdikdən sonra digər bir boş torpaq sahəsinin iddiaçı tərəfindən alınması məqsədilə onu dostu Əsədlə tanış etmiş və iddiaçı ilə Cavabdeh2 razılığa gələrək 5000 manat pulu əvvəlcədən, qalan digər 5000 manatı isə hər ay 500 manat olmaqla, hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı torpaq sahəsinin alınması məqsədilə razılaşdıqları 5000 manat pulu Cavabdeh2 verməsi üçün digər Cavabdeh1 vermişdir. Cavabdeh verdiyi izahatında Cavabdeh1 da, 5000 manat məbləğində pulu iddiaçıdan alaraq Cavabdeh2 verdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir; Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin mövcud olub–olmaması ilə bağlı qənaətə gəlmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti mövcud olmuşdur. Belə ki, mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılmasını müəyyən etmiş, lakin şifahi formada müqavilənin bağlanması anını tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı etmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab hesab etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilir. Lakin iddiaçı ilə cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsinin şərtlərinə uyğun razılaşmanın olmasını iddiaçının iddia etdiyi, Cavabdeh1 isə təkzib etmədiyi üçün tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanması anı, həmçinin iddia tələbinin tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması müəyyən edilməlidir. Hazırkı vəziyyətdə iddiaçı ilə cavabdeh arasında yazılı formada tapşırıq müqaviləsi mövcud deyil, şifahi formada olmasını isə Cavabdeh1 məhkəmə iclası zamanı etiraf etmişdir. Belə olan halda iddiaçı ilə Cavabdeh1 arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan şifahi formada tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə də iddiaçının subyektiv hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 şifahi formada bağlanmış əvəzsiz tapşırıq müqaviləsi əsasında iddiaçıdan 5.000 manat məbləğində pulu alması, tapşırığı yerinə yetirməməsi və iddiaçıya məxsus həmin pul məbləğini əsassız olaraq saxlaması sübuta yetirildiyindən, Cavabdeh1 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi tələbi əsaslıdır. Kollegiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavid Ağayevin 01 iyun 2020-ci il tarixli qərarında İddiaçı, X5, X1 izahatlarında Cavabdeh2 cavabdehdən 8800 manat məbləğində pul aldığını təsdiq etmələri, cavabdehin iddiaçı qarşısındakı öhdəliyinin xitam edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olduğundan, iddiaçının tələbi Cavabdeh1 münasibətdə əsaslıdır. İddiaçı ilə Cavabdeh1 arasında şifahi şəkildə əvəzsiz tapşırıq müqaviləsi bağlanmış, həmin cavabdeh iddiaçıdan 5.000 manat məbləğində pulu almış, lakin tapşırığı yerinə yetirməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının Cavabdeh1 münasibətdə tələb hüququ yaranmışdır. Şikayətin digər dəlili olan Şəki Apellyasiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin icraatlarında olan apellyasiya şikayətlərini bir icraatda birləşdirilməsi barədə tələbin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Göründüyü kimi qanunverici “müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə” norması işlər birinci instansiya məhkəməsinin icraatında olduğu halda mümkündür. Apelyasiya mərhələsində işlərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 münasibətdə qismən təmin etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyatorun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(051)-1237/2021 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-154/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-154/2022
13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver