Məhkəmə qərarları › İş №2(107)-1555/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1555/2021

04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1555/2021 04.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh1 (İddiaçı nümayəndəsi və vəkili X1 prosesdə iştirak etməmişdir) iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)-251/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-1 N ******* saylı, 04 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrində 13.09.2019- cu il tarixdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli **********50-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 21 aprel 2021-ci il tarixli, 2(039)- 251/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı vəkili X3 apellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsi Yevlax şəhər sakini Cavabdeh1 tərəfindən Cavabdeh2 04.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılmış, bundan sonra Cavabdeh2 həmin alqı-satqı müqaviləsi əsasında 13.09.2019-cu il tarixində ona aid olan 0,33 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli çıxarış əldə etmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1 bu müqaviləni bağlamağa hüququ olmamış, ona aid olmayan bir əmlakı bilərəkdən başqa bir şəxsə alqı-satqı etmişdir. Yevlax Rayon Məhkəməsinin Cavabdeh1 adına daşınmaz əmlakın Dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində ********** nömrəsi ilə 14 aprel 2016-cı il tarixdə aparılmış qeyd qismən Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilməsinə dair 17 yanvar 2019-cu il tarixli qətnaməsi 09.01.2020-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə daxil olmuşdur. Çıxarışın ləğv olunmasına dair 28 noyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış qətnamənin icra olunması ilə əlaqədar dövlət reyestrində qeydiyyat aparılması üçün iş icraya qəbul olunması zamanı məlum olmuşdur ki, sözügedən 0,33 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi 04.10.2017-ci il tarixində Yevlax rayonu Dövlət Notariat Kontorunun 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış və daşınmaz əmlak 13.09.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. İddiaçı iddia tələbi digər mülkiyyətçi Cavabdeh2 hüquqlarına toxunduğu üçün Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(039)-213/2019 nömrəli qətnaməsinin icra olunmasında çətinlik yaratdığını bildirmişlər. Yevlax Rayon Məhkəməsinin 2(039)-835/2014 saylı, 15 iyul 2014cü il tarixli qətnaməsinə əsasən Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,33 ha həyətyanı torpaq sahəsinə və həmin ərazidə yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Bu barədə torpaq sahəsinin plan ölçüsü və zəruri sənədləri işlənilmişdir. Cavabdeh1 Yevlax rayonu Yuxarı Qarxun kəndində 0.33 ha həyətyanı torpaq sahəsinə və 1987-ci ildə inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmış, məhkəmə 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Qeyd olunan qətnamə ilə bağlı apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. Cavabdeh1 adında heç bir mülkiyyət sənədi olmadığı halda əldə etdiyi qanunsuz hüquq 20 oktyabr 2016-cı il tarixində ləğv edilməsinə baxmayaraq şəxs əldə etdiyi köhnə çıxarışlarla 04.10.2017-ci il tarixində Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq ona məxsus olan 0,33 ha torpaq sahəsini satmışdır. Cavabdeh1 14 aprel 2016-cı il tarixli çıxarışının ləğv edilməsi ilə bağlı Yevlax Rayon Məhkəməsi tərəfindən 17 yanvar 2019-cu il tarixində 2(039)-213/2019 saylı qətnamə qəbul edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 14.04.2016-cı il tarixdə əldə etdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışı mübahisələndirmiş, həmin çıxarış 17 yanvar 2019-cu il tarixli, 2(039)-213/2019 saylı Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Bu qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, sonra kassasiya şikayəti vermiş, onun şikayətləri təmin edilməmişdir. Artıq məhkəmə qətnaməsi icraya yönələn zaman məlum olmuşdur ki, torpaq sahəsi 13.09.2019-cu il tarixində dövlət reyestrində Cavabdeh2 satılıb və qeydiyyata alınıb. Bu baxımdan da Cavabdeh2 həmin tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Bu baxımdan da Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli, AN-1 N ******* saylı alqı-satqı müqaviləsi etibarsızdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün taktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamışdır. Maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)-251/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının 14.09.2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o artıq məhkəmə çəkişmələrindən yorulmuşdur. İddiaçı hər dəfə onu müxtəlif bəhanələrlə məhkəməyə verir. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İdddiaçı tərəf və iş üzrə digər cavabdehlər məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)-251/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: İddiaçı ilə (satıcı) Cavabdeh1 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 26 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,0227 hektar torpaq sahəsində yerləşən 1991-ci ildə tikilmiş 128,02 kv.m yaşayış (əsas) 129,96 kv.m köməkçi, 257,98 kv.m ümumi sahəli 4 otaqdan ibarət daşınmaz əmlakı alıcıya satmışdır. Cavabdeh1 ilə (satıcı) Cavabdeh2 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 14 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m fərdi yaşayış evini və 0,33 ha torpaq sahəsini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, 13.09.2019-cu il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən yaşayış evi və 0,33 torpaq sahəsinin üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qed edir.

1. Əvvəla ona görə ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.

2. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 əvəzi ödənilməklə satdığından və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz.

3. işin faktiki halından göründüyü kimi mübahisəsi gedən torpaq sahəsi ilə bağlı alqısatqı müqaviləsi rəsmiləşdirilərkən, həmin torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuş, 04.10.2017-ci il tarixdə də notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilərək Cavabdeh2 satılmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mübahisəli torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmaqla, əmlak üzərində hər hansı yüklülük (o cümlədən digər şəxsə satılması, həbs, qadağa və s.) olmamışdır.

4. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq alqı-satqı müqavilələləri bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar arasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən ondan əvvəl torpaq sahəsinin kiməsə satılıb-satılmamasını və sonda vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmişdir. Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.

5. Kollegiya iddianın və apellyasiya şikayətinin dəlilləri üzrə bildirir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Qeyd olunan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə olunmuş 04.10.2017 –ci il tarixli, 4Ə-286 reyestr nömrəli alqı-satqı müqaviləsindən və bununla bağlı iş üzrə digər sənədlərdən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqavilələri qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir.

6. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

7. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

8. Kollegiya bildirir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən Cavabdeh2 belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən Cavabdeh2 da məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahəsi Cavabdeh2 satılarkən dövlət reyestrində satıcının (Cavabdeh1) adına qeydə alınaraq onun adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, sonuncu alıcı Cavabdeh2 adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kollegiya göstərilənlərə istinadən hansı müqavilənin nə vaxt rəsmiləşdirilməsindən asılı olmayaraq, daşınmaz əmlakın dövlət reyestrinə daha üstün əhəmiyyət verir, reyestr qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mötəbər sübut kimi qəbul edir . Kollegiya sonda qeyd edir ki, hazırki iş üzrə iddianın təmin edilməməsi, İddiaçı heç də aidiyyəti şəxslərə qarşı vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı vəkili (nümayəndəsi) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(039)-251/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar